Təhdid və hədələrə Bakıdan sərt mövqe görən Vaşinqton əvvəlki ampluasına qayıdır
Daxildə revanşist-daşnak erməni lobbiçilərin və ermənipərəst konqresmenlərin, kənarda Avropa İttifaqının və Fransanın fitvasına gedən ABŞ rəhbərliyinin Azərbaycanla güc və hədə-qorxu dili ilə danışmağın faydasız olduğunu başa düşdüyü anlaşılır.
ABŞ Dövlət Departamentinin rəhbəri Antoni Blinkenin Azərbaycan Prezidenti İlham Əliyevə telefon zəngi rəsmi Vaşinqtonun Bakı ilə münasibətlərinə korrektələr etmək niyyətindən xəbər verir. Bu da təsadüfi sayıla bilməz. Çünki 2023-cü il noyabrın 15-də ABŞ Dövlət katibinin köməkçisi Ceyms Obrayenin Nümayəndələr Palatasının Xarici işlər komitəsinin Avropa üzrə alt komitəsinin dinləmələrində ölkəmizin ünvanına səsləndirdiyi fikirlər qərəzli və həqiqətdən uzaq olduğu üçün Azərbaycan tərəfindən rədd edilmişdi. Telefon söhbəti zamanı bu faktı Antoni Blinkenin nəzərinə çatdıran İlham Əliyev onu da xüsusi olaraq vurğulayıb ki, ABŞ tərəfindən Azərbaycanla bağlı son bəyanatlar və atılan addımlar Azərbaycan–ABŞ münasibətlərinə ciddi zərər vurub.
Azərbaycana təzyiq faydasızdır
Dövlətimizin başçısı A.Blinkenə Azərbaycan XİN-in noyabrın 16-da Konqresdəki anti-Azərbaycan dinləmələri ilə bağlı açıqlama verdiyini xatırladaraq, bu müstəvidə rəsmi Bakının mövqeyini tam açıqlığı ilə Ağ ev rəsmisinin diqqətinə çatdırıb.
Məhz Azərbaycan XİN-in məlum bəyanatı, onun ardınca Bakının Ermənistan və Azərbaycan arasında sülh danışıqlarındaı ABŞ-ın vasitəçiliyindən imtinası supergücü tutduğu yanlış mövqedən geri çəkilməyə məcbur etdi. Bakı bununla həm də bir həqiqəti Vaşinqtonun nəzərinə çatdırmış oldu ki, heç kəs, heç bir qüvvə Azərbaycanla hədə və təzyiq dili ilə danışa bilməz. Bu aksiom Azərbaycanın Avropa İttifaqı, Fransa ilə münasibətlərində də öz təsdiqini tapıb. Yəqin Qərbin ermənipərəst dairələrinin qarşısında Bakının nümayiş etdirdiyi qətiyyət və prinsipiallıq, ədalətli mövqeyini sona qədər israrla müdafiə etmək bacarığı okeanın o tayındakıların da diqqətindən yayınmayıb.
İndi Ağ ev Azərbaycanla münasibətlərinə səbəb–nəticə əlaqələri, təsir–əks təsir mütənasibliyi kontekstdən çıxış edərək baxmağa məcbur oldu. Bəli, Blinkenin telefon zəngini Vaşinqtonun Bakı ilə təhdid və hədə dilində danışmağın səmərəsizliyini başa düşməsi kimi dəyərləndirmək olar. “Demokratiyanın beşiyi” sayılan supergücün bu niyyətində nə dərəcədə səmimi olduğu yaxın vaxtlarda üzə çıxacaq. Hər halda, Vaşinqtonun Ermənistanla bağlı Azərbaycana münasibətdə hərbi ritorikadan “diplomatik leksikona” keçid aldığı göz qabağındadır.
Tələb yox, xahiş qəbul olunur
ABŞ Senatı və Konqresinin bugünədək qəbul etdiyi qərarların Prezident tərəfindən təsdiqlənmədiyinə dair xeyli nümunə var. 15 noyabr dinləmələrində Konqresin alt komitəsinin Azərbaycana qarşı “Azadlığa dəstək Aktı”na 907-ci düzəlişin qüvvədə saxlanması qərarının da Ağ evdə təsdiqlənəcəyi artıq sual altına düşür. Necə ki, ABŞ-ın Azərbaycana münasibətdə yüksək səviyyəli ikitərəfli görüş və təmasları təxirə salması, “ikitərəfli münasibətlər əvvəlki kimi ola bilməz” xarakterli bəyanatını nəzərə alan Bakı bunu qarşı adekvat cavab vermişdi. Prezident İlham Əliyevlə telefon söhbətinin gedişində Dövlət katibi Antoni Blinken dövlətimizin başçısından ikitərəfli münasibətlərin normallaşdırılması məqsədilə dekabrda köməkçisi Ceyms Obrayenin Azərbaycana səfərinə icazə verilməsini xahiş edib. İlham Əliyev Blinkenin bu təklifi ilə bir şərtlə razılaşıb ki, həmin səfərdən sonra Konqresin Azərbaycanın yüksək çinli rəsmilərinin ABŞ-a səfərlərinə qoyulan əsassız qadağa aradan qaldırılsın. Dövlət katibi Prezidentimizin şərtini qəbul edib.
Yəni, bu jesti ilə İlham Əliyev Azərbaycanla bərabərhüquqlu tərəfdaş kimi davranan, diplomatik etiketə riayət edən hər bir ölkə ilə əməkdaşlığa hazır olduğunu növbəti dəfə nümayiş etdirmiş oldu. Yeri gəlmişkən, Konqresdəki dinləmələrdə Qarabağı tərk etmiş ermənilərlə bağlı ölkəmizin ünvanına heç bir fakta və sübuta söykənməyən ittihamlar səsləndirən həmin Ceyms Obrayen dünən keçirdiyi mətbuat konfransında “Hər iki tərəfin bir-biri ilə birbaşa və vasitəçilərlə danışıqlar aparması bizi ruhlandırır. Azərbaycan və Ermənistan arasında sülhə nail olmaq üçün real imkan görürük” – formasında “yumşalmış mövqe” nümayiş etdirib.
Kommunikasiyaların qarşılıqlı şəkildə açılması məsələsinə toxunan C.Obrayen bir az da irəli gedərək, Mərkəzi Asiyadan ticarət yolunun Azərbaycan və Ermənistandan Türkiyəyə keçərsə, bunun həmin marşrutun üzərində yerləşən bütün ölkələrin inkişafına əhəmiyyətli təkan olacağını söyləyib. Məlum telefon danışığına münasibətini bildirən Obrayen Vaşinqtonla Bakı arasında mövcud fikir ayrılıqları və Azərbaycanın ABŞ-dakı səfiri Xəzər İbrahimlə son görüşün məzmunu barədə açıqlama verməkdən yayınıb.
İrəvan yenə bəhanə axtarır
Kaliforniyada güclü erməni lobbisinin mövcudluğu, onun anti-Azərbaycan siyasətinə ölkənin qanunverici orqanlarında “züytutanların” olduğunu nəzərə almaqla deyə bilərik ki, ABŞ dövlətinin mövqeyini heç də Senat və Konqres ifadə etmir. Bu səlahiyyət və missiyanın Prezidentə və Dövlət Departamentinə məxsus olduğu hamıya bəllidir. İndiki məqamda Ağ evin parlamentin “günahını yumağa çalışması”, Azərbaycanla münasibətləri normallaşdırmaq cəhdləri başadüşüləndir. Axı, ABŞ-ın Cənubi Qafqazda strateji maraqları var. Ağ ev həmin maraqları reallaşdırmağın tək yolunun bölgədə güc və söz sahibi sayılan Azərbaycandan keçdiyinin artıq fərqindədir. Yəqin Vaşinqton isteblişmenti Qafqazın nə Yaxın Şərq, nə də Şərqi Avropa olmadığını da tam anlayıb.
İlham Əliyev Antoni Blinkenlə telefon söhbətində, həmçinin İrəvan və Bakı arasında birincinin günahı ucbatından dalana dirənmiş sülh danışıqlarına da toxunub. Azərbaycanın Ermənistanla ikitərəfli dialoqa açıq olduğunu söyləyən dövlətimizn başçısı qeyd edib ki, sülh müqaviləsinin mətni ilə bağlı Bakının 2023-cü il sentyabrın 11-də İrəvana təqdim etdiyi təklifləri Ermənistan tərəfi noyabrın 21-də cavablandırıb. Yəni, Ermənistanın cavabı yetmiş gün gecikdirməsi bir daha onu göstərir ki, qarşı tərəf sülh müqaviləsinin mətnindən danışıqlar prosesini uzatmaq üçün bəhanə kimi istifadə edir. “ABŞ Dövlət katibi Prezident İlham Əliyevin Azərbaycan və Ermənistan arasında davamlı və şərəfli sülh sazişi bağlamaq istəyini alqışlayıb. Dövlət katibi on illərlə uzanan münaqişənin həm azərbaycanlıların, həm də ermənilərin iztirabına səbəb olduğunu qeyd edib və sülhün regiona gətirəcəyi faydaları vurğulayıb”. ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller bu sözləri Bakı və Vaşinqton arasında telefon danışığını şərh edərkən söyləyib. Miller Dövlət katibinin telefon danışığında Azərbaycanla mövcud güclü əlaqələrin perspektivi ilə yanaşı, son zamanlar ikitərəfli münasibətlərdə narahatlıq doğuran məsələlərin də müzakirə olunduğunu qeyd edib.
Aydın məsələdir ki, Ağ ev rəsmisi bu zaman son vaxtlar ABŞ–Azərbaycan münasibətlərində müşahidə olunan gərginliyin əsas səbəbkarının və baiskarının məhz Ermənistan olduğunu deməyi “unudub”.
Cənubi Qafqaz böyük güclərin poliqonu deyil
Postsovet məkanında böyük oyunların ssenari müəllifi kimi çıxış etdiyi şübhə doğurmayan Ağ evin Azərbaycanla münasibətlərində səhnə arxasında saxlamağa çalışdığı ikiüzlü yanaşmasını nəzərdən qaçırmaq olmaz. Bu yanaşma bəzən Vaşinqtonun Türkiyə və Azərbaycan arasındakı dostluq və qardaşlıq əlaqələrinə münasibətində də özünü büruzə verir. Cənubi Qafqazı Rusiyanın və İranın təsir dairəsindən çıxarmağı, bölgədə özünün hegemonluğunu yaratmağı hədəfləyən ABŞ məqsədinə çatmaqdan ötrü Ermənistandan “mövsümi alət” kimi istifadə etməkdənsə, Azərbaycanla bərabər və faydalı tərəfdaşlıq əlaqələrinə malik olmanın vacibliyini anlamış kimi görünür. Amma bir faktı da unutmaq olmaz ki, Vaşinqton postsovet məkanı sayılan bölgəyə tək deyil, avropalı şərikləri, xüsusilə, NATO-dakı müttəfiqləri vasitəsilə daxil olmağa çalışır. Bu zaman Vaşinqton həm şimal, həm də cənub qonşuları ilə normal və balanslaşdırılmış siyasətə sadiq qalan Azərbaycanın mənafeyinə toxuna biləcək addımlardan yan keçməli olduğunu unutmamalıdır. NATO-çuların bölgəyə gəlişini isə nə Rusiya, nə də İran arzulayır. Məhz bu müstəvidə Bakının Vaşinqtonla münasibətlərində sonadək aydınlaşdırmağı vacib saydığı incə məqamlar var. Yaxın və uzaq ölkələrlə sülhə və əməkdaşlığa açıq Azərbaycan heç bir halda böyük güclərin Qarabağ kartından “münasibətlərə aydınlıq gətirmələri” üçün istifadə etmələrinə yol verməyəcək. Eləcə də, qitələrarası nəqliyyat və enerji habına çevrilmiş, yüz milyardlarla dollar qazancın dövr edəcəyi və həm də bununla supergücləri özünə cəlb edən Azərbaycan Cənubi Qafqazı daha bir hərbi qarşıdurmanın poliqonuna çevirmək istəyənlərin arzularını gözündə, niyyətlərini ürəklərində qoyacaq. Bundan ötrü Azərbaycanın gücü və iradəsi yetər. Elə Vaşinqtondan Bakıya edilən telefon zəngi bu gücün və iradənin etirafı kimi qəbul olunmalıdır.
Rasim MUSABƏYOV,
Milli Məclisin deputatı, politoloq
ABŞ-ın Azərbaycana qarşı səsləndirdiyi bəyanatlar, hədələr tamamilə məntiqsiz və mənasız idi. Kimlərinsə Azərbaycanı bu yolla özünə tabe etdirmək cəhdləri boşa çıxdı. Rəsmi Bakı birmənalı şəkildə dedi ki, əgər bizimlə normal münasibət saxlamaq niyyətin yoxdursa, super dövlət olmağına baxmayaraq, bizim də sənə ehtiyacımız yoxdur. Bu zaman anladılar ki, Azərbaycana hədələrlə, mənasız qərarlarla təsir göstərmək qeyri-mümkündür. Açığı, Vaşinqtonun bu bölgədə maraqları heç də Ermənistanla deyil, Azərbaycanla bağlıdır. Bəli, Ağ ev İrəvandan Bakıya qarşı alət kimi istifadədə maraqlıdır. Burada Avropa İttifaqı, Rusiya amilləri də var. Azərbaycan, sadəcə olaraq, bu vasitəni darmadağın etdi. Daha ondan Bakıya qarşı istifadə etmək səmərəsizdir. Deməli, reallıq Vaşinqtona özünün Cənubi Qafqaz siyasətinə korrektələr etməsini şərtləndirir. Yəni, Azərbaycanla münasibətləri dialoqdan hədə müstəvisinə keçirməməlisən.
Antoni Blinken praqmatik siyasətçidir. Anladı ki, erməni lobbiçilərin könlünü almaqdan ötrü qırmızı xətti keçiblər. ABŞ-dakı ermənilərin, eləcə də ermənipərəst konqresmenlərin xoşuna gəlmək üçün atdığı addımı indi minimuma endirməyə, Bakı ilə kommunikasiyanı saxlamağa çalışır. Blinkenin İlham Əliyevə zəngi məhz buna hesablanıb. Obrayen də Konqresdəki məlum çıxışından fərqli “mahnı oxuyur”. Ermənistan–Azərbaycan arasında ikitərəfli dialoqu alqışladığını bildirir. Axı Qarabağ erməniləri məhz İrəvanın yaramaz siyasəti nəticəsində bölgəni tərk etdilər. İddialarının əksinə olaraq, Bakının orada etnik təmizləmə aparmaq planı olmayıb. Bakı bununla həm də nümayiş etdirdi ki, bu bölgədə Azərbaycanla hesablaşmadan, sağlam və düzgün diplomatik münasibətlər qurmadan nəyəsə nail olmaq mümkün deyil.
Fikrət SADIXOV,
siyasi analitik
Antoni Blinkenin zəngi ona işarədir ki, Vaşinqtonda Cənubi Qafqazda böyük qüvvə kimi sülhün əldə olunmasının məhz Azərbaycandan asılı olduğunu başa düşüblər. Eyni zamanda, Ağ evdə əyləşənlər bununla Ermənistanı məcburiyyət qarşısında müdafiə etdiklərini boyunlarına almış olurlar. İndi belə bir mənzərə yarana bilər ki, Konqresin alt komitəsində Qarabağ məsələsinin müzakirəsi zamanı onlar öz mövqelərini bildirsələr də, Ağ evin gözlədiyi prioritetlər mövcuddur. Əslində, bunun həqiqətə nə dərəcədə uyğun olduğunu yaxın gələcək göstərəcək. İntəhası, bu, heç də o demək deyil ki, bir telefon zəngindən sonra Bakı Vaşinqtonun ayağına gedəcək. Yəni sülh danışıqlarının Virciniya platformasında iştirakını davam etdirəcək.
Əgər Konqres Azərbaycanın yüksək çinli məmurlarının ABŞ-a səfərlərinə qadağa qoyulması barədə qərar qəbul edirsə, əlbəttə ki, bu, dövlətimizin maraqları ilə daban-dabana ziddir. Azərbaycan bundan sonra da, heç nəyə baxmayaraq, özünün maraqları çərçivəsində hərəkət edəcək. Düşünürəm ki, cənab Blinken Bakının bununla bağlı mövqeyini Azərbaycanın rəhbərinin dilindən eşidib. Təbiidir ki, Ağ ev rəsmisi də bundan düzgün nəticə çıxarmalıdır.
İmran BƏDİRXANLI
XQ