Azərbaycan – regionun şəriksiz lideri

post-img

Bu qənaətə gələn rusiyalı politoloqun keçən ilin yekunları ilə bağlı dedikləri maraq doğurur

Dünyanın siyasi coğrafiyasında özünəməxsus müstəqil dövlət nümunəsini ortaya qoymuş Azərbaycan təkcə liderinə çevrildiyi Cənubi Qafqazda deyil, eyni zamanda, beynəlxalq arenada söz sahibidir. İsitisnasız surətdə milli maraqlarından çıxış edən, heç kəsdən asılı olmayan ölkə statusunu sübuta yetirmiş Azərbaycan, eyni zamanda, daxili sabitliyə malik, bloklara qoşulmayan güclü ölkə modelidir. Bəli, məhz dövlətin və xalqın maraqları naminə balanslaşdırılımış uğurlu xarici siyasət yeridən Azərbaycan hakimiyyəti Rusiya ilə Qərbin qarşıdurmasında iştirakdan da kənardadır. Bu həqiqəti dünyanın nüfuzlu beyin mərkəzləri ilə yanaşı, tanınmış siyasətçilər, politoloqlar da etiraf edirlər. 

Reallığı olduğu kimi qəbul edən, son üç ildə bölgədə cərəyan edən ha­disələri haqq və ədalət prizmasından dəyərləndirən siyasi ekspertlərdən biri də Rusiya Beynəlxalq Məsələlər Şura­sının eksperti, “Kommersant” nəşrlər evinin icmalçısı, politoloq Aleksey Nau­movdur. Tanınmış siyasi ekspert “Cali­ber.az” saytına müsahibəsində Cənubi Qafqazda vəziyyətin normallaşmasının alternavinin olmadığı, İrəvanın Bakı ilə sülh sazişini imzalamaqdan başqa yo­lunun qalmadığı, Rusiya və Ermənis­tan arasında gərginləşmənin səbəbləri, eləcə də Rusiya – Azərbaycan əmək­daşlığının yeni inkişaf mərhələsinə qə­dəm qoyması kimi mövzulara toxunub. A.Naumovun müsahibəsinin qısa icma­lını oxuculara təqdim edirik.

İrəvan “iki stulda oturmaq”da hələ də davam edir 

Arxada qoyduğumuz 2023-cü ildə Er­mənistan və Rusiya arasında diplomatik münasibətlərin son otuz ildə görünmə­miş səviyyədə gərginləşdiyini söyləyən ekspert İrəvanın bununla heç nəyə nail ola bilmədiyinə diqqəti yönəldib:

– Ermənistan rəhbərliyi bu vaxta qədər heç vaxt Rusiya ilə münasibətlə­ri tamamilə kəsmək kimi məqsədyönlü siyasət yeritməyib. Çox güman ki, İrə­van lokal demarşları ilə iki məqsədə nail olmağa çalışır: Rusiyaya özünün narazılığını nümayiş etdirmək və Qərblə əməkdaşlıqdan fayda götürmək. Məhz buna görə aydın məsələdir ki, Ermənis­tan Rusiya ilə əlaqələrinə heç də tam və qəti şəkildə son qoymağa can atmır. Bunu da başa düşmək olar. Çünki İrəvan bunu özünə rəva görə bilməz və fəaliy­yətini müvafiq olaraq, Moskvanın ünva­nına lokal diplomatik demarşlarla məh­dudlaşdırmağa, eyni vaxtda “iki stulda oturmağa” çalışır. Prinsip etibarı ilə Nikol Paşinyanın MDB liderlərinin Sankt-Pe­terburqda Yeni ilqabağı toplantısında iş­tirak erməsi dediklərimizi əyani formada təsdiqləmiş oldu.

Rusiya və Ermənistan arasında hər­bi-texniki sahədə əməkdaşlığa dair yeni razılaşmaların müzakirəsinin getdiyi barədə sualı cavablandıran rusiyalı siya­si şərhçi 2024-cü ildə Moskvanın İrəvana yeni silahları göndərə biləcəyini istisna etməyib:

– Mənə belə gəlir ki, belə bir ssenari­nin reallaşması mümkündür. Yəni, Rusi­ya hərbi texnikasını kommersiya əsasın­da Ermənistana göndərə bilər. İntəhası, istənilən halda, bu, bölgədə qüvvələr balansını dəyişməyəcək. Üstəlik, ermə­nilərin revanşizm xəyalları da tam iflasa uğrayıb və bundan sonra onun “dirilmə­si” üçün heç bir şansı qalmayıb. İrəvanın buna nə gücü, nə də imkanları var.

Regionun tək və şəriksiz lideri Azərbaycandır 

Bütövlükdə, Rusiyanın öz qapılarını Ermənistanın üzünə bağlamadığını, həm İrəvan, həm də Bakı ilə bu və ya digər formada münasibətləri qoruyub saxla­maqda maraqlı olduğunu qeyd edən A.Naumov, həmçinin son üç ildə bu müstə­vidə bəzi korrektələrin baş verdiyini də nəzərə çatdırır:

– Amma mən bu barədə dəfələrlə demişəm: əgər 2020-ci il İkinci Qarabağ müharibəsinə qədər Ermənistan Rusiya­nın daha vacib və geniş imtiyazlara malik müttəfiqi hesab onunurdusa, indi hər şey dəyişib. Hazırda məhz Azərbaycan Ru­siyanın olduqca vacib, daha proqnozlaş­dırılan və faydalı tərəfdaşıdır. Bu tərəf­daşlığa iqtisadi-ticari sahədə ikitərəfli qarşılıqlı əməkdaşlıq da dəlalət edir. Fəqət Ermənistan barədə bunu deyə bilmərik. Elə götürək İrəvanın Hindistan və Fransadan silah tədarük etməsini. Bu addımlar Ermənistandan ötrü, bir növ, ağrıkəsici dərman kimidir. İrəvan iqtidarı bununla hamıya göstərməyə çalışır ki, baxın, biz ordumuzu gücləndiririk, kənar­dan silah-sursat alırıq. Amma bu zaman biz yaxşı anlayırıq ki, nə fransız, nə hind, nə də hər hansı ölkənin silahları Cənubi Qafqazda qüvvələr nisbətini dəyişə bilər. Bunu artıq bir dəfə demişəm: bu regio­nun lideri Ermənistan deyil, məhz Azər­baycandır. Həm də təkcə hərbi planda yox, o cümlədən texniki, diplomatik, di­gər sahələrdə də Azərbaycan şəriksiz liderdir. Yəni, kənardan silah almaq Pa­şinyan hakimiyyətinin status simvoludur ki, bununla, o, beynəlxalq siyasətdə han­sısa oyunçu qismində qaldığını göstər­məyə çalışır. 

Müsahibəsində daha sonra Bakı və İrəvan arasında sülh sazişinin imzalan­ması perspektivinə toxunan A.Naumov istənilən halda bu perspektivin qaçılmaz olduğuna inandığını dilə gətirib:

– Nikol Paşinyan indi vaxtı uzadır. Ona görə ki, bu sənədin olmaması, guya, ona hətta hərbi-siyasi platformalarda bü­tün şəraiti tam uduzmasına baxmayaraq, ermənilərin hansısa mövqelərini, maraq­larını qoruyub saxladığını nümayiş etdir­məyə imkan verir. Düşünürəm ki, yaxın vaxtlarda iki ölkə arasında sülh müqa­viləsinin imzalanmasının şahidi olaca­ğıq. Ermənistan tarixin gedişatına qarşı oynaya bilməz. 

2023-cü il Ermənistanın əsl simasının ifşası ilə yadda qaldı 

Tanınmış siyasi ekspert 2024-cü ildə Cənubi Qafqazda baş verəcək proses­lərlə bağlı qənaətlərini bölüşərkən, böl­gə üçün alternativsiz variantın vəziyyə­tin normallaşması olduğunu deyir: 

– Bu bölgə kifayət qədər uzun müd­dət ziddiyyətlər burulğanında, Ermə­nistan tərəfindən Azərbaycan torpaq­larının işğalı on illərlə havadan asılı vəziyyətdə qalmışdı. Amma 2020-ci ildən sonra sular durulmağa başladı. Fəqət indiki Cənubi Qafqaza Rusiya və Qərbin qarşıdurması prizmasından baxanda aydın olur ki, Azərbaycanın öz ərazilərini qaytarması ilə bölgə sabitik adasına dönüb. 

Bir vacib məqamı da qeyd edim ki, bölgəyə birbaşa aidiyyatı olan oyunçula­rın hamısı sülhün və sabitliyin bərpasın­da maraqlıdır. Azərbaycan, Gürcüstan, Türkiyə, İran və Rusiya öz aralarında iqtisadi əməkdaşlığı və transmilli nəq­liyyat qovşağında qarşılıqlı əlaqələrdə maraqlı olduqlarını nümayiş etdirirlər. Bəli, Cənubi Qafqazın gələcəyini sabit və tərəqqiyə yönəlik təsəvvür edirəm. 

Ötən ilə nəzər yetirəndə onu Rusi­ya–Azərbaycan və Rusiya–Ermənis­tan münasibətləri üçün bütün suallara cavab nöqtələrinin qoyulduğu il kimi xarakterizə etmək olar. Kimin hansı dəyərə malik olduğu məhz 2023-cü ildə tam aydınlaşdı. İl göstərdi ki, ermənilə­rin çoxəsrlik dostluq barədə dedikləri ədalətsiz Qarabağ münaqişəsində Rusi­yanı özünün yerinə döyüşməyə məcbur etmək cəhdindən qeyri bir şey deyilmiş. Həmçinin o da aydın oldu ki, Rusiya və Azərbaycan arasındakı münasibətlər sadəcə hansısa ümumtarixi yaddaşa əsaslanmır. Bu münasibətlər həm iqtisa­di, həm də siyasi məzmunla yüklənmiş ikitərəfli əməkdaşlığa söykənir. 

A.Naumov ötən il iki ölkə arasında ekspert əməkdaşlığının genişlənməsini və möhkəmlənməsini xüsusi olaraq vur­ğulayır:

– Rusiya–Azərbaycan Ekspert Şura­sının iclaslarının şahidi olduq. Hökumət­lərin perspektivə hesablanmış layihələri kifayət qədərdir. Misal üçün, Şimal–Cə­nub dəhlizinin beynəlxalq ticarətdə çox vacib şəbəkəyə çevrilməklə yanaşı, həmçinin Rusiya və Azərbaycanı bir-birinə daha sıx birləşdirəcəyinə qətiyyən şübhə etmirəm. Ümumiyyətlə, arxada buraxdığımız ilin, ilk növbədə, Azərbay­canın ərazi bütövlüyünün tam bərpası, eyni zamanda, Nikol Paşinyanın baş­çılıq etdiyi Ermənistanın əsl simasının bütün çılpaqlığı ilə üzə çıxması və ifşası ilə yaddaşlarda qalacağı birmənalıdır. İnanıram ki, xalqlarımız və dövlətlərimiz arasındakı dostluq münasibətləri 2024-cü ildə və sonrakı illərdə məqsədyönlü şəkildə daha da möhkəmlənəcək və in­kişaf edəcək. 

İ.HƏSƏNQALA
XQ



Siyasət