Ermənistan prezidentinin “Ostap Benderliyi”

post-img

Xaçaturyanın qəzəbə tuşgəlmə səbəbləri

Baş nazir Nikol Paşinyanın kölgəsində qalan Ermənistan prezidenti Vaaqn Xaçaturyan ayda-ildə bir dəfə üzə çıxması ilə gündəm yaradıb. Əlbəttə, söhbət onun özünü mənfi tərzdə göstərməsindən gedir. Bu mənada Xaçaturyan prezident yox, “12 stul”un məşhur personajı Ostap Benderdir. Ostap Bender qəzetlərin onun atın altına düşüb əzilməsi barədə yazmasından qürrələnmişdi. Yəqin, erməni prezident də eyni hissləri keçirməkdədir - Ermənistanda media ondan yazır, ancaq həqarətlə.

***

Bəli, aydındır ki, erməni jurnalistlər sualları ilə Paşinyanın əlində oyuncağa çevrilmiş Xaçaturyanı çətinə salıblar. Ümumən, ikincinin erməni mediasında yayılmış ürkək açıqlamasında iki aspekt var. Birincisi, Qarabağ erməniləri və bölgənin artıq canını tapşırmış separatçı rejimi, ikincisi Qarabağın Azərbaycan ərazisi olması. 

Birinci aspektdən başlamazdan əvvəl bildirək ki, Azərbayca­nın Qarabağda bu il sentyabrın 19-da keçirdiyi lokal xarakterli uğurlu antiterror tədbirlərindən sonra orada illərlə qərarlaşmış separatçı rejim özünü buraxdığını elan etmişdi. Rejimin rəhbəri Samvel Şahramanyan bununla bağlı “fərman imzalamışdı”. Mə­lum olduğu kimi, bundan sonra Qarabağdan Ermənistana kütləvi köç başlamışdı. Onu da yada salaq ki, bir müddət əvvəl həmin S.Şahramanyan təzyiqlər qarşısında qalaraq, bildirmişdi ki, heç kəsin “Dağlıq Qarabağ Respublikasını” ləğv etmək hüququ yox­dur, çünki bu quruluş, guya, ümumxalq referendumu ilə yaradı­lıb. Söhbət 1991-ci ildə keçirilmiş və Qarabağın yalnız erməni sakinlərinin qatıldıqları saxta “referendum”dan gedir. 

Qeyd edək ki, “separatçıbaşı” bu fikirlərini bildirən zaman İrəvanda onun rəhbərlik etdiyi “quruluşa” ikiotaqlı mənzil-qərar­gah verilmişdi. Görünür, çoxları bu qərargahı dövlət aparatı kimi görürlərmiş. V.Xaçaturyana sual da məhz bundan qaynaqlanıb. Prezident isə bütün “ümidlərin” üstündən xətt çəkib və əslində, doğru olanı edib. Amma...

***

Hazırda Ermənistandakı bir sürü başıpozuq revanşist V.Xa­çaturyanı məlum açıqlamasına görə qınamaqdadır. Söhbət onun separatçı rejimin “dövlət institutlarının” fəaliyyət göstərməsinə ehtiyacın duyulmadığına dair fikirlərindən gedir: “Ermənistanda “Artsax” dövlət institutları fəaliyyət göstərəcək? Onlar nə edə­cəklər, hansı funksiyanı yerinə yetirəcəklər?. Ermənistan Res­publikası var, onun institutları fəaliyyət göstərir. Ermənistan “Art­sax” ermənilərinin hüquqlarını qoruyur”.

Ermənistanın Qarabağ ermənilərinin hüquqlarını necə qo­ruduğu aşkardır. Paşinyan administrasiyası onları alətə çevirib yaxşı pul qazanmaqla məşğuldur. Ölkəyə Qarabağın erməni əhalisinə yardım adı altında dünyanın müxtəlif yerlərindən külli miqdarda vəsait daxil olmaqdadır. Görünür, elə buna görə Pa­şinyan bir neçə gün öncəki canlı yayımında bildirmişdi ki, Qa­rabağ ermənilərinin bölgəyə qayıdışı qeyri-realdır. Kim o qədər valyuta axınından imtina edər ki? Demək çətindir ki, Nikol həmin axından ölkə prezidentinə də xırda-mırda nə isə verir, ya yox, amma ikinci də söylədikləri ilə erməni sakinlərin Qarabağa dö­nüşü məsələsini şübhələndirməkdədir. Halbuki, ona ünvanlan­mış sual kifayət qədər konkret məzmun daşımışdı: Ermənistan Respublikası “Artsax” sakinlərinin geri qayıtmalarına necə töhfə verir?” Hər ehtimala V.Xaçaturyanın cavabını da xatırladaq: “Bu, artıq müzakirə mərhələsindədir”.

Göründüyü kimi, Ermənistan prezidenti nə dediyini özü də bilmir. Heç şübhəsiz, barəsində danışdığı müzakirələrdən də xə­bərsizdir. Görünür, bu səbəbdən jurnalistlər sualları ilə onu bir qədər də çıxılmaz vəziyyətə salıblar. Nəticədə Xaçaturyan məc­bur olub, belə demək mümkünsə, paşinyanlıq etmək qərarına gəlib. Deyib ki, Ermənistan Qarabağı hələ 1991-ci ildə Azərbay­canın tərkib hissəsi kimi tanıyıb. Paşinyanlıqdan söz düşmüş­kən, Nikol da 44 günlük müharibədən sonra bu fikri bir dəfə dilə gətirmiş və gətirməyi ilə də tənqidlərə tuş gəlməyi bir olmuşdu. Opponentləri ona haqlı ritorik sual ünvanlamışdılar: Əgər 1991-ci ildə Ermənistan Azərbaycanın müstəqilliyini tanımışdısa, ölkə nə üçün Azərbaycanla iki müharibə aparmışdı? Elə indi də ermə­ni jurnalistlər V.Xaçaturyana, təxminən, eyni sualı ünvanlayıblar. Amma bir qədər fərqli tərzdə. Onlar ölkə prezidentindən nəyə görə Azərbaycanın otuz il müddətində Qarabağı almadığını so­ruşublar. Xaçaturyan isə suala əsl erməni kimi cavab verib. Təx­minən belə: Alaydılar, yəqin ala bilməyiblər. 

***

Qeyd edək ki, Ermənistan prezidentinin bu cavabı nəinki Er­mənistanın, bütövlükdə dünya erməniliyinin Qarabağ dirənişinin nə qədər saxta və mənasız olduğundan xəbər verməkdədir. Belə çıxır ki, bölgə ilə bağlı qurulmuş bütün ideoloji təbliğatlar sabun köpüyündən başqa bir şey deyilmiş. Ən əsası isə Xaçaturyanın bu tərzdə fikir bildirməsi, aşkar işğalçılıq mahiyyətinin yenidən təsdiqidir. Bəli, bir daha sübut olunur ki, Qarabağ Ermənistan üçün yalnız və yalnız ərazi iddiasına köklənmiş sərsəm avantü­radır. Mövcud durumda Xaçaturyanın yüksək dövlət rəsmisi kimi verdiyi cavab isə miskinlikdən başqa bir şey deyil. “Alaydılar, ala bilməyiblər” tipli yanaşma əclafcasına səslənmiş fikirdir. Əslin­də, Ermənistan prezidenti adını daşıyan şəxs özündə cəsarət tapmalı və həqiqəti deməli idi. O, etiraf etməli idi ki, ölkəsi otuz il ərzində böyük səhvə yol verib. 

Bu yerdə yada bir müddət əvvəl dünyasını dəyişmiş məşhur erməni hüquq müdafiəçisi Georgi Vanyanın fikirləri düşür. Ermə­nilərin azərbaycanlılarla dostluq şəraitində yaşamalarının fəal təbliğatını aparan Vanyan Qarabağ münaqişəsinə görə həm­vətənlərinin üzr istəməli olduğunu bildirirdi. Qeyd edək ki, o, belə pozitiv yanaşmasına görə ölkəsində təhqir və təqib edilirdi. Bu cür nalayiq rəftardan canını qurtarmağa çalışan Vanyan Gürcüs­tana köçmüşdü. Elə orada da vəfat etmişdi. Görünür, Xaçaturyan haqqında söz açdığımız hüquq müdafiəçisinin taleyini yaşamaq istəmədiyindən, özünü axmaq yerinə qoymağa üstünlük verib.

 

R.ƏVƏZ
XQ

Siyasət