Makrondan narazılıq getdikcə artır

post-img

Fransızların 67 faizi onun problemlərin öhdəsindən gələ bilmədiyini düşünür

Fransa daxilində prezident Emmanuel Makro­nun fəaliyyətindən narazılıq getdikcə artır. “Verian-Epoka” sorğu şirkətinin ölkənin əsas qəzetlərindən olan “Le Figaro”nun sifarişi ilə keçirdiyi rəy sorğusunun nəticələri bunun nümunəsi hesab oluna bilər.

Sorğu nəticəsində məlum olub ki, E.Makronun hərəkətləri fransızların 67 faizi, o cümlədən, prezident fraksiyası­nın əsas potensial müttəfiqləri olan res­publikaçılar tərəfindən bəyənilmir. Qəzet yazır ki, Makronun ikinci dəfə prezident seçilməsindən 18 ay keçməsinə bax­mayaraq, o, hələ də fransızların etima­dını qazana bilməyib. Əhalinin 67 faizi Makronun onları narahat edən problem­ləri həll edə biləcəyinə inanmır. Qeyd olunur ki, Makron prezident çoxluğunu genişləndirmək baxımından heç kimə arxalana bilməz. Onun düşərgəsinin gü­vəndiyi əsas siyasi qüvvə – respublika­çılar prezidentin hərəkətlərini qətiyyən dəstəkləmirlər. Belə ki, respublikaçıların 66 faizi Makrona güvənmədiyini bildirib.

Əminliklə demək olar ki, rəy sor­ğusunun nəticəsi obyektiv reallığı əks etdirir. Makron prezidentliyi dövründə bir sıra uğursuz qərarlar qəbul edib və yanlış addımlar atıb. Onun qərarları Fransanın beynəlxalq aləmdə nüfuzu­nun və rolunun azalmasına səbəb olub. Hazırda Fransa dünya miqyasında qə­bul edilməyən tərəfdaşa çevrilib. Hal­buki, Fransa bir vaxtlar dünyada gedən proseslərdə mühüm rol oynayırdı. Ölkə İkinci Dünya müharibəsindən qalib ay­rılmışdı. Bu səbəbdən, onun beynəlxalq aləmdə mövqeləri də xeyli güclənmişdi. Fransa müharibənin başa çatmasından az sonra yaradılan BMT Təhlükəsizlik Şurasının beş daimi üzvündən biri se­çilmişdi. Böyük müstəmləkə ərazilərinə malik olan Fransa həm də bu səbəb­dən özünün iqtisadi qüdrətini də xeyli artırmışdı. Xüsusilə Fransa müqavimət hərəkatının lideri general Şarl de Qollun ölkəyə rəhbərlik etdiyi illərdə Fransanın dünya birliyində xüsusi çəkisi artmışdı. Lakin sonradan həmin yüksəliş tədricən çöküşlə əvəzləndi.

Fransada sonuncu görkəmli dövlət başçıları Fransua Mitteran və Jak Şirak oldu. 2000-ci illərdən başlayaraq ölkəyə rəhbərlik edən şəxslərin prezidentlik müddətinin yarısında keçirilən rəy sor­ğularında nüfuzlarını itirdikləri məlum olur. Bunun nəticəsidir ki, 2000-ci ildən etibarən ölkəyə rəhbərlik edənlərdən heç birinə ikinci müddətə prezident kür­süsünə əyləşmək nəsib olmayıb. Belə ki, Nikola Sarkozi 2012-ci ildə keçirilən seçkilərdə məğlub olub. Fransua Olland isə məğlubiyyətin labüd olduğunu gör­düyü üçün 2017-ci il seçkilərində iştirak etməyib. E.Makron 2022-ci ildə ikinci müddətə seçilsə də, onun prezidentiliyi Fransanın mövqelərinin itirilməsinə yol açıb.

Hələ aprel ayında açıqlanan digər bir sorğuda “Beşinci Respublika”da vətən­daşların əksəriyyətinin Makrona pis münasibət bəslədiyi məlum olmuşdu. Sorğunun nəticələrinə görə, fransızların 65 faizi dövlət başçısının imicini mənfi hesab etdiyini bildirmişdi. Qeyd olun­muşdu ki, respondentlərin yalnız 30 faizi Makrona müsbət münasibət bəsləyir. Həmçinin məlum olmuşdu ki, fransız­ların 16 faizi dövlət başçısı haqqında düşünərkən ilk emosiya kimi nifrət hissi keçirir. Digər 16 faiz hirs, 13 faiz ikrah və 9 faiz laqeydlik hiss edir.

Eyni zamanda, fransızların 55 faizi hesab edir ki, Fransada azadlıqların sə­viyyəsi xeyli aşağı düşüb və Makron ilk prezidentlik dövrü ilə müqayisədə daha avtoritar liderə çevrilib. Sorğunun nəti­cələrinə görə, respondentlərin 69 faizi dövlət başçısının ədalətli olmadığına və digər siyasi mövqeləri nəzərə almadığı­na əmin olduqlarını bildirmişdilər.

Ümumiyyətlə, Makronun prezident seçilməsinin qəribə tarixçəsi var. 2017-ci ildə fransızlar yaxşı və pis arasından deyil, pislə ən pis arasında seçim etmək məcburiyyətində qalmışdılar. Makron həmin il cəmi 23,86 faiz səs toplamaq­la birinci yeri tutaraq ikinci tura çıxmış­dı. Onun namizədliyini Respublikaçı və Sosialist partiyalarından olan namizəd­lər – Fransua Fiyon və Benua Hamon dəstəkləmişdilər. Seçkilərin ikinci turun­da Makron ifrat sağçıların lideri Marin Le Penlə rəqabət aparmış və ikiqat fərqlə qalib gələrək Fransa tarixinin ən gənc prezidenti olmuşdu. Müşahidəçilərin fik­rincə, birinci turda zəif nəticə göstərən Makronun ikinci turda belə inamlı qələ­bəsi seçicilərin Le Penin qalib gələcəyi halda Fransanı təhdid edən qeyri-sabit­lik qorxusu ilə izah olunurdu.

Makronun ikinci müddətə qatıldığı prezident seçkilərinin ilk turu 2022-ci il aprelin 10-da keçirilmişdi. Bu zaman heç bir namizəd mütləq səs çoxluğu əldə edə bilmədiyi üçün aprelin 24-nə ikinci tur təyin edilmişdi. İkinci turda ən çox səs toplayan namizədlər yenə Makron və Le Pen olmuşdu. Makron bu dəfə səsvermədə iştirak edənlərin 58,54 faizinin səsini qazanaraq dövlət başçısı kürsüsünü qoruyub saxlaya bilmişdi.

“Elabe” sosialoji xidmətinin 2023-cü ilin aprelində keçirdiyi sorğunun nəticələrinə görə, fransızların 69 faizi Makronun 2022-ci ildə yenidən prezi­dent seçilməsindən peşmandır. Bir il əv­vəl bu rəqəm 14 faiz az idi. Əhalinin 68 faizi Fransa prezidentinin hərəkətlərin­dən məyus olduğunu bildirib. Bu rəqəm “sarı jiletlilər”in genişmiqyaslı etirazları dövrünün səviyyəsinə yaxındır. Vətən­daşların yalnız 12 faizi Makronun işin­dən razılıq ifadə edib.

Makronun prezidentliyi dövründə Fransa tarixində “Sarı jiletlilər” hərəkatı yaşanıb. Bu, ölkədə 2018-ci ilin sonun­da meydana çıxan, aydın lideri olmayan kortəbii etiraz hərəkatıdır. Hərəkat aksi­ya iştirakçılarının üzvlərini müəyyən et­mək üçün geyindikləri sarı jiletlərə görə belə adlandırılıb. Əvvəlcə bu nümayiş­lərə səbəb prezidentin karbon yanaca­ğına, əsasən də dizelə vergini artırmaq niyyəti olub. İştirakçıların tələbləri daha sonra geniş spektrli digər sosial və iq­tisadi tələbləri əhatə edib. Hərəkat tez bir zamanda geniş vüsət alıb və bütün ölkəyə yayılıb. Makron 2018-ci il dekab­rın 10-da “sarı jiletlilər”in kütləvi etiraz­ları fonunda ölkədə iqtisadi və sosial sahədə fövqəladə vəziyyətin olduğunu bəyan edib. Həmin gün o, hökumətin bir sıra güzəştlərə gedəcəyini açıqlayıb. Ancaq buna baxmayaraq, “sarı jiletlilər” etirazları davam etdirmək qərarına gə­liblər. Hərəkat bu gün də ara-sıra Paris küçələrində aksiyalar keçirməkdədir.

Prezident Makronun dövründə Fran­sa xarici siyasətdə uğursuzluğa düçar olmaqdadır. Təsadüfi deyil ki, Paris Af­rikada nüfuz dairəsini Rusiyaya, Çinə təhvil verərək geri çəkilir. Müsəlman ölkələrinin bir çoxunda, o cümlədən, Şimali Afrika dövlətlərində Parisdən na­razılıq açıq ifadə olunmaqdadır. Fransız diplomatlar da prezidentin fəaliyyətin­dən narazıdırlar. “Le Figaro” qəzeti ya­zır ki, diplomatlar Makronun Yaxın Şərq siyasətindən məyusdurlar. Elə bu sə­bəbdən Yaxın Şərq və Afrika bölgəsində çalışan bir qrup səfir Makronun Yaxın Şərq siyasətindən təəssüfləndiklərini bil­dirmək üçün birgə müraciət imzalayaraq onu Fransa Xarici İşlər Nazirliyinə gön­dərib. Müraciəti 10 səfir imzalayıb.

Fransanın dünyada, xüsusən də İs­lam dininə etiqad edən ölkələrdə sürət­lə nüfuzdan düşməsinin bir səbəbi də Makronun yürütdüyü islamofob siyasət­lə bağlıdır. Fransada neokolonializmlə yanaşı, islamofobiya və irqi ayrı-seçkilik geniş vüsət alıb. Fransa cəmiyyətindəki Yaxın Şərq və Afrika mənşəli insanla­rın bir çoxu müxtəlif formada təzyiq və ayrı-seçkiliyə, irqçi hücumlara məruz qalırlar. Fransa qoşunlarının bu yaxın­larda Mali, Niger və Burkina-Fasodan çıxarılması onun Afrikadakı neokolonia­list, həmçinin islamofob siyasətinin nəti­cəsidir. Ümumiyyətlə, Makron prezident seçiləndən sonra Fransada xoşagəlməz halların sayı günü-gündən artmaqada­dır. Halbuki, Avropa İttifaqının aparıcı dövlətlərindən biri, milli devizi “Azadlıq, bərabərlik, qardaşlıq” olan Fransanın 68 milyon nəfərə yaxın əhalisinin 7-9 faizi İslam dininə etiqad edənlərdir. Fransa­da 5,7 milyondan çox müsəlman yaşa­yır. Bu, bütün Avropa ölkələri arasında ən yüksək göstəricidir. İslam dini tərəf­darlarının sayına və əhəmiyyətinə görə Fransada ikinci, böyümə sürəti baxı­mından isə birincidir. Ancaq E.Makron bu gerçəkliyi nəzərə almır və yürütdüyü siyasətində korrektələr etmək istəmir.

İndi isə Makronun öz ölkəsinin əha­lisi arasında da nüfuzunu sürətlə itirdiyi məlum olur. Fransa Prezidentinin bu cür narazılıq dalğası fonunda vəzifəsində sonadadək qalacağı suallar doğurur. Fransa tarixinə ən uğursuz, yarıtmaz idarəçilik illəri “bəxş edən” Makronun impiçmenti məsələsinin artıq daha çox insan tərəfindən gündəmə gətirilməsi bu mənada təsadüfi hesab olunmamalıdır.

Zaur MƏMMƏDOV, 
politoloq

Açıqlanan sorğunun nəticəsi fransızların dövlət başçısından razı olmadığını göstərir. Fransa Makron iqtidarının “sayəsində” Avropada in­san hüquq və azadlıqlarının kobud şəkildə pozulduğu ölkələr sırasında liderlik edir. Faktlar da bunu təs­diqləyir. Ölkə mediası, siyasətçilər, müxtəlif araşdırma mərkəzləri bu təhlükənin artdığını narahatlıqla ifa­də edirlər. Nəticə budur ki, Makron “Beşinci Respublika”nın tarixinə ən uğursuz idarəçi kimi düşüb.

Bundan əlavə, ölkədə miqrant­lara qarşı zorakılıq, antisemitizm halları güclənib. Nifrət zəminin­də cinayətlərin sayı artıb. Ölkənin müsəlman əhalisinə, Afrika əsilli vətəndaşlara, digər etnik və dini qruplara münasibətdə ayrı-seçki­lik halları kəskinləşib. İslam dini ilə bağlı qadağalar daha sərtdir. Hö­kumət baş verənlərdən nəticə çıxar­maq əvəzinə, qərəzli və birtərəfli mövqe ortaya qoyur. İrəvanı si­lahlandırmaq kimi riyakar siyasət yürüdən Makron iqtidarı regionda gərginliyin artmasına, Ermənistan­da revanşizmin güclənməsinə xid­mət edir. Ancaq onun ölkə daxilində siyasəti uğursuz olduğu kimi, xarici siyasəti, o cümlədən, Ermənistan–Azərbaycan münasibətlərində oy­nadığı destruktiv rol da uğursuzluğa məhkumdur.

Səxavət HƏMİD
XQ



Siyasət