2023-cü il Naxçıvan Muxtar Respublikasında sosial-iqtisadi inkişafın yeni mərhələyə daxil olduğu, zəruri islahatların gerçəkləşdirildiyi dövr kimi əlamətdar oldu. Vətəndaşların mülkiyyət hüquqlarının pozulması ilə bağlı ortaya çıxan problemlərin həll olunması isə sosial ədalət prinsiplərini bərpa etməklə ümumi məmnunluq yaratdı. Bu mövzuda XQ-nin suallarını Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin hakimi Elnur Hüseynov cavablandırdı:
– Ötən il muxtar respublikada mülkiyyət hüquqlarının pozulması ilə bağlı məhkəməyə nə qədər müraciət olub və onlar necə həll edilib?
– Son 1 ili əhatə edən bu prosesdə vətəndaşların mülkiyyət hüquqlarının pozulması ilə bağlı müraciətlər kifayət qədər çox olub. 2023-cü ilin yanvarından ilin sonunadək Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin icraatına təkcə mülkiyyət hüquqlarının pozulması ilə bağlı əmlak və kompensasiya tələbi üzrə minədək iddia ərizəsi daxil olub. Bunlardan 534 iş üzrə iddia tələbləri cavabdeh inzibati orqanlar tərəfindən məhkəmədənkənar qaydada təmin edildiyindən həmin işlər üzrə icraata xitam verilməsi barədə qərardadlar qəbul edilib. Məhkəmədənkənar işlərdə iddiaçı ilə cavabdeh tərəf – icra hakimiyyəti orqanları arasında mövcud problemin həll olunması təmin edildiyindən həmin işlərə də məhkəmə tərəfindən xitam verilərək qərardad verilib.
Digər əsaslara gəldikdə 122 iş üzrə iddia tələblərinin icrasına xitam verilib. Onlardan 107-si iş üzrə iddia ərizəsi iddiaçı tərəfindən geri götürüldüyünə, 15 işin icraatına isə iddiaçının məhkəmə prosesindən yayındığına görə xitam verilib. Yəni, iş üzrə məhkəmə çağırışlarına etinasız yanaşdığına görə belə qərar qəbul edilib. Belə ki, 17 iş üzrə tələb olunan əmlaka dair mülkiyyət sənədlərinin olmaması əsası ilə mümkün sayılmaması barədə məhkəmə tərəfindən qərardad qəbul edilib. Hazırda isə 327 iş məhkəmənin icraatındadır.
– Deməli, mülkiyyət hüququ pozulmuş və məhkəməyə müraciət etmiş vətəndaşların yarıdan çoxunun problemi cavabdeh tərəfindən həll olunaraq işə xitam verilib?
– Bəli, 1000 iddia ərizəsi üzrə işdən 534-ü haqqında qərardad qəbul edilib. Burada cavabdeh tərəf kimi çıxış edən dövlət qurumları iddiaçının problemini həll edərək onun mülkiyyət hüququnu təmin etdiyinə görə məhkəmə orqanına da heç bir ehtiyac qalmayıb.
Digər tərəfdən bunu da qeyd etməliyəm ki, vətəndaşların mülkiyyət hüquqlarının ədalətli, eyni zamanda, operativ şəkildə bərpa olunmasında Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin nümayəndəliyinin fəaliyyətə başlamasının rolu və mövqeyi danılmazdır. Məhz Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəflinin həyata keçirilən bu tədbirləri diqqət mərkəzində saxlaması mülkiyyət hüquqları pozulmuş vətəndaşların qısa vaxt ərzində hüquqlarının təmin olunmasına imkan vermişdir.
Müsahibəni apardı:
Səbuhi HƏSƏNOV
XQ