Ermənistan–Türkiyə sərhədi: birinci ümidlə, ikinci səbirlə gözləyir

post-img

Ankara Azərbaycanla sülhə nail olmadan sərhədin açılmayacağını İrəvanın nəzərinə bir daha çatdırıb

Qapı mənzildə, binada içəri daxil olmaq vasitəsi sayılsa da, diplomatiyada sərhəd qapıları dövlətin təhlükəsizliyinin təminatçısı kimi əlahiddə əhə­miyyət kəsb edir. O ki ola Ermənistanla Türkiyə arasındakı, Azərbaycan üçün müstəsna prinsipə malik sərhəd keçid məntəqəsi.

Türkiyə Prezidentinin və Ermənistan baş nazirinin təyin etdikləri xüsusi nümayəndələ­rin məşğul olduqları bu vacib məsələ üç ilə yaxındır ki, danışıqların mövzusudur. İrə­vanın bugünlərdə yaydığı açıqlamaya görə, Ermənistan iki ölkənin sərhədindəki “Marqa­ra” nəzarət-buraxılış məntəqəsində rekons­ruksiya işlərini başa çatdırıb və Ankara əldə olunmuş razılığa əsasən, sərhədin tezliklə açılacağına ümid edir. Söhbət konkret olaraq diplomatik pasportları olan və üçüncü ölkələ­rin vətəndaşları üçün sərhədin açılmasından gedir. Ermənistan xarici işlər nazirliyinin mətbuat xidməti, hətta, “Alican” nəzarət-bu­raxılış məntəqəsinin istismara tam hazır ol­duğunu açıqlayıb və bununla bağlı Türkiyə tərəfindən “müsbət siqnalları” gözlədiyini yazıb. 

Oxuculara xatırladaq ki, Ermənistan–Türkiyə sərhədinin üçüncü ölkələrin vətən­daşları və diplomatik pasportun sahibləri üçün açılması barədə razılaşma İrəvan və Ankaranın xüsusi nümayəndələrinin 2021-ciildə start götürmüş danışıqların gedişində əldə olunub. Həmin rəsmi səviyyədə, həm­çinin ikitərəfli münasibətlərin normallaşdırıl­masına dair danışıqların bir neçə raundu da reallaşdırılıb. İntəhası, Ermənistanın Azər­baycanla sülh müqaviləsinin imzalanmasını ləngitməsi, eləcə də İrəvanın Zəngəzur dəh­lizinin açılması üzrə öhdəliyini yerinə yetir­məməsi Ankara və İrəvan arasında münasi­bətlərin normallaşması prosesinin, faktiki olaraq, dayanmasına səbəb oldu.

* * * 

Türkiyə “Alican” nəzarət-buraxılış məntəqəsini son otuz ildə ilk dəfə cari ilin fevralında açıb. Bu da Qahramanmaraş və Hatay vilayətlərində baş vermiş dağıdıcı zəl­zələdən zərər çəkənlər üçün Ermənistanın humanitar yardım yükünü daşıyan maşınların buraxılması üçün edilib. O da məlumdur ki, təxminən həmin günlərdə Ermənistanın xari­ci işlər naziri Ararat Mirzoyan təbii fəlakə­tin qurbanlarına rəsmi başsağlığı verməkdən ötrü Türkiyəyə səfər etmişdi. 

Fəqət üstündən bir müddət keçməmiş sonra aydın olacaqdı ki, İrəvanın “zəlzələ diplomatiyası” Azərbaycanın 44 günlük müharibədəki qələbəsindən sonra başlayan Ermənistan–Türkiyə münasibətlərinin nor­mallaşdırılması prosesi start nöqtəsindən irəli getməyib. Çünki Türkiyə hökuməti öz qonşusunun nəzərinə aydın şəkildə çatdırdı ki, onunla münasibətlərinin normallaşması, istisnasız olaraq, Azərbaycanla sülhə nail ol­masından və Zəngəzur dəhlizinin açılmasın­dan asılıdır. 

ARAYIŞ: Ermənistan və Türkiyə ara­sındakı sərhəd xəttinin uzunluğu 311 kilo­metdir. 1993-cü ilə qədər sərhəddə iki keçid məntəqəsi fəaliyyət göstərib: Ermənista­nın ikinci böyük şəhəri olan Gümrüdən qərbdə Axurik (Ermənistan) –Doğu Kapı (Türkiyə) postu və İrəvanın cənub-qər­bində Marqara (Ermənistan) –Alican (Türkiyə) buraxılış məntəqəsi. 1921-ci ildə Qars müqaviləsi imzalanandan 1930-cu ilin sonuna qədər Türkiyənin Leninakan­da (indiki Gümrü), Sovet İttifaqının isə Qarsda konsulluğu olub. Moskva ilə An­kara arasında münasibətlərin korlanması səbəbindən konsulluqlar bağlanıb, sərhəd keçidləri minimum səviyyədə saxlanılıb. 1993-cü ilədək sərhəd rəsmən bağlı olsa da, qatarlar sərhəddən keçib, Ermənistan və Türkiyə vətəndaşları qarşılıqlı səfərlər ediblər. 1993-cü ilin aprelində Ermənistan ordusu Kəlbəcəri işğal edəndən sonra sər­həd qapıları tamam qapadılıb.

Hərçənd Ermənistan Azərbaycanla tez­liklə sülhün əldə olunmasında maraqlı oldu­ğunu tez-tez təkrarlayır, amma buna baxma­yaraq danışıqlar prosesini uzatmaqdan ötrü ən müxtəlif bəhanələrdən yararlanmaqda da­vam edir. Bu zaman İrəvan danışıqlar masası arxasında Qərbin Bakıya qarşı daha güclü mövqe tutacağına, ondan müəyyən güzəştlər qoparacağına ümidini də itirmir. Amma itir­dikləri artıq onun üzünə dirənməkdədir. Mi­sal üçün, Ermənistanın 2020-ci il 10 noyabr Bəyanatnda fiksə edilmiş öhdəliklərini yerinə yetirmədiyini görən Azərbaycan Naxçıvana nəqliyyat dəhlizini İran ərazisindən keçməklə inşa edilməsinə üstünlük verdi. Araz çayının cənub sahilindən salınacaq həmin marşrutla bağlı Bakı Ermənistan ərazisindən keçəcək Zənəgəzur dəhlizinə marağının azaldığını bəyan etdi. 

Politoloq Fərhad Məmmədov qeyd edir ki, iki ölkə arasında sərhəd proble­minin başlıca səbəbi Ermənistanın Zəngə­zur dəhlizinin açılmasına dair 10 noyabr 2020-ci il Bəyanatının 9-cu bəndində göstə­rilən öhdəliyini yerinə yetirməməsidir: “Buna görə Azərbaycan həmin dəhlizin İran ərazisindən salınmasına üstünlük verdi. Or­taya məntiqi sual çıxır: yaranmış vəziyyətdə Ermənistan sərhədin üçüncü ölkələrin vətən­daları və diplomatik pasportları olanlar üçün açılması ilə bağlı Türkiyədən “pozitiv siqnal” ala bilərmi? Hadisələrin məhz bu yöndə in­kişafı az ehtimal olunur. Çünki Ankara, ilk növbədə, əmin olmalıdır ki, İrəvan regionda sülhün və sabitliyin yaranmasında sözdə de­yil, əməldə maraqlıdır. Yeri gəlmişkən, Tür­kiyə Milli Təhlükəsizlik Şurasının noyabrın 29-da keçirilən iclasında Cənubi Qafqazdakı mövcud vəziyyət və Azərbaycanla Ermənis­tan arasında sülhün əldə olunması perspektivi kontekstində Zəngəzur nəqliyyat dəhlizi ətra­fında yaranmış yeni sityuasiya da müzakirə edilib. Çox güman ki, həmin müzakirələrin gedişində, həmçinin Türkiyə–Ermənistan münasibətlərinin normallaşdırılması pers­pektivləri mövzusuna da toxunulub”. 

Türkiyənin bu müstəvidə fəaliyyəti­ni Azərbaycanla koordinə etdiyinə diqqəti çəkən politoloq F.Məmmədova görə, indiki məqamda Ankaranın Ermənistanla sərhədi açmağa hazır olduğuna dair heç bir rəsmi bəyanat verməyə hazırlaşmadığına, İrəvanla münasibətlərin normallaşdırılması prosesi istiqamətində atacağı bütün addımlar barədə Bakını məlumatlandırdığına əmin olduğunu söylədi. 

* * * 

Baş verənlərin fonunda İrəvan hələ də ya­landan özünə təsəlli, tərəfdaşlarına isə dezin­formasiya verməklə məşğuldur. ATƏT XİN Şurasının Skopyedə keçirilən illik toplantı­sındakı çıxışında Ermənistanın baş diplomatı Ararat Mirzoyan bəyan edib ki, “çox güman yaxın həftələr ərzində” Ankara Ermənistan–Türkiyə sərhədinin açılması istiqamətində konkret addımlar atacaq. Türkiyənin Xarici işlər naziri Hakan Fidanla görüşündə sərhəd nəzarət-buraxılış məntəqəsinin açılmasının “dəqiq müddətinin müəyyən edildiyini” av­ropalı həmkarlarının diqqətinə çatdıran Mir­zoyan bir az da irəli gedərək, bunun regional inkişaf üçün xüsisi əhəmiyyətini vurğulama­ğı da yaddan çıxarmayıb. 

Ermənistandan Türkiyəyə gedəcək “üçüncü ölkələrin vətəndaşları və diplomatik pasportun sahibləri üçün quru sərhədin açıl­ması” barədə ikitərəfli razılaşmanı xatırladan Mirzoyan deyib: “Bu barədə razılaşmanı okt­yabrın 23-də ikitərəfli görüşümüzdə nazir Ha­kan Fidan da təsdiqləyib. Onda, hətta, dəqiq müddət kimi yaxın həftələr göstərilmişdi. Biz ümid edirik ki, yaxın vaxtlarda ilk addımı, həm də hisolunacaq addımı atacağıq”. 

Deməli, indi aydın olur ki, Ararat Mirzo­yan Skopyedə mövcud olmayan razılaşma­dan danışıb və maraqlı personalara “ümidlər paylayıb”. Məlumat üçün bildirək ki, oktyab­rın 23-də Tehranda keçirilən “3+2” formatlı (Azərbaycan, Ermənistan, İran, Türkiyə və Rusiya) xarici işlər nazirlərinin sammitində, həqiqətən də, Mirzoyan Türkiyə XİN-in baş­çısı Hakan Fidanla görüşüb. Həmin görüşdə cari regional məsələlər və ikitərəfli gündə­lik müzakirə mövzusu olub. Bundan başqa, tərəflər əvvəllər əldə edilmiş razılaşmaların realizəsinə hazırlıq barədə fikir mübadiləsi aparıblar. Vəssalam! 

Mövzuya yekun olaraq onu da nəzərə çatdıraq ki, Türkiyənin Müdafiə naziri Yaşar Gülər noyabrın 27-də Bakıya səfəri zamanı qeyd edib ki, Ermənistan regionda sülhün və sabitliyin bərpa olunmasının perspektivlərini lazımi səviyyədə qiymətləndirməyi bacarmır. Türkiyəli nazir əlavə olaraq bildirib ki, “3+2” formatı bölgənin problemlərinin dinc yolla həlli üçün uğurlu platformadır.

Hər şeydən göründüyü kimi, Türkiyənin siyasi isteblişmenti Ermənistanın regional sülhün və sabitliyin təmin edilməsində oyna­dığı roldan məmnun deyil. Belə olan təqdirdə Türkiyənin Ermənistanla sərhədi açmasın­dan söhbət gedə bilməz. Həm də Ankaranın bu məsələni Bakının rəyini nəzərə almadan reallaşdırması qeyri-mümkün olduğu qədər inandırıcı deyil. Bu isə o deməkdir ki, Ermə­nistan XİN başçısının “yaxın bir neçə həftə ərzində” Türkiyə–Ermənistan sərhədində­ki “Alican” nəzarət-buraxılış məntəqəsinin açılması barədə dedikləri reallıqla qətiyyən üst-üstə düşmür. 

İrəvan yəqin sonuncu siyasi vurnuxması­nın nəticəsində bir daha əmin oldu ki, onun Türkiyəyə bütün yolları Azərbaycandan ke­çir. 

İmran BƏDİRXANLI
XQ

Siyasət