Vaşinqtonun “dini azadlıq” təhdidi nəyə xidmət edir?

post-img

ABŞ yenə də reallıqdan uzaq he­sabat hazırlayıb. Bu dəfə Vaşinqton Azərbaycanda hökm sürən dini azad­lıq və tolerantlıq faktlarını “nəzərə almayaraq” cəfəngiyyat uydurub. Əl­bəttə, sənədin erməni mənşəli ameri­kalının "zəhmətinin" məhsulu olma­sı bir başqa söhbətin mövzusudur və məsələyə qayıdacağıq. Reallıq isə budur ki, ABŞ göydən götürül­mə “faktlardan” yararlanan erməni müəllifi hesabatın hazırlanmasına yaxın buraxmaqla necə bir “tərəfsiz” olduğunu göstərdi. Bu fakt ölkə üçün həqiqətlərin deyil, siyasi maraq və mənafelərin böyük əhəmiyyət daşıdı­ğını bir daha sübuta yetirdi. 

Bəli, özünü dünyada hegemon qüvvə sayan ABŞ dini azadlıqların təşviqində də aparıcı rola iddia edir. Sual olunur: dini azadlıq məsələsi amerikalıları niyə belə yaxından maraqlandırır? Çünki Va­şinqton mövcud istiqamətdə təsir və ya təzyiq rıçağı əldə etmək istəyir. Amerikalı məmurların sırımağa çalışdıqları iddiaya görə, guya, dini etiqad azadlığı artarsa, terror təhlükəsi azalar və bu, iqtisadi artı­ma səbəb olar. Axı, belə gəlişi gözəl fikir­lərlə kimə gəlirlər? 

Təsadüfi deyil ki, hələ 2019-cu ilin iyul ayında ABŞ Dövlət Departamentinin o zamankı katibi Mayk Pompeo ölkələ­rin din və ya əqidə azadlığına hörmət və dünyada azlıqların dini qruplarının üzvlərinin müdafiəsini təşviq etmək üçün Beynəlxalq Dini Azadlıq Alyansının ya­radıldığını elan etmişdi. Bu məqsədlərə çatmaq üçün vasitə kimi dini azadlıqların sıxışdırıldığı ölkələrə qarşı kollektiv sank­siyaların tətbiqi əsas götürülmüşdü. 

Qeyd edək ki, alyansın yaradılma­sı tarixdə ilk dəfə bir beynəlxalq koali­siyanın bütün dünyada din və azadlıq məsələsini inkişaf etdirmək üçün milli rəhbərlik səviyyəsində bir araya gəlmə­sini nəzərdə tuturdu. O zaman da siyasi analitiklər yaranmış vəziyyəti ABŞ və di­gər Qərb ölkələrinin xarici siyasət sahə­sində yeni təsir vasitəsi qismində dəyər­ləndirmişdilər. 

Əlqərəz, indi ABŞ Dövlət Departa­mentinə Antoni Blinken rəhbərlik edir. Görünür, bu şəxs sələfinin işinin dava­mında israrlıdır. İsrarlıdır və rəhbərlik etdiyi qurum dünya ölkələrində dini azad­lıqların vəziyyəti ilə bağlı illik hesabatının Azərbaycana aid hissəsində əsassız, reallıqla heç bir əlaqəsi olmayan qərəzli iddialara yer verir. 

Hər kəsə məlumdur ki, ümumbəşə­ri dəyərləri qorumaq bəhanəsi ilə ABŞ azadlıq və demokratiya ilə bağlı ideya­ları təbliğ edir. Vaşinqton xarici siyasət­də dini mövzulardan istifadə etməklə, ölkələrin daxili işlərinə qarışır. Əlbəttə, buna müəssər olması qeyri-mümkündür. Nəzərə alaq ki, Azərbaycanda dini tole­rantlıq hökm sürür və Bakıya qarşı belə iddiaların irəli sürülməsi, sadəcə, siyasi riyakarlıqdır. 

Bu gün Azərbaycanda dini etiqad azadlığı ilə bağlı heç bir problem yoxdur. Əksinə, dini icmalara hərtərəfli dəstək göstərilir. Yəni, ABŞ-ın bir sıra ölkələr kimi, Azərbaycanın da adını dini etiqad azadlığına dair “izləmə siyahısı”na sal­masının reallıqla heç bir əlaqəsi yoxdur. Alban-Udi dini icmasının sədri Robert Mobili Trend-ə açıqlamasında bildirib ki, Azərbaycan adı hər zaman onun dinin­dən olan şəxsləri birləşdirən dəyərdir: “Dünya ölkələri də görürlər ki, Azərbay­canda nə dini, nə milli ayrı-seçkilik var. Bizdə xristian abidələri olsun, digərləri ol­sun, fərqi yoxdur, hamısı qorunur, bərpa olunur”.

Yeri gəlmişkən, onu da bildirək ki, ABŞ Dövlət Departamentinin hesabatı din azadlığı ilə heç bir əlaqəsi olmayan əsassız tezislərlə doludur. Məsələn, Qu­bad İbadoğlunun “qondarma” ittihamlarla həbsi, 202 “siyasi” məhbus, Azərbayca­nın Qarabağ ərazisi ilə bağlı münaqişədə Ermənistana qarşı “hərbi cinayətlər törət­məkdə” davam etdiyi iddiası və s. 

Taftalogiya elementləri ilə dolu he­sabat ilə tanış olan zaman adamda elə təəssürat yaranır ki, sənədi Dövlət De­partamenti yox, hansısa erməni millət­çisi hazırlayıb. Məsələ ondadır ki, onu Daniella Aşbaxyanın rəhbərlik etdiyi dövlət komissiyasının ictimai xidməti ortaya çıxarıb. Bəlkə də hesabatı tərtib edənlərin rəhbərinin etnik mənsubiyyə­tini qabartmaq siyasi cəhətdən korrekt deyil. Amma tarixi faktlar göstərir ki, er­məni hər yerdə erməniliyini, yəni qaraya ağ demək xəstəliyini, türk düşmənçiliyi həvəsini nümayiş etdirib. D.Aşbaxyan da mövcud anlamda istisna deyil. Bu erməni qadın ABŞ-da ən böyük erməni lobbi təş­kilatı olan Amerika Erməni Assambleya­sının, həmçinin Livanın Los-Ancelesdəki konsulluğunun direktorlarından biri olub. 

Yəni, əslində, xarici dövlətdə işlədik­dən sonra D.Aşbaxyan ABŞ hökumə­tində xidmətə gedib və xarici siyasəti müəyyən edən materiallar tərtib edib. Bu, Amerikanın xarici təsir qanunlarına (foreign influence laws) görə qeyri-qanu­nidir. Belə çıxır ki, dövlət katibinin müa­vini Ceyms O`Brayen ABŞ Senatında açıq şəkildə Ermənistanın xeyrinə dövlət maraqlarını tapdalayandan sonra indi erməni lobbisi açıq şəkildə ABŞ-ın xari­ci siyasətini müəyyənləşdirir. Həqiqətən, dəhşətli durumdur. 

Məsələnin maraqlı tərəflərindən biri budur ki, hesabatda Azərbaycana qarşı belə kəskin mövqe 2023-cü ildə Qara­bağda lokal xarakterli antiterror tədbirləri nəticəsində yaranmış vəziyyətə əsasla­nır. Bu zaman həmin ərazilərin 30 il işğal altında saxlanması və yüz minlərlə azər­baycanlının öz doğma torpağından qo­vulması, 60-dan artıq məscidin, dini-mə­dəni obyektlərin darmadağın edilməsi nəzərə alınmır. 

ABŞ Ermənistanın Azərbaycan xalqı­nın mədəni irsini, məscidlərini, qəbiris­tanlıqlarını dağıtmasını, təhqir etməsini “unutmaqla” bir daha siyasi riyakarlığa yol verir. Vaşinqton belə mənasız he­sabat hazırlamaqla, növbəti dəfə öz qərəzini, ədalətsizliyini nümayiş etdirir. Əlbəttə, belə cızmaqaralar və dar maraq­lara xidmət edən hesabatlar Azərbaycan hakimiyyəti və xalqı tərəfindən ciddi qar­şılanmır. Okeanın o tayındakılar yadda saxlamalıdırlar ki, Azərbaycan dövləti bundan sonra da öz milli maraqlarına uy­ğun siyasət yürüdəcək və ölkədə hökm sürən dini tolerantlıq mühitini daha da möhkəmləndirəcək.

Səbuhi MƏMMƏDOV
XQ

Siyasət