Bakıda sığorta texnologiyalarına həsr olunmuş beynəlxalq “Türk Dövlətləri Insurtech Zirvəsi” öz işinə başlayıb.
XQ xəbər verir ki, 2 gün davam edəcək tədbir Azərbaycan Respublikasının Mərkəzi Bankının strateji dəstəyi, Türkiyənin Ticarət Nazirliyinin təşkilatçılığı, o cümlədən Türkiyənin Xidmət İxracatçıları Birliyi, Azərbaycan Sığortaçılar Assosiasiyası və İstanbul mərkəzli "New Generation Management Company" şirkətinin birgə əməkdaşlığı ilə keçirilir.
Tədbirdə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan və Şimali Kipr Türk Respublikasının dövlət rəsmiləri, diplomatik korpusun nümayəndələri, adıçəkilən ölkələrin maliyyə requlyatorları və sığorta assosiasiyalarının rəhbərləri, habelə, qabaqcıl texnologiya şirkətləri iştirak edirlər.
Sammitdə iştirakçı dövlətlərin sığorta bazarları üzrə təmsilçiləri tərəfindən türk dünyası sığorta sənayesinin sığorta texnologiyalarına dair mövcud vəziyyəti şərh ediləcək, cari bazar ehtiyacları araşdırılacaq, o cümlədən əməkdaşlığa və birgə inkişafa dair yeni yol xəritələri müzakirə olunacaq.
Tədbirin keçirilməsində əsas məqsəd, türk dövlətlərinin sığorta bazarlarında rəqəmsal inkişafın davamlılığına və dayanıqlığına nail olmaq məqsədilə birgə əməkdaşlığın stimullaşdırılması və Türkiyənin qabaqcıl texnologiya şirkətləri ilə bu prosesə dəstək olmaqdır.
Qeyd edək ki, Azərbaycan, beynəlxalq əhəmiyyətli sığorta texnologiyaları tədbirinə artıq sayca ikinci dəfədir ki, ev sahibliyi edir.


 
                                 
                                                                 
                                                                 
                                                                 
                                                                 
                                                                 
                                                                 
                                                                 
                                                                 
                                                                 
                                 
                                 
             
                                     
                                     
                                     
                                     
                                    