Prezident İlham Əliyev Ermənistanla sülh gündəliyində hansı məqamları əsas tutdu?
Bu məqalədə Azərbaycan Prezidenti İlham Əliyevin yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində səsləndirdiyi mühüm məsələlərdən ikisi üzərində dayanacağıq. İlk növbədə, diqqətə çatdıraq ki, hər iki məsələ Ermənistan hakimiyyəti, xüsusən baş nazir Nikol Paşinyan tərəfindən Azərbaycanla sülh müqaviləsi kontekstində qaldırılmışdır. Bunlardan birincisi sərhədlərin müəyyənləşməsində keçmiş SSRİ Müdafiə Nazirliyinin Baş Qərargahının 1970-ci ildən sonrakı xəritələridir. İkinci məsələ isə “Dünya kəsişməsi”, yaxud “Sülhün kəsişməsi” adlandırılan layihədir.
Hesab edirik ki, vurğuladığımız və Prezident İlham Əliyevin də üzərində geniş dayandığı bu məsələlər Bakı–İrəvan sülh gündəliyindəki ziddiyyətlərin vacib halqasını təşkil etməkdədir. Əlbəttə, mövcud xüsusda dövlətimizin başçısının diqqəti yönəltdiyi daha bir vacib nüans Azərbaycanın hələ də erməni işğalı altında olan səkkiz kəndi ilə bağlı məsələdir. Elə sonuncudan başlayaq.
***
Bəli, hazırda Naxçıvanın Kərki kəndi, həmçinin Qazaxın yeddi kəndi Ermənistanın işğalı altındadır. Prezident İlham Əliyev müsahibəsində mövzunun daim gündəlikdə olduğunu vurğuladı. Dövlətimizin başçısı onu da bildirdi ki, baş nazir Nikol Paşinyanla təmasları əsnasında bunu müzakirə ediblər. “...O cümlədən, Sankt-Peterburqda ayaqüstü son söhbət zamanı mən bu məsələni qaldırmışdım və eyni zamanda, delimitasiya ilə bağlı komissiyaların gündəliyində də bu məsələ dayanır”.
Əlbəttə, istər Qazaxın yeddi kəndi, istərsə də Naxçıvanın Kərki kəndi ilə bağlı durum, həm də, Azərbaycan–Ermənistan sərhədlərinin delimitasiyası və demarkasiyası kontekstindəki məsələdir. Onu da nəzərə alaq ki, dövlətimizin başçısı delimitasiya və demarkasiyası prosesinin sülh müqaviləsindən sonra da gerçəkləşə biləcəyindən söz açsa da, sözügedən kəndlərin geri qaytarılmasının vacibliyi ilə bağlı qətiyyətli mövqe ortaya qoydu. “Ancaq bizim indi Ermənistan tərəfindən mübahisə edilən yerləşməyimiz heç bir yaşayış məntəqəsini əhatə etmir. Bizim durduğumuz mövqelərdə, təpələrdə heç vaxt yaşayış olmayıb. Ermənistan isə bu gün bizim kəndlərimizi işğal etməkdə davam edir və bu, dözülməzdir. Yenə də qeyd etmək istəyirəm və hesab edirəm ki, komissiyaların bu ayın sonunda görüşü əsnasında bu məsələyə aydınlıq gətiriləcək”, – deyən cənab İlham Əliyev bəyan etdi ki, anklav olmayan dörd kənd Azərbaycana qeyd-şərtsiz qaytarılmalıdır: “...O kəndlər ki, anklav kəndlərdir, – çünki Ermənistanın bir anklav kəndi Azərbaycan ərazisindədir, – həmin kəndlərlə əlaqədar ayrıca bir ekspert qrupu yaradılmalıdır və o, müzakirə edilməlidir. Biz hesab edirik ki, bütün anklavlar qaytarılmalıdır. Bu anklavlara gedən yollarda şərait olmalıdır və bu anklavlara orada yaşayan insanlar yerləşdirilməlidir. Yəni, bizim mövqeyimiz bundan ibarətdir”.
***
Bəs, sərhədlərin delimitasiya və demarkasiyası ilə əlaqədar hansı xarakterik cəhətlər var? Məlum olduğu kimi, Ermənistan hakimiyyəti sülh prosesi baxımından 1991-ci ilin Alma-Ata Bəyannaməsi üzərində dayanmaqdadır. Bu sənəd keçmiş Sovet İttifaqı respublikalarının bir-birinin ərazi bütövlüklərini tanımalarını rəhbər tutur. Azərbaycan da, Ermənistan da bəyannaməyə imza atıblar. Maraqlı nüans ondadır ki, sənəddə ərazi bütövlüyü anlayışı ümumi götürülüb. Yəni, orada konkret şəkildə göstərilməyib ki, Azərbaycanın ərazisi 86,6 min kvadratkilometdir, Ermənistanınkı isə 29,8 min kvadratkilometr. Halbuki, baş nazir N.Paşinyan və digər erməni rəsmiləri məhz bu rəqəmlər üzərində dayanmaqdadırlar. Dayanmaqdadırlar və sərhədlərin delimitasiyası və demarkasiyasının haqqında əvvəl söz açdığımız xəritələr əsasında gerçəkləşməsinin vacibliyini əsaslandırmaqdadırlar.
Nəyə görə məhz həmin dövrün xəritələri əsas götürülür? Sualı Prezident İlham Əliyev də verir, eyni zamanda, öz mövqeyini ortaya qoyur. “Nə üçün 1975-ci ilin, yaxud da ki, indi 1970-ci ilin, hətta bəzi təkliflərdə 1970-ci, 1990-cı illərin xəritələri, cavab çox sadədir və mən bu gün bu barədə açıq danışmaq istəyirəm”, – deyən ölkəmizin lideri vurğulayır ki, Azərbaycan torpaqlarının Ermənistana peşkəş edilməsi mərhələlərlə davam edib. İlk mərhələdə 1918-ci ildə qədim şəhərimiz İrəvan paytaxt kimi Ermənistana verilib. Bunu “cinayət” adlandıran dövlətimizin başçısı Ermənistanın Azərbaycana qarşı ərazi iddialarından əl çəkmədiyini, daha da azğınlaşdığını, 1920-ci ilin sovetləşməsindən sonra Qərbi Zəngəzurun böyük hissəsinin Azərbaycandan qoparıldığını, həmin ərazinin XX əsrin əvvəlinin xəritələrində əksini tapdığını, belə torpaq hədiyyələrinin illər keçdikcə davam etdiyini, sonuncu xoşagəlməz halın isə 1969-cu ilin mayında qeydə alındığını diqqətə çatdırır. Ölkəmizin lideri bildirir ki, o vaxta qədər torpaqlarımızın hissə-hissə Ermənistana verilməsi sayəsində ərazimiz “100 min kvadratkilometrdən – mən Azərbaycan Xalq Cümhuriyyətinin ərazisini nəzərdə tuturam – 86,6 min kvadratkilometrə düşdü”.
Yeri gəlmişkən, bir faktı da diqqətə çatdıraq ki, Ermənistan SSR tərkibində Meğri rayonu 1929-cu ildə yaradılıb. Yəni, sovetləşmədən doqquz il, SSRİ-nin formalaşdırılmasından isə beş il sonra. Prezident İlham Əliyev müsahibəsində sırf bu məqama toxunmasa da, ancaq onun Naxçıvana yol kontekstində Meğri marşrutunun səmərəliliyindən söz açdığını, hələ Sovetlər Birliyi zamanında həmin ərazidən dəmir yolu xəttinin keçdiyini diqqətə çatdırdığını yada salmalıyıq. Ölkəmizin lideri Naxçıvana yol kontektində daha nələri bildirdi, bu barədə də bir qədər sonra söz açacağıq.
***
Deməli, Prezident İlham Əliyevin vurğuladığı kimi, Ermənistanın 1970-ci illərin xəritələrini əsas götürməsinin nə metodoloji, nə də siyasi anlamı var. Belədə, dövlətimizin başçısı siyasi əsaslarla istinad nöqtəsi kimi ya Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı dövrü, ya da sovetləşmə dövrünü götürməyi irəli sürür: “Əgər biz xronoloji metodologiyaya üstünlük versək, onda gəlin baxaq, XX əsrin əvvəlində xəritələr nə idi, gəlin, bu xəritələr üzərində işimizi quraq. Yəni, siz 1960-cı, 1950-ci, 1940-cı illəri kənara qoyursunuz və məhz 1970-ci illərə istinad etmək istəyirsiniz. Məhz buna görə ki, bizim tarixi torpaqlarımız artıq onlara verilmişdi. Ona görə biz buna qəti surətdə etiraz etmişik və edirik. Əfsuslar olsun ki, 1970-ci illərin xəritəsini, əsas götürmək istəyən təkcə Ermənistan deyil, onun yəni, “Ermənistan plyus” qruplaşmasıdır və biz buna heç vaxt razılıq verə bilmərik”.
Bəli, bütün bu sadaladıqlarından sonra Prezident İlham Əliyev Azərbaycan–Ermənistan sərhədlərinin şərti xarakter daşıdığını bildirməkdə haqlıdır və belə bir mövqeyin ortaya qoyulması həm də ədalətlidir. Əlbəttə, siyasi və xronoloji metodologiya əsas götürülməyə də bilər. Ancaq bu zaman ölkəmizin lideri sərhəd komissiyaları tərkibində ekspert qrupunun yaradılmasını, həmin qrupun üzvlərinin qarış-qarış yerləri gəzib sərhədi müəyyənləşdirməli olduğunu vurğulayır.
Deməli, indi məlum olur ki, Ermənistan nə üçün 1970-ci illərin xəritələri üzərində dayanır. Çünki əvvəlki illərə nəzər salınsa, hazırkı Ermənistan ərazisinin mövcudluğu şübhə altına düşəcək. Görünür, elə məhz buna görə də baş nazir N.Paşinyan aylar öncə bildirmişdi ki, başlıca məqsədi ölkəsi üçün, belə demək mümkünsə, “doğum şəhadətnaməsi” almaqdır. Yəni, tam aydındır ki, erməni iqtidarı da reallığı dərk edir. Ancaq dərk edib nəticə çıxarırmı? Yox! Əksinə, anti-Azərbaycan ritorikasını gücləndirir və ona bu işdə xaricdəki havadarları da kömək edirlər.
Azərbaycanın suveren Ermənistanın ərazisini, guya, işğal etdiyini bildirən rəsmi İrəvan və onun dəstəkçiləri silahlı qüvvələrimizin tutduqları mövqelərdən geri çəkilməli olduğuna dair fikirlər tirajlamaqdadırlar. Yeri gəlmişkən, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ötən ilin sonlarına doğru, “diplomatik gedişə” baş vuraraq, hər iki ölkənin qoşunlarını sərhəddən geri çəkməsini sülhün başlıca prinsiplərindən biri kimi qabartmışdı. Həmin vaxt Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov hərbçilərimizin şəhid övladlarımızın qanı bahasına tutulmuş ərazilərdən çıxılmayacaqlarını vurğulamışdı. Prezident İlham Əliyev isə müsahibəsində dövlətimizin bu mövqeyinə bir daha aydınlıq gətirdi və eyni zamanda, ölkəmizin məsələyə prinsipial baxışını qətiyyətli formada diqqətə çatdırdı: “Ermənistanın mövqeyi nədən ibarətdir, biz bunu başa düşə bilmirik. Sadəcə olaraq bildirmək istəyirəm ki, nə deyirlər. Deyirlər ki, tərəflər güzgü şəklində geri çəkilsin. Amma hara çəkilsin? Bu məsələ ilə bağlı sualı hələ 2021-ci ilin may ayında mənə bəzi həmkarlarım vermişdi. Yadınızdadır, o vaxt sərhəddə müəyyən dəqiqləşmə aparılmışdı və bir telefon zəngi əsnasında dedilər ki, xahiş edirik, siz qayıdasınız. Deyirəm, haraya qayıdaq? Deyirlər ki, haradan gəlmisinizsə oraya. Deyirəm, biz Bakıdan gəlmişik, Bakıya qayıdaq? Biz 30 il orada olmamışıq. Əgər o sərhəd sərhəd idisə, onda Ermənistan onu sərhəd kimi tanıyaydı, sərhəd nişanlarını qoyaydı. O, axı bu sərhədi tanımırdı. O hesab edirdi ki, onun sərhədi Ağdamdadır. Ona görə biz oraya Bakıdan gəlmişik, biz orada olmamışıq. Ona görə haraya qayıdaq? Deyin, haraya qayıdaq... qayıdaq. Bax, mənim o sualıma cavab olmadı. Ona görə, əlbəttə ki, biz heç yerə qayıdan deyilik. Nə 2021-ci ilin may ayındakı mövqelərdən, nə də 2022-ci ilin sentyabr ayındakı mövqelərdən biz bir addım geri gedən deyilik, çünki o sərhəd müəyyən edilməlidir”.
***
Bəli, hələlik, sərhəd müəyyən deyil və mövcud anlamda bir məqama diqqət yetirək ki, Ermənistan sərhədlərin delimitasiyası və demarkasiyası, eləcə də Azərbaycanla sülh gündəliyi müstəvisində əvvəldə haqqında söz açdığımız “Dünyanın kəsişməsi”, yaxud “Sülhün kəsişməsi” və sair bu kimi adlandırdığı layihəni ortaya atır. Ölkənin rəsmiləri, az qala, bütün beynəlxalq tribunalarda məsələni qabardır, İrəvana gələn xarici ölkə təmsilçilərini bu barədə məlumatlandırırlar. Azərbaycan Prezidentinin də müsahibəsində vurğuladığı kimi, belə gediş manipulyasiyadır. Bəs dövlətimizin başçısının erməni iqtidarına manipulyasiyadan əl çəkməyi məsləhət görməsində hansı xarakterik cəhətlər var?
Məsələ burasındadır ki, “Dünyanın kəsişməsi” layihəsi rəsmi İrəvanın Alma-Ata Bəyannaməsinə istinadı, sərhədlərin delimiyasiyası və demarkasiyası prosesində 1970-ci illərin xəritələrinə istinad üçün mənəvi sığorta rolunu oynamaqdadır. Paşinyan administrasiyası beynəlxalq ictimaiyyəti çaşdırmaq yolu tutur. Əlbəttə, “Dünyanın kəsişməsi” Azərbaycanın 44 günlük müharibədən sonra Naxçıvana yol kontekstində irəli sürdüyü “Zəngəzur dəhlizi” ideyasına alternativdir. Ancaq Ermənistanın təşəbbüsü həm də ölkənin delimitasiya və demarkasiya prosesindəki mövqelərinin nəzərə alınmasının sığortasıdır.
Rəsmi İrəvan suveren Ermənistan məntiqini düşüncələrə yeritməklə, “Dünyanın kəsişməsi” ilə beyinlərdə kök salacaq bu siyasi kazusun iqtisadi səmərəlilik amilini vurğulamaqla, Azərbaycana təzyiqlərin gerçəkləşməsinə nail olmağı planlaşdırır. Yəni, çalışır ki, “Zəngəzur dəhlizi”, başqa sözlə desək, Azərbaycanın digər ərazilərini Naxçıvanla birləşdirən yol, o cümlədən, bütövlükdə Orta dəhliz layihəsi özünün söz sahibliyi müstəvisində gerçəkləşsin. Daha dəqiq desək, Prezident İlham Əliyevin Naxçıvana yol kontekstində irəli sürdüyü “Azərbaycandan – Azərbaycana asan yol” məntiqi və bu məntiqin tərkib hissəsi kimi həmin yolda sərhəd və gömrük nəzarətinin tətbiq edilməməsi tələbi heçə sayılsın.
***
Nəzərə alaq ki, “Dünyanın kəsişməsi” ideyasının heç bir fundamental təqdimatı yoxdur. Belə çıxır ki, İran körfəzindən Qara dənizə, Xəzər dənizi vasitəsilə Şərqdən Qərbə doğru Türkiyə üzərindən daşımaların mərkəzində dayanacaq Ermənistan yalnız “suveren ərazinin sahibi” kimi jandarmeriya funksiyasını yerinə yetirəcək. Belədə aydındır ki, İrəvan layihə üçün heç bir addım atmır, onun sözügedən ideyanın cəlbediciliyi üçün ortaya qoymaq istədiyi hansısa təşəbbüs yoxdur. Hələ bir məqam da var ki, belə demək mümkünsə, erməni jandarmeriyası hər an layihənin səmərəliliyini və təhlükəsizliyini şübhə altına almaq təbiətinə malikdir.
Axı, İrəvan üçün avantürizm aktualdır. Kim təminat verə bilər ki, o, sabah ambisioz planlar reallaşdırmaq istəməyəcək, yaxud xaricdəki havadarlarının əli ilə təhdid törətməyə çalışmayacaq? Azərbaycanın “Zəngəzur dəhlizi” ideyasında isə fundamentallıq var. Ən azı, “Azərbaycandan – Azərbaycana yol”da hansısa gömrük və sərhəd nəzarəti tətbiq edilmirsə, deməli, bu, qlobal yüklərin vaxt itkisinə yol vermədən, tez bir zamanda daşınmasına töhfədir.
***
Belə nəticəyə gəlmək mümkündür ki, 1970-ci illərin xəritələri məsələsinin ortaya atılması, eləcə də “Dünyanın kəsişməsi” layihəsini qabartmaq sülh gündəliyinin Azərbaycan tərəfindən məqbul sayılan prinsiplərinə ziddir. Üstəlik, bu, Ermənistanın müharibə məğlubi kimi üzərinə götürdüyü öhdəliklərlə də uyğun deyil. Öhdəlik isə kifayət qədər aydındır və Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatında əksini tapıb. Bəyanatın doqquzuncu bəndində bildirilib ki, İrəvan Azərbaycanın digər ərazilərini Naxçıvanla birləşdirən yolun açılmasına təminat verməlidir, həmin yolda təhlükəsizlik isə Rusiya Federal Təhlükəsizlik Xidmət tərəfindən qorunmalıdır.
Hazırda Ermənistan hakimiyyəti üçtərəfli bəyanatın bu bəndinə məhəl qoymur və istər “Dünyanın kəsişməsi” ideyası, istər Alma-Ata Bəyannaməsinə, istərsə də delimitasiya və demarkasiya prosesində 1970-ci illərin xəritələrinə istinad həm də bundan qaynaqlanmaqdadır. Halbuki, Naxçıvana asan yol kontekstindəki “Zəngəzur dəhlizi” ideyası Ermənistanın suverenliyini təhlükə altına almır. Bunu Azərbaycan Prezidenti ötən ilin dekabrında da vurğulamışdı. Dövlətimizin başçısı indi də məsələnin üzərinə gəlir.
“…Ermənistan, bildiyiniz kimi, 10 noyabr üçtərəfli Bəyanatının bir müddəasını yerinə yetirmir və faktiki olaraq öz öhdəliyinə laqeyd yanaşır. Ona görə bunu pərdələmək, eyni zamanda, “Zəngəzur dəhlizi” sözünü sildirmək üçün belə bir təklif irəli sürmüşlər. Onu da bildirməliyəm ki, “Zəngəzur dəhlizi” sözü onları çox qıcıqlandırır və mən deyəndə ki, axı dəhliz hər hansı bir ölkənin suverenliyini şübhə altına almır, Şimal–Cənub dəhlizi var, Azərbaycan ərazisindən keçir. Bu, o demək deyil ki, bizim suverenliyimiz burada şübhə altına düşür. Şərq–Qərb dəhlizi var, – amma nədənsə Ermənistanda bu dəhliz sözünə münasibət bir az fərqlidir. Ona görə bu erməni yol kəsişməsi, ya yolayırıcı, ondan sonra bunu “sülh yol kəsişməsi” adlandırmışlar. Amma faktiki olaraq bu, piar aksiyadan başqa bir şey deyil”, – deyən ölkəmizin lideri Azərbaycandan – Azərbaycana, yəni Naxçıvana yolun bütün vergi və gömrük mükəlləfiyyətlərindən azad olmasının vacibliyini vurğulayır.
Prezident İlham Əliyev fikrini əsaslandırarkən, Ermənistanın öz suverelik məsələsindən regional kommunikasiyaların açılmasının qarşısını almaq üçün bəhanə kimi yararlandığını vurğulamaqda haqlıdır. Bu nəticəyə gəlmək mümkündür ki, Ermənistan ya yolun açılmasına razılıq verməli və beləliklə üçtərəfli bəyanatla üzərinə götürdüyü öhdəliyi yerinə yetirməlidir, ya da daha böyük problemlə üzləşməlidir. Nəzərə alaq ki, sərhədlərin delimitasiyası və demarkasiyası cənab İlham Əliyevin haqqında söz açdığı tarixi məqamlar əsas götürülməklə aparılsa, o zaman Naxçıvana yol Azərbaycanın suveren ərazisi qismində təsdiqlənəcək. Yəni, ortada az əvvəl haqqında söz açdığımız Meğri amili var. Deməli, Ermənistan seçim etməlidir.
***
Ancaq İrəvan məsuliyyəti anlamır. Bir halda ki, belə bir durum var, o zaman Azərbaycan müharibə məğlubu kimi Ermənistanı üzərinə götürdüyü öhdəliyi zor gücünə yerinə yetirməyə məcbur etməlidir. Lakin ölkəmiz buna getmir və Naxçıvana yolun İran ərazisindən keçməsi üzərində dayanır. Bu halda İrəvan itirəcək və dövlətimizin başçısının təbirincə desək, dalanda qalacaq.
Amma görünən budur ki, Ermənistanın havadarları dövriyyəyə girirlər və Naxçıvana yolun İrandan keçməsinin yolverilməzliyini vurğulayırlar. Azərbaycan Prezidentinin məsələyə reaksiyası isə həm sərtdir, həm də qətiyyətli: “Amerika Dövlət Departamentinin rəhbərinin müavini də bir anlaşılmaz açıqlama vermişdi ki, ya Ermənistandan keçəcək, ya da ki, biz imkan verməyəcəyik. Yaxşı, biz bunu üç ildir deyirik ki, bu, Ermənistandan keçsin, Ermənistan imkan vermir. İndi də bizi ittiham edirlər ki, biz başqa yol seçirik. Yəni, siz şərait yaradın Ermənistanın ərazisindən keçsin, Mehri ərazisindən keçsin, mən dediyim şərtlərlə, onda digər varianta ehtiyac qalmayacaq. Yoxsa bu da anlaşılan deyil. Bu gün Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında əlaqə yenə də İran ərazisindən həyata keçirilir. Niyə buna etiraz edilmir, məhz Mehri hissəsinə etiraz edilir? Ermənistan–İran ticarəti gündən-günə artır, çiçəklənir. İran Qərbi Zəngəzurda konsulluq açıb. Niyə bu, necə deyərlər, heç bir sual yaratmır? Yəni, belə məntiqsiz və cəfəng açıqlamalar heç kimə şərəf gətirmir və “biz buna imkan verməyəcəyik” deyəndə, – mən artıq bunu demişəm, – Amerika nəyi nəzərdə tutur, necə imkan verməyəcək? Gələcək Zəngəzurda bir sədd qoyacaq, ya Zəngilanda bir qoşun yerləşdirəcək, ya İran ərazisində? Necə imkan verməyəcək? Bu, bizim suveren işimizdir”.
***
Göründüyü kimi, ortada kifayət qədər mürəkkəb durum var və bu durum Cənubi Qafqazda 2024-cü ilin siyasi mənzərəsi baxımından dəyərləndirmələr üçün əsas formalaşdırmaqdadır. Vurğuladıqlarımızı nəzərə alsaq, suallar yaranır: 1. Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi imzalanacaqmı? 2. Hər iki ölkənin sərhədləri müəyyənləşəcəkmi? Və bu sualları diqqətə çatdırarkən, heç şübhəsiz, Ermənistan tərəfindən irəli sürülmüş “Dünyanın kəsişməsi” ideyasının ölü doğulmuş uşaq mahiyyətini vurğulamalıyıq. Yeri gəlmişkən, ölkəmizin lideri müsahibəsində Azərbaycan olmadan İrəvan tərəfindən qaldırılan təşəbbüsün gerçəkləşməsinin mümkünsüzlüyünü tam əminliklə bildirdi.
Digər tərəfdən, əvvəldə də vurğuladıq ki, Prezident İlham Əliyev müsahibəsində sülh müqaviləsinin imzalanması ilə sərhədlərin delimitasiyasının fərqli rakusda götürülə biləcəyini diqqətə çatdırdı. Onun bildirdiyinə görə, müqavilədə delimitasiya və demarkasiya ilə bağlı hər hansı bənd ola bilər. “Ancaq əgər biz delimitasiyanı gözləyib sülh müqaviləsini təxirə salsaq, onda sülh müqaviləsi heç 30 ildən sonra da imzalanmaya bilər. Çünki dəfələrlə biz demişik ki, bizim dost və qonşu Gürcüstanla delimitasiya hələ başa çatmayıb. Sərhədin cəmi 70 faizi müəyyən olunub və təsdiqlənib. Rusiya ilə bizim delimitasiya prosesimiz 20 il davam etdi, 2012-ci ildə ancaq imzalandı və bu günə qədər 13 il keçib, bütün o dirəklər, nişanlar hələ qoyulmayıb, demarkasiya hələ ki, tam aparılmayıb. Ona görə əgər biz bu iki mövzunu qarışdırsaq, onda sülh müqaviləsi uzanacaq, bəlkə də 30, 50 il bundan sonraya. Biz hesab edirik ki, sülh müqaviləsi imzalanmalıdır, nə qədər tez olsa, bir o qədər yaxşıdır. Amma yəni, demək istəmirik ki, bizim şərtlər əsasında. Ancaq hesab edirəm ki, bizim şərtlərimiz ən ədalətli şərtlərdir”.
Əvəz CAHANGİROĞLU
XQ