Son zamanlar dünya bazarında neftin ucuzlaşması davam edir. Bu, bir neçə amillə bağlıdır. Birincisi, Səudiyyə Ərəbistanı Asiya bazarları üçün tədarük etdiyi “Arab Light” markalı neftin bir barelinin qiymətini 1,5–2 dollar ucuzlaşdırıb. Bundan başqa, “Saudi Aramco” şirkəti daha az həcmdə karbohidrogen ixrac etdiyi Şimali Amerika, Aralıq dənizi və Qərbi Avropa üçün fevral fyuçerslərinin qiymətlərini də aşağı salıb. Qərar, bir tərəfdən, zəif qlobal tələblə bağlıdırsa, digər tərəfdən, bir çox neft emalı zavodlarının təmir üçün bağlandığı ənənəvi fevral–mart ayları ərəfəsində Asiya idxalçılarını itirməmək istəyi ilə əlaqədardır.
İkincisi, neftin qiymətinə dünyada, o cümlədən, ABŞ-da neft tədarükünün yüksək səviyyədə olması təsir edir. Tədarükün artıqlığı isə risk yaratdığından neft bazarına təsirsiz ötüşmür. Nəticədə, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 1,12 dollar azalaraq 77,64 dollara düşüb. Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 1,16 dollar azalaraq 72,65 dollar təşkil edib.
Amma mövcud vəziyyət uzun müddət davam edə bilməz. Bu, ilk növbədə, Yaxın Şərqdəki münaqişə ilə bağlıdır. Artıq Qırmızı dənizdə gərginlik var, gəmilər və tankerlər husilərin hücumuna məruz qalır. Ticarət gəmiləri və tankerlər hücumlara həssas olduğundan Qırmızı dənizdən yan keçməli olurlar. Nəticədə, əlavə xərclər yaranır, neftin dünya qiymətləri üçün böyük risklər ortaya çıxır. Beləliklə, Yaxın Şərqdəki hərbi münaqişə ilə əlaqədar olaraq Qırmızı dəniz vasitəsilə xammalın tədarükündə fasilələrin yaranma ehtimalı artır.
Regionda geosiyasi vəziyyət gərginləşərsə, bu, neftin bir barelinin qiymətini 83 dollar həddinə çatdıra bilər. Qiymətin yüksək olması isə büdcəsi neftdən asılı olan ölkələrin maraqlarına xidmət edir. Məsələn, Qərbin iqtisadi sanksiyaları ilə üzləşən Rusiya üçün dünya bazarında yanacağın qiymətinin baha olması olduqca faydalıdır. Çünki Ukraynada müharibə aparan Rusiya büdcəsini məhz neft gəlirləri hesabına doldurur.
Amma indiki halda bu vəziyyət ABŞ-ın maraqlarına uyğun gəlmir. ABŞ-da prezident seçkiləri keçiriləcək və Co Bayden ikinci dəfə seçilmək qərarına gəlib. Neftin qiymətinin artması isə ABŞ-da inflyasiyanın artması ilə müşahidə olunur. Belə ki, son illər ölkədə istehlak mallarının qiyməti 5 faiz artıb və bu da əhalinin sosial vəziyyətinə mənfi təsir göstərib. Seçki ərəfəsində əhalinin sosial vəziyyətinin pisləşməsi təkcə C.Baydenin deyil, ümumilikdə, ABŞ siyasi elitasının fəaliyyət perspektivinə kölgə salır. Bu və digər məsələlər barədə YAP İdarə Heyətinin üzvü, professor Əfsun Sucayev dedi:
– Son günlər neftin qiymətində enmələr müşahidə edilir. “Qara qızıl”ın qiymətinin tez-tez dəyişməsinə, sözsüz, dünyada qlobal xarakter alan geosiyasi vəziyyət səbəb olub desək, heç də yanılmarıq. Çünki hazırda neft amili dünyanın güc mərkəzləri tərəfindən siyasi təsir vasitəsinə çevrilib. Təsəvvür edin, iqtisadi və enerji aləti rolu oynamalı olan, lakin subyektiv səbəblərdən bu funksiyalarını itirən neftin qiymətini formalaşdıran real tələb-təklif daha həlledici rol oynamır. Necə deyərlər, bu gün neftə olan qlobal tələb qiymət dəyişkənliyi ilə praktiki olaraq dəyişmir. Bununla yanaşı, neftin etalon növlərinin spot qiymətləri əhəmiyyətli dərəcədə dəyişkənliyə məruz qalır ki, bu da qlobal xarakterli bir çox siyasi şərtlərlə müəyyən edilir.
Neftin qiymətinə böyük dövlətlərin geosiyasi oyunlarının təsirini əvvəlki illərdə də hiss etmişik. Xatırlatmaq yerinə düşər ki, 2008-ci ilin iyulunda "Azeri Light" markalı neftin bir bareli 149,66 ABŞ dollarına satılırdısa, ok-tyabrda bu göstərici təqribən 2 dəfə aşağı düşdü. “Brent” markalı neftin bir bareli 67 dollara satılırdı. 2009-cu ildə qiymətlər tədricən 60-80 dollar səviyyəsinə yüksəldi, sonra 2011–2013-cü illərdə 100-125 dollara qədər artım müşahidə edildi. 2014-cü ildə əksinə, yenidən 2 dəfə ucuzlaşaraq ilin sonuna minimuma düşdü. Bu, bir tərəfdən, baş verən iqtisadi böhranların nəticəsi hesab olunurdusa, yenə də həlledici amil həmin dövrlərdə dünyanın əsas siyasi oyunçularının yaratdıqları ziqzaqvari dəyişən geosiyasi vəziyyət idi. Maraqlıdır ki, “Azeri Light” markalı neft 2020-ci il aprelin 21-də 15,81 dollara təklif olunurdu.
Məşhur iqtisadçı, Nobel mükafatı laureatı Cozef Stiqlist vaxtında söyləmişdir ki, vaxt gələcək, dünyada neftin ətrafında gedən proseslər o qədər siyasiləşdiriləcək ki, hətta neft ondan fayda götürən ölkələrə belə xoşbəxtlikdən çox bədbəxtlik gətirəcək və onu ölkələrin iqtisadi inkişafı və müdafiə qüdrətinin artırılması vasitəsi kimi daha görmək mümkün olmayacaq. Bir tərəfdən, ən azı, bu il həlli görünməyən Rusiya–Ukrayna müharibəsi və Yaxın Şərqdəki hərbi toqquşmalar, digər tərəfdən, Koreya yarımadasında, eləcə də ABŞ–Çin, ABŞ–İran münasibətlərində təhdidlərin müharibə səviyyəsinə çatdırılması 2024-cü ildə dünya siyasət meydanında yeni geosiyasi sürprizlərin baş verəcəyindən xəbər verir. Belə olan halda neftin qiymətinin azalan, yoxsa artan dinamika üzrə dəyişəcəyini proqnozlaşdırmaq olduqca çətindir. Buna heç kim təminat vermir.
Ə.Sucayev daha sonra bildirdi k, neftin kəskin dəyişən qiymətinin sabitləşməsi baş verən münaqişələrin sona çatması, münasibətlərin normallaşmasından asılı olacaq:
– Çünki qeyd olunan bütün geosiyasi hadisələr dünya neft bazarına birbaşa və ya dolayı təsir edir. Əlbəttə, siyasi təsirlər olmazsa, iqtisadi qanunauyğunluqlardan irəli gələn tələb-təklif amili neft bazarında tarazlıq yaradar, hər tərəfi qane edən sabit qiymət formalaşar. Belə qarışıq geosiyasi vəziyyəti düzgün nəzərə alan Azərbaycan hö-kuməti haqlı olaraq bu ilin dövlət büd-cəsindəki bütün hesablamaları neftin bir bareli üçün 60 dollar səviyyəsində götürüb. Bu, həm də onu deməyə əsas verir ki, iqtisadiyyatın diversifikasiyası və neftdən asılılığın aradan qaldırılması dövlətin iqtisadi siyasətinin əsas prioriteti olaraq qalacaq.
Pünhan ƏFƏNDİYEV
XQ