Sülh gündəmi: Bakı danışıqların konstruktiv olmasını istəyir

post-img

Hər zaman regionda sabitliyin və əmin-amanlığın hökm sürməsinin tərəfdarı olan, sülhpərvər siyasət yürüdən Azərbaycan Ermənistanla danışıqları bütün platformalarda dəstəkləyir. Ölkəmiz indiyədək qarşı tərəflə görüş keçirilməsinə dair irəli sürülən təşəbbüslərdən, bir qayda olaraq, imtina etməyib. Yeganə istisna 2023-cü il oktyabrın 5-də İspaniyanın Qranada şəhərində Avropa Siyasi Birliyinin III sammiti çərçivəsində keçirilməsi nəzərdə tutulan görüşlə bağlı idi. Həmin görüşdə iştirakdan imtina da Ermənistanın və onun Qərbdəki havadarlarının təqsiri üzündən baş vermişdi.

Məsələ onda idi ki, Qranadada beştərəf­li (Ermənistan, Azərbaycan, Avropa İttifaqı, Fransa və Almaniya) görüş planlaşdırılmışdı. Azərbaycan görüşdə Türkiyənin iştirakını təklif etmişdi. Lakin buna imkan verməmiş­dilər. Bu məsələdə Fransa və Almaniya xüsusi canfəşanlıq nümayiş etdirmişdi. Bakıya təklif olunan formatda anti-Azərbaycan ab-havası formalaşmışdı. Fransa rəsmilərinin (müdafiə naziri, xarici işlər naziri və sair) ermənipərəst bəyanatları, sabiq XİN başçısı Ketrin Ko­lonnanın İrəvana səfəri və hərbi əməkdaşlıq, silah-sursat veriləcəyi haqda açıqlamaları, Aİ Şurasının prezidenti Şarl Mişelin Qara­bağdan ermənilərin köçü ilə bağlı oktyabrın 3-də Azərbaycanı ittiham edən açıqlaması fo­nunda ölkəmiz həmin formatda danışıqlarda iştiraka lüzum görməmişdi.

Ümumiyyətlə, belə format Azərbaycana lazım deyil. O vaxt bildirildiyi kimi, Bakı regiondan uzaq ölkələrlə bölgənin problem­lərini müzakirə etməyə lüzum görmür. Azər­baycan hesab edir ki, bu məsələlər regional çərçivədə müzakirə və həll oluna bilər. Bu­nunla belə, qeyd edilmişdi ki, əvvəlki Azər­baycan–Ermənistan–Avropa İttifaqı üçtərəfli formatı gündəmə gələrsə, rəsmi Bakının gö­rüşə qatılması mümkündür.

İndi, yəni iki ay davam edən növbə­dənkənar prezident seçkiləri başa çatdıqdan sonra Azərbaycan öz sözünə sadiq olduğunu bir daha nümayiş etdirdi. Fevralın 8-də Av­ropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Prezident İlham Əliyevə zəng etdi. O, fevra­lın 7-də Azərbaycanda keçirilmiş seçkilərdə qələbə münasibətilə Prezident İlham Əliyevi təbrik etdi və yeni mandatın icrasında döv­lətimizin başçısına uğurlar arzuladı. Mişel telefon danışığı əsnasında üçtərəfli formatda Brüsseldə Azərbaycan, Ermənistan və Avro­pa İttifaqı arasında görüşlərin bərpa edilməsi ilə bağlı Prezident İlham Əliyevdən mövqe­yini bildirməsini xahiş etdi.

Dövlətimizin başçısı isə Azərbaycanın həmişə Şarl Mişelin təşəbbüsü ilə Brüsseldə keçirilən üçtərəfli görüşləri dəstəklədiyini bildirdi. 

Rəsmi İrəvan isə manevr etməyə, sül­hə doğru addım atmaqdan müxtəlif yollarla yayınmağa çalışır. Hərçənd ki, Ermənistan rəsmiləri açıqlamalarında sülhün tərəfdarı ol­duqlarını bildirirlər. Yanvarın 26-da Tbilisidə Gürcüstanın baş naziri İrakli Qaribaşvili ilə görüşdən sonra keçirilən mətbuat konfransın­da çıxış edən baş nazir Nikol Paşinyan “dö­yüşkən və fanatik ritorikanın” (?) nizamlama prosesinə töhfə vermədiyini vurğulamışdı. O ümid etdiyini bildirmişdi ki, danışıqlar pro­sesi Azərbaycanda prezident seçkilərindən sonra artıq razılaşdırılmış prinsiplər əsasında sülh müqaviləsi üzərində işi başa çatdırmaq üçün intensivləşəcək.

Yeri gəlmişkən, qeyd edək ki, Paşinyan özünü sülhpərvər göstərmək üçün Ermənis­tan hökumətinin müəllifi olduğu “Sülhün kə­sişməsi” layihəsini gürcü həmkarına təqdim etmişdi. O, iddia etmişdi ki, layihə regional əlaqələri təşviq etməyə, dövlətlərin suveren­liyinə, bərabərliyinə və qarşılıqlıq prinsiplə­rinə hörmətlə yanaşmağa yönəlib.

Bir neçə gün əvvəl ABŞ-ın Ermənistan­dakı səfiri Kristina Kuini qəbul edərkən isə N.Paşinyan qeyd etmişdi ki, onun hökuməti Vaşinqtonun Ermənistan–Azərbaycan sülh prosesində səylərini və regionda sabitliyin bərqərar olunmasına yönəlmiş addımlarını yüksək qiymətləndirir.

Ancaq bütün səslənən bəyanatlara bax­mayaraq, Ermənistan sülh gündəmini irəli aparmaqda maraqlı görünmür. İrəvan sülh müqaviləsi üzrə ona Bakıdan göndərilən mətnlərə cavabını xeyli yubadır. Yanvarın 10-da yerli televiziya kanallarına müsahibə verən Prezident İlham Əliyev də bu məsələyə toxundu. Dövlətimizin başçısı bildirdi ki, sentyabr hadisələrindən sonra biz yeni vəziy­yətlə üzləşdik: “Ermənistana verilən vədlər, xüsusilə də həm BMT-də, həm Avropa İtti­faqında Azərbaycana qarşı sanksiyalar tətbiq ediləcək, Azərbaycan böyük təzyiq altına düşəcək, guya, “bu əməliyyat Azərbaycana baha başa gələcək”. Bu əməliyyat, bütün bu kommunikasiyalar Ermənistanda əminlik ya­ratdı ki, onlar sülh müqaviləsini istədiyi kimi tərtib edə bilərlər və bizə də kimsə təzyiq edib bizi də razı sala bilərlər. Məhz buna görə 70 gün ərzində bizim təklifimizə, – çünki bu­rada təkliflər mübadiləsi 5-6 dəfə gedib, mət­nlər göndərilir şərhlərlə, – cavab vermirdi. Biz onu artıq rəsmi qaydada bildirəndə ki, 70 gün, yəni o vaxt deyəsən 60 gün gözləyirik, ondan sonra təklif verdilər və hazırda onla­rın təklifində, yəni onların şərhlərində Qara­bağla, Qarabağ erməniləri ilə bağlı bir kəlmə belə yoxdur... Onu da bildirməliyəm ki, biz onlardan fərqli olaraq öz şərhlərimizi 70 gün­dən sonra yox, 30 gündən sonra göndərdik və ondan iki həftə sonra onlar, bax bu ayın 4-də yeni şərhlər göndərdilər. Yəni, yenə də sual yaranır: Əgər bu şərhləri iki həftə ərzində vermək olarsa, sən keçən dəfə 70 gün nəyi gözləmisən? Yəni, mənim fərziyyəm tam sü­buta yetirilir...”

Prezidentin xüsusi tapşırıqlar üzrə nü­mayəndəsi Elçin Əmirbəyov isə bugünlərdə “Azadlıq” radiosuna müsahibəsində Azər­baycan tərəfindən təhlükə mifini şişirdən Ermənistanın bizim ərazi bütövlüyümüzə de-fakto qəsd etməkdə davam etdiyini bildi­rib. Qeyd edib ki, Ermənistana, guya, ərazi iddialarımızla bağlı Azərbaycana qarşı irəli sürülən ittihamlar ağrımayan başa dəsmal bağlamaq kimi uğursuz və faydasız cəhddən başqa bir şey deyil. Onun sözlərinə görə, Er­mənistanın indiki konstitusiyasına və onun qondarma “Ermənistan SSR-nin Dağlıq Qa­rabağla birləşdirilməsi” haqqında müstəqil­lik bəyannaməsinə dair istinadlara baxmaq kifayətdir: “Bu cür konkret faktlar çoxdur, ən azı Ermənistanın MDB-yə üzvlüyünün ra­tifikasiyası prosesində bu ölkənin parlamen­tinin qəbul etdiyi qərarları, Qarabağın Azər­baycana məxsus olmasını şübhə altına alan və ya 44 günlük müharibə bitdikdən sonra Ermənistanın Azərbaycana qarşı başlatdığı çoxsaylı məhkəmə iddialarını, ölkəmizə qar­şı açıq ərazi iddiaları olan sənədləri göstər­mək olar. Hələ mən Azərbaycanın Qarabağ bölgəsini “tarixi Ermənistanın” tərkib hissəsi kimi təqdim etməkdə davam edən Ermənis­tan xarici işlər nazirliyinin rəsmi saytından danışmıram”.

E.Əmirbəyov bildirib ki, Azərbaycan qeyd olunan bütün narahatlıqlarımızı erməni tərəfinin diqqətinə dəfələrlə çatdırıb. Lakin təəssüf ki, hələ də onların aradan qaldırılması üçün qarşı tərəfdən konkret addımlar atılma­yıb: “Ölkəmizə qarşı ərazi iddialarının qal­ması ilə paralel olaraq, Azərbaycandan gələn təhlükə barədə cəfəng şayiələrin qəsdən ya­yılması təkcə hiyləgərlik deyil, həm də sonu görünməyən bir yoldur”.

Bu kontekstdə Ermənistan hökumətinin son vaxtlar uzaqlaşmaq kursu götürdüyü Rusiyada danışıqların aparılmasından yayın­ması da diqqətdən yayınmır. Ötən sayımız­da dərc olunan yazıda qeyd etdiyimiz kimi, Ermənistan rəsmiləri hazırda Azərbaycanla danışıqları Qərb ölkələrinin paytaxtlarında – Brüsseldə, yaxud Vaşinqtonda davam et­dirməkdə maraqlı olsalar da, İkinci Qarabağ müharibəsinin başa çatmasında Rusiyanın daha çox rol oynadığını unutmamalıdırlar. Müharibəyə Rusiya Prezidentinin aktiv va­sitəçilik səyləri ilə imzalanmış üçtərəfli bəya­nat son qoyub. Bu gün bəzi erməni rəsmiləri bəyanatın artıq öz əhəmiyyətini itirdiyi kimi cəfəng fikirlər irəli sürürlər. Həmin fikirlərin heç bir əsası yoxdur.

Eyni zamanda, bu xüsusda birbaşa tə­masların mühüm rola malik olduğunu da vurğulamaq lazımdır. Bakı və İrəvanın ikitərəfli birbaşa təmasları artıq öz konkret bəhrəsini verib. Ötən ilin dekabrında hər iki tərəfdən saxlanılmış şəxslərin azad olunması üzrə tərəflərin əldə etdikləri razılaşmalar və Bakıda keçirilməsi nəzərdə tutulan COP29 beynəlxalq iqlim konfransı kontekstində qarşılıqlı diplomatik dəstək bunun bariz nü­munəsidir.

Bütün hallarda girişdə qeyd etdiyimiz kimi, Azərbaycanın danışıqları hansı müstə­vidə aparmaqla bağlı heç bir problemi yox­dur. Ölkəmiz bütün platformalarda, eləcə də ikitərəfli formatda danışıqlara hazırdır. Yetər ki, danışıqlar danışıq xatirinə aparılmasın, məhsuldar və konstruktiv olsun.

Yeganə HACIYEVA, 
politoloq

– Ötən müddət ərzində Ermənis­tanla Azərbaycan arasında müxtəlif platformalarda danışıqlar aparılıb. Onlardan bəziləri məhsuldar, bə­ziləri qeyri-məhsuldar olub. Moskva və Brüsseldə keçirilən görüşlərdə müəyyən razılaşmalar əldə olunub, bəyanatlar imzalanıb. Müqayisə et­dikdə Brüssel formatını daha faydalı hesab etmək mümkündür. Ancaq hazırkı mərhələdə Azərbaycan üçün faydalı və məhsuldar olan ikitərəfli əsasda keçirilən görüşlərdir. Dekabr ayında iki ölkə arasında əsirlərin mü­badiəsi də kənar aktorların iştirakı olmadan keçirilən ikitərəfli danışıqlar nəticəsində mümkün olub.

Ümumiyyətlə, Prezident İlham Əliyevin dediyi kimi, indi bəziləri danışıqlara evsahibliyi etmək üçün sanki yarışa çıxıblar. Bu, bir qədər geosiyasi rəqabətə bənzəyir. Halbu­ki, ölkəmiz Ermənistan–Azərbaycan münasibətlərinin geosiyasi mövzu­ya çevrilməsini istəmir. Azərbaycan hesab edir ki, bu, iki ölkə arasın­dakı məsələdir, özümüz də bunu həll etməliyik. Müxtəlif vasitəçilərə münasibətdə yaranmış etimadsızlıq səbəbindən iki ölkənin öz aralarında müzakirə aparması bölgədə sülhün təmin olunmasında mühüm rol oyna­ya bilər.

Həmçinin, sərhədlərin delimita­siyası üzrə dövlət komissiyalarının son iki iclası da kənar vasitəçilərin iştirakı olmadan elə ölkələrin sərhə­dində keçirilib. Birinci görüşdə ko­missiyaların iclaslarının reqlamenti müəyyənləşdirilib. İkinci görüşdə hansı razılaşmaların əldə olunduğu açıqlanmayıb. İstənilən halda hesab edirik ki, birbaşa təmaslar ümumi işə daha çox fayda verir.

 

Səxavət HƏMİD
XQ



Siyasət