II MƏQALƏ
(I məqalə https://xalqqazeti.az/az/siyaset/159364-yeni-tarixi-merhelede-milli-ideya)
Yeni dövrün yeni hədəfləri olmalıdır. Biz yeni dövrə köhnə hədəflərlə gedə bilmərik, çünki o hədəflər artıq əldə edildi.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Milli ideya iki fəlsəfi yanaşmanın işığında
Birinci məqalədəki yekun tezisimizin davamı olaraq son 20 ildə milli ideya və milli ideologiyanı nəzəri məzmunlaşdıran və praktiki reallaşdıran siyasətin fəlsəfi-elmi dərkinə çalışacağıq. Məsələyə bu cür yanaşmamızın elmi əsası vardır. Bizcə, milli ideya və milli ideologiyaya fəlsəfi prizmada iki istiqamətdən yanaşmaq olar: Birincisi, abstrakt ümumfəlsəfi aspektdən. Ümumiyyətlə, milli ideya və milli ideologiyaya analitik fəlsəfə kontekstində yanaşmaq mümkündür. İkincisi, məsələyə konkret predmet fəlsəfəsi, yəni Azərbaycan təcrübəsi fonunda nəzəri və praktiki-tətbiqi aspektlərin vəhdəti istiqamətindən yanaşmaq olar.
Biz ikinci yanaşmaya üstünlük veririk. Çünki ümumi fəlsəfi analitik yanaşmanın təhlil gücü və yaradıcılıq potensialı nə qədər geniş olsa da, söhbət Azərbaycanın müəyyən dövrü üçün milli ideya və milli ideologiyanın formalaşmasının fəlsəfi və siyasi-nəzəri təhlilindən getməlidir. Ona görə ki, bu prosesin praktiki-tətbiqi aspekti ilə fəlsəfi-nəzəri tərəfinin vəhdət məsələsi çox önəmlidir. Ümumumfəlsəfi analitik təfəkkürünün yüksək nəzəri “məsafəsindən baxışında” konkret mənzərə vətəndaş üçün yayğın və xeyli mücərrəd görünə bilər. Eyni zamanda, onu da vurğulamaq zəruridir ki, bir başqa kontekstdə ümumfəlsəfi analitik tədqiqat olduqca vacibdir və onu mütləq reallaşdırmaq gərəkdir.
Bunlarla yanaşı, bizim yeni tarixi mərhələdə milli ideya və milli ideologiyanın formalaşmasının Azərbaycan təcrübəsi kontekstində mütləq nəzərə almamızı zəruri edən bir arqumentimiz də var. Reallıq ondan ibarətdir ki, müasir mərhələdə Azərbaycanda milli ideya və milli ideologiya “Heydər Əliyev–İlham Əliyev” siyasi varislik, idarəetmə və ideoloji “xətti”nin məhsuludur. Ulu öndər azərbaycançılıq ideologiyasını müasir anlam verdiyi “Müstəqil Azərbaycan” ideyası və konsepti əsasında məzmunlaşdırdı. İlham Əliyev XXI əsrin çağırışları kontekstində onu daha da zənginləşdirdi və faktiki olaraq yeni transformasiya mərhələsinə yüksəltdi.
Deməli, Prezidentin “Azərbaycanda yeni dövr başlayır” fikri milli ideya və milli ideologiyanın mərkəzi müddəasıdır. Bu istiqamətdə aparılacaq fəlsəfi və siyasi-nəzəri araşdırmalarda bu tezis ana xətt kimi keçməli, aparıcı və istiqamətverici fikir rolunu oynamalıdır. Bu isə o deməkdir ki, bizim yanaşmamızda ümumfəlsəfi analitik təfəkkürün Azərbaycan təcrübəsinə “yüklədilməsi” abstraktlıqdan–milli ideyaya doğru istiqamətlənməsi deyil, milli ideyanın Azərbaycan təcrübəsindən fəlsəfi ümumiləşdirmələrə istiqamətlənməsi aparıcılıq təşkil edir.
Beləliklə, məsələyə yeni dövrün özəllikləri kontekstində yeni milli ideyanın konkret Azərbaycan təcrübəsinin fəlsəfi təhlili prizmasından yanaşırıq. Məhz buna görə biz I məqalədə tarixi ədalət, milli qürur və beynəlxalq hüquq faktorlarını araşdırmanın mərkəzinə gətirmişik. Bunlar 3 sütun – təməl prinsiplərdir. Onların fəlsəfi analizinin daha aydın dərk edilməsi üçün öncə, “yeni tarixi mərhələ” tezisinin fəlsəfi izahını vermək lazımdır.
Dövlətçilik şüurunda mühüm aspekt – tarixiliyin və müasirliyin zaman kəsişməsi
Biz məsələni daha da nəzəriləşdirmirik. Məsələyə dövlətçilik şüuru prizmasında baxmaqla milli ideya kontekstində “başa çatmış mərhələ”dən “yeni mərhələyə” keçidin real ideya transformasiyasının fəlsəfi obrazını yaratmağa çalışırıq. Milli ideya və milli ideologiyada Heydər Əliyev – İlham Əliyev xətti özlüyündə çoxaspektli dinamik prosesdir. Bu xətt davamlı transformasiyaları özündə ehtiva edir və onu bu cür ümumiləşdirici təfəkkürlə adekvat ifadə etmək mümkündür. Konkret faktların prizmasında bu tezisi əsaslandıra bilərik.
Öncəki məqalədə vurğuladığımız kimi milli ideya təfəkkür hadisəsi kimi milli özşüur məsələsinə dayanır. Milli özşüur fərdlərin və onların əmələ gətirdiyi kollektivin özünüdərki, sosial münasibətləri anlama tərzi, cəmiyyəti və dövləti dərketmə səviyyəsi, dünya duyumu və digər faktorlarla bağlı olduğundan bütövlükdə dövlətçilik şüurunun tərkib hissəsi kimi təsəvvür edilə bilər. Milli özşüur faktiki olaraq fərdi şüurla toplum şüuru arasında münasibətləri yığcam ifadə edir. Deməli, hər hansı milli ideyaya dövlətçilik şüuru prizmasında baxmaq lazım gəlir.
Müasir mərhələdə dövlətçilik şüurunun özü ierarxik struktura malikdir və funksional olaraq mürəkkəbdir. Onda bu fenomenin aparıcı elementlərini müəyyən etmək zərurəti meydana çıxır. Milli ideya aspektində bu, faktiki olaraq hər tarixi dönəmdə dövlətçilik şüuru üçün daha aktual olan faktorların müəyyən edilməsi deməkdir. Lider bu baxımdan yaşadığı tarixi dönəmdə dövlətçilik şüurunun elə elementlərini aktuallaşdırmalıdır ki, yekunda milli ideyaya xidmət etsin. Bunun üçün mütləq keçilmiş tarixi mərhələni həm də fəlsəfi olaraq yaxşı anlamaq lazımdır. Prezident İlham Əliyev fəaliyyətinin konkret punktları ilə bunları daim anlatmışdır. Əlavə olaraq da yerli telekanallara verdiyi son müsahibədə onun fəlsəfi, siyasi-nəzəri və realpolitik aspektlərini gözəl izah etmişdir.
1993-2003-cü illər – milli ideyanın başlanğıcı və bir mərhələnin sonu
Azərbaycan xalqının 1993-cü ildəki siyasi seçimi milli ideyanın müstəqil dövlət quruculuğu kontekstində formalaşmasına və onun mükəmməl baza ideologiyaya çevrilməsinə təkan verdi. İndiki yol məhz o dövrdən başlayır. İlham Əliyev bu fikri belə ifadə edir: “Bugünkü reallıqları biz 2003-cü illə yox, 1993-cü illə müqayisə etməliyik”. Bu tarixi ədalətin bərpasına aparan, milli qüruru yenidən canlandıran və beynəlxalq hüququ təmin edən milli ideyanın başlanğıc mərhələsi idi. 1993-cü ildə milli ideya xilasediciliklə ərazi bütövlüyünün təmini sintezindən yarandı. Xilasediciliklə ərazi bütövlüyünün bərpası quruculuq və birləşdiricilik prinsipləri çərçivəsində konkret məzmunlaşırdı. Bu aspektləri azərbaycançılıq məfkurəsi ideologiya səviyyəsində mükəmməl surətdə vahid bir məzmun, semantik və funksional sistemdə birləşdirdi. Bununla milli ideyanın əraziləri azad etmək qayəsi ilə xalqın bu ideya ətrafında birləşməsi vahid bir ideoloji sistemdə təcəssümünü tapdı. Bu proses 2003-cü ilə kimi Ulu öndərin rəhbərliyi ilə rəvan və ardıcıl olaraq inkişaf etdirildi, lazım olan səviyyədə təkmilləşdi.
2003-cü ildə isə taleyin hökmü ilə Azərbaycan xalqı ikinci dəfə tarixi seçim etmək qarşısında qaldı. Prezident İlham Əliyev bununla bağlı demişdir: “Əsas məsələ ondadır ki, 2003-cü ildə Azərbaycan xalqı düzgün seçim etmişdi. Çünki hesab edirəm ki, müstəqil tariximizin ən həlledici məqamı məhz 2003-cü il idi. Çünki o vaxt ölkəmizin gələcəyi ilə bağlı konseptual yanaşma tam özünü təsdiqləmişdi, yəni, Heydər Əliyev siyasəti davam etdirildi”.
Seçimin tarixiliyinin əlamətlərindən biri cəmiyyətin liderin güclü olması həqiqətini tam qəbul etməsidir. Bu məsələ, adətən, dərindən dərk edilmir. Hesab edilir ki, hər bir cəmiyyət üçün güclü liderlik tələb olunan faktordur. Lakin əsas məsələ ondan ibarətdir ki, cəmiyyətin dövlətçilik və liderlik ənənəsi heç də həmişə bu istiqamətdə düzgün seçim edə bilmir, yəni məhz “hansı keyfiyyətlərə malik lideri güclü hesab etmək olar?” sualına dövrün tələblərinə uyğun cavab tapa bilmir. Nümunə kimi politoloq və diplomat Arçi Braunun Amerika üçün “güclü lider kimdir?” sualına adekvat cavab tapa bilmədiyini göstərə bilərik. O, amerikalıların bir qisminin D.Trampı güclü lider kimi qəbul etdiyi halda, digər qismin onun dövlətçilik üçün təhlükəli fiqur olduğundan bəhs edirdi. Bu dilemmanı ABŞ cəmiyyəti hələ də həll edə bilməmişdir. Amerikalı siyasətçilər qarşıdakı seçkidə D.Trampın qalib gələ biləcəyini faciə kimi qarşılayırlar. Cəmiyyət elektoratının bir hissəsi də bu fikirdədir.
Hesab edirik ki, xalqın düzgün seçimində əsas rollardan birini Heydər Əliyev anlamında “Azərbaycan ideyası” və azərbaycançılıq ideologiyası oynadı. Toplum artıq bu mənəvi-ideoloji prosesin konstruktiv rolunu tam anlayır və ona uyğun seçim edirdi. Müstəqil dövlət quruculuğunun milli ideya və milli ideologiya aspektində ilk böyük qələbəsi bundan ibarətdir. Bu qələbənin konkret parametrlərini də Prezident İlham Əliyev müsahibəsində lakonik ifadə etmişdir. Onlar dövlətçilik prinsiplərinin bərqərar olması, vətəndaş cəmiyyətinin yaradılması və xalq-iqtidar birliyinin dövlətçilik şüurunda önəmli amilə çevrilməsi idi.
Bütün bu nailiyyətlər milli ideyaya necə təsir etdi? Ümumi halda bu ideya dəyişdimi? Birinci mərhələnin xarakterik xüsusiyyəti məhz milli ideyanın ümumi məzmununun yeniləşməməsindən ibarət idi. Burada müəyyən yeni çalarlar meydana gəldi. Lakin, bütövlükdə, milli ideyanın hədəfi dəyişməz qaldı: ərazi bütövlüyünü və suverenliyi tam bərpa etmək! Deməli, Azərbaycan təcrübəsində fəlsəfi baxımdan maraqlı bir özəllik mövcuddur. Milli ideya siyasi varisliyin gözləndiyi, lakin dövlət quruculuğunda faktiki olaraq yeni mərhələnin başlanması fonunda ümumi miqyasda dəyişməyə bilər! Bu da, birincisi, Azərbaycanda yeni liderliyin ciddi surətdə siyasi varislik çərçivəsində təkmilləşdiyini ifadə edir. İkincisi, başlıca məqsəd şəxsiyyət deyil, uğurlu müstəqil dövlət qurmaqdan ibarət olduğu təsdiqni tapır. Üçüncüsü, milli ideyanı reallaşdırmaq üçün qüvvələr yenidən bir yerə toparlanır, nəsillərin tərbiyəsi yeni səviyyəyə yüksəldilir, ordu quruculuğu daha mükəmməl formada aparılır, cəmiyyətin birliyi modeli daha da inkişaf etdirilir və müdafiə fəlsəfəsi yeni məzmun çalarları alır. Bütün bu parametrlər 2003-cü ildən başlayaraq konkret proqramlarda ardıcıl, sistemli və qətiyyətli surətdə reallaşdırılmışdır! Bu prosesin də ümumi əlamətlərini Prezident İlham Əliyev ifadə etmişdir: “Sadəcə olaraq, onu demək istəyirəm ki, bugünkü Azərbaycan, sözün əsl mənasında, dünya miqyasında güclü ölkələr sırasındadır. Hesab edirəm ki, bu, həm beynəlxalq aləmdə, həm regionda, eyni zamanda, daxili siyasət prioritetlərinin düzgün seçilməsində bir çox ölkələr üçün nümunə ola bilər. Bu, təkcə mənim fikrim deyil, mənim bəzi həmkarlarım da bu barədə kifayət qədər açıq danışıblar.
Aydın olur ki, 2003-cü ildən başlayaraq milli ideyanın həyata keçməsi ərazi bütövlüyünü və suverenliyi tam təmin etməklə yanaşı, Azərbaycanı bir müstəqil dövlət olaraq güclü ölkələr sırasına çıxarmışdır. Bu isə Azərbaycan təcrübəsində güclü liderin siyasi varisliyə və milli ideyaya sadiqliyi daxilində böyük uğurlar əldə edə bilməsinin təsdiqidir.
Güclü lider həm də güclü cəmiyyətin formalaşmasının ümumi istiqamətlərini düzgün müəyyən etmişdir. Bununla da Avrasiya məkanında bir siyasi nümunə meydana gəlmişdir: müstəqil bir dövlətdə güclü lider, güclü dövlət və güclü cəmiyyət ahəngdarlığı, harmoniyası, bir-birini tamamlaması baş vermişdir! Lider-dövlət-cəmiyyət birliyi milli ideyanın əsas funksional parametrlərindən biridir. Bununla millilik keçmişə, indiyə və gələcəyə cəmiyyətin bütün sferaları üzrə legitim təsir etmək imkanı qazanır. Müasir dövlətçilikdə bu məqam xüsusi əhəmiyyət kəsb edir. Onu faktiki olaraq politoloqlar suverenlik və davamlı inkişafın başlıca legitim formulu adlandırırlar.
Deməli, Azərbaycan təcrübəsində milli ideyanı siyasi şüur və liderlik qayəsi tam reallaşdırmaq zəkası, niyyəti, məqsədi və həyata keçirmə üsulları müddətindən asılı olmayaraq, mütləq çatılmalı olan hədəf kimi qəbul edir. Prezident İlham Əliyev bu məqamın da izahını dolğun şəkildə vermişdir.
Bu cür geniş fəlsəfi, nəzəri və siyasi-praktiki anlamda qəbul edilən milli ideyanın həyata keçməsi məhz həmin səbəbdən bir mərhələnin başa çatması kimi qəbul edilir. Bununla dövlətçilikdə milli ideyanın aparıcı və istiqamətverici rolu bir daha təsdiq olunur.
Beləliklə, yeni dövr başlayır və cənab Prezidentin sözləri ilə desək “Yeni dövrün yeni hədəfləri olmalıdır. Biz yeni dövrə köhnə hədəflərlə gedə bilmərik, çünki o hədəflər artıq əldə edildi”. Bu, fikir yeni mərhələdə milli ideyanın formalaşdırılmasının əsas istiqamətinin ifadəsidir. Bu prizmada tarixi ədalətin bərpası, milli qürur və beynəlxalq hüquq faktorlarına bir daha fəlsəfi nəzər salmaq lazım gəlir.
Füzuli QURBANOV,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru