Sülh sazişinin mətni üzərində iş birbaşa Bakı ilə İrəvan arasında aparılır

post-img

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Almaniyanın “Berliner Zeitung” qəzetinə müsahibə verib

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Almaniyanın “Berliner Zeitung” qəzetinə müsahibə verib. 

– Cənab Hacıyev, “Reuters” agent­liyinin dekabrın 19-da verdiyi məlu­mata görə, siz demisiniz ki, Ermənis­tanla Azərbaycan arasında münaqişə 35 ildən sonra başa çatıb. Azərbay­can hazırda “sülhün təmin olunması” strategiyasını həyata keçirir. Həm­çinin sülh sazişinin imzalanmasının çətin olmadığı bildirilib. Ermənistanla sülh sazişi real olaraq nə vaxt imzala­na bilər?

– 2020-ci ildə İkinci Qarabağ müha­ribəsi başa çatdıqdan sonra məhz Azər­baycan beynəlxalq hüququn hamılıqla tanınmış normalarına uyğun olaraq su­verenlik və ərazi bütövlüyünə qarşılıqlı hörmət olunması, bir-birinə qarşı ərazi iddialarının olmamasının qarşılıqlı təsdiq edilməsi və diplomatik münasibətlərin qurulmasını ehtiva edən beş əsas prinsi­pi təqdim etməklə Ermənistanla sülh da­nışıqlarının təşəbbüskarı kimi çıxış edib.

Azərbaycan regionda çoxdan gözlə­nilən sülhün əldə olunması üçün Ermə­nistanla müxtəlif məkanlarda xoşniyyətli danışıqlar aparır. Biz həqiqətən də sülh sazişinin imzalanması üçün tarixi şan­sın olduğuna inanırıq və bu fürsəti əldən verməməliyik. Sülh sazişinin mətni ilə bağlı əhəmiyyətli irəliləyiş əldə olunub, ancaq hələ də həllini gözləyən bir neçə məsələ mövcuddur.

Son vaxtlar hər iki ölkə müsbət gün­dəmi ilə dünyanı təəccübləndirməyi ba­carıb. Mən Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermə­nistan Respublikası Baş nazirinin Apara­tının dekabrın 7-də yaydığı mühüm birgə açıqlamaya istinad edirəm. Bunun nəti­cəsində mübadilə sazişi çərçivəsində 34 hərbçi qarşılıqlı şəkildə azad edilib. Bun­dan başqa, Azərbaycan Ermənistanın Şərqi Avropa Qrupundan COP-un Büro üzvlüyünə namizədliyini, Ermənistan isə Azərbaycanın COP29-a ev sahibliyi et­mək üçün namizədliyini dəstəkləyib. Bu, Azərbaycanın və Ermənistanın vasitə­çi olmadan birbaşa ikitərəfli danışıqlar aparmağa qadir olduğunu göstərir.

– Əgər gündəm belə müsbətdirsə, siz real olaraq sülh sazişinin nə vaxt imzalanmasını gözləyirsiniz?

– Sentyabrın 19-20-də keçirilən an­titerror tədbirlərindən və Azərbaycanın suverenliyinin tam bərpasından son­ra Azərbaycanla Ermənistan arasında gərginliyin əsas mənbəyi olan Qarabağ məsələsi gündəmdən tamamilə çıxarılıb. Beləliklə, hazırda biz sülh sazişinin bağ­lanmasına ciddi maneə görmürük. İndi biz iki ölkə arasında son 30 ilin ən sakit günlərini müşahidə edirik. Hər iki ordu öz kazarmalarına qayıtdığı gündən hət­ta atışma da baş vermir. Bu yaxınlarda Azərbaycan Prezidenti ilə Ermənistanın baş naziri arasında Sankt-Peterburqda baş tutan qeyri-rəsmi görüş də müs­bət məcrada keçib. Amma konkret tarix barədə danışmaq bir qədər çətindir, çün­ki prosesi yekunlaşdırmaq üçün Ermə­nistan və Azərbaycan arasında hələ də əlavə danışıqlara ehtiyac var. Düzünü desəm, mən düşünmürəm ki, hər hansı vaxt qrafiki qoyub, məhdud zaman çərçi­vəsində işləmək düzgün olardı.

– Hər iki ölkə sərhədin demarka­siyası və Zəngəzur dəhlizinin yekun həlli olmadan sülh sazişi bağlamağa hazırdırmı?

– Sərhədin delimitasiyası texniki və vaxt aparan uzun prosesdir, sülh sazişi isə çətin deyil və sadəcə olaraq, döv­lətlərarası münasibətlərdə beynəlxalq hüququn norma və prinsiplərinin qarşı­lıqlı şəkildə qəbul olunmasına əsaslanır. Fikrimizcə, sülh sazişi sərhədin delimita­siyasından asılı olmamalıdır.

Sülh sazişi ilə sərhədin delimitasi­yası və demarkasiyası barədə danı­şıqlar paralel getsə də, bunlar iki fərqli formatda aparılır. İndiyədək hər iki ölkə­nin delimitasiya üzrə komissiyaları pro­sesin əsaslarını müzakirə etmək üçün beş dəfə görüş keçirib. Sonuncu görüş bu ilin (2023-cü ilin – Red.) noyabrında Azərbaycan–Ermənistan sərhədində baş tutub. Bu görüş zamanı tərəflər Er­mənistan və Azərbaycan arasında döv­lət sərhədinin demarkasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə komissiya­nın birgə fəaliyyəti haqqında Əsasnamə layihəsinə dair razılaşdırma işinə başla­nılması və komissiyalar arasında görüş­lərin intensivləşdirilməsi barədə razılığa gəliblər. Biz bu razılaşmanı da müsbət əlamət kimi qiymətləndiririk, ən azı ona görə ki, bu, ikitərəfli formatda əldə olu­nub.

– Dekabrın 6-da Prezident Əliyev Azərbaycandan Naxçıvan anklavı­na “asan gediş-gəliş”lə bağlı ça­ğırış edib. Orada “yoxlamalar və müdaxilələr” olmamalıdır. Bu, Azər­baycanın legitim hüququdur. Bu, gömrük və sərhəd nəzarəti olmadan nəqliyyat əlaqəsi deməkdirmi? Bu id­dianın Azərbaycanın legitim hüququ olması barədə müddəası qüvvədə olan beynəlxalq hüququn hansı müd­dəasına istinad edir?

– Azərbaycanın Naxçıvan regionu 30 ildir ki, blokadadadır. 2020-ci il 10 no­yabr tarixli üçtərəfli Bəyanatda Ermənis­tan vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətini təşkil etmək məqsədilə Azər­baycan Respublikasının qərb rayonları ilə onun Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqələrinin təhlükə­sizliyinə zəmanət vermək barədə öhdəlik götürüb. Prezident İlham Əliyev bu öh­dəliyə istinad edib.

Azərbaycan Naxçıvanla lazımi əlaqənin yaradılmasında maraqlıdır, ancaq Ermənistan öhdəlik götürməsinə baxmayaraq, artıq üç ildir ki, bu prosesə mane olur. Ona görə də Azərbaycan ar­tıq İranla onun ərazisindən keçən alter­nativ marşrut barədə razılığa gəlib. Biz Ermənistan tərəfinin öz öhdəliyini yerinə yetirməyə hazır olmasını və kommunika­siya marşrutlarımızı şaxələndirmək üçün hər fürsətdən istifadə etməsini gözləmək niyyətində deyilik.

– Siz Ermənistan, Azərbaycan və Rusiya arasında imzalanmış Bəyana­tın 9-cu maddəsini nəzərdə tutursu­nuz: “Ermənistan Respublikası vətən­daşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azər­baycan Respublikasının qərb rayon­ları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükə­sizliyinə zəmanət verir”. Azərbaycan bu maddəni belə şərh edir ki, Ermə­nistan gömrük və sərhəd nəzarətin­dən imtina edəcək?

– Sualınıza qısa cavab olaraq, bəli deyirəm. Məhz buna görə də sənəd­də sərnişinlərin və yüklərin “maneəsiz” hərəkəti ifadəsi işlənir. Bu, Ermənista­nın imzaladığı öhdəlikdir. Bununla belə, bir məsələyə aydınlıq gətirmək lazımdır ki, biz malların gömrük və sərhəd nə­zarətindən yalnız Azərbaycanın əsas hissəsindən Naxçıvan Muxtar Respubli­kasına daşındığı zaman azad edilməsini gözləyirik. Ancaq mallar Azərbaycandan üçüncü ölkəyə daşındıqda, təbii ki, tətbiq olunan gömrük və sərhəd nəzarəti Ermə­nistan tərəfindən təmin olunacaq.

– İstinad edilən 9-cu maddədə, həmçinin qeyd olunur: “Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Fe­deral Təhlükəsizlik Xidmətinin sərhəd xidmətinin orqanları həyata keçirir”. Bu arada Rusiya-Ermənistan müna­sibətləri xeyli soyuyub. Azərbaycan nöqteyi-nəzərindən, 2020-ci ildəki bənd sizin üçün hələ də aktualdırmı?

– Mən Rusiya-Ermənistan münasi­bətlərini şərh etmək istəmirəm. Vurğula­maq istədiyim odur ki, ortada danılmaz konkret faktlar var. Əvvəla, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşki­latının və Avrasiya İqtisadi Birliyinin üz­vüdür. İkincisi, Ermənistanın sərhədlərini Rusiya Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidmətinin qoşunları qoruyur. Üç­tərəfli Bəyanatda xüsusi olaraq Federal Təhlükəsizlik Xidmətinin qüvvələrinə isti­nad edilir. Amma burada mənim vəzifəm bölgədə sərhəd qoşunlarının müdafiəçisi kimi danışmaq deyil. Bizim narahatçılığı­mız ondan ibarətdir ki, biz Azərbaycan yüklərini və sərnişinlərini Ermənistanın hüquq-mühafizə orqanlarının rəhminə buraxa bilmərik. Bizim narahatlıqlarımı­zın əsası var. Bu il (Ötən il – red.) İrəvan­da Ermənistan baş nazirinin iştirakı ilə keçirilən ağır atletika yarışında Azərbay­can Bayrağı yandırılıb. Dumanlı havada itən Azərbaycan əsgərinin Ermənistanda vəhşicəsinə döyülməsi ilə bağlı internet­də çoxlu kadrlar var.

Ancaq önəmli olan Ermənista­nın həqiqətən də bu layihədə maraqlı olub-olmamasıdır. Xoşniyyətli istək ol­duqdan sonra texniki məsələlər yaradıcı təfəkkür vasitəsilə tapıla bilər. Velosiped icad etməyə ehtiyac yoxdur. Ermənistan­dan keçən marşrut İrəvanın öhdəliyidir və onlar buna əməl etməlidirlər. Başqa sözlə, “Pacta sunt servanda” (Razılaş­malar yerinə yetirilməlidir).

Beynəlxalq təcrübə, humanitar prin­siplər də Ermənistandan Naxçıvanı Azərbaycanın əsas hissəsindən bloka­daya almağı dayandırmağı tələb edir. Hələlik biz Ermənistandan heç bir səy görmürük. Əksinə, Ermənistan “Sülhün kəsişməsi” layihəsinin təşəbbüskarı ol­maqla, üçtərəfli Bəyanatdan irəli gələn öhdəliyindən boyun qaçırmağa və yalan­dan özünü regional blokadanın açılması­nı fəal şəkildə dəstəkləyən tərəf kimi təq­dim etməyə çalışır. Ancaq reallıqda isə regionda kommunikasiyanın açılmasına hələ də mane olan məhz Ermənistandır.

– “Ermənistanın ucqar cənubun­dan keçən nəqliyyat əlaqəsi” dedik­də Ermənistan-İran sərhədi boyunca köhnə sovet marşrutunu, yoxsa daha şimalda yerləşən dəhlizi nəzərdə tu­tursunuz?

– Sovet dövründə və hətta ölkələrimi­zin müstəqilliyinin ilk illərində istismarda olan dəmir yolu ilə keçməli olan ən qısa marşrutu nəzərdə tuturuq, bu marşrutla sonuncu yük qatarı 1992-ci ildə keçib. Ermənistan bu dəmir yolu əlaqəsini bər­pa etməkdə maraqlı olduğunu desə də, onlar paralel magistralın tikintisinə qarşı çıxırlar və bunun əvəzində Azərbaycana uzun, əlverişsiz və hava şəraitindən asılı olan şimal marşrutunu təklif edirlər. Bu, bir daha Ermənistanın nəqliyyat əlaqələ­rini açmaq istəmədiyini nümayiş etdirir.

– Belə bir nəqliyyat dəhlizinin Ermənistanın suverenliyini və Er­mənistan-İran əlaqələrini məhdud­laşdırmasının qarşısını necə almaq fikrindəsiniz?

– Biz Ermənistan ərazisi ilə daşıma­ları nə Ermənistanın suverenliyinə, nə də Ermənistan-İran əlaqələrinə təhlükə kimi görmürük. Çünki Azərbaycandan Naxçıvana - Ermənistanın ucqar cənu­bundan keçən nəqliyyat əlaqəsi Ermə­nistanla İran arasında olan ticarət yoluna təsir etməyəcək. İki marşrut bir-birinə mane olmadan kəsişir. Əgər siyasi iradə mövcuddursa, məqbul üsullar tapmaq həmişə mümkündür. “Dəhliz” termini Ermənistanı qorxutmamalıdır, çünki bu, nəqliyyat marşrutları kontekstində geniş istifadə olunur. Bu nəqliyyat əlaqəsi Er­mənistanı İranla sərhədindən məhrum etməyəcək. Bu marşrut Ermənistanı iki hissəyə də bölməyəcək. Təəssüflər ol­sun ki, bununla bağlı xüsusən də bəzi Qərb mediasında ölkəmə qarşı geniş şər-böhtan kampaniyasının aparıldığını görürük.

– Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistan ərazisində Azər­baycanla Naxçıvan və ya Türkiyə ara­sında bir neçə şərq-qərb əlaqəsinin yaradılması təklifi ilə çıxış edib. Bakı­nın bununla bağlı mövqeyi necədir?

– Azərbaycanın beynəlxalq hüquqla tanınan əraziləri - Qarabağın və Şərqi Zəngəzurun Ermənistan tərəfindən qey­ri-qanuni işğalı səbəbindən Ermənistan regionumuzun əsas enerji və kommuni­kasiya layihələrindən kənarda qalıb. Er­mənistan uzun illər özünü təcrid vəziyyə­tində saxlayıb. Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesi çərçivəsində regional kommu­nikasiyaların açılması üçün müxtəlif la­yihələr də müzakirə oluna bilər. Ermə­nistan ərazisindən Naxçıvana nəqliyyat xəttinin istifadəyə verilməsi Ermənista­nın Orta Dəhliz layihəsinə daxil edilmə­sində mühüm rol oynayacaq. Ancaq Er­mənistan nəhayət ki, nə istədiyini aydın şəkildə bəyan etməlidir.

– Gömrük və sərhəd nəzarəti ol­mayan Zəngəzur dəhlizinə tələbin Orta Dəhlizin reallaşmasını ləngitməsi riski mövcuddurmu? Belə bir siyasət Çindən tutmuş Avropaya qədər ma­raqlı tərəfləri Azərbaycana qarşı qoy­maq riski yarada bilərmi?

– Artıq üç ilə yaxındır ki, Azərbay­can Ermənistanın Naxçıvanla nəqliy­yat əlaqəsini təmin etmək üçün üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsini gözləyir. Azərbaycan asanlaşdırılmış keçidin təmin olunmasını gözləyirdi və biz Kalininqrad kimi modelləri nəzər­dən keçirməyə hazırıq. Biz, həmçinin Dünya Gömrük Təşkilatını öz nou-hau və standartlarını bölüşmək üçün dəvət etmişdik. Lakin Azərbaycan heç vaxt bütün səylərini bir istiqamətdə qurmur, ona görə də biz paralel olaraq alterna­tiv həllər üzərində işləyirik. Biz, həmçinin Bakı-Tbilisi-Qars dəmir yolunun ötürücü­lük qabiliyyətini ildə 5 milyon tona çat­dırmaq istiqamətində işlər görürük. Biz iranlı tərəfdaşlarımızla birlikdə İran əra­zisindən keçməklə Naxçıvana alternativ marşrut yaradırıq. İrəvanın bu halda yeni regional kommunikasiya layihəsindən kənarda qalması yalnız onun öz siyasə­tindən asılı olacaq.

Onu da deyim ki, İran ərazisindən keçən nəqliyyat layihəsinin reallaşması Ermənistandan keçən marşrutun gün­dəmdən çıxarılması demək deyil. Biz bu istiqamətdə Ermənistanla işləməyə hazırıq. Daha çox alternativin olması hə­mişə daha yaxşıdır. Ermənistan vasitə­silə Naxçıvana nəqliyyat əlaqəsi onun suverenliyinə təsir etməyəcək. Bu möv­zu ətrafında yaranmış isteriya tamamilə əsassızdır.

– Dağlıq Qarabağ münaqişəsində, beynəlxalq hüquq çərçivəsində sər­hədlər bərpa edilib, lakin dərin huma­nitar yaralar qalmaqdadır. Avropa Şu­rası Parlament Assambleyası (AŞPA) Azərbaycanı Dağlıq Qarabağın etnik erməni əhalisinin geri qayıtması üçün “etimad mühiti və maddi şərait ya­ratmağa”, o cümlədən Azərbaycanın onları həvəsləndirməsi və onlar üçün imkanlar yaratması istiqamətində fəal addımlar atmağa çağırıb. Azərbaycan hökuməti bu çağırışa cavab olaraq hansı addımlar atmağı planlaşdırır?

– Azərbaycanın Qarabağ bölgəsində Ermənistan silahlı qüvvələrinə qarşı hə­yata keçirdiyi 23 saatlıq antiterror tədbir­lərindən dərhal sonra ölkəmiz Qarabağın erməni sakinlərinin Azərbaycan dövlə­tinə reinteqrasiyası üçün portal yaradıb. Bu barədə Azərbaycan Prezidentinin Ad­ministrasiyasının mətbuata yaydığı mə­lumatda bildirilib və həmçinin bu məsələ regional mediada geniş yer alıb.

Azərbaycan qürur hissi ilə qeyd edir ki, BMT-nin üç missiyası və Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) tərəfindən öz təsdiqini tapdığı kimi ildırımsürətli an­titerror tədbirləri zamanı və ondan son­rakı dövrdə mülki şəxslərə qarşı zorakı­lıq halları qeydə alınmayıb. Azərbaycan hərbi əməliyyatların dinc əhaliyə zərər vurulmadan necə aparılmalı olduğunu bütün dünyaya nümayiş etdirib.

Başqa sözlə desək, dinc əhalinin ol­duğu yerdə qalması üçün hər cür şərait yaradılmışdı. Buna baxmayaraq, erməni sakinlərin əksəriyyəti Qarabağı tərk et­mək qərarına gəldilər. Sadəcə olaraq, onlar Azərbaycan Bayrağı və vətəndaş­lığı altında yaşamaq istəmirlər və bu, onların bölgəni tərk etmək barədə qərar vermələrinə səbəb olub, əsasən azər­baycanlılara qarşı etnik nifrətə görə. Yeri gəlmişkən, iyirmi il əvvəl Ermənistanın sabiq prezidenti Robert Köçəryan sizin istinad etdiyiniz Avropa Şurası Parla­ment Assambleyasındakı bəyanatında “ermənilərlə azərbaycanlılar arasında et­nik uyğunsuzluqdan” danışmışdı. AŞPA rəsmiləri bəyan ediblər ki, “Avropa Şura­sı yarandığı gündən indiyədək heç vaxt “etnik uyğunsuzluq” ifadəsini eşitməyib.

Erməni sakinlərinin əksəriyyəti qorxurdular ki, Azərbaycan Birinci Qa­rabağ müharibəsi zamanı ermənilərin törətdiklərinin qisasını ala bilər, lakin bizim niyyətimiz bu deyildi. Azərbay­can heç vaxt mülki əhalini hədəfə almır. Beləliklə, Azərbaycan Laçın yolu vasitə­silə Ermənistana təhlükəsiz keçid təmin etdi. Erməni sakinlərin çox kiçik bir his­səsi Qarabağda qalmaq qərarına gəlib və hazırda onların ehtiyacları ödənilir. Reinteqrasiya portalı fəaliyyətini davam etdirir.

Eyni zamanda, Ermənistanın etnik təmizləmə siyasəti nəticəsində Ermə­nistandakı kompakt şəkildə yaşadıqları məskənlərindən kütləvi şəkildə qovul­muş yüz minlərlə azərbaycanlının geri qayıtmaq hüququnu rədd etməsi nara­hatedici məqamdır. Ermənistanın baş naziri onları “Ermənistanın milli təhlükə­sizliyinə təhdid” adlandırıb ki, bu da ta­mamilə qəbuledilməzdir. Bir tərəfdən “sülh dövrü” elan etmək, digər tərəfdən də öz tarixi vətənlərinə qayıdıb yaşamaq istəyən azərbaycanlı qaçqınları “ölkənin milli təhlükəsizliyinə təhdid” adlandırmaq olmaz.

Ermənistandan qovulmuş azərbay­canlı qaçqınları təmsil edən Qərbi Azər­baycan İcması hər zaman Ermənistanın suverenliyinə və ərazi bütövlüyünə tam hörmətlə yanaşdığını vurğulayır. Onların məqsədləri, sadəcə olaraq, Ermənistan­dakı doğma torpaqlarına sülh yolu ilə qa­yıtmaqdır.

Siz humanitar yaralar barədə qeyd etdiniz. Həqiqətən də Qarabağ mü­naqişəsi Azərbaycan xalqının faciəsinə çevrilmişdir. Bir milyondan artıq azərbay­canlı qaçqın və məcburi köçkün vəziyyə­tinə düşüb. Yüz minlərlə insanın taleyi məhv edilib. Dörd minə yaxın azərbay­canlının taleyi hələ də naməlum olaraq qalır. Azərbaycanda valideynlər var ki, it­kin düşən oğullarının şəkillərini öz məzar daşlarının üzərinə həkk etməyi mənəvi təsəlli olaraq vəsiyyət edirlər. Siz özünüz də regiona səfər etmisiniz və bu işğalın Azərbaycan şəhərlərini, kəndlərini nəyə çevirdiyini görmüsünüz. Bir vaxtlar inki­şaf edən şəhərlər tamamilə məhv edilib və onlar artıq mövcud deyildir. Əvəzində isə erməni işğalçıları dəqiq mina xə­ritələri olmadan bizə bir milyondan çox minadan ibarət ölümcül miras qoyublar. Təsəvvür edirsiniz ki, XXI əsrdə azər­baycanlılar öz suveren ərazilərində mina partlayışlarının qurbanına çevrilirlər. Ha­zırda azərbaycanlıların qarşısında əra­zilərin minalardan təmizlənməsi, infrast­rukturun bərpası, yaşayış və iş şəraitinin yaradılması və əhalinin geri qaytarılması kimi böyük bir vəzifə dayanır.

Digər humanitar yara isə mədəni ir­simizin - abidələrimizin, məscidlərimizin, qəbiristanlıqlarımızın məqsədyönlü şə­kildə dağıdılmasıdır. Məscidlərimiz do­nuzların və inəklərin saxlanılması üçün tövlə kimi istifadə edilib. Ermənistan bu­nunla Azərbaycan xalqının izini silməyə çalışıb.

– Dediniz ki, hər iki ölkə vasitəçi­siz məhsuldar danışıqlar aparmağa qadirdir. Sizin təcrübənizdə hansı for­mat daha effektivdir: Azərbaycan-Er­mənistan danışıqları, qonşu İran, Ru­siya və Türkiyə ilə 3+3 formatı, yoxsa Qərbin iştirakı ilə danışıqlar, istər ABŞ, istərsə də Aİ olsun?

– Hər bir formatın öz üstünlükləri var və onların effektivliyini müqayisə etmək düzgün olmazdı. Müxtəlif mərhələlər­də müxtəlif formatlar bizə irəli getməyə imkan verib və biz iştirak edən bütün vasitəçilərə minnətdarıq. Məkan bizim üçün önəmli deyil, ən əsası nəticədir. Biz nəticəyönümlü danışıqların tərəfdarıyıq. Prinsipcə, biz səmimi vasitəçiliyin əley­hinə deyilik, lakin birbaşa danışıqlara üstünlük veririk. Bu gün sülh sazişinin mətni üzərində iş birbaşa olaraq Bakı ilə İrəvan arasında aparılır.

Müsahibə