ATƏT heç vaxt Qarabağda sülhün təminatçısı olmayıb

post-img

Bu təşkilat 28 il Azərbaycanın haqlı çağırışlarına göz yummaq, işğalı “qanuniləşdirmək” siyasəti yeridib

İndi elə bir məqam yetişib ki, artıq Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Azərbaycana hansısa məsələdə məsləhət verməyə, nəyi və necə etməyi öyrətməyə haqqı yoxdur. Bakının isə ona deməyə sözü var. Bu söz haqqını isə son üç ildə Cənubi Qafqazda geosiyasi vəziyyəti və deməli, reallığı kökündən dəyişən Azərbaycan özü qazanıb. 

ATƏT-in 28 il bundan əvvəl Ermənistan–Azərbaycan münaqişəsini nizamla­maq, bölgədə sülhü təmin etmək rıçağı kimi yaratdığı Minsk qrupunun fəaliyyə­tindən yalnız keçmiş zamanda, həm də ironiya ilə danışmaq olar. Həmin Minsk qrupunun üç həmsədrindən biri olan Fransanın bu müddət ərzində açıq-aşkar Ermənistanı dəstəkləməsini də unutmamışıq və heç zaman unutmayacağıq. 

“İyirmi səkkiz il ərzində ATƏT-in Minsk qrupunun fəaliyyəti sıfıra bərabər olub. Bu qurumun başlıca məqsədi münaqişənin nizamlanması yox, onun dondurul­ması idi. Belə münasibətlə razılaşmayan Azərbaycan münaqişəni özü həll edib”.

Bu həqiqəti keçən il oktyabrın 14-də Astanada MDB Dövlət Başçıları Şurası­nın iclasındakı çıxışında Azərbaycan Prezidenti İlham Əliyev bildirib.

Cənubi Qafqazda tamamilə yeni və fərqli dönəm başlayıb. Amma, təəssüf ki, bu yeni dövrün bölgədə sülh və tərəqqi ilə müşayiət olunmasına yenə Ermənis­tan və onun Avropada və okeanın o ta­yındakı tərəfdaşları mane olurlar. Sanki həmin Minsk qrupundakı uğursuz həm­sədrlik institutu indi fərqli formatda xort­layaraq əvvəlki mövqe və maraqlardan çıxış edir. Bunun nə qədər səmərəsiz və son nəticədə İrəvana ziyan vuracaq cəhdlər olduğunu anlamaqda çətinlik çəkənlər var. Keçmişin ətalətindən qur­tula bilməyənlərə, o dövrün “bəlkə də qaytardılar” ovqatlı nisgilini yaşayanların menyusuna Bakı daha hansı reallığı daxil etməlidir ki, birdəfəlik qəbul etsinlər: indi nə otuz il əvvəlki Azərbaycan var, nə də keçmiş Ermənistan. 

“Bizim legitim çağırışlarımıza məhəl qoymama praktikası, işğalın status-kvo­suna dözüm göstərmək Ermənistanı daha da cəsarətləndirdi. ATƏT həllin bir parçası olmaq şansına sahib idi, təəssüf ki, bunu itirdi”. Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov ATƏT XİN Şu­rasının Skopye toplantısındakı çıxışında keçmişə nəzər salaraq, bununla quru­mun çoxillik fəaliyyətinə rəsmi Bakının dəqiq və obyektiv qiymətini açıqlamış oldu. C.Bayramov, eyni zamanda, bütün çətinliklərə baxmayaraq, Azərbaycanın sülh sazişinin yekunlaşdırılması üçün Ermənistanla birbaşa təmasların tezlik­lə bərpasına sadiq olduğunu avropalı həmkarlarının diqqətinə çatdırdı: “Biz açıq şəkildə Ermənistana dövlət sərhə­dində, yaxud qərəzsiz və neytral üçüncü bir ölkədə görüşməyi təklif etmişik. Biz, Azərbaycan və Ermənistan üçün mehri­ban qonşuluq münasibətləri qurmaq və iki suveren dövlət kimi sülh şəraitində bir­gə yaşamaq üçün tarixi imkanın mövcud­luğuna qəti şəkildə inanırıq. Bu imkandan istifadə etməyin vaxtıdır”.

Ermənistanın sülhə gedən yolun qon­şularla ikitərəfli dialoqdan, normal müna­sibətlərdən keçdiyini başa düşməsinin vacibliyini xatırladan nazir bütün hallarda prosesdə iştirakçı dövlətlər tərəfindən iki­li standartlara yol vermədən dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə və sər­hədlərinin toxunulmazlığına hörmət edil­məsinə qeyd-şərtsiz riayət olunmasının böyük əhəmiyyət kəsb etdiyini avropalı həmkarlarının diqqətinə çatdırıb. 

* * * 

Şimali Makedoniyanın paytaxtından dünyaya “Ermənisiz Dağlıq Qarabağı (?) qazanan Azərbaycan indi də Ermə­nistanın suveren ərazisinə göz dikib” –xarakterli avantürist bəyanat üfürən Ha­yastanın baş diplomatı Ararat Mirzoyan Bakının Avropa İttifaqı və ABŞ platforma­larında sülh danışıqlarını boykot etmə­sindən şikayətlənib. 

Qonşunun torpağına nəinki göz dikən, onun ərazisini iyirmi səkkiz il işğal altında saxlayan kim idi? Bəs üç il əvvəl imzaladığı bəyanatla boynuna götürdüyü öhdəlikləri yerinə yetirməkdən yan qaçan kimdir? Bəlkə Qarabağ erməniləri suve­ren ərazisində yaşadıqları Azərbaycan Bayrağının altından deyil, bizim qaçğın və məcburi köçkünlərimiz doğma yurdu­na qayıtmaqdan ötrü Xankəndidəki sepa­ratçı-xunta rejiminin bayraq dedikləri əski parçasına boyun əyməli idilər? ATƏT-in Minsk qrupu Mirzoyanın Hayastanına bunumu vəd etmişdi? Bəs nə oldu? 

Dünyanın heç bir yerində hansısa dövlət, o cümlədən, suveren Azərbay­can da öz torpağında qanunsuz xunta rejiminin mövcudluğuna dözməzdi və dözmədi. Məhz işğalçılığa və ədalətsiz­lik şəraitinə Ermənistan kimi ATƏT və digər beynəlxalq təşkilatların da aşkar etinasızlığı, danışıqlar prosesini məntiqi sonluğa çatdırmaqda maraqlı olmayan həmsərdlərin, indi isə vasitəçilərin adek­vat addımlar atmaması sülhün yolunu bağlamışdı. Üzdə Azərbaycanın nara­hatlığını anlayıb qəbul etdiklərini deyən beynəlxalq aktorlar arxada ermənipərəst “ssenariləri” gerçəkləşdirməyə üstünlük verirdilər. Azərbaycan bir günlük antiter­ror tədbiri ilə ona qarşı siyasi şantajın bütün növlərini sınaqdan çıxaranların il­lüziyaya qapıldıqlarını sübut etdi. 

Xarici İşlər naziri Ceyhun Bayra­mov Bakının tarixin arxivinə göndərdiyi beynəlxalq təşəbbüslərə ehtiyac qal­madığını birmənalı şəkildə bəyan edib: “ATƏT mexanizmlərinin hələ də “uyğun olduğu”na dair istinadlar isə reallığı əks etdirmir. ATƏT Ermənistanın Azərbayca­na qarşı hərbi təcavüzünün nəticələrinin aradan qaldırılmasının həvalə olunduğu yeganə təşkilat idi. Buna baxmayaraq, təşkilat illərdir davam edən Ermənistanın genişmiqyaslı qeyri-qanuni fəaliyyətinin qarşısının alınmasında əlini ağdan qara­ya vurmayıb. Əksinə, legitim çağırışları­mıza məhəl qoymamaq və işğala əsasla­nan status-kvoya göz yummaq təcrübəsi Ermənistanı daha da cəsarətləndirdi. ATƏT-in münaqişənin həllinin bir parça­sı olmaq şansı var idi. Əfsuslar olsun ki, bu şans Ermənistan tərəfindən törədilən maneələr və bir sıra iştirakçı dövlətlə­rin ona havadarlıq etməsi nəticəsində əldən verildi. Təşkilatda, Azərbaycanın postmünaqişə dövründə reabilitasiya məsələləri üzrə mövcud öhdəliklərinə müvafiq dəstək layihələri ilə bağlı mü­raciətinin cavablandırılmasına maneələr törədildiyini nəzərə aldıqda, bu təcrübə bu günədək davam edir”. 

* * * 

Skopyedə ATƏT-in yarıtmaz fəaliyə­tini təkcə Azərbaycanın nümayəndəsi tənqid atəşinə tutmadı. Öz çıxışında Rusiya XİN-in rəhbəri Sergey Lavrov bəyan etdi ki, ATƏT çərçivəsində yaradı­lan hər şey tam deqradasiyaya uğrayıb. S. Lavrov bunu ATƏT Nazirlər Şurası­nın Skopyedə keçirilən iclas çərçivəsin­də keçirilən mətbuat konfransında dedi. Bildirdi ki, Qərb ATƏT-i məhv edir: “Qərb bu uğursuz siyasətindən heç vaxt nəticə çıxarmayıb. Onlar indi də təşkilatı məhv etməkdədirlər”.

Doğrudur, Rusiya xarici siyasət idarə­sinin başçısı bu sözləri ATƏT-in Moskva ilə münasibətləri kontekstində dilə gəti­rib, amma bu qurumun “uğursuz siyasə­tindən nəticə çıxarmaması” qənaəti elə Azərbaycan üçün də keçərlidir. 

Azərbaycan Ermənistanla mehriban qonşuluq münasibətləri qurmaq, iki suve­ren dövlət olaraq sülh və əmin-amanlıq şəraitində yaşamaq istəyində tam səmi­midir. Sadəcə Ermənistan hakimiyyəti Cənubi Qafqazda çeşidli maraqlarını güdən kənar “dəstəkçilərin” fitvasına get­məməli, məhz Azərbaycanın onun üçün yaratdığı tarixi şansından istifadə etməli­dir. İrəvan, nəhayət, ona yalnız dividend gətirəcək sülhə gedən yolun Azərbay­can və Türkiyə ilə dialoqdan və normal münasibətlərin bərpasından keçdiyini anlamalıdır. Güvəndiyi və dəfələrlə alda­dıldığı güclərin qarşıdurmaya və sülhün ləngidilməsinə yönəlik “vasitəçiliyinə” yox deməyi bacarmalıdır. Əks-təqdirdə onla­rın geosiyasi oyunbazlığı bu dəfə də Er­mənistanın öz başında çatlayacaq. 

Rasim MUSABƏYOV, 
Milli Məclisin deputatı, politoloq

Söhbət təkcə Azərbaycan–Ermə­nistan münaqişəsində ATƏT-in Minsk qrupunun heç bir müsbət fəaliyyəti­nin olmamasından getmir. Bu qurum bütün digər məsələlərdə də özünü faydasız və “dişsiz” təşkilat kimi göstə­rib. Əgər diqqət yetirsək görərik ki, məsələn, Ukraynada hərbi münaqişə davam edir, ATƏT kənardadır, Mol­dova bu günədək rus qoşunlarını öz ərazisindən çıxara bilmir, ATƏT qıraq­dan baxır. Eyni problemi Gürcüstanın Abxaziya, Cənubi Osetiya bölgəsi ilə bağlı da müşahidə edirik. Həmin Kipr məsələsində ATƏT yenə seyrçi mövqeyindədir. Yəni, bu xarakterli bir çox məsələlərdə ATƏT faktiki olaraq bürokratik bir təşkilatdır. Bu təşkilatın baş ofisində üç minə yaxın insan yaxşı maaş alır, amma beş qəpiklik faydalı işi yoxdur. 

Əlbəttə, məhz buna görə ATƏT-dən narazılıqların sayı artır. Artıq Avropa­nın bəzi böyük dövlətləri belə bir təş­kilatın saxlanmasının kimə və nə ver­diyi barədə suallar ünvanlayırlar. Bir vaxtlar təşkilatın egidası altında qitədə kütləvi silahların məhdudlaşdırılma­sı ilə bağlı cinah sazişləri imzalandı. Fəqət həmin sazişlərə heç kəs əməl eləmir. Elə bu səbəbdən də ATƏT kəs­kin tənqid atəşinə tutulur. Bu təşkilatın bundan sonrakı aqibətinin necə olaca­ğını söyləmək çətindir. Sadəcə, onun mövcud strukturlarını çağdaş dövrün tələblərinə uyğun yenidən formalaşdır­maq, düzgün istiqamətini müəyyənləş­dirmək gündəlikdə duran məsələdir. 

İmran BƏDİRXANLI
XQ



Siyasət