Qriqoryan ABŞ-a gedir

post-img

Bakının prinsipiallığı və İrəvana “gerçəyi başa salmaq” zərurəti

Ermənistan Təhlükəsizlik Şurasının ka­tibi Armen Qriqoryan bu gün – dekabrın 2-də ABŞ-a işgüzar səfərə yollanıb. Bu barədə məlumatı onun rəhbərlik etdiyi qurum yayıb. Məlumatda bildirilib ki, Qriqoryanın Birləşmiş Ştatlarda Ermə­nistan–ABŞ ikitərəfli münasibətlərini müzakirə edəcəyi nəzərdə tutulur. Ancaq bu qəfil səfər məsələyə bir qədər fərqli aspektdən yanaşmağı zəruriləşdirir.

Heç şübhəsiz, A.Qriqoryan Vaşinq­tona çağırılır. Yəni, burada söhbət heç də Ermənistan–ABŞ əlaqələrinin mü­zakirəsindən getmir. Çağırılır ki, ona Birləşmiş Ştatların Azərbaycan–Ermə­nistan münasibətlərinin tənzimlənmə­sindəki son mövqeyi ilə bağlı məlumat, eyni zamanda, müvafiq təlimatlar veril­sin. Başlıca məsələ də həmin məlumat və təlimatların nədən ibarət olmasıdır. 

***

Qeyd edək ki, ötən həftə Azərbay­can–ABŞ münasibətlərində gərginlik müşahidə edilmişdi. Bu durum Birləş­miş Ştatlar Konqresinin aşağı palata­sı sayılan Nümayəndələr Palatasında Qarabağ dinləmələrinin keçirilməsi ilə bağlı idi. Onu da deyək ki, həmin din­ləmələr başdan-ayağa anti-Azərbaycan ritorikasına əsaslanmışdı. Hətta, belə görüntü formalaşmışdı ki, Vaşinqton Bakı ilə münasibətlərinə tamamilə xi­tam verəcək. Durumu gərginləşdirən faktor yalnız məlum dinləmələr və on­ların gedişində Azərbaycana ABŞ-ın dövlət yardımının dayandırılması, möv­cud xüsusda Azadlığa dəstək aktına 907-ci düzəliş ilə bağlı müzakirələr de­yildi. Başlıca məqam həmin dinləmələr­də Birləşmiş Ştatların dövlət katibinin köməkçisi Ceyms O’Braynın bildirdikləri idi. Cənab O’Brayn çox amirənə tərz­də demişdi ki, Azərbaycana qarşıdakı iki həftə müddətində vaxt verilib. Onun sözlərindən belə çıxmışdı ki, Bakı Er­mənistanla sülh müstəvisində Qərbin şərtlərini qəbul etməlidir. Əks halda, onunla bütün sferalarda əməkdaşlıq təhlükə altına düşəcək. 

O’Brayn bir qədər də “irəli gedərək” vurğulamışdı ki, Azərbaycanın digər ərazilərini Naxçıvanla birləşdirən quru yolu Ermənistan ərazisindən, ölkənin suveren hüquqları nəzərə alınmaqla, keçməlidir, ən əsası isə Vaşinqton Ba­kının həmin yolun İrandan keçməsinə dair təşəbbüsünü dəstəkləmir. Nəin­ki dəstəkləmir, O’Braynın sözlərindən belə təəssürat yaranmışdı ki, Ağ Ev Azərbaycanın istəyini, bir növ, süngü ilə qarşılayacaq. 

***

Əlqərəz, ABŞ Dövlət Departamenti­nin ali rütbəli təmsilçisinin fikirləri Azər­baycana demarş kimi qiymətləndirilmiş­di. Bu hadisə isə Ermənistanda, sanki toy-bayram kimi qarşılanmışdı. Hətta, baş nazir Nikol Paşinyana məxsus siya­si çevrələr məsələni həm də Qarabağ münaqişəsi ilə bağlı özlərinə xeyir verə­cək dönüş nöqtəsi qismində qiymət­ləndirməyə girişmişdilər. Əlbəttə, belə qiymətləndirmələr, eləcə də O’Braynın fikirlərinin özü Azərbaycanın prinsipial mövqeyindən geri çəkilməsinə hesab­lanmışdı. 

Lakin həmişəki kimi, gözləntilər özü­nü doğrultmadı. Əksinə, Azərbaycan qətiyyəli mövqeyində sadiq qaldı. Eyni zamanda, ölkəmiz müvafiq addımlar atmağa başladı. Mövcud xüsusda ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin – USAID-in Azərbaycanda gördüyü işlərin şübhələndirildi. Əlbəttə, qurumun illərdir ölkəmizdə apardığı anti-milli fəaliyyətin ayrı-ayrı təzahür formaları əvvəldən də məlum idi və heç şübhəsiz, buna qarşı tədbirlər onsuz da həyata keçiriləcəkdi. Lakin Birləşmiş Ştatların tutduğu mövqe məsələyə daha operativ və həssas ya­naşılmasını zəruriləşdirdi. Həm də ona görə ki, O’Brayn yolverilməz ritorikaya baş vurmuş, Azərbaycanın müstəqil dövlət kimi varlığını şübhələndirmək yolu tutmuş, hədə-qorxu gəlmişdi. Yəni, buna cavab gecikdirilə bilməzdi. 

Onu da vurğulayaq ki, Azərbaycanın qətiyyətli mövqeyi Birləşmiş Ştatların əvvəlki yanaşmadan geri çəkilməsini dəyişməsi təəssüratını formalaşdırdı. ABŞ rəsmilərinin sonrakı açıqlamala­rı belə düşünməyə əsas verdi ki, Bir­ləşmiş Ştatlar kollektiv Qərbin Azər­baycan–Ermənistan münasibətlərinin tənzimlənməsi ilə bağlı missiyasını yenidən “diriltmək” niyyətindədir. Bunu əvvəlcə Birləşmiş Ştatların Dövlət De­partamentinin sözçüsü Metyu Millerin açıqlaması, sonradan isə Dövlət katibi Antoni Blinkenin Prezident İlham Əli­yevə zəngi və telefon danışığı zamanı müzakirə olunan mövzularun dairəsi də təsdiqlədi. 

Əlbəttə, bütün bunlar Ermənistanda sarsıntı və isterik durum doğurdu. Ölkə­də hakimiyyətə yaxın bəzi siyasilərin fikirlərində, hətta Vaşinqtona yönəlik it­tihamlar da özünü göstərməyə başladı. Bundan başqa, erməni müxalif kəsim ABŞ–Azərbaycan gərginliyinin, necə deyərlər, gözdən pərdə asmaq niyyəti daşıdığını, ikincinin birinci üçün Ermə­nistandan qat-qat strateji əhəmiyyətə malik olduğunu vurğulamağa başladı. Yayılan fikirlərdə, həmçinin, bildirildi ki, Birləşmiş Ştatlar Bakının mənafeləri na­minə Ermənistanı tam şəkildə qurban verməyə hazırdır... 

Hər halda, hazırkı durum onu göstə­rir ki, ABŞ Azərbaycanla münasibətləri gərginləşdirməkdən uzaqdır. İndi Birləş­miş Ştatlarda nə məlum 907-ci düzəlişin qüvvəsinin dayandırılmasının aradan qaldırılmasından söhbət açan var, nə də sıraya düzülüb növbə ilə danışır­mışlar kimi təəssürat yaradan, biri-birini təkrarlayan mənasız konqresmenlərin anti-Azərbaycan məntiqinin ayrı-ayrı “təzahür formalarından”. Sanki qurbağa gölünə daş atılıb. 

***

Bəli, A.Qriqoryan ABŞ-a məhz bu şəraitdə səfər edir. Onun Birləşmiş Ştatların siyasi dairələri ilə bağlılığını, belə demək mümkünsə, ölkənin emis­sarı olması reallığını nəzərə alsaq, heç şübhəsiz, Vaşinqtonda təhlükəsizlik şurasının katibinə, necə deyərlər, hə­yatı başa salacaqlar. Mövcud xüsusda irəli sürülən fikirlərdə vurğulanır ki, Bir­ləşmiş Ştatlar MDB dövlət başçılarının dekabrın sonunda Sankt-Peterburqda keçiriləcək ənənəvi qeyri-formal gö­rüşünədək, Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması müstəvisində əsaslı irəliləyişə nail ol­maq niyyətindədir. 

ABŞ Cənubi Qafqazda sülh gündə­liyi müstəvisində irəliləyişə həm də ona görə nail olmaq istəyir ki, Ermənistan hakimiyyətinə bir o qədər etibar etmir. Vaşinqtonda baş nazir Nikol Paşinyanın MDB-nin qeyri-formal sammitində işti­rakının sülh ritorikasına Qərbə sərf et­məyən elementlər qazandıracağından ehtiyatlanırlar. Ona görə də var gücləri ilə duruma təsir göstərməyə çalışırlar. Deməli, A.Qriqoryanın tez-tələsik Bir­ləşmiş Ştatlara çağırılmasının səbəbini bu amildə axtarmaq zərurəti yaranır. Görünür, ABŞ-da yaxşı başa düşür­lər ki, indiki vəziyyətdə Qərbə Cənubi Qafqaz müstəvisində sərfəli hansısa nəticənin əldə edilməsinin yolu, Ermə­nistana siyasi sərmayə yatırmaqdan keçmir. Deməli, İrəvan Bakının şərtlərini qəbul etməyə razı salınmalıdır. 

Ə.RÜSTƏMOV
XQ

Siyasət