İlham Əliyev Qafqazda yeni eranın və çağırışların yaradıcısıdır

post-img

Türkiyənin Azərbaycandakı keçmiş səfiri, “İMZA” İctimai Birliyinin Türkiyə üzrə təmsilçisi Hulusi Kılıç “Azərbaycan tarixinin “qızıl 20 ili” və ya İlham Əliyev möcüzəsi” sərlövhəli media açıqlamasında ölkəmizin son 2 onillikdə daxili və xarici siyasətdə əldə etdiyi möhtəşəm uğurlardan, bu müddətdə dünyaya örnək olacaq bir zirvəyə yüksəlmiş Azərbaycan–Türkiyə dostluğunun hər iki ölkəyə qazandırdığı misilsiz dividentdən söhbət açılır.

Sabiq diplomat bildirir ki, yazısı­na başlıq seçdiyi “Azərbaycan tarixi­nin “qızıl 20 ili” və ya İlham Əliyev möcüzəsi” mürəkkəb təyini hər han­sı bir pafoslu ifadə və ya mübaliğə deyil, sadəcə, həqiqətdir: 

– 2003-cü ildən, yəni, Azərbaycan Prezidenti İlham Əliyevin dövlət başçı­sı seçilməsindən bəri atdığı addımlar, verdiyi qərarlar və ardınca baş verənlər təkcə bizim, Azərbaycan–Türkiyə İtti­faqı üçün deyil, Qafqaz bölgəsi, həm­çinin geniş anlamda böyük Yaxın Şərq, Avropa, Asiya və bütün dünya üçün nəyə görə fantastik əhəmiyyətə malik bir dövrdür? Gəlin bu dövrü bir neçə aspektdə - siyasi, iqtisadi, geosiyasi və əlbəttə ki, tarixi mənada təhlil etməyə çalışaq.

Bunun üçün, ilk növbədə, hadisələ­rin sürətlə cərəyan etdiyi o illərə qa­yıdaq və o zaman gedən proseslərə diqqət yetirək. Həmin dövrdə məhz sadaladığım anlamda real vəziyyət necə idi? Müstəqilliyin ilk illərindəki hərc-mərclikdən sonra 1993-cü ildən Heydər Əliyevin siyasi hakimiyyətə qa­yıdışı ilə başlayan Azərbaycanın keçdi­yi tarixi bir yol var idi. Ümummilli lider Heydər Əliyev ölkədəki hərc-mərcliyə son qoyaraq müstəqil Azərbaycanı, sö­zün əsl mənasında, dövlət kimi forma­laşdırmış, əsas strateji hədəfləri müəy­yənləşdirmiş, ölkəni sabit inkişaf relsləri üzərinə çıxarmışdı. Özü də bu strateji hədəfə çox ağır şərtlər altında, de-fakto ciddi basqıların mövcud olduğu zaman­da nail olmuşdu. 

Bu siyasətin məqsədi o dövr üçün həssas istiqlaliyyət şərtlərində əsas is­tiqamət kimi siyasi, iqtisadi, hərbi mə­nalarda Türkiyə ilə dərin inteqrasiya etmək, güclü müttəfiqlik bağları yarat­maq, geniş anlamda isə Türk birliyinin köklərini atmaq idi. Təbii ki, o böyük in­san dövrünün Atatürk düşüncəsi, stra­tegiyası ilə hərəkət edirdi. Bu arzusunu zamanın ağır şərtlərinə, xarici təzyiqlə­rinə rəğmən cəsarətlə dillə gətirir, əsl niyyətini heç özü də gizlətmirdi. O, Ata­türkün və onun yolunun böyük heyranı idi. Ulu öndər demişdi ki, “Biz Türkiyə ilə bir millət, iki dövlətik!”.

Bəli, Heydər Əliyev Azərbaycan dövlətini artıq qurmuşdu. Tarix özü illər keçəndən sonra da o böyük şəxsiy­yət və dövlət xadiminin Azərbaycan, Türkiyə və bütün Türk dünyasının fay­dası üçün nələr etdiyini, hansı xidmət­lər göstərdiyini mütləq yazacaq. bun­dan sonra və gələcək tarixçilər nəsli onun millətimiz üçün xidmətlərini daha səmərəli şəkildə qələmə alacaqlar. Buna heç bir şübhə olmasın.

“2003-cü il... Ulu öndər Heydər Əliyev haqqın rəhmətinə qovuşmuş, amma bundan əvvəl özünün siyasi varisini elan etmişdi. Azərbaycan si­yasətinin yeni Lideri və Heydər Əli­yevin siyasi varisi İlham Əliyev idi”. Məqaləsinin ikinci hissəsinə bu söz­lərlə başlayan sabiq diplomat açıqla­masının davamında yazır:

– Azərbaycan xalqı böyük oğlunu itirməyin şokunu, ağrısını və matəmini yaşayır, onsuz bu xalqın və dövlətin gələcəyinin necə olacağını çox dü­şünürdü. Bu sual bizi – Türkiyəni də çox düşündürürdü. Nigaran baxışları­mız can Azərbaycana yönəlmiş, necə deyərlər, gözümüz və qulağımız daim burada idi. Ancaq millətimizin bu çətin dönəmdə bir təskinliyi də var idi. Hə­yatını Azərbaycana həsr etmiş Heydər Əliyev əsla özünə siyasi varis seçərkən səhvə yol verməz, oğlu belə olsa, xalqına xidməti və onun gələcəyini dü­şünərək qərar verər, məhz bu sədaqət prinsipinə önəm verərək addım atardı. 

– Zaman göstərdi ki, bu, nə qədər doğru və tarixi seçim olub. Beləliklə, Prezident kimi ilk müsahibəsini verən Azərbaycanın yeni Lideri İlham Əliyev açıq şəkildə dedi: “Yolumuz Heydər Əli­yevin yoludur!”. Bu tarixi açıqlama siya­si mənada o demək idi ki, tam müstəqil­lik yolu davam etdiriləcək, Qarabağ probleminin həlli Azərbaycanın xarici, daxili, hərbi və hərbi-siyasi strategiya­sının əsası olacaq. Türkiyə ilə inteqra­siya siyasəti və xətti tam sürətlə davam edəcək. Türk dünyası ilə inteqrasiyada tədrici yol tutulacaq, proses Türk adı gələndə onsuz da “əsəb keçirən” böyük gücləri qıcıqlandırmadan həyata keçi­riləcək, ancaq bu hədəf mütləq reallaş­dırılacaq. Necə ki, reallaşdı da! 

Şəxsən mən özümü ona görə xoş­bəxt hiss edirəm ki, Türkiyənin Azər­baycanda ozamankı səfiri olaraq bu prosesin canlı şahidiyəm. O vaxt tarixi bir hadisə baş verdi: 2009-cu il oktyab­rın 3-də Azərbaycan, Türkiyə, Qazaxıs­tan və Qırğızıstan qədim Türk diyarı Naxçıvanda Türk Şurasının təməlini at­dılar. Bu, əslində, Türk Dövlətləri Təşki­latının əsasının yaradılması idi. Bu işin sonunun nə ilə nəticələnəcəyi hamıya gün kimi aydın idi. İllərlə çəkilən zəh­mətin nəticəsi isə daha da böyümək və güclənmək oldu. 

2021-ci il noyabrın 12-də İstanbul Zirvə görüşündə Türk Dövlətləri Təş­kilatının adı rəsmən bütün dünyaya elan edildi. Bu 4 ölkəyə sonradan Öz­bəkistan, Şimali Kipr Türk Respubli­kası, Türkmənistan və Macarıstan da qoşulub. Yuxarıda qeyd etdiyim kimi, bu inteqrasiya prosesində Türk dünyasının iki böyük oğlu İlham Əli­yev və Rəcəb Tayyib Ərdoğanın bö­yük xidmətləri var. 

2011-ci il oktyabrın 24-də 193 ölkə­dən 155-nin müsbət rəyini alaraq BMT Təhlükəsizlik Şurasına iki il müddətinə (2012-2013) qeyri-daimi üzv seçilməsi­ni “İlham Əliyev liderliyi ilə Azərbayca­nın xarici siyasətinin ən ciddi uğurların­dan biri” adlandıran Hulusi Kılıç bildirir ki, bu diplomatik qələbə Azərbaycana, onun liderinə beynəlxalq aləmdə olan böyük inamın və etimadın təzahürüdür:

– Daha bir beynəlxalq uğur isə BMT-dən sonra dünyanın ən böyük ikinci təsisatı olan Qoşulmama hərəkatının 2019-cu ilin 25-26 oktyabr tarixlərində Bakıda keçirilən Zirvə toplantısında qu­ruma sədrliyin 2019-2022-ci illər üçün Azərbaycana keçməsi oldu. Bu, pan­demiyanın hökm sürdüyü çox ağır dövr idi. Hərəkata sədrlik etməyə başladığı zaman Azərbaycan Prezidenti İlham Əliyevin əsl dünya lideri kimi verdiyi qərarlar ön plana çıxdı. Hamı gördü ki, hətta böyük ölkələr də koronavirus pan­demiyası zamanı özlərini itirdikləri vaxt Azərbaycan dünyanın bu bəladan xilas olması naminə hansı rasional addımları atdı. 

BMT Baş Assambleyasının bu bəla ilə mübarizə məqsədilə fövqəladə ses­siyası Azərbaycanın təşəbbüsü ilə ça­ğırıldı. Ümumiyyətlə, bu təsisat yaran­dığı dövrdən uzun müddət keçəndən sonra ilk dəfə beynəlxalq siyasətdə cid­di şəkildə fəaliyyət göstərməyə başladı. Ona görə də üzv ölkələr Azərbaycanın sədrliyini daha bir il uzatdılar. Hərəkatın fəallığı Vətən müharibəsi zamanı özünü bir daha göstərdi. Üzv ölkələr Azərbay­cana qarşı hazırlanan təxribatçı sənə­din qəbulunun qarşısının alınmasında həlledici rol oynadılar.

Xüsusi vurğulamaq lazımdır ki, Pre­zident İlham Əliyev Azərbaycanın tam müstəqil siyasət həyata keçirməsini artıq təmin edib. Hamıya məlumdur ki, beynəlxalq konyukturanın mövcud olduğu indiki şəraitdə bunu reallaş­dırmaq nə qədər çətindir. Azərbaycan Prezidentinin dediyi bir sözü hər zaman çox yüksək qiymətləndirirəm və cəsarət nümunəsi hesab edirəm. Dövlət başçı­sı həmişə deyir ki, hətta özündən güclü ölkələrin qarşısında belə haqqımızı mü­dafiə etmək üçün qorxmadan mübarizə aparmaq lazımdır. Bəli, bu illər ərzində İlham Əliyev beynəlxalq münasibətlər sistemində dəmir iradəli siyasi lider kimi hamıya nümunə göstərdi.

Müəllif daha sonra xatırladır ki, dövlətinin, millətinin maraqları na­minə hər kəsə öz yerini göstərməyi bacaran Azərbaycan lideri Vətən mü­haribəsi zamanı da başda Fransa ol­maqla, Ermənistanın havadarlarının göstərdikləri bütün təzyiqləri qətiy­yətlə dəf etdi:

– Onun bu qüdrəti cəbhədə müba­rizə aparan zabit və əsgərlərə də böyük motivasiya oldu, Azərbaycan xalqının Qələbəyə inamını daha da artırdı. 44 günün sonunda Ermənistan kapitulya­siyaya imza atmaq məcburiyyətində qaldı. 2023-cü il sentyabrın 19-da isə Azərbaycan Ordusu cəmi 23 saat 49 dəqiqəyə Qarabağdakı terror yuvasını darmadağın etdi. Bu tədbirlər Müzəf­fər Ali Baş Komandan, Prezident İlham Əliyevin bilavasitə liderliyi sayəsində bir nəfər də mülki şəxsin burnu belə qana­madan uğurla başa çatdırıldı. Azərbay­can bütün torpaqlarında öz suverenli­yini bərpa edərək, ərazisində erməni separatçılığına son qoydu. 

Bu da böyük tarixdir ki, gələcəkdə onun qiyməti nəsillərimiz tərəfindən daha geniş, ətraflı şəkildə təhlil oluna­caq. Onsuz da hazırda bütün dünyada Azərbaycan hərb sənətinin sirləri yaxın­dan öyrənilir və örnək göstərilir. Savaş dönəmində Türkiyənin Azərbaycana verdiyi mənəvi-siyasi dəstək isə Azər­baycan xalqına əbədi sevgimizin və məhəbbətimizin, həm də qan bağları­mızın yaratdığı məsuliyyətin dərk edil­məsi, həmçinin hər iki liderin qətiyyəti sayəsində mümkün oldu. Bu bağlılıq izahı sözlə mümkün olmayan bir feno­mendir. İndi Qafqaza sülhün gələcəyi ilə bağlı ümidləri dünənə nisbətən daha da çoxdur.

Bu yerdə bir tarixi məqama da toxunan keçmiş səfir Prezident İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın bir-biriləri ilə əsl dostluq və qardaşlıq münasibətləri quraraq iki qardaş ölkənin daha da yaxınlaşmasını təmin etdiklərini vur­ğulayır:

– Şuşa Bəyannaməsi bu prose­sin zirvəsi idi. 2021-ci il iyunun 15-də Azərbaycanın mədəniyyət paytaxtında imzalanmış bu tarixi sənəd - “Azərbay­can Respublikası ilə Türkiyə Respubli­kası arasında müttəfiqlik münasibətləri haqqında” Bəyannamə qısa müddət sonra hər iki ölkənin parlamenti tərəfin­dən ratifikasiya edilərək qanun qüvvə­si qazanıb. Yəni, artıq Azərbaycan və Türkiyə rəsmən müttəfiq olublar. Sənəd həm də hərbi-siyasi baxımdan ciddi bir təhlükəsizlik paktı kimi qiymətləndiril­məlidir.

Unutmayaq ki, Türkiyə həm də NA­TO-nun üzvüdür. Bu baxımdan Şuşada prezidentlər Rəcəb Tayyib Ərdoğan və İlham Əliyevin imzaladıqları bu tarixi anlaşmanın beynəlxalq əhəmiyyəti də təhlükəsizlik məsələlərində çox ciddi yer qazanmış olur. Yəni, sənəd, sadə­cə, Cənubi Qafqazda sabitlik baxımın­dan deyil, daha geniş arealda təhlükə­sizlik nöqteyi-nəzərindən müstəsna əhəmiyyətə malikdir. Bu addım bütün Türk dövlətlərinə Turan yolunda si­yasətlərini uzlaşdırmaq və əlaqələn­dirmək üçün nümunəvi bir yol oldu. Son proseslər həm də onu göstərdi ki, İlham Əliyevin siyasətində əsas hədəf olan Qarabağın azad edilməsi bütün prosesləri xeyrimizə, bəli, bütün Türk aləminin xeyrinə necə müvəffəqiyyətlə dəyişdi! İndi yeni bir reallıq ortadadır. Dünya dövlətləri bu gün bizimlə yaxın­laşmaq, dost olmaq üçün, sanki, növ­bəyə durub. Bu o deməkdir ki, ötən 20 ildə yürüdülən siyasət nə qədər müdrik, uzaqgörən olub. 

Bir məqama da diqqət etmək va­cibdir. İlham Əliyev siyasəti dünya ilə qarşıdurmaya əsla yönəlməyib. Ək­sinə, Azərbaycan Avropaya, Asiyaya və hamıya bərabərhüquqlu münasibətlər sistemi qurmağı təklif edir. Əgər istə­nilən addımlar zamanında və rasional meyarlara söykənilərək atılarsa, o vaxt 44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın və Türkiyənin təklif etdiyi modellər maraqlı dövlətlərin, xüsusilə də region ölkələrinin hər birinə fayda verəcək.

“Beləliklə, siyasi xətt tam məna­sı ilə aydındır: Əsas hədəf Türkiyə ilə sıx inteqrasiya, Türk Dövlətləri Təşkilatının gücləndirilməsi, bütün ölkələrlə bərabərhüquqlu əməkdaş­lıq, dünya azərbaycanlılarına sahib çıxmaq və dövləti daha da gücləndir­mək. Təbii ki, bu hədəflərə çatmaq üçün, ilk növbədə, iqtisadi güc olma­lıdır.” Hulusi Kılıç bu mülahizəsini aşağıdakı arqumentləri ilə isbatlayır:

– Prezident İlham Əliyev demək olar hər çıxışında bu amili vurğulayır ki, iq­tisadi güc ölkənin təhlükəsizliyində ən vacib amillərdən biridir. Güclü ordu qur­maq, hərbi-sənaye potensialı formalaş­dırmaq da təbii ki, bu işin əsas meyarla­rından biridir. Azərbaycanın bu mənada da uğurları, sadəcə, həsəd aparılasıdır. Bir məqamı əsla unutmaq olmaz. Bu nailiyyətlərin qazanılmasında, heç şü­bhəsiz, Azərbaycanın Birinci vitse-pre­zidenti Mehriban xanım Əliyeva Prezi­dent İlham Əliyevin ən yaxın silahdaşı olub. Onun Azərbaycanı dünyaya ta­nıtdırmaq üçün gördüyü işlərin özü bö­yük bir tarixdir. Gələcəkdə bu haqda da mütləq çox güclü əsərlər yazılacaq.

Azərbaycan liderinin iqtisadi siyasə­ti isə əsl möcüzədir. Xatırlayırsınızsa, İlham Əliyev ölkəsinin əsas hədəfinin neftdən asılılığı azaltmaq olduğunu elə ilk günlərdən elan etmişdi. İqtisadiyyat mütləq şaxələndirilməlidir. Hədəf o idi ki, gələcəkdə iqtisadi risklər neft-qaz amilinə görə ölkə iqtisadiyyatına zərbə vurmasın, davamlı inkişaf digər sektor­ların gücləndirilməsi hesabına sabit şə­kildə təmin edilsin. Bəli, 20 ildə məhz bunlar həyata keçirildi. 

Neftdən gələn gəlirlər həm Azər­baycanın güclənməsinə, həm xalqın rifahına xidmət etdi, eyni zamanda, digər sektorların inkişafını stimullaşdır­dı. Dövlət büdcəsinin gəlirləri dəfələrlə artıb. Azərbaycana 310 milyard dollar sərmayə yatırılıb. Bunun 200 milyard dolları qeyri-enerji sektoruna qoyulub. Bunlar çox ciddi rəqəmlərdir. Bu gün qarşıda yeni iqtisadi hədəflər var. Azər­baycan yeni şəraitdə bu hədəflərə də mütləq nail olacaq.

O da faktdır ki, Türkiyə və digər Türk dövlətləri ilə sıx iqtisadi əlaqələr davamlı və sabit iqtisadi inkişafda mü­hüm rol oynayır. Qeyd etdiklərim bir daha onu təsdiqləyir ki, İlham Əliyevin Prezident seçilməsindən ötən 20 il ölkə üçün əsl qızıl dövrdür. Nəticəyə diqqət edin: Qarabağ problemi artıq tarixdir, ərazi bütövlüyü təmin edilib, dövlət, onun ordusu çox güclüdür, xarici təsir­lər uğurla dəf edilir, Azərbaycan istədi­yi tam müstəqil xarici siyasətini uğurla həyata keçirir, öz milli maraqlarını qəbul etdirməyi bacarır, iqtisadiyyat inanılmaz templərlə şaxələndirilir və inkişaf etdiri­lir, alternativ enerji sahəsinə ciddi yerli və xarici yatırımlar edilir. Ümumiyyət­lə, Azərbaycana xaricdən böyük sər­mayələr gəlir ki, bu da davamlı inkişafın əsas şərtlərindən biridir.

Ölkəmizin diplomat dostunun aktual məqaləsi belə bir ümumiləş­dirmə ilə bitir: “Beləliklə, 20 ilin tarixi rezümesi odur ki, Azərbaycan və onun böyük oğlu Prezident İlham Əliyev Qafqazda türkün daha bir ulduzunun parlamaqdan çox irəli getdiyini sübut edərək, yeni bir eranın və onun çağı­rışlarının yaradıcısı olub. Bunun adı qızıl dövrdür. Bu xoşbəxtlik ulduzu heç zaman sönməyəcək. Əmin olun, bütün Türk aləmi sizinlə qürur duyur və sizi özünə örnək hesab edir, əziz və Can Azərbaycan xalqı!”.

XQ-nin analitik qrupu



Siyasət