Müasir dünyada iqtisadi və ticari əlaqələrin, mal və xidmətlərə sərbəst çıxışın təmin olunmasında beynəlxalq nəqliyyatın əlaqəli fəaliyyəti, müasir çağırışlara qarşı səmərəli tədbirlərin görülməsi, prioritetlərin, daşımaları daha qlobal miqyasda və böyük həcmdə gerçəkləşdirə bilən nəqliyyat sisteminin səmərəli istismarı mühüm məsələlərdəndir. Azərbaycanın xarici ticarət dövriyyəsinin davamlı artması beynəlxalq nəqliyyat xidmətlərinə olan tələbatın da yüksəlməsini, respublikamızın tranzit ölkə kimi mövcud imkanlarından tam istifadə edilməsini şərtləndirir.
Beynəlxalq yük daşımalarının böyük hissəsini həyata keçirən sahələrdən biri də avtomobil nəqliyyatı sektorudur. Bu sahədə istər parkın yenilənməsi, istərsə də yük daşımalarında keyfiyyətin yüksəlməsi prioritet amil kimi diqqət mərkəzində saxlanılır.
Son 20 il ərzində ölkəmizdə beynəlxalq avtomobil daşımaları bazarının inkişafı, yerli daşıyıcıların təşviqi və onların bazar payının artırılması istiqamətində mühüm işlər görülüb. Nəticədə Azərbaycan daşıyıcılarının sayı, müvafiq bazar payları artıb, daşımalarda istifadə olunan nəqliyyat vasitələri parkı genişlənib. Eyni zamanda, bu müddətdə bir sıra ölkələrlə beynəlxalq avtomobil daşımaları sahəsində hökumətlərarası sazişlər imzalanıb, qoşulduğumuz beynəlxalq konvensiyalardan irəli gələn öhdəliklərin yerinə yetirilməsi ilə bağlı mühüm təşkilati tədbirlər reallaşdırılıb.
Ölkəmizdə nəqliyyat sektorunun fəaliyyətinin daha səmərəli təşkili istiqamətində gerçəkləşdirilən layihələr nəticəsində yük daşımalarının ümumi həcmi getdikcə artıb. Belə ki, 2003-cü ildə respublikamızdan avtomobil nəqliyyatı ilə 59 milyon 100 min ton həcmində yük daşınıbsa, 2023-cü ildə bu rəqəm 134 milyon 200 min tona çatıb.
Beynəlxalq daşımalarda iştirak edən yerli avtonəqliyyat vasitələrinin sayı isə dəfələrlə artaraq 12 min 700-ü keçib. Eyni zamanda, beynəlxalq daşıyıcılar tərəfindən avtomobil nəqliyyatı ilə ölkəmiz üzərindən aparılan tranzit yükdaşımaları son illər ərzində 6 dəfə artaraq 4,4 milyon ton təşkil edib.
Keyfiyyət Xartiyasının Azərbaycan Respublikasında tam tətbiqi ilə işgüzar nüfuz, maliyyə vəziyyəti və peşəkarlıq səriştəsi ilə bağlı meyarlara cavab verən daşıyıcıların, habelə peşəkar sürücülərin beynəlxalq yük daşımalarına cəlbi təmin edilib. Bununla da milli daşıyıcıların beynəlxalq daşımalar bazarında payları əsaslı dərəcədə artıb və beynəlxalq səviyyədə rəqabətə daha dayanıqlı olmaları təmin olunub.
Beləliklə, həyata keçirilən layihələr nəticəsində bütün ikitərəfli daşıma istiqamətləri üzrə milli daşıyıcıların bazar payı 2022-ci illə müqayisədə 46 faizdən (101 min 843 ton) 2023-cü ildə 54 faizə (135 min 441 ton) yüksəlib.
Burada bir məqamı da xatırlatmaq istərdik. Belə ki, 2022-ci ildə Azərbaycan və digər xarici ölkə daşıyıcıları tərəfindən, ümumilikdə, 221 min 841 ikitərəfli daşıma həyata keçirilib. Bu daşımaların 101 min 843-ü Azərbaycan daşıyıcıları tərəfindən yerinə yetirilib. Bu da ümumi daşımaların 46 faizini təşkil edib. Keçən il ərzində isə Azərbaycan və digər xarici ölkə daşıyıcıları tərəfindən, ümumilikdə, 256 min 653 daşıma reallaşdırılıb. Bu daşımaların 135 min 441-i Azərbaycan daşıyıcıları tərəfindən yerinə yetirilib. Bu da ümumi daşımaların 54 faizini təşkil edib.
Son illərdə ölkəmizin milli daşıyıcılarının yeni istiqamətlərdə beynəlxalq yük daşımaları göstərmələri də müşahidə olunub. Məsələn, Azərbaycan daşıyıcıları tərəfindən Monqolustan və İraq kimi ölkələrə beynəlxalq yükdaşımaları xidməti göstərilib. Bu isə beynəlxalq daşımalarda iştirak edən yük avtomobillərinin sayında ciddi artımı şərtləndirib. Belə ki, beynəlxalq daşımalarda iştirak edən yük avtomobillərinin sayı 2021-ci ildə 3432, 2022-ci ildə 9225 və 2023-cü ildə isə 12 min 593 ədədə çatıb.
Bütün bunlar barədə “Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyası”nın 2023-cü ildəki fəaliyyətinin yekunlarına həsr olunan hesabat yığıncağında ətraflı bəhs edilib. Toplantıda sözügedən dövrdə ölkə daşıyıcılarına 1235 ədəd “TİR Karnet” kitabçası verildiyi, bu kitabçaların isə yüklərin sərhəd-keçid məntəqələrində açılmasına imkan yaratdığı bildirilib.
Xatırladaq ki, 1993-cü ilin may ayında təsis edilən Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyası öz sıralarında beynəlxalq avtomobil yük daşımalarını həyata keçirən ölkəmizin hüquqi və fiziki şəxslərini birləşdirən qeyri-kommersiya təşkilatıdır. Assosiasiya 1998-ci ilin noyabr ayında mənzil-qərargahı Cenevrə (İsveçrə) şəhərində yerləşən beynəlxalq yük daşımaları kitabçalarının “TİR Karnet” tətbiqi üzrə dünyada təminat orqanı olan Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqının (İRU) üzvlüyünə qəbul olunub.
Yeri gəlmişkən, son illərdə ölkəmizin beynəlxalq avtomobil daşımaları bazarının inkişafına müsbət təsir göstərən bəzi məsələləri də xatırlatmaq istərdik. Qeyd edək ki, Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında” 2023-cü il 24 fevral tarixli Qanunun icrası ilə əlaqədar 29 mart 2023-cü il tarixli Fərman imzalayıb. Bununla da beynəlxalq avtomobil daşımalarını yerinə yetirən nəqliyyat vasitələrinə sərhəddə icazə blanklarının verilməsi sahəsində gömrük orqanları üzərinə düşən vəzifə ləğv olunub. Eyni zamanda, beynəlxalq daşımalarla bağlı nəqliyyat vasitələrinə sərhəddə icazə blanklarının verilməsinə görə “Dövlət rüsumu haqqında” qanunla müəyyənləşdirilən dövlət rüsumu da aradan qaldırılıb.
Beləliklə, xarici dövlətlərdə qeydiyyatda olan nəqliyyat vasitələrinə icazə blanklarının dövlət sərhədinin buraxılış məntəqələrində reallaşdırılmasının ləğvi ilə kvotadan artıq xarici nəqliyyat vasitələrinin ölkə ərazisinə daxil olmasına imkan verilməməsi şərtləndirilib. Həmçinin beynəlxalq daşımaların iştirakçısı olan respublikamıza məxsus avtomobil daşıyıcılarının Azərbaycanın geniş nəqliyyat-logistika imkanlarından fəal və səmərəli istifadəsinə müsbət təsir göstərib. Bu cür qayda beynəlxalq daşımalar bazarında milli daşıyıcıların payının artmasına və beynəlxalq səviyyədə rəqabətliliyin yüksəlməsinə münbit zəmin yaradıb.
Nəqliyyat vasitələrinin sayında artım, eyni zamanda, bazarın şəffaflaşması nəticəsində “kölgə”də fəaliyyət göstərən daşıyıcıların qeydiyyata alınması, fəaliyyəti olmayan daşıyıcıların işini bərpa etməsi, bəzilərinin daxili bazardan beynəlxalq bazara keçidi və idxal olunan nəqliyyat vasitələrinin hesabına yaranıb.
Göründüyü kimi, dövlət başçısının yuxarıda adıçəkilən fərmanı Azərbaycanın son illərdə beynəlxalq daşımalar üzrə əldə etdiyi nəticələrin daha da yaxşılaşdırılması məqsədi daşıyır. Elə hazırda ölkə sərhədlərini keçən avtomobillərin sayının getdikcə artması da bu sahədə böyük perspektivlər vəd edir.
Sonda qeyd edək ki, Rusiya–Ukrayna müharibəsi başlayandan indiyədək dünyanın ən böyük yükdaşıma şirkətləri tərəfindən Azərbaycan üzərindən daşımaları şərtləndirən Orta Dəhlizdən istifadəyə start verilib. Bu isə ölkəmizin ərazisindən tranzit yükdaşımaların həcmində kəskin artıma gətirib çıxarıb.
Orta Dəhlizin tam gücü ilə işə düşməsi üçün gömrük sənədləşdirilməsinin unifikasiyası, “vahid pəncərə” sistemi və tarif siyasəti çərçivəsində ümumi prinsiplərin hazırlanması da sürətlənib. Bütün bunlar isə marşrutun həm kommersiya dəyərini, həm də geosiyasi önəmini artırmağa hesablanıb.
Vaqif BAYRAMOV
XQ