I məqalə
Mən istərdim ki, cəmiyyətdə də bu məsələ ilə bağlı diskussiyalar getsin, siyasətçilər, politoloqlar, elm adamları, ziyalılar, yəni bizim gələcək inkişafımızla bağlı əsas milli ideya və ideyalarımız nə olmalıdır. Bu, bir ictimai müzakirə mövzusu olmalıdır.
İlham ƏLiYEV,
Azərbaycan Respublikasının Prezidenti
Azərbaycan: yeni tarixi mərhələnin çağırışları
Hər bir müstəqil xalqın tarixi təkamülünün mərhələləri olur. Həmin mərhələləri lideri ilə birlikdə xalq, cəmiyyət özü yaradır. Sözün həqiqi mənasında, toplum azaddırsa, müstəqildirsə, qarşısına qoyduğu məqsədlərə çatır. Məqsədlər ab-strakt, mücərrəd və hər şeyi əhatə edən olmur. Onlar konkret tarixi özəlliklərə uyğun olaraq cəmiyyətin (xalqın) malik olduğu dəyərlərin fonunda müəyyənləşir. Yəni kollektiv olaraq hansı məqsədlərə çatmaq məsələsi müəyyən edilir.
Bu proses asan deyildir. Burada xalqın liderinin zəkası, iradəsi, qətiyyəti və tarixi uzaqgörənliyi həlledici rol oynaya bilər. Strateji məqsəd düzgün müəyyən ediləndə, obrazlı desək, o, cəmiyyətin legitimliyini qazanır. Yəni bütövlükdə, toplum həmin məqsədi “qanuni” (legitim) hesab edir. Bu zaman toplum toparlanaraq həmin məqsəd uğrunda həyat mübarizəsinə başlayır. Və konkret məqsədə çatandan sonra qarşıya yeni vəzifə çıxır –əldə edilən nəticələr əsasında yeni düzgün məqsədlər, vəzifələr və birgəyaşam formaları müəyyən etmək zərurəti yaranır. Məhz bu keçid mərhələsi hər bir xalq üçün sınaq dövrüdür. Onun özünü nə dərəcədə yeniləşdirə bilməsi potensialının özünütəsdiqidir.
Belə çıxır ki, cəmiyyət və ya xalq halında birgəyaşamağın özünəməxsus ideya, mənəvi, əxlaqi və iradi şərtləri mövcuddur. Bu prizamadan baxanda strateji məqsədlərə nail olmaq üçün zəruri olan mexanizmləri həm dərindən anlamaq, həm də onların reallaşması üçün konkret fəaliyyət planlarına malik olmaq gərəkdir. Bu cür mexanizmlər sırasında “milli ideya” və “milli ideologiya”nın rolu həlledicidir.
Əslində, milli ideya və milli ideologiya yalnız məqsədə çatmaq mexanizmləri deyil. Onlar substantiv olaraq xalqın kollektiv mövcud olmasını şərtləndirən fundamental anlayışlardır. Çünki ideya çoxlu sayda insanları konkret məqsəd ətrafında birləşdirə və onları fəaliyyətə motivasiya edə bilər. Kollektiv fəaliyyəti yaxşı səviyyədə stimullaşdırılmayan xalqların tarixdə yeri məlum deyil.
Deməli, milli ideya və milli ideologiya həm kollektiv mövcudluğun mənəvi bağıdır, həm də ümumi məqsədə çatmağın başlıca mexanizmi. Burada, təbii ki, milli ideya ilə milli ideologiyanın fərqini görmək lazımdır. Lakin onların hər ikisini kollektivə, xalqa, topluma məxsus olan səviyyədə mənəvi, ruhani, ideya faktorlarını aktuallaşdırmaq və reaktuallaşdırmaq (təkrar-təkrar aktuallaşdırmaq) özəlliyi birləşdirir.
Bu məqam bir tarixi mərhələsini başa vurmuş və yeni mərhələyə qədəm qoyan xalqların həyatında özünü daha həssas aspektlərdə göstərir. Azərbaycan hazırda tarixi təkamülünün bu yeni keçid pilləsindədir. Dövlətçilik, müstəqillik, müasirləşmək qüdrəti, daim uğurlu olmaq fəlsəfəsi baxımından son dərəcə əhəmiyyətli, məsuliyyətli və şərəfli bir dövrdür!
Nələrə nail olunmuşdur?
Biz son 20 ilin qısa xronologiyası əsasında mövzuya uyğun kontekstlərdə suala cavab axtaracağıq. 2003-cü ildən Azərbaycan yeni Prezidenti ilə möhtəşəm proqramları həyata keçirməyə başladı. Bu barədə geniş informasiya verilmədi, ancaq dövlət başçısı əsas istiqamətverici və müəyyənedici tezisləri ilə kifayət qədər innovativ (yenilikçi) bir prosesə başladığını aydın ifadə edirdi. Bu innovativlik birmənalı olaraq Ulu öndər Heydər Əliyevin siyasi varislik prinsipinə tam uyğun həyata keçirilirdi. Siyasi varisliyə əsaslanan yeniləşmə cəmiyyətin həyatının bütün sferalarını əhatə edirdi. Buraya iqtisadiyyat, siyasət, geosiyasət, mənəvi-əxlaqi dəyərlər, sosial faktorlar, təhlükəsizlik, ordu quruculuğu, müdafiə fəlsəfəsinin yeniləşməsi daxil idi. Onların sintezi isə bir milli məqsədə çatmağa xidmət edirdi. Prezident İlham Əliyev bu barədə deyirdi: “Bizim əsas milli ideyamız ərazilərimizi azad etmək idi. Yəni bütün xalq bu ideya ətrafında, bu amal ətrafında birləşmişdi, biz bunu artıq əldə etmişik”.
Doğrudan da indi ötən həmin o 20 ilin hər ayına, həftəsinə, gününə baxanda Prezidentin nə dediyinin yeni prizmada fərqinə varırsan! Çox möhtəşəm və çətin bir məqsəd uğrunda dövlətin başçısı böyük qətiyyət, yüksək zəka və sınmayan iradə ilə başlamışdı. Əksəriyyətin gözləmədiyi istiqamətdən ədalətli və yaradıcı həmlələr edir, beynində, könlündə və qəlbində daşıdığı (bu da Ulu öndərin siyasi varisliyinin mühüm əlamətlərindən biridir – F.Q.) milli sevgini, ədaləti, qüruru, qətiyyəti və müdrikliyi reallaşdırdığı dövləti əhəmiyyətli böyük proqramların ruhuna və məzmununa hopdururdu. Bununla damla-damla, qətrə-qətrə Azərbaycan cəmiyyətinin həyatına yeridilmiş məğlubiyyət sindromunu əridirdi! Onun fövqündə isə Prezidentin milli ideya və ideologiyada mükəmməl məzmununu və formasını almış Qələbə siyasəti daha da təkmilləşir, mükəmməl formada milyonların ruhuna hopdurulurdu! Təsdiqi vardır!
O təsdiq gənclərin 2020-ci ildə “Vətən!”, “Azərbaycan!”, “Qarabağ!” deyib bir nəfər kimi hərb meydanında şir kimi savaşmasıdır! Bir gənc belə, ordudan fərarilik etmədi! Əksinə, hərbi komissarlıqların qarşısında həyəcan və tələbkarlıqla torpaqları azad etməyə can atırdılar. Dünyanın hər yerindən yüz minlərlə azərbaycanlı Azərbaycan Respublikasının Prezidenti və Ali Baş Komandanından cəbhəyə getmək istədiklərini və buna imkan yaradılmasını xahiş edirdilər! Niyə məhz Azərbaycan Prezidentindən bu xahişi edirdi gənclərimiz? Yalnız ona görə yox ki, dövlətin başçısı İlham Əliyevdir. Əsas ona görə ki, İlham Əliyevə inanırlar, ona tam etibar edirlər!
İlham Əliyevin gənclərdə illərlə yaratdığı, stimullaşdırdığı, səslədiyi və nəhayət, böyük anlamda tərbiyə etdiyi vətənsevərliyin, milliliyin, ideyanın çağırışı, həyəcanı və “xahişi” idi, bu! Həm həyata keçirdiyi proqramları, həm siyasi-diplomatik məharəti, həm də mənəvi-əxlaqi davranışları ilə nümunə olan Azərbaycan Prezidentini hər bir gənc səngərdə özü ilə bərabər görürdü və ya görməyi arzulayırdı. Prezidentə inanır və onunla birgə savaşmağa hazır olduqlarını bəyan edirdi yüz minlərlə azərbaycanlı. Bax, o ruhları, könülləri, qəlbləri 2003-cü ildən bu yana milli ideya və milli ideologiya ətrafında birləşdirən Prezident İlham Əliyevdir.
Bu ruhani və mənəvi coşqu əsassız deyildi. Onun üç ideya sütunu vardı. Hansılardır?
Ərazi bütövlüyü və suverenliyin 3 əsas sütunu: Milli ideya fonunda
44 günlük Zəfər savaşına qədər milli ideyanın məzmununu motivə edən və həm də formalaşdıran üç prinsip mövcud idi. Onları Prezident müəyyənləşdirmişdi və praktiki fəaliyyətində qətiyyətlə və səmərəli yerinə yetirirdi. Həmin üç prinsip bunlardır: tarixi ədalət, milli qürur və beynəlxalq hüquq! Bu prinsiplər dərin düşünülmüş və dəqiq ifadə edilmişdir. Onlar fəlsəfi və politoloji baxımdan çoxfunksiyalıdırlar. Faktiki olaraq fərqli sferaları birləşdirə bilirlər.
Birincisi, bu prinsiplər milli ideya və milli ideologiyanın yaradılmasının və funksionallığını daim saxlamasının mahiyyətinə uyğundurlar. Filosofların fikrinə görə, milli ideya konkret millətin keçmişdə, indi və yaxın gələcəkdə mövcudluğunu izah edə bilən mənalar sistemidir. Bu zaman milli ideyanın məzmununa və məqsədinə millətin mentaliteti (o cümlədən, siyasi mentaliteti), xarakteri, hakimiyyətə münasibəti, başqa ölkələrə münasibəti və s. kimi çoxlu sayda faktorların mümkün təsirlərini nəzərə almaq lazım gəlir.
Müstəqillik əldə edəndən sonra Azərbaycanın keçdiyi keşməkeşli yol fonunda bu məsələnin bizim üçün ikiqat çətin olduğunu anlamaq güc tələb etmir. Həmin faktorların fonunda milli ideya “millət indi nəyin naminə mövcuddur və onun gələcək missiyası nədən ibarətdir?” sualına cavab verməlidir. Özlüyündə bu məsələ də üç altməsələyə bölünür. Belə ki, milli ideya a) humanitar dəyərlərin; b) insan hüquqları və azadlıqlarının; c) ənənənin yeri və rolunu özündə dəqiq ehtiva etməlidir. Bu faktorlardan hansına üstünlük verilməlidir?
Azərbaycan Respublikası Prezidentinin ifadə etdiyi milli ideyada bu suala mükəmməl cavab vardır. Onlar lakonik şəkildə vurğuladığımız üç prinsipdə ifadə olunmuşdur. Tarixi ədalət, milli qürur və beynəlxalq hüquq keçmişi, indini və gələcəyi fəlsəfi-siyasi məntiqlə bir-birinə bağlayan parametrlərdir. Çox əhəmiyyətlidir ki, bu prinsiplər həm ayrılıqda, həm də bir-biri ilə qarşılıqlı münasibətlərdə “zamanı xalqın kollektiv həyatı müstəvisində bütövləşdirir”: ədalət qürur və hüquqla təmin edilir, qürur ədalətlilikdən və hüquqdan qaynaqlanır, hüquq isə ədalət və qürurun sayəsində münasibətlərin qurulmasında “xəritə olur, yol olur”!
Deməli, müasir fəlsəfi-elmi təfəkkürdə mövcud olan “plektiks” (“sarmaşıq”, “bir-biri ilə bütün mənalarda vəhdətdə olan”) anlamı milli ideyada İlham Əliyev tərəfindən ifadəsini tapmışdır! Fəlsəfi baxımdan da burada bir dinamizm və ahəngdarlıq (bu termini Əhməd Qəşəmoğlu mənasında işlədirik – F.Q. ) vardır. Biz konkret olaraq Jil Delyoz fəlsəfəsində indinin öz mövcudluğu üçün keçmişə və gələcəyə “yayılması” fikrini nəzərdə tuturuq. Bu yayılma xalq üçün elə olmalıdır ki, həm özünəməxsusluğunu saxlasın (tarixdir), həm də indi potensialını elə reallaşdırsın (bu gündür) ki, gələcəyə perspektivi (strateji anlamdır) təmin etsin!
Buradan milli ideya və milli ideologiya ilə bağlı fəlsəfi əhəmiyyəti olan yeni məsələlər meydana çıxır. Məsələnin bu tərəfinə nəzər salmadan öncə bir məqama aydınlıq gətirək.
Bir sıra hallarda milli ideya ilə milli ideologiyanı eyniləşdirirlər. Ancaq onlar fərqlidirlər. Hər ikisi dəyərlər sistemini ifadə edir, onu ümumxalq miqyasına qədər genişləndirir və hər ikisi milli sayıla bilər. Ancaq ideologiya ideyaların mürəkkəb sistemidir. O, müxtəlif ictimai subyektlərin həyatının ideal və dəyərlərini özündə daşıya bilər. Məsələn, qrupların, insanların, icmaların, sosial stratların, siyasi partiyaların və s. Bu mənada, milli ideya milli ideologiyanın tərkib hissəsi kimi görünür.
Başqa bir aspektdən isə milli ideya ideologiyanın sistemləşməsinin, onun mürəkkəb struktur-funksional fenomen kimi mövcudluğunun mümkün olmasını təmin edən əsas faktordur! Milli ideologiya milli ideyanın konseptləşməsi və konseptuallaşması sayəsində meydana gəlir.
Belə görünür ki, milli ideya və milli ideologiya milli özşüurdan qaynaqlanır. Milli özşüur məsələsi problemi daha dərinlərə aparır. Hər şeydən öncə, milli ideya və ideologiyanın milyonların özşüurları ilə sıx bağlılığını nəzərə almaq lazım gəlir. Bu baxımdan “milli şüurun milli ideyaya təsiri necədir və hansı hallarda onlar kollektiv miqyasda cəmiyyətə fayda verir?” kimi sual aktuallaşır.
Problemin fəlsəfi aktuallığı kifayət qədər ciddi faktorlarla əlaqəlidir. Çünki milli özşüur milli şüurun nüvəsi kimi daha çox fərdi şüura bağlıdır. O, başlıca olaraq, qiymətvermə və rasional-dəyər təsəvvürlərinin mərkəzi sistemi kimi çıxış edir. Bu isə fərdin həyatın mənəvi-ruhani cəhətində insanın özünü uyğun müəyyən etməsini ifadə edir. Deməli, milli özşüur ümummilli şüurun bu və ya digər komponentlərinin fərdlər tərəfindən qavranılması səviyyəsini əks etdirir. Özlüyündə özşüurun bu xüsusiyyəti milli ideya və milli ideologiyada milyonlarla fərdin ortaq təsəvvürlərini doğru ifadə etməklə sıx əlaqəlidir. Mürəkkəb sistemlərdə müxtəlifliyin vəhdətini təmin etmək mahiyyətcə mürəkkəb və çətin işdir.
Bu bağlılıqda o da aydın olur ki, milli ideyanı və milli ideologiyanı formalaşdıran lider bütövlükdə milli özşüurun incəliklərinə varmalı və onları toplum üçün səmərəli olan aspektdə sintez etməlidir.
Çox mürəkkəb və dinamik bir prosesdir. İlham Əliyev bunu bacardı! Yüksək səviyyədə bacardı!
(ardı var)
Füzuli QURBANOV,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru