Akademik Musiqili Teatrın aktyorları Novosibirsk teatrının yubileyində iştirak etdilər

post-img

Azərbaycan Dövlət Akademik Musiqili Teatrının istedadlı solistləri Aydan Həsənova və Emin Zeynallı Novosibirsk Musiqili Teatrının 65 illik yubileyində iştirak ediblər.

Yubileyə dəvətlilər arasında Azərbaycanla yanaşı, Rusiya (Moskva, Sankt-Peterburq, Yekaterinburq, Omsk, İrkutsk və Kemerovo), Özbəkistan və Belarus Respublikasının mədəniyyət nümayəndələri, teatr kollektivləri və opera ifaçıları da olublar.

Gənc solistlər Musiqili Teatrın repertuarında özünəməxsus yeri olan “Arşın mal alan” (Ü.Hacıbəyli) və “Paris Notr-Dama ithaf” (V.Hüqo, səhnələşdirən və quruluşçu rejissor: S.Qulamov) tamaşalarından parçalar təqdim ediblər.

Onların səhnədə yüksək peşəkarlıq nümayişi tədbir iştirakçıları tərəfindən rəğbətlə qarşılanıb.
NMT-nin direktoru Leonid Kipnis onlara və Azərbaycan Dövlət Akademik Musiqili Teatrının rəhbərliyinə təşəkkürünü bildirib.

Xatırladaq ki, L.Kipnis Aydan Həsənovanın yaradıcılığını hələ 2016-ci ildə Yekaterinburqda keçirilən Gənc Operetta və Musiqili Teatr artistlərinin VI Beynəlxalq Müsabiqəsində münsiflər heyətinin üzvi olarkən yüksək qiymətləndirib.

Mədəniyyət