Almaniyada sənaye istehsalının azalması bir neçə ildir müşahidə olunur. Lakin son illərdə bu tendensiya sürətlənir. Xüsusilə kimya sənayesinin zərər gördüyü bildirilir.
“Bloomberg” agentliyi yazır ki, buna səbəb Rusiyadan alınan qazın olmamasıdır.
İqtisadiyyatı avrozonada ən böyük hesab olunan Almaniyada sənaye istehsalı 2017-ci ildən indiyədək azalır. Bununla bağlı “Bloomberg” yazır ki, bu azalma Almaniyanı sənayedəki liderliyindən məhrum edə bilər. Statistik məlumatlara görə, bəzi sənaye sahələrində tənəzzül yavaş gedir və bu tendensiya özünü investisiya planlarının azalmasında göstərir. Geriləmə digər sahələrdə daha çox nəzərə çarpır: Şirkətlər istehsal xətlərini dayandırır və ya işçiləri ixtisar edirlər. İstehsal sahələrini bağlayan şirkətlər də az deyil. Məsələn, boru istehsalında dünya liderlərindən biri olan Fransanın “Vallourec” şirkətinin Almaniyadakı iki zavodunu bağladığı bildirilir. Almaniyalı iş adamları vəziyyətin gərgin olduğunu etiraf edirlər. İçki istehsalı və əczaçılıq üçün sistem və komponentlərin tədarükçüsü GEA Group AG-nin baş direktoru Stefan Klebertin sözlərinə görə, azalma tendensiyasını dayandırmaq çətin olacaq.
“Bloomberg” yazır ki, Almaniyanın sənaye sisteminin əsasları “domino kimi çökdü”: “ABŞ Avropa müttəfiqlərindən uzaqlaşır və onlarla rəqabət etməyə başlayır; Çin Almaniyadan idxalı azaldır və daha ciddi bir rəqibə çevrilir. Agentlik bəzi ağır sənaye istehsalçıları üçün Rusiyadan ucuz təbii qaz tədarükünün dayandırılmasını “son zərbə” adlandırır. “Bloomberg” qeyd edir ki, tənəzzülün əsas katalizatoru 2022-ci ilin yayında enerji böhranı oldu. Qışda evlərdə istilik olmaması və ya normal qaz istehlakının tətbiqi ilə ən pis ssenarilərin qarşısını almaq mümkün oldu, lakin Almaniyada elektrik enerjisinin qiyməti Avropanın digər ölkələrinə nisbətən daha çox artdı. Bu da nəinki xərcləri artırır, həm də bu sahədə problemin həllini çətinləşdirir.
Ən çox ucuz Rusiya qazının itkisindən Almaniyanın kimya sənayesi zərər görür. Sektor Assosiasiyasının bu yaxınlarda apardığı sorğuya əsasən, demək olar ki, hər onuncu şirkət hidrogenin enerji daşıyıcısı kimi istifadəsinə keçid müddətinin qeyri-müəyyən olması səbəbindən istehsal proseslərini dayandırmağı planlaşdırır. Dünyanın ən böyük kimyəvi konserni BASF 2600 iş yerini, Lanxess şirkəti isə işçilərin 7 faizini azaltmaq niyyətindədir. Sənaye istehsalının payına Almaniyanın ÜDM-in təxminən 20 faizi düşür ki, bu da ABŞ-a nisbətən iki dəfə çoxdur. Maliyyə naziri Kristian Lindner əvvəllər bildirmişdi ki, iqtisadi artımın olmaması fonunda Almaniya iqtisadiyyatı rəqabətsizləşir, ölkənin özü isə sürətlə yoxsullaşır: “Biz artıq rəqabət qabiliyyətli deyilik. İqtisadi artım olmadığı üçün yoxsullaşırıq”. Onun sözlərinə görə, bu gün hər kəsə aydın olur ki, Almaniyanın bütün sosial faydaları və perspektivli ekoloji layihələri yalnız “iqtisadi çiçəklənmə” hesabına təmin edilə bilər.
Bununla belə, Bundesbankın (Almaniya Mərkəzi Bankı) sentyabr hesabatından belə görünür ki, sənaye istehsalının azalması tədricən baş verərsə, bu, narahatlıq doğurmayacaq. 2023-cü ilin nəticələrinə görə, Almaniyanın ÜDM-nin 0,3 faiz azaldığı vurğulanır. Bununla yanaşı, Almaniyada sənaye istehsalının həcminin 2023-cü ilin nəticələrinə görə əvvəlki göstəriciyə nisbətən 2 faiz azaldığı bildirilir. Artımın avtomobillərin və nəqliyyat avadanlıqlarının istehsalında, azalmanın enerji daşıyıcılarının qiymət dəyişkənliyinə daha həssas olan sahələrdə, o cümlədən kimya və metallurgiya sənayesində qeydə alındığı qeyd olunur.
S.ELAY
XQ