Mirzoyanın ATƏT forumundakı çıxışı – avantürizm üçün növbəti manipulyasiya

post-img

Ermənistanın baş diplomatı ölkəsinin Azərbaycanla sülhə gəlməkdən uzaq olduğunu göstərib

Ermənistan rəsmiləri bir tərəfdən Azərbaycanla sülhə hazır olduqlarını, ölkə­mizin ərazi bütövlüyünü tanıdıqlarını bildirir, digər yandan isə anti-Azərbaycan təbliğatı aparır, müxtəlif “tələblər” və “təşəbbüslər” irəli sürürlər. Sözlərindən belə çıxır ki, ərazilərimiz üzərindəki suveren hüquqlarımızı qəbul etmək niy­yətindən uzaqdırlar. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın ATƏT-in Nazirlər forumundakı çıxışı da bunu deməyə əsas verir. 

A.Mirzoyanın həmin forumdakı çıxı­şının ilk cümləsi belə olub: “Azərbaycan vasitəçilərin görüşmək və sülh müqavilə­si bağlamaq təklifini rədd etməyi dayan­dırsın”. Görəsən, ölkəmiz nə zamansa bildiribmi ki, sülh danışıqlarını dayandı­rıb? Mirzoyanın haqqında söz açdığı va­sitəçilər isə özlərinin aşkar ermənipərəst­liklərini göstəriblər. Onların, belə demək mümkünsə, düz yola qayıtmaları şərtdir. Digər yandan, Bakı İrəvana birbaşa da­nışıqlar aparmağı təklif edib. Ancaq digər erməni rəsmiləri kimi, Mirzoyanın da söz­lərindən gəlinən qənaət budur ki, Ermə­nistan yanında vasitəçilər görmək istəyir. Yaxud, vasitəçilərsiz danışıq aparmaya­caq. Nə üçün? Halbuki, niyyəti sülh olan belə davranmamalı, səmimiyyət nümayiş etdirməlidir. A.Mirzoyanın fikirlərində isə səmimiyyətdən əsər-əlamət yoxdur. 

Bəli, mötəbər toplantıdakı çıxışının ilk cümləsindəcə Azərbaycanı qaralayan A.Mirzoyan ardınca ATƏT-i gözdən sal­mağa girişib. Əlbəttə, bu məqamda onu, müəyyən mənada, haqlı saymaq müm­kündür. O anlamda ki, həmin ATƏT-in Minsk qrupu otuz ilə yaxın müddətdə Bakı ilə İrəvan arasında vasitəçilik etdi. Bu “missiya” Azərbaycan torpaqlarının işğalda qalmasını leqallaşdırmaqdan başqa bir şey olmadı. İndi ermənipərəst­liyin əvvəlki məcradakı davamı müm­künsüzdür. Ona görə Mirzoyanın “ATƏT sürətlə geriləyir” fikrində də, onun təşki­latın münaqişələrin qarşısını ala bilmədi­yini söyləməsində də reallıq var. 

***

Ermənistanın XİN rəhbəri bu məsələ­də də haqlıdır ki, Qarabağ münaqişəsinin təzahürlərində nifrət və ksenofobiya olub. Ancaq o, bir balaca insaflı davranıb er­mənilərin vaxtilə bölgədə etnik millətçiliyi, separatçılığı və ekstremizmi qızışdırdıq­larını vurğulaya bilərdi. Amma vurğula­madı. Onu da deyə bilərdi ki, ksenofobiya və nifrət Azərbaycana qarşı ərazi iddiası­na əsaslanmışdı. Lakin demir və bildirir ki, bu il münaqişə son mərhələsinə çatıb. O, öz aləmində prosesin məcrasına da aydınlıq gətirib. Yenə anti-Azərbaycan ritorikasını işə salaraq bildirib ki, doqquz aydan çox davam edən qeyri-insani blo­kadadan sonra, Azərbaycan sentyabrın 19-da Qarabağ əhalisinə qarşı növbəti irimiqyaslı hərbi hücum həyata keçirib, bu isə yerli əhalinin Qarabağdan kütləvi şəkildə məcburi köçürülməsi reallığını doğurub: “Demək olar ki, beynəlxalq icti­maiyyətin susqun razılığı ilə Azərbaycan çoxdankı məqsədinə – erməni əhalisi olmadan Qarabağ ərazisini əldə etməyə nail olub”.

Deyəsən, Mirzoyanın hədəfi yalnız ATƏT deyil. O, Qarabağdakı erməni avantürizminin qürubuna görə bütöv­lükdə beynəlxalq ictimaiyyəti günahlan­dırır və sözünün əvvəlində sülhdən söz açan erməni nazir əlavə edir ki, hazırda Azərbaycanın hədəfi suveren Ermənis­tandır. Guya, sülh danışıqları aparmaq istəməyən ölkəmiz Ermənistanın əra­zilərinin işğalına hazırlaşır. XİN rəbərinin başından yekə ən böyük qələti isə onun “Azərbaycanın Cənubi Qafqaz regionun­da sülh və sabitliyin bərqərar olmasında maraqlı deyil” şəklində fikir bildirməsidir. Sən demə, Azərbaycanın sülhə sadiqliyi, İrəvan tərəfindən bütün platformalarda yerli-yersiz irəli sürülən üç prinsip üzrə sülh müqaviləsinin imzalanması üçün da­nışıqlara başlanılmasıdır. Söhbət 1991-ci ilin Alma-Ata Bəyannaməsinə əsasən qarşılıqlı şəkildə ərazi bütövlüklərinin ta­nınmasından, sabiq SSRİ-nin Baş Qərar­gahının 1974–1978-ci illərdəki xəritələ­rinə uyğun şəkildə dövlət sərhədlərinin delimitasiya və demarkasiyasından, eyni zamanda, ölkələrin suverenliyinə və yu­risdiksiyasına tam hörmət, habelə bəra­bərlik və qarşılıqlılıq prinsipləri ilə bütün nəqliyyat kommunikasiyalarının açılma­sından gedir. 

***

Əlbəttə, Ermənistan XİN rəhbərinin söylədikləri mübahisəlidir. Birincisi, nəyə görə 1974–1978-ci illərin xəritələri əsas götürülməlidir? Yalnız ona görə ki, onlar, Mirzoyanın iddia etdiyi kimi, ən son xə­ritələrdir? Bəs, əvvəlki dövrün xəritələri necə olsun? Nəyə görə onlara da nəzər salınmasın? Əslində, sualların cavabı aydındır. Məsələ burasındadır ki, əzəli Azərbaycan torpaqlarında formalaşmış Ermənistan Respublikası sovet hakimiy­yəti qurulduqdan sonra da Azərbaycan­dan ərazi qəsb etmişdi. Sovet rəhbərliyi respublikamızın digər əraziləri ilə Naxçı­vanı birləşdirən zolağı Ermənistan SSR-ə peşkəş etmişdi. Bu, 1974-cü ilə qədərki xəritələrdə əksini tapmadığından, rəsmi İrəvan həmin ildən sonrakı xəritələr üzə­rində dayanır. 

Başqa bir məqama diqqət yetirək. Əgər 1991-ci ilin Alma-Ata Bəyannamə­si SSRİ tərkibindəki respublikaların ərazilərinin qarşılıqlı şəkildə tanınması prinsipini rəhbər tutmuşdusa, yəni bu­rada bir ölkənin dağılmasından sonrakı düzən əsas götürülmüşdüsə, o zaman həmin ölkənin formalaşdığı zamana da diqqət yetirilməsi vacib deyilmi? SSRİ 1923-cü ildə yaranmışdı. Prinsipcə, res­publikalar SSRİ-yə hansı ərazilərlə daxil olmuşdularsa, həmin ərazilərlə də ora­dan çıxmalıdırlar. Bu, daha ədalətlidir, nəinki 1974-cü ilin xəritələrinə əsaslan­maq. Həm də nəyə görə SSRİ-nin ya­ranmasını təsdiqləyən xəritə deyil, ölkə­nin baş qərargahı adlı qurumun xəritəsi əsas götürülməlidir? Yəni, Mirzoyanın, eləcə də rəsmi İrəvanın digər təmsilçilə­rinin “ən son xəritə” deyib 1974-cü ilin xəritəsinin üzərində dayanmalarında məntiq yoxdur. 

***

Azərbaycan üçün əsas məsələ digər ərazilərimizin Naxçıvanla quru əlaqəsi­nin təmin olunmasıdır. Prezident İlham Əliyev 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanata məhz həmin müddəanın daxil edilməsinə nail olub. Sənədə 44 günlük müharibədə məğlubiyyətə uğramış ölkə­nin rəhbəri – baş nazir Nikol Paşinyan imza atıb. Həmin imza öhdəlik müəy­yənləşdirir. Öhdəliyə əsasən İrəvan yola təminat verməlidir. Yolda təhlükəsizliyə cavabdeh isə Rusiya Federal Təhlükə­sizlik Xidməti olmalıdır. Yəni, üçtərəfli Bəyanatda Ermənistanın suveren hüquq­ları ilə bağlı heç bir şey yoxdur. Belə bir durum isə tam ədalətlidir. Həm də ona görə ki, Nxçıvana yol qismən də olsa, müttəfiq respublika kimi Azərbaycanın SSRİ-yə daxil olduğu dövrdəki ərazisini əks etdirir. Ermənistanın yayındığı elə budur və buna qarşılıq İrəvan “Dünya kəsişməsi” təşəbbüsünü ortaya atır. Mir­zoyan da ATƏT-in forumundakı çıxışında bu “təşəbbüsdən” danışdı. 

***

Bəli, “Dünya kəsişməsi” layihəsi Zən­gəzur dəhlizi ideyasına alternativ qismin­də irəli sürülür. Deməli, ölkəmizlə sülhdən danışan erməni XİN rəhbəri bu məsələdə də Azərbaycana qarşı çıxır. Çıxır və bil­dirir ki, “Dünya kəsişməsi” layihəsi regi­onda iqtisadi və mədəni əlaqələrin güc­ləndirilməsinə şərait yaratmaqla yanaşı, münaqişələrin həlli və region ölkələri ara­sında dialoqun təşviqinə yönəlib. 

Əlbəttə, bütün mümkün platformalar­da anti-Azərbaycan mövqe tutan Ermə­nistan rəhbərliyində təmsil olunan şəxs­lərin gəlişigözəl fikirləri tam mənasızdır. Çünki ölkə rəsmiləri üçün sözdən, imza­dan, öhdəliklərin yerinə yetirilməsindən yayınmaq çox adi işdir. Məsələn, Mirzo­yan sülh yolundakı addımlardan danışır, ancaq Azərbaycanın işğalda olan səkkiz kəndinin qaytarılmalı olduğunu dilinə gə­tirmir. O, eyni zamanda, münasibətlərin normallaşması prosesindəki humanitar məqam kimi, Azərbaycanda saxlanılan bütün erməni əsir və girovlarının qayta­rılmasından, itkin düşmüş şəxslərin tale­yinin aydınlaşdırılmasından, bu, azmış kimi, Qarabağda və onun ətrafında er­məni mədəni irsinin qorunması sahəsin­də əməkdaşlıqdan söz açır. Göründüyü kimi, aşkar manipulyasiyaya yol verir.

***

A.Mirzoyanın manipulyasiyasındakı digər hədəf Türkiyədir. Ermənistan XİN rəhbəri ATƏT-in forumundakı çıxışın­da “Dünya kəsişməsi” avantürasından söz açarkən, birdən-birə söhbəti qardaş ölkənin üzərinə gətirib. O, Ermənistan–Türkiyə sərhədlərinin açılmasından bəhs edib və sözlərindən belə çıxıb ki, bu məsələni də “Dünya kəsişməsi” ilə regi­onun yeni şəkillənməsinin tərkib hissəsi kimi görməkdədir. 

İkinci Qarabağ müharibəsində Azər­baycanın qazandığı parlaq Qələbədən sonra, Türkiyə–Ermənistan quru sərhədi­nin açılması məsələsində dinamizm mü­şahidə olunmaqdadır. Mirzoyanın dediyi kimi, ilkin mərhələdə sərhədin üçüncü ölkə vətəndaşları, habelə Ermənistanın və Türkiyənin diplomatik pasport sahib­ləri üçün açılması barədə razılıq da var. Ancaq erməni XİN rəhbəri həmin razılığın Ermənistana jest olduğunu unudur. Tür­kiyə bu jesti ona görə edib ki, İrəvan Bakı ilə düzgün keçinsin, özünün öhdəliklərinə əməl etsin. İrəvan öhdəliklərini “unudur”, eyni zamanda, Türkiyənin jestini “Dünya kəsişməsi” təşəbbüsünün əhəmiyyətliliyi fonunda beynəlxalq tribunalara çıxarmaq yolunu tutur. Təxminən, belə bir mənzərə yaranır: qız evində toydur, oğlan evinin xəbəri yox.

***

Sonda bildirək ki, istər A.Mirzoya­nın, istərsə də Ermənistanın mövcud iqtidarına məxsus digər şəxslərin Cənu­bi Qafqazda sülhün yaranmasının va­cibliyinə fokuslanmış manipulyasiyaları bölgədə gerçək sülh mühitinin formalaş­masına ciddi ziyan vurur. Nəzərə alaq ki, manipulyasiyalar daim yeni nələrinsə ta­pılıb çıxarılmasına əsaslanır. Belə “dəst-xətt” Azərbaycan tərəfinə çox yaxşı mə­lumdur. Buna görə də ən düzgün addım Ermənistanın sülh üçün nə qədər iradəli və qətiyyətli olduğunu sınağa çəkmək­dir. Heç şübhəsiz, sınaq rəsmi İrəvanda yarpaq tökümü formalaşdırmalıdır. Yəni, bütün avantürist niyyətlər kənara qoyul­malı, imitasiyalardan uzaq durulmalıdır. A.Mirzoyanın ATƏT-in toplantısındakı çıxışı göstərdi ki, Ermənistan mövcud istiqamətdə hələ yol getməlidir. Yol get­məlidir ki, onda sülhə səmimi sadiqlik ya­ransın. Ya da...

Ə.CAHANGİROĞLU
XQ

Siyasət