Azərbaycan və Çin liderlərinin dostluğu dövlətlərarası münasibətlərin inkişafını təkan verir

post-img

Zəfər seçkisində Azərbaycan xalqının tam etimadını qazanan Prezident İlham Əliyevin beynəlxalq müstəvidə etibarlı və etimadlı dövlət rəhbəri kimi qəbul edildiyi şübhəsizdir. Bunu prezident seçkilərinin ilkin nəticələri elan olunar-olunmaz dünyanın müxtəlif regionlarındaki dövlətlərin liderlərindən, beynəlxalq və regional təşkilatların rəhbərlərindən, nüfuzlu ictimai-siyasi xadimlərdən, tanınmış şəxslərdən gələn təbrik məktubları, telefon zəngləri bir daha təsdiq edir.

Dövlət başçımızı təbrik edənlər arasında BMT Təhlükəsizlik Şurasının daimi üzvü, dünyada siyasi və iqtisadi baxımdan güc mərkəzi olan Çin Xalq Respublikasının lideri Si Cinpin də var. Çin lideri Çin hökuməti və xalqı adından, şəxsən öz adından təbriklərini çatdıraraq, Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün dövlət quruculuğu təşəbbüslərində yeni nailiyyətlər əldə edəcəyinə əminliyini bildiririb. O, son illər Çin-Azərbaycan münasibətlərinin öz inkişafının nümunəvi və sabit olması ilə fərqləndiyini, yüksək səviyyəli siyasi etimad mühiti yarandığını, “Bir kəmər, bir yol” təşəbbüsünün birlikdə həyata keçirilməsində irəliləyiş, beynəlxalq münasibətlərdə sıx qarşılıqlı fəaliyyət müşahidə olunduğunu vurğulayıb.

Çin liderinin təbrik məktubundan xüsusi maraq doğuran məqamlarından biri onun həm Çin-Azərbaycan münasibətlərinə böyük əhəmiyyət verməsini qeyd etməsi, həm də Prezident İlham Əliyev ilə işgüzar münasibətlərini və şəxsi dostluğunu yüksək qiymətləndirməsini vurğulamısıdır.

Sədr Si Cinpin qeyd edib ki, Prezident İlham Əliyevlə birlikdə Çin-Azərbaycan münasibətlərinin inkişafında və bütün sahələrdə əməkdaşlığın yeni səviyyəyə yüksəldilməsində birgə səylər göstərməyə hazıram. Elə Prezident İlham Əliyev də Ay təqvimi ilə Yeni ilin gəlişini tərənnüm edən və təbiətlə insanın sarsılmaz vəhdətinə dərin ehtiramın ifadəsi olan yaz bayramı münasibətilə Çin liderinə ünvanladığı təbrikində Azərbaycan-Çin dostluq və əməkdaşlıq münasibətlərinin yüksələn xətlə inkişafından məmnunluğunu bildirib, dövlətlərarası əlaqələrimizin bundan sonra da birgə səylərlə möhkəmlənəcəyinə və genişlənəcəyinə dair əminliyimi ifadə edib.

Qeyd etmək lazımdır ki, tarixi qədim İpək yolu dövrünə gedib çıxan Azərbaycan-Çin münasibətləri ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra yeni mərhələyə qədəm qoyub. Təbii ki, bu dövrdə Azərbaycan-Çin münasibətlərinin yaranmasında və inkişafına görkəmli dövlət xadimi Heydər Əliyevin müstəsna rolu olub. Ulu Öndərin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev də BMT Təhlükəsizlik Şurasının daimi üzvü, iqtisadiyyatın həcminə görə dünyada 2-ci dövlət olan Çin ilə münasibətlərin inkişafını daim diqqətdə saxlayıb. Dünyada liderlərin dostluq əlaqələrinin töhfələri sayəsində yaxşı dövlətlərarası münasibətlər nümunəsindən danışsaq, Azərbaycan-Çin əməkdaşlığını qeyd etmək doğru olar. Dövlət başçılarının üzbə-üz görüşləri, telefon danışıqları, məktub mübadiləsi əsasında formalaşmış sıx dialoqu, qarşılıqlı hörmət və etimadı Azərbaycan-Çin münasibətlərinin müxtəlif sahələrdə dərinləşməsində əvəzsiz rol oynayır. Dövlətimizin başçısı Sədr Si Cinpinin dəvəti ilə 2014-cü ildə Çində işgüzar, 2015-ci ildə isə dövlət səfərində olub. 2019-cu ildə isə Pekində keçirilən 2-ci “Bir kəmər, bir yol” beynəlxalq əməkdaşlıq forumunda Cənubi Qafqazdan olan yeganə dövlət başçısı məhz Prezident İlham Əliyev olub. Çin lideri Si Cinpin özünün əsas qlobal təşəbbüsü olan “Bir kəmər, bir yol” strategiyası üzrə Azərbaycana yüksək dəyər verməsi təkcə ölkəmizin əlverişli coğrafi mövqeyi, tranzit potensialı ilə deyil, həm də dövlətimizin başçısına bir lider kimi olan etimadı ilə bağlıdır. Si Cinpinin sədrliyi dövründə Çinin Azərbaycan ilə münasibətlərinin siyasi, iqtisadi, humanitar və digər aspektlərində olduqca müsbət dinamika müşahidə olunub. Rəsmi Pekinin Cənubi Qafqazın lider dövləti olan Azərbaycan ilə siyasi, iqtisadi, mədəni əlaqələrə böyük önəm verir.

İqtisadi, hərbi potensialını sürətlə genişləndirən Çinin müasir dünyada siyasi proseslərə, beynəlxalq münasibətlərin formalaşmasına təsir imkanlarının da dinamik şəkildə artması müşahidə edilir. Çin Si Cinpinin rəhbərliyi altında dünya iqtisadiyyatının ən qüdrətli mərkəzlərindən birinə çevrilməklə yanaşı, artıq dünya siyasətində də lider ölkələrdən biri statusunu qazanıb. Yeni dünya düzənində Çinin həm güclü iqtisadiyyatı, həm də siyasi iradəsi ilə daha böyük rol oynayacağı heç kəsdə şübhə doğurmur. Bu səbəbdən Azərbaycan-Çin münasibətlərinin yüksək səviyyədə olması milli maraqlarımız baxımından xüsusi əhəmiyyətə malikdir. Bəlli olduğu kimi, Çin, eyni zamanda, beynəlxalq arenada birqütblülüyün bərqərar olmamasının əsas qarantıdır. Bir hegemon mərkəzdən çıxan ədalətsiz qərarların qarşısında yalnız Çin dayana bilir. Çinin proseslərə siyasi, iqtisadi yanaşması bir çox dünya ölkələrinin, o cümlədən Azərbaycanın bu dövlətlə münasibətlərini daha dinamik formada inkişaf etdirməsinə rəvac verir.

Siyasət