Necə unudasan ölümsüzləri…

post-img

Tanınmış alimlərimizin sırasında Vaqif Gülməmmədovun öz layiqli yeri var. O, ömrünü elmə, bilikli gənclər yetişdirməyə həsr edib. Riyaziyyatın ayrı-ayrı sahələrinə aid axtarışlar edib, tədqiqatlar aparıb və uğurlu nəticələrə nail olub. İnsan kimi də ən yüksək dəyərləri daşıyıb, şərəfli ömür yaşayıb. Gənclərin biliklərə dərindən yiyələnməsi üçün canı-dildən çalışıb. 

Yetirmələri onun xətrini hədsiz dərə­cədə çox istəyirdi. Buna görə də onları narahat edən məsələlərlə bağlı Vaqif müəllimə zəng etməkdən belə çəkin­mirdilər. O, tələbələrinin hər birini din­ləməyə, imkan daxilində hər birinin arzu-istəklərini yerinə yetirməyə çalışırdı. Çünki əsl müəllim, əsl pedaqoq idi.

Vaqif Gülməmmədov 1958-ci ildə Borçalının Faxralı kəndində doğulub. Hələ kənd orta məktəbində oxuyanda müəllimləri Vaqifin parlaq gələcəyinə bö­yük ümid bəsləyiriblər. O da hər zaman müəllimlərinin etimadını doğruldub. Fax­ralı kənd orta məktəbində təhsilini 1975-ci ildə əla qimətlərlə başa vurub. Elə həmin il də Azərbaycan Dövlət Universi­tetinin (indiki BDU) mexanika-riyaziyyat fakültəsinə daxil olub. Bu nüfuzlu ali təh­sil ocağını fərqlənmə diplomu ilə bitirib.

1980–1983-cü illərdə təyinatla gön­dərildiyi Zaqatala rayonunun Suvagil kənd 8 illik məktəbində müəllim işləyib. Sonra 6 il Azərbaycan Milli Elmlər Aka­demiyasının Çoğrafiya İnstitutunda baş mühəndis vəzifəsində çalışıb. 1989-cu ildən ömrünün sonuna kimi isə Azərbay­can Dövlət İqtisad Universitetinin riyaziy­yat kafedrasında baş laborant, assistent, baş müəllim və dosent vəzifələrində olub.Ali Attestasiya Komissiyasının 17 fevral 2004-cü il tarixli qərarı ilə Vaqif Gülməm­mədova fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi verilib.

Vaqif müəllim riyaziyyata aid 15 kita­bın müəllifidir. O cümlədən “Ali riyaziyyat kursu” (1-ci və 2-ci hissə) kitabları İqtisad Universitetinin tələbələri üçün dərs vəsa­iti kimi istifadə olunur. O, həmçinin aktual mövzularda 20-yə yaxın elmi-metodiki məqalə yazıb. 

Vaqif Gülməmmədovun “Abituriyent­lər üçün riyaziyyat”, “Riyaziyyatdan çalış­maların həlli metodları” (1-ci və 2-ci his­sə) kitabları dəyərli və geniş məzmunlu dərs vəsaiti kimi abituriyentlərin, magist­rantların və orta məktəb müəllimlərinin stolüstü kitabına çevrilib. Nə yazıqlar ki, “Abituriyentlər üçün riyaziyyat” kitabının 2-ci və 3-cü hissələrini yazıb bitirsə də, kitab şəklində görmək Vaqif müəllimə nəsib olmadı. Amansız ölüm dəyərli ziyalımız, alim dostumuz Vaqif Gülməm­mədovu 2008-ci ildə aramızdan apardı. 

Onun layiqli həyat yolu uşaqlıq dost­ları, tələbə yoldaşları üçün örnəkdir. Uzun illər bir yerdə olublar, universitetdə birlik­də oxuyublar, bir gəzib, bir dolanıblar. Ona görə də dostları Vaqifin ruhuna sa­diq qalaraq, xatirəsini əziz tuturlar. Dost­ları sayca çox olub, bunun bir səbəbi də məhz özünün dostcanlılığı ilə izah edilir. O, dost yolunda imtahana çəkilməkdən daim zövq alıb. Buna görə də dost etiba­rı, dost sədaqəti ölümündən sonra da nur olub onun mənəvi ömrünə işıq saçır.

Bu günlərdə mərhum Vaqif müəllimin “Birləşmələr nəzəriyyəsindən məsələlər həlli” adlı daha bir kitabı işıq üzü görüb və həmin vəsaitin təqdimatı keçirilib. Kitabın həsr olunduğu birləşmələr nəzə­riyyəsi riyaziyyatın mühüm bölmələrin­dəndir. Bu nəzəriyyənin ən çox tətbiq olunduğu sahələr isə ehtimal, diskret və alqoritmlər nəzəriyyələridir. Gərəkli və­sait Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “Ümumi və tətbiqi riyaziy­yat” kafedrasının dosenti, fizika-riyaziy­yat elmləri namizədi, kitabın elmi redak­toru Sərdar Qasımovun, riyaziyyat üzrə tanınmış mütəxəssis Nadir Nəsibovun və müəllifin qardaşı Səməndər Gülməmmə­dovun zəhməti sayəsində işıq üzü görüb. Təqdimatda iştirak edən tanınmış riyaziy­yatçı alimlər, dostları və yetirmələri Vaqif müəllimin həm bir insan, həm də alim kimi ömür yoluna güzgü tutublar, haqqın­da xoş xatirələr danışıblar.

…O indi yaddaşların sakinidir. Xa­tirələrdə yaşamaq nə gözəl olurmuş. İnsana qədir-qiyməti də öncə yaxın dost­ları verirlər. Onda yaşanmış ömür layiqli dəyərini alır və dünyada özündən sonra yaxşı iz qoyan insanlar heç vaxt unudul­mur. Vaqif Gülməmmədov da belə unu­dulmaz insanlardan, dəyərli alimlərdən idi. 

Doğrudan da, sağlığında ölümsüzlük qazanan şəxsiyyətləri unutmaq olmur…

Həzi HƏSƏNLİ,
şair-publisist



Mədəniyyət