Napoleon, Paşinyan və II Qaregin

post-img

Nikolun dini dözümsüzlüyü, yoxsa…

Napoleon Bonapart hakimiyyətə gələndə dinin dövlət üzərindəki təzyiqini sıradan çıxarmaq üçün imperator tacını başına özü qoymuşdu. Halbuki, həmin vaxtadək olan ənənəyə görə, nəinki Fransada, Qərbi Avropa dövlətlərində tacqoymanı Roma papası gerçəkləşdirirdi. Əlbəttə, məqsədimiz heç də Napoleonla Ermənistanın baş naziri Nikol Paşinyanı müqayisə etmək deyil. Burada məqsəd Paşinyanın erməni kilsəsini sıxışdırmaq, onun ölkə həyatındakı rolunu azaltmaq niyyətidir. 

Aydındır ki, N.Paşinyan ruspərəst erməni kilsəsini öz hakimiyyətinə qarşı təhlükə hesab edir. O da aydındır ki, Ni­kol ilk fürsətdəcə Ermənistandakı dini quruluşu dəyişməyə qol çırmayacaq. Ancaq hələlik bunu edə bilmir. Daha doğrusu, problemlərdən başı açılmır ki, mövcud istiqamətdə nələrisə gerçək­ləşdirsin.

Nəzərə alaq ki, erməni apostol kil­səsi, o cümlədən, bütün Ermənistanın katolikosu II Qaregin bütün davranışları ilə özünü Nikol Paşinyan hakimiyyətinə alternativ qismində qoymağa çalışmaq­dadır. Bu tendensiya baş nazirin tərəf­darlarını o qədər hiddətləndirir ki, onlar bəzən II Qaregenin, hətta, cinsi orienta­siyası ilə bağlı məsələləri önə çəkirlər, onu sosial şəbəkələrdə təhqir obyektinə çevirirlər. Məsələn, mövcud istiqamət­dəki çox geniş yayılmış fikirlərin birində bildirilir ki, II Qaregin uşaqbazdır. Demə­li, erməni iqtidarının təmsilçilərinə yaxın dairələr, habelə jurnalistlər, katolikosa, necə deyərlər, qurşaqdan aşağı zərbə vurmaqdan çəkinmirlər. Onun və bu şəx­sin timsalında bütövlükdə dinini gözdən salmaq yolunu tuturlar. 

Əlqərəz, Paşinyanın komandası bü­tün Ermənistanın katolikosunu sıradan çıxarmaqda israrlıdır. Onların fikrincə, ölkədə dini sistem köhnəliyin qalığıdır və dəyişməlidir. İlk baxışdan, bu hərəkat dinə qarşı çıxmaq kimi də qiymətlən­dirilə bilər. Hər halda, deyimin ayrı-ay­rı elementlərini görməkdəyik. Onu da nəzərə alaq ki, ABŞ Dövlət Departamenti dünyada dini etiqad azadlığı ilə bağlı hesabat hazırlayaraq, Azərbaycanı bu xüsusda dözümsüz ölkə kimi qələmə verib. Görəsən, multikultural dəyərləri ilə dünyaya nümunə olan Azərbaycanmı dözümsüzdür, yoxsa, ölkənin əsas din xadimini ələ salmaqla məşğul olan Er­mənistan hakimiyyəti? Sonda məsələyə qayıdacağıq...

Əlbəttə, məsələnin dərinliyinə get­mək niyyətində deyilik. Dünyanın Azər­baycana və Ermənistana yanaşmasında­kı ayrı-seçkilik meyillərini bilirik. Deməli, Birləşmiş Ştatların Dövlət Departamenti yaydığı qərəzli hesabatla yenilik etmir. Ancaq N.Paşinyan, sözün əsl mənasın­da, yenilik etmək qərarına gəlib. Belə ki, o, 2023-cü il dekabrın 31-də Ermənista­nın birinci kanalında II Qareginin yeni il təbrikinin yayımlanmasına imkan vermə­yib. O, Milad bayramı münasibətilə bir neçə gün əvvəlki müraciətində isə tam din xadimi kimi davranıb, Müqəddəs ki­tabdan seçmələr səsləndirib. Bir sözlə, göstərmək istəyib ki, ölkədə din xadimi də özüdür, rəhbər də. 

Həm bununla əlaqədar, həm də II Qareginə “İctimai” televiziyada efir veril­məməsi ilə bağlı Ermənistan cəmiyyətin­də çoxsaylı etirazlar var. Onlardan daha çox diqqət çəkəni ölkənin onadək jurna­list təşkilatının yaydıqları birgə açıqlama­dır. Açıqlamada bildirilib ki, hökumətlə erməni apostol kilsəsi arasında yaranan ziddiyyətlər, həmin ziddiyyətlər fonundakı arzuolunmaz siyasi çalarlar ictimai həya­tın sağlamlığına töhfə verə bilməz. Ək­sinə, bu, müxtəlif dairələr arasında for­malaşmış qütbləşməni qidalandırmaqla, cəmiyyətin axarına mənfi təsir göstərir. 

Məlum olduğu kimi, Ermənistanda hər yeni il öncəsi təbriki əvvəlcə ölkənin prezidenti, ardınca isə erməni apostol kilsəsinin rəhbəri edirdi. Bunun konsti­tusiyon əsaslarının olduğu bildirilsə də, “İctimai” televiziya məsələni özünün ya­yım siyasətinin müstəqilliyi ilə əsaslan­dırmaqdadır. Əlbəttə, belə bir əsaslan­dırma jurnalist təşkilatlarının təmsilçiləri üçün keçərli sayılmır: “Biz aşağıda imza­sı olan jurnalist təşkilatları hesab edirik ki, az qala, dövlət protokoluna çevrilmiş ənənələr yalnız ictimai rəyin öyrənilməsi və mümkün nəticələrin təhlili nəticəsində dəyişməlidir”.

Ermənistanın aparıcı jurnalist birlik­lərinin açıqlamasından gəlinən qənaət həm də budur ki, katolikosun mesajının “Şoqakat” telekanalında və İctimai Yayım Şurasının nəzdindəki “İctimai” radioda yayımlanması yaranmış problemi həll etmir, növbəti müzakirələrə səbəb olur və mövcud xüsusda ağlabatan qərarlar çıxarılmalıdır. Lakin qərar yoxdur və or­tada yalnız Paşinyanın siyasi mənada gərginləşdirdiyi durum var. Elə jurnalist təşkilatlarının təmsilçiləri də bunu vurğu­layır və bildirirlər ki, II Qareginə ənənəvi efir vaxtının verilməməsi hakimiyyətin reytinqinə mənfi təsir göstərməkdədir. Çünki “İctimai” televiziyanın müstəqillik illərində formalaşmış ənənəni pozmaq hüququ yoxdur. 

Bəli, N.Paşinyan cəmiyyət üçün son dərəcə həssas olan ənənələrə münasi­bətdə ehtiyatlı olmaq niyyətindən uzaqdır və administrativ metodlarla kilsənin nü­fuzunu zədələmək yolu tutmaqdadır. Bu isə istər-istəməz, ölkədəki dini durumu gərginləşdirməkdir. Ona görə sonda bir daha ABŞ Dövlət Departamentinin mə­lum hesabatına qayıdaq. O hesabata ki, orada Azərbaycan dini dözümsüzlük mə­kanı kimi göstərilirdi. Guya ki, ölkəmizdə dinə qarşı təqiblər baş alıb getməkdədir. Yaxşı olar ki, Vaşinqtonun təmsilçiləri hazırda Ermənistanda baş verən pro­seslərə nəzər salsınlar, düşünüb və qə­rara gəlsinlər ki, açıq formada ölkənin ən yüksək ranqlı din xadiminə həqarətin adı nədir? Əlbəttə, din xadimi statusundan uzaq, daim müharibə çağırışları səslən­dirən, türklərə nifrət aşılayan II Qaregin hörmətə layiq deyil. Ancaq hər bir halda fakt ortadadır. 

Ə.CAHANGİROĞLU
XQ

Siyasət