“Emmanuel Makron bankaya düşmüş milçəyə bənzəyir”

post-img

Ekspertlər Fransanın tənəzzülünün 2024-cü ildə daha da dərinləşəcəyini proqnozlaşdırırlar

Fransa prezidenti seçildiyi 2017-ci ildən etibarən Azərbaycana qarşı əsassız hücumları həyatının, necə deyərlər, qayəsinə çevirən Emmanuel Makron ölkəsində yenidən tənqid hədəfinə tuş gəlib. Bu dəfə o, Fransada alkoqoldan imtinanı nəzərdə tutan və şərti olaraq, “Quru Yanvar” adı verilən kampaniyaya töhfə verməməkdə, onu pozmaqda və şərab lobbisinə himayədarlıq etməkdə suçlanır.

Qeyd edək ki, “Quru Yanvar” al­koqoldan imtinanı nəzərdə tutan ictimai kampaniyadır. İlk dəfə 2014-cü ildə Bö­yük Britaniyada elan olunan kampaniya yanvar ayının 1-dən başlanır və 31-dək davam edir. Kampaniya sağlam həyat tərzinin təbliğini nəzərdə tutur. Onun İs­veçrə, Almaniya, Norveç, İslandiya, Ni­derland, ABŞ və Fransada rəsmi tərəf­daşları var. Kampaniya bir ay davam etsə də, əslində, alkoqoldan tam, bu mümkün olmadıqda isə qismən imtinanı vərdiş halına gətirməyi hədəfləyir. “Quru Yanvar” kampaniyası Fransada 2020-ci ildən etibarən hər il keçirilir.

Alkoqoldan asılılıqla mübarizə sahə­sində ixtisaslaşmış 50 fransız mütəxəs­sis bu həftə açıq məktub yazaraq, Yeni il bayramından sonra kampaniyaya dövlət dəstəyinin olmamasından şikayətlənib­lər. Xüsusilə, Prezident Makron “Quru Yanvar”a öz töhfəsini verməməkdə və şərab lobbisinə güzəştə getməkdə itti­ham olunub. “Bu, hökumətin alkoqoliz­mə qarşı ardıcıl və qətiyyətli mübarizə aparacağına olan inamımızı ciddi şə­kildə sarsıdır”, – deyə fransız həkimlər bildirirlər.

Sağlamlıq keşikçiləri “Le Monde” qəzetinə ünvanladıqları məktubda bil­diriblər ki, “Quru Yanvar” Böyük Britani­yada ilk dəfə təqdim olunduqdan sonra populyar ictimai tədbirə çevrilib. Makron hökumətinin etinasızlığının əksinə ola­raq, böyük müvəffəqiyyət qazanıb. Bəzi fransız nazirlər isə bir ay tam ayıq ol­maq çağırışından uzaqlaşaraq, açıq kampaniyadan çox mötədilliyi təşviq et­məyi üstün tutduqlarını bildiriblər. Kənd təsərrüfatı naziri Mark Fesneau isə bir qədər də irəli gedərək Fransada spirt istehlakının ümumi azalması (son yarım əsrdə 70 faiz və təkcə keçən il 7-10 faiz azalma) fonunda “Quru Yanvar” kampa­niyasının yersiz və əhəmiyyətsiz oldu­ğunu bildirib: “Fransızlara kimsə tərəfin­dən dərs verilməsinə ehtiyac olduğunu düşünmürəm. İnsanlar nə yeməli, nə içməli olduqlarını, necə səyahət edə­cəklərini eşitməkdən beziblər. Hərənin bir həyat tərzi var. Həmin həyat tərzi hörmət olunmağa layiqdir”.

Sabiq səhiyyə naziri Aurelien Russo dekabrın əvvəlində istefa verməzdən öncə “Quru Yanvar”a qatılıb-qatılmaya­cağı ilə bağlı suala cavab olaraq demiş­di: “Hökumətin insanlara bir ay ərzində həyatlarını necə yaşayacaqlarını söylə­diyini eşidəcəyimə çox böyük şübhə ilə yanaşıram”.

Tənqidçilər üçün bu reaksiyaların hamısı Prezident Makrondan nümunə götürən hökumətin sağlam həyat tərzi­ni təşviq etməkdənsə, şərab lobbisini incitməmək qərarı verdiyinin əlamətidir. Narkoloq Jan-Pyer Kuteron deyib: “Biz çox yaxşı bilirik ki, hazırkı hökumətlə və hamıdan əvvəl indiki prezidentlə alkoqol lobbisi arasında əlaqələr xüsusilə güc­lüdür”.

“Quru Yanvar” tərəfdarları deyirlər ki, Fransa əvvəlkitək Avropanın dördüncü ən böyük alkoqol istehlakçısıdır və spirt hər il 40 mindən çox fransızın ölümünə səbəb olur. Onlar, həmçinin qeyd edir­lər ki, əgər kampaniya Fransa hökumə­tindən maddi və mənəvi dəstək alarsa, onun əhatə dairəsi 2023-cü ildə olduğu kimi, 16 min nəfərlə məhdudlaşmaya­caq, yüz minlərlə insana çatacaq.

Fransa prezidentinin “Quru Yanvar”ı dəstəkləməyə şəxsən mane olduğu id­diası, onun keçmişdə alkoqola ictimai dəstəyi ilə əlaqələndirilir. E.Makron 2022-ci ildə gün ərzində iki dəfə – nahar və şam yeməyində şərab içdiyini de­mişdi. Bundan sonra “Review of French Wines” (“Fransa şərablarının icmalı”) jurnalı tərəfindən “İlin adamı” seçilmişdi. Ötən ilin iyun ayında Makron “Stad de Frans” stadionunda “Stad Tuluzen” req­bi komandasının soyunub-geyinmə ota­ğında bir şüşə “Corona” pivəsini içərkən videoya çəkilmişdi. Həmin video Makro­nun içkini təşviq etdiyinə dair haqlı itti­hamlara əsas vermişdi. “BBC News” qeyd edir ki, şərab sənayesinin hər il xarici satışlardan Fransaya 9 milyard avro (10 milyard ABŞ dolları) gəlir gə­tirdiyi bir şəraitdə, fransız şərabçılarını müdafiə etmək qərarı, əlbəttə, rasional­dır. Lakin tənqidçilər deyirlər ki, ictimai yerlərdə içki içmək dövlət başçısına ya­raşmayan hərəkətdir.

Onu da qeyd edək ki, məlum hadisə Makronun yol vermiş olduğu səhvlər silsiləsinin davamıdır. Fransa dövlət başçısı vaxtaşırı bu cür səhvlərə, necə deyərlər, imza atır. Sonuncu hadisə yeni il münasibətilə xalqa müraciət za­manı yaşanıb. Ölkənin Vətənpərvərlər Partiyasının lideri, Avropa Parlamen­tinin sabiq deputatı Florian Filippo de­yib ki, Makron xalqa müraciəti zamanı görkəmli yerdə Fransa bayrağının təs­virinin yerləşdirilməsi ənənəsindən im­tina edərək qəbuledilməz hərəkət edib. “O necə cəsarət etdi?! Yeni il müraciəti zamanı Makronun arxasında Fransa bayrağı yox idi!” – deyə siyasətçi “X” hesabında yazıb.

Filipponun sözlərinə görə, Fransanın dövlət bayrağı prezidentin çıxışı zamanı onun arxasında dalğalanan çoxlu sayda digər Avropa ölkələrinin bayraqlarından sadəcə biri səviyyəsinə endirilib. Partiya lideri prezidentin bu qərarını Makronun Fransaya nifrət etdiyinin daha bir sübu­tu hesab edib.

Bütövlükdə, E.Makronun 2023-cü ildə Fransa prezidenti kimi fəaliyyəti ekspertlər tərəfindən tənqid edilib. Onlar Makronun bu rolda uğur qazana bilmə­diyini deyirlər. Böyük Britaniyanın “Daily Express” nəşri bildirib ki, Makron pen­siya islahatı və xaricdəki münaqişələrin həllində uğursuzluğa düçar olduğu üçün tənqid olunub. Fransa Prezidenti 2022-ci ildə xalqa Yeni il müraciətində 2023-cü ilin “Birlik, cəsarət, kollektiv ambisiya və xeyirxahlıq ili” olacağını vəd etmişdi. Ancaq 2023-cü ildə etimadsızlığı çətin­liklə dəf edib, yayda isə ölkədə iğtişaşlar başlayıb. Bundan əlavə, Ukraynadakı müharibə, həmçinin İsrail və HƏMAS arasındakı münaqişə ilə bağlı da xaric­dən Makrona təzyiq göstərilir. Paris Uni­versitetinin müəllimi Bencamin Morel “Public Senate” nəşrinə verdiyi müsahi­bədə deyib: “Emmanuel Makron banka­ya düşmüş milçəyə bənzəyir. Tamamilə boğulmamaq üçün fırlanmağa və qanad çalmağa məhkumdur. Amma, əslində, bu onun üçün mümkün deyil, çünki onu düşdüyü vəziyyətdən çıxarmağa heç bir qüvvə hazır deyil”.

Fransız politoloq Bruno Kautres isə deyib ki, 2023-cü ildə əsas suala ay­dın və başadüşülən cavablar verilmədi: “Emmanuel Makronun ikinci prezidentlik müddəti hara gedir? İstiqamət yoxdur. Onun prioritetlərinin və məqsədlərinin nə olduğunu hələ də bilmirik”.

Bu arada Fransanın istehsal sekto­runun aşağıya doğru istiqamət götürdü­yü məlum olub. Qiymətləndirmə səna­yenin kiçilməyə davam etdiyini göstərən son məlumatlardan sonraya təsadüf edir. Fransanın istehsal sənayesinin satınal­ma indeksi ilin sonunda 42,1-ə düşüb. Əllidən aşağı göstərici fəaliyyətin azal­dığını göstərir və bu, 2020-ci ilin may ayından bəri ən aşağı həddir. Sektorun perspektivləri tezliklə yaxşılaşmayacaq və iqtisadçılar vəziyyətin yaxın aylarda dəyişməyəcəyini proqnozlaşdırırlar.

Göründüyü kimi, Makron Fransa­sı tənəzzül içindədir. Dövlətin birinci şəxsinin, Fransa silahlı qüvvələrinin ali baş komandanı və Andorranın da knyazı olan bir şəxsin mənəvi-əxlaqi keyfiyyətlərinin yumşaq desək, yerində olmaması tənəzzülün 2024-cü il ərzin­də dərinləşəcəyini deməyə əsas verir. Ancaq o, bundan nəticə çıxarmaq əvə­zinə, yaxın-uzaq ölkələrinin daxili işlə­rinə qarışmağa uğursuz cəhdlər edir. O cümlədən Azərbaycan–Ermənistan münasibətlərində özünü cığal arbitr kimi aparmağa çalışır. Məhz onun təqsiri uc­batından Azərbaycan–Fransa əlaqələri ən soyuq dövrünü yaşayır. Makronun başqa ölkələrlə bağlı məsələlərə qarış­maqdansa, daxildəki problemlərin həlli ilə məşğul olmasında fayda vardır.

İlyas HÜSEYNOV,
politoloq

– Fransa lideri Makron ölkəsini rüs­vay etməkdə davam edir. Onun haki­miyyəti illərində Fransanın maraqları köklü şəkildə zədələnib. Bu gün Fran­sanı arzuolunmaz dövlət kimi qəbul edirlər. Xüsusilə Afrika qitəsində 2023-cü ildə baş verən hadisələr, fransız diplomatlarının, hərbçilərinin qovulması Fransa liderinə dərs olmayıb. Makronun buraxdığı səhvlər artıq məişət səviyyə­sinədək enib. “Quru Yanvar”la bağlı baş verənlər də göstərir ki, Fransa lideri mənəvi keyfiyyətlər baxımından da çox kasaddır. “BBC News”un yazısı, əlbət­tə, Fransa lideri əleyhinə əsaslı tənqid olmaqla yanaşı, həm də rəsmi Parisə verilən qiymətdir. Amma həmin qiymət birbaşa Fransa liderinə yazılır.

Fransanın mənfi imicdə göstəril­məsinin, reytinqinin aşağı düşməsinin baiskarı da məhz Makrondur. Biz bir sıra tədbirlərdə, rəsmi mərasimlərdə də Makronun əyyaşlıq etdiyini görmüşük. Yazıda olan məqamlar da onun hansı düşüncəyə və insani duyğulara ma­lik olduğunu bir daha nümayiş etdirir. Ona görə də biz, əslində, ermənipərəst Fransa hakimiyyətini görəndə, həm də, Makronun şəxsi imici və siyasi persona­sı ilə bağlı məlumatları analiz etməliyik. Bilməliyik ki, içki düşkünü olan Fransa lideri bu gün Azərbaycana, Türkiyəyə, İslam dünyasına qarşı düşmənçilik edir. Biz çox yaxşı anlayırıq ki, onun bu düş­mənçilik mövqeyinin arxasında, həm də, hansısa siyasi qrupların maraqları­nı təmin etmək niyyyəti və əlbəttə, qey­ri-insani yanaşmalar dayanır.

Səxavət HƏMİD
XQ



Siyasət