İsveçrə Teleradiosu: “Cənubi Qafqazda tezliklə sülh olacaqmı?”

post-img

İsveçrə Teleradiosunun (SRF) əsas xəbər buraxılışında Azərbaycan və Ermənistan arasında aparılan sülh danışıqları və yaxın gələcəkdə regionda əmin-amanlığın tam bərqərar edilməsi imkanlarına dair geniş reportaj yayımlanıb.

“Cənubi Qafqazda tezliklə sülh ola­caqmı?” sərlövhəli reportajda 30 il davam etmiş münaqişədən sonra 2024-cü ildə Cənubi Qafqazda sülhün və əmin-aman­lığın bərpa olunmasına ümidlə baxıldığı vurğulanıb. 

Bildirilib ki, ötən ilin sentyabrında Azərbaycanın Qarabağda suverenliyini tam bərpa etməsindən sonra Azərbaycan və Ermənistan arasında aparılan danışıq­larda aşkar şəkildə yaxınlaşma müşahidə olunur. 

Reportajın əvvəlində böyük tikinti meydançasını xatırladan Füzuli şəhə­rindən bəhs olunub. Qeyd edilib ki, işğal dövründə xarabalığa çevrilmiş Füzulidə bu gün həyat yenidən qaynamaqdadır. Birinci Qarabağ müharibəsi zamanı Fü­zulini işğal edən və bütün azərbaycanlı­ları dədə-baba torpaqlarından qovan Er­mənistan üç il əvvəl baş vermiş və böyük itkilər verdiyi müharibə nəticəsində bu ərazilərdən geri çəkilməli oldu.

Reportajda azad olunan ərazilərdə quruculuq işlərini çətinləşdirən amillər arasında mina problemi xüsusi qeyd edilib. Bildirilib ki, mina problemi bərpa və quruculuq işlərini çətinləşdirsə də, indiyədək Füzulinin 30 faizi minalardan təmizlənib və minatəmizləmə əməliyyat­ları fasiləsiz davam etdirilir. Azərbaycan hökuməti qısa müddətdə bu şəhərdə minədək mənzil inşa etdirib və hər ay öz yurdlarına qayıdan azərbaycanlı ailələrə yeni mənzillərin açarları təqdim olunur. Bununla da Azərbaycanın verdiyi mesaj tam aydındır: Ermənistan nə Füzuli, nə də Qarabağın başqa ərazilərinə bir daha iddia edə bilməz. Eyni zamanda, bildirilib ki, Qarabağın erməniəsilli əhalisi Azər­baycan vətəndaşlığını qəbul edərək hə­min ərazilərə qayıdıb yaşaya bilər.

SRF-in reportajında Azərbaycan Respublikası Prezidentinin köməkçi­si - Prezident Administrasiyasının Xa­rici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin bu televiziyaya müsa­hibəsində Azərbaycanın istəyinin bütün Cənubi Qafqazın mənzərəsini dəyişmək olması barədə fikri diqqətə çatdırılıb: “Bu regionun adı gələcəkdə müharibə və münaqişələrlə deyil, şanslar, işgüzar əlaqələr, inkişaf və rifahla bağlı hallanma­lıdır”.

Bundan başqa, reportajda qeyd olu­nub ki, Bakıda Azərbaycan Prezidentinin Administrasiyasında yüksək özünəinam hissi hökm sürür, çünki Xəzər dənizi sa­hilində yerləşən bu metropol bütün regi­onun iqtisadi mühərrikidir. Zəngin neft və qaz ehtiyatlarına malik Azərbaycan Rusi­yaya qarşı tətbiq edilən sanksiyalardan sonra Avropa üçün vazkeçilməz tərəfda­şa çevrilib.

Reportajda Prezident İlham Əliyevin ötən il oktyabrın 15-də Xankəndi şəhə­rində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltmasını əks etdirən kadrla­ra da yer verilib. Həmçinin Azərbaycanın güclü müttəfiqlərinin olduğu vurğulanıb, bu baxımdan ölkəmizi daim hərbi və ge­osiyasi müstəvilərdə dəstəkləyən Türkiyə xüsusi qeyd edilib.

XQ

Siyasət