I MƏQALƏ
Təəssüf ki, siyasət nəhəngi və böyük dövlət xadimi U.Çörçill bu dəfə də səhv etməyib. Amerika Birləşmiş Ştatlarının son dövrdəki fəaliyyəti, xüsusən Cənubi Qafqaz bölgəsi ilə bağlı səhv siyasəti bunu təsdiqləyir.
Analitiklər rəsmi Vaşinqtonun Cənubi Qafqaz prioritetlərini çoxaspektli mürəkkəb fenomen kimi təqdim edirlər. A.S.Butorov və A.K.Rumyantsevanın 2023-cü ilin mayında dərc olunan analitik məqalələrində də eyni yanaşma saxlanmışdır. Bu, o deməkdir ki, ABŞ-ın Cənubi Qafqaz siyasətinin xarakterinə yanaşma dəyişməmişdir. Onu ümumi miqyasda üç aspektə ayırırlar:
– Bütövlükdə ABŞ-ın regionda maraqları və prioritetləri;
– ABŞ-ın regiondakı iqtisadi və energetik maraqları;
– Azərbaycan, Gürcüstan və Ermənistanın suverenliyi və ərazi bütövlüyünü dəstəklənməsi (Butorov, Rumyantseva, 2023).
Bu zaman başlanğıc tezis kimi Amerikanın Cənubi Qafqaza böyük diqqət yetirməsi götürülür. Həmin tezisin prizmasında müəlliflər Vaşinqtonun Cənubi Qafqaz siyasətinin predmetinin dörd faktor təşkil etdiyini vurğulayırlar.
Birinci faktor. Cənubi Qafqaz Avropa ilə Asiyanı əlaqələndirən mühüm geosiyasi dəhlizlərdən biridir. Burada regiona obrazlı şəkildə Avropa ilə Asiyanı birləşdirən əsas “körpü” kimi baxılır. Bu yanaşmanın nəzəri-geosiyasi qaynağını Р.Makinderin “Heartland” nəzəriyyəsi təşkil edir. Onu baza baxış kimi götürərək Z.Bzejinski və H.Kissincer Cənubi Qafqazı və konkret olaraq Azərbaycanı “iki qitəni birləşdirən əsas geosiyasi körpü” adlandırmışlar. Yəni ABŞ-ın yanaşmasının dərin nəzəri və geosiyasi anlamı vardır.
İkinci faktor. XXI əsrin gəlişi ilə Cənubi Qafqaz Xəzər və ona yaxın bölgələrin enerji daşıyıcılarının əsas nəql yolu kimi qəbul edilməsidir. Bu, olduqca mühüm geosiyasi amildir. Çünki enerji təhlükəsizliyi birbaşa milli təhlükəsizlik kimi dərk edilir və onun təmini ciddi prioritetlərdən biridir.
Üçüncü faktor. Region potensial və aktual olaraq qeyri-sabit hesab olunur. Bunun başlıca səbəbi Cənubi Qafqazda münaqişələrin olmasıdır. Rəsmi Vaşinqton hətta Azərbaycan öz gücünə Qarabağ münaqişəsini tam həll etdikdən sonra da onu “potensial qeyri-sabitlik” faktorlarından biri sayır. ABŞ-ın ən böyük səhvi də məhz bu məqamla bağlıdır. Real proseslər göstərir ki, doğrudan da Vaşinqton bu tezisin prizmasında Azərbaycana qarşı yeritdiyi siyasətdə uduzur, regiondan kənarlaşır və rəqiblərinə yeni şanslar verir. Xüsusilə, regionda İranın fəallaşması üçün real mühit yaradır. Bu da ABŞ-ın həqiqi geosiyasi maraqlarına ziddir. Maraqlıdır ki, bu ziddiyyəti Amerikada çox gözəl bilirlər, lakin davranışlarında ciddi dəyişiklik hiss olunmur. Bu reallıq kontekstində ABŞ-ın Cənubi Qafqaz siyasətinin detallarına baxdıqda kifayət qədər təzadlı məqamları görə bilərik. Onlar haqqında bir qədər sonra.
Dördüncü faktor. Cənubi Qafqaz Rusiya, Türkiyə və İran arasında rəqabət meydanıdır. Burada da real vəziyyəti qiymətləndirmədə bir yarımçıqlıq vardır. Məsələ ondan ibarətdir ki, Amerikanın Cənubi Qafqaza Rusiya-Türkiyə-İran rəqabəti prizmasında baxması, əvvəlcədən situasiyanı tam qiymətləndirmək istəməməsi fonunda ancaq öz maraqları naminə mübarizə aparmaq iddiasını ortaya qoyur. Aydın olur ki, Amerika bəri başdan regionu qarşıduran iki geosiyasi düşərgəyə ayırır: bir tərəfdə ABŞ və Avropa, digər tərəfdə isə Rusiya, Türkiyə, İran “üçlüyü”. O halda ABŞ-ın buradakı fəaliyyəti regionu bir tam olaraq görmək əsasında sabitlik, sülh və əməkdaşlıq yaratmaqdan ibarət deyildir. Məsələnin bu tərəfi əks geosiyasi düşərgəni məğlub edib, sıradan çıxarmaq hesabına özünün diktə etdiyi geosiyasi situasiya yaratmaqla bağlıdır. Bu vəziyyət mütləq surətdə regionda qeyri-sağlam rəqabət mühiti yaradır ki, onun başlıca əlaməti böyük geosiyasi güclərin toqquşması, qarşıdurması, xaos yaratması, riskli siyasi, hərbi və geosiyasi situasiyaların meydana gəlməsindən ibarətdir.
Digər tərəfdən, əvvəlcədən fərqli maraqları olan Türkiyə, Rusya və İranı eyni “geosiyasi qəlibə salmaq” ciddi yanaşma səhvidir. Məsələ ondan ibarətdir ki, regional reallıqlar kontekstində Türkiyənin maraqları və məqsədi ilə Rusiya və İranın mənafeləri bir-birindən ciddi surətdə fərqlənir. Buna görə də onlara “eyni bucaq altında”, fərq qoymadan baxmaq real vəziyyəti təhrif etməkdir. Bu da geosiyasi nöqsandır ki, zaman-zaman özünün ziddiyyətli aspektləri ilə regional təhlükəsizliyə çox mənfi təsirlər edə bilər və etməkdədir.
Bu məsələlər “Klinton doktrinası” adlandırılan hadisə ilə bağlı aktual görünür. Həmin doktrinada B.Klinton (Amerikanın keçmiş prezidenti) Cənubi Qafqaz siyasətinin əsas istiqamətlərini və hədəflərini müəyyənləşdirmişdir. Biz bu məsələnin üzərində sonrakı məqalədə geniş dayanacağıq.
Bunlardan əlavə, ABŞ-ın Cənubi Qafqaz siyasətində prioritetlərə bura yaxın geosiyasi bölgələrdə Vaşinqtonun yeritdiyi siyasət də təsir etməkdədir. Onların sırasında biz vacib hesab etdiyimiz iki aspektə baxaq.
Yaxın Şərq: “Eşşəkarısı yuvası”?
Bəli, politoloqlar və siyasətçilər Yaxın Şərqi bu qaba ifadə ilə xarakterizə edirlər. Bunun altında isə kifayət qədər ciddi geosiyasi məqamlar dayanır. Məsələ birbaşa ABŞ-ın Yaxın Şərq, Avropa və bütövlükdə, Avrasiyanı (Uzaq Şərq də daxil olmaqla) əhatə edən geniş bir məkanda həyata keçirdiyi siyasətlə əlaqəlidir. Təbii ki, Cənubi Qafqaz bu aspektdə mühüm məkanlardan biri kimi Vaşinqtonun siyasətinin hədəfidir.
Yaxın Şərqin “Eşşəkarısı yuvası” halında olması isə bu regionun xaos, qeyri-müəyyənlik, risklər, satqınlıq, aldatma, qarşıdurma, əsas oyunçunun ancaq öz marağını güdməsi ilə xarakterizə olunduğunu ifadə edir. Metaforik mənada “Eşşəkarısı yuvası” anlayışı Yaxın Şərqə nüfuz etmək istəyənlər üçün regionun çox təhlükəli olması mənasını verir. Ora daxil olmaq istəyən mütləq “Eşşəkarısı”nın neştərinə hazır olmalıdır.
Bəs bu fəlakətli siyasətin nəticəsi nə oldu? Yaxın Şərq, sözün həqiqi mənasında, xarabalığa çevrildi. İSİD-in əli ilə Suriyanı dağıtdılar və proses süründürməçi formada davam edir. İndi Yaxın Şərqdə bir neçə dövlət bu və ya digər dərəcədə hərbi münaqişələrə qarışmış durumdadır. Bura Türkiyə, İran, Səudiyyə Ərəbistanı, Misir, BƏƏ, Qətər və İsrail daxildir. Livan, Yəmən və Suriya xarabalığa çevrilib. Müxtəlif radikal qruplaşmalar nüfuz uğrunda mübarizəni hər üsulla aparırlar. Yaxın Şərqdə narkoticarət, qanunsuz ticarətin bütün növləri “çiçəklənir”.
Qısa desək, Yaxın Şərq hazırda “idarəolunan xaos” adlandırılan proseslərin məkanıdır. Və bütün bunların baiskarı Amerika Birləşmiş Ştatlarının yeritdiyi “Heartland” siyasətidir”. Bu kontekstdə ABŞ-ın Suriyadakı keçmiş səfiri Robert Fordun Amerikanın İŞİD-ə dəstəyini “Vaşinqtonun tarixi səhvi” adlandırması da U.Çörçilin Amerika haqqında yanılmadığının verdiyi təsəllidən başqa müsbət emosiya yaratmadığını göstərir. Bununla yanaşı, indi situasiya elədir ki, “böyük bumeranq” geri dönə bilər: ABŞ-ın özü “Eşşəkarısı yuvası” olar! Bu, sadə məsələ deyil. Xüsusilə, analitiklərin ABŞ-ın Yaxın Şərq siyasətindən hansı “geosiyasi dividendləri” əldə etdiyi haqqında qənaətləri tük ürpədir.
Vaşinqton: 3 istiqamətdə geosiyasi turbulentliyə doğru
Siyasi ekspertlərə görə, Vaşinqtonun Yaxın Şərqdəki geosiyasi fəaliyyəti o regionun dağıdılması və milyonlarla insanın bədbəxt olması hesabına üç istiqamətdə ABŞ-ın irəliləməsi üçün şərait yaratmışdır (“irəliləməsi üçün” yazmaq psixoloji olaraq insanlıq naminə çox çətindir – F.Q.). Belə ki, rəsmi Vaşinqton, birincisi, Rusiyaya zərbə endirmək imkanı əldə etdi (əsas hərbi rəqib kimi), ikincisi, əsas iqtisadi rəqib kimi Çinə zərbə endirmək şansına vardı, üçüncüsü, Avropa İttifaqının dağıdılması üçün imkan yarandı, çünki orada hazırda anqlo-saks deyil, franko-alman alyansı aparıcıdır.
Deməli, böyük bir tarixi regionun xarabalıqları və milyonlarla günahsız insanın bədbəxtliyi üzərində üç istiqamətdə “problemləri həll etmək şansı”nı qazanmaq müasir geosiyasətdə “uğur” sayılır. Əslində isə bu, amansız surətdə dünyanı uçurumun kənarına sürükləməkdən başqa real məna daşımır. O cümlədən, vurğulanan hər üç istiqamətin Cənubi Qafqaza region kimi birbaşa aidiyyatı vardır. Həm yanaşmanın riskliliyi və təhlükəliliyi, həm də real mübarizə meydanından ikili standartın, şəxsi maraqların, qərəzli diplomatik gedişlərin at oynatması baxımından, bu, belədir. Başqa məntiqi nəticə çıxarmaq mümkün deyildir. Ona görə də hər üç istiqamətdə özünü göstərən əsas faktorlara Azərbaycanın geosiyasi taleyi mövqeyindən baxaq.
Çin istiqaməti: qlobal layihələrin bloklanma riski kontesktində
ABŞ – Çin münasibətlərinin indi təsadüfən dünya üçün risk daşıdıığını demirlər. Yuxarıdakı təhlil də göstərir ki, bu, kifayət qədər təhlükəli bir gedişatdır. Onun əsas “risk qolları”ndan biri də məhz Cnubi Qafqazdır. Cənubi Qafqaz Z.Bzejinski mənasında Avropadan Asiyaya uzanan körpüdürsə, ilk yanğın burada çıxa bilər. Qədimdən bəşər övladı müharibələrdə körpüləri sıradan çıxarmağı əsas taktikalardan biri kimi istifadə etmişdir.
Çinlə Amerika arasında amansız rəqabət, demək olar ki, bütün istiqamətlərdə gedir. Bura informasiya texnologiyaları, kommunikasiya yolları, energetika, kosmos, iqtisadiyyat, siyasət, ideologiya və sair sferalar daxildir. COVID-19 pandemiyası göstərdi ki, Amerika hətta ən sərt üsullara əl ata bilər. O da məlumdur ki, bu prosesdə dünya dövlətlərinin böyük əksəriyyəti, o cümlədən Azərbaycan zərər gördü. Eynilə, digər sferalardakı ABŞ-Çin qarşıdurması Cənubi Qafqaza və onun lideri Azərbaycana öz mənfi təsirini göstərir. Bu sırada “Bir kəmər, bir yol” layihəsinin risk altına düşməsinin özü böyük risk qaynağıdır. Azərbaycan bu layihədə aktiv iştirakçıdır. Bakının iştirakı çoxaspektlidir. Bura nəqliyyat, enerji, informasiya, loqistika və s. layihələr daxildir. O cümlədən, “Orta dəhliz” Bakı üçün ciddi geosiyasi və təhülkəsizlik əhəmiyyəti daşıyır.
Orta dəhliz kontekstində Zəngəzur dəhlizi olduqca əhəmiyyətli məsələdir. Bakı bunun reallaşması istiqamətində aktiv fəaliyyət göstərir. Lakin belə görünür ki, daha geniş geosiyasi miqyasda çox şey ABŞ-Çin münasibətlərinin hansı yöndə transformasiya edəcəyindən asılıdır. Məsələni Azərbaycan üçün riskli edən də bu məqamla əlaqəlidir.
Rusiya istiqaməti: böyük hərbi gücü məhv etmək məqsədi və Cənubi Qafqaz
Yaxın Şərqdəki xaosun fonunda Rusiya məsələsi çox aktual görünür. Rusiya həm Yaxın Şərqdə, həm də Şərqi Avropada fəal olmağa çalışır. Şübhə yoxdur ki, Kreml üçün Cənubi Qafqaz da xüsusi əhəmiyyət kəsb edir. Məhz buna görədir ki, Ukrayna cəbhəsində vəziyyət ağır olsa da, Moskva Cənubi Qafqazda da nüfuzunu saxlamaq üçün ciddi addımlar atır. Bir sıra ekspertin “Rusiya Qafqazda zəifləyir” kimi səthi qiymətləndirməsi Qərbə sərf edən təbliğati ritorikadan başqa bir şey deyildir. Bu regionda Rusiyanın əleyhinə olan hər hansı ciddi geosiyasi proses getmir. Ümumi tendensiya kimi Aİ-nin, ayrıca Fransanın müəyyən addımları vardır. Lakin onların hamısı cəm halında belə Rusiyanın mövqeyinə əsaslı təsir etmək potensialına malik deyil. Digərləri ilə yanaşı, bu məqam da regional təhlükəsizliyi çox həssas nöqtəyə gətirir. Xüsusilə, Azərbaycanın yeritdiyi siyasətin ABŞ-Rusiya rəqabəti fonunda vacibliyi yeni səviyyədə dərk edilməlidir.
Füzuli MƏHƏMMƏDOĞLU
XQ