Azərbaycan Ordusunun sentyabrın 19-20-də Qarabağ iqtisadi rayonunun bütün ərazisində dövlət suverenliyini bərqərar etmək məqsədilə beynəlxalq hüquqa uyğun olaraq keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən sonra erməni əhalinin könüllü şəkildə Ermənistana getməsi hazırda ermənipərəstlərin əlində ölkəmizə qarşı əsas “arqument”ə çevrilib. Onlar utanıb-qızarmadan bunu “etnik təmizləmə”, “məcburi köçürülmə” və sair adlarla qələmə verirlər.
Halbuki, birincisi, Azərbaycan antiterror tədbirlərini məcburiyyət qarşısında qalaraq keçirməli olmuşdu. Hadisələrin xronoloji ardıcıllığını izləyənlər bunu bilirlər. İkincisi isə tədbirlər beynəlxalq hüquqa və beynəlxalq humanitar hüquqa tam uyğun həyata keçirilib. Bu zaman mülki şəxslər və infrastruktur obyektləri hədəfə alınmayıb. Yeri gəlmişkən, Azərbaycan antiterror tədbirləri zamanı mülki əhalinin və obyektlərin zərər çəkməməsi məsələsində də dünyaya nümunə göstərib.
Hazırda da davam edən Rusiya–Ukrayna müharibəsinin gedişi zamanı şəhərlər xarabazara çevrilir, bütöv yaşayış məskənləri Yer üzündən silinir. Yaxud İsraillə HƏMAS arasındakı döyüşlər zamanı hündürmərtəbəli yaşayış binaları raket zərbələri ilə yerlə-yeksan edilir. Bu zaman əsasən mülki insanlar – qadınlar, uşaqlar və qocalar həyatlarını itirirlər.
Zənnimizcə, bu məqamda Prezident İlham Əliyevin fikirlərindən iqtibas gətirmək yerinə düşər. Noyabrın 20-də İraq Prezidenti Əbdüllətif Camal Rəşidlə görüşdən sonra mətbuata verdiyi bəyanatda dövlətimizin başçısı deyib: “Bizim səbrimiz bu ilin sentyabrında tükəndi və biz beynəlxalq hüquqa tam riayət edərək öz suveren ərazimizdə antiterror tədbirləri apardıq. Bu tədbirlər 24 saatdan az davam etdi və mülki əhali arasında itkilər olmadı. Düşünürəm ki, indi Yaxın Şərqdə müşahidə etdiklərimizə münasibətdə bu antiterror tədbirləri mülki əhali arasında hərbi əməliyyatları itkisiz necə aparmaq lazımdır nöqteyi-nəzərdən bir örnək hesab olunmalıdır”.
Maraqlıdır ki, Qarabağdan köçən ermənilər özləri də Ermənistanın media qurumlarına bölgəni könüllü tərk etdiklərini bildiriblər. Onların açıqlamaları ermənipərəst dairələrə verilən ən tutarlı cavab hesab oluna bilər. Məsələn, “Azadlıq Radiosu”nun erməni xidmətinin (“Radio Azatutyun”) hazırladığı “Azərbaycanlılar bizi saxladıb deyirdilər ki, getməyin, qalın!” sərlövhəli reportajda dörd uşaq anası Məryəm Şekyan deyib ki, azərbaycanlılar “Laçın” sərhəd nəzarət-buraxılış məntəqəsində onları maşından düşürüb dilə tuturdular ki, getməyin: “Bizi saxladıb deyirdilər ki, hara tələsirsiniz, getməyin, qalın, inteqrasiya edin. Sizə dəyməyəcəyik. Biz onlara cavab vermirdik, sadəcə, tez bir zamanda həmin məntəqədən keçib getmək istəyirdik. Onlara bir kəlmə belə demədik. Onlar da sənədlərimizə baxmadı. Sadəcə, maşınımızı yoxlayıb buraxdılar”.
Qarabağda yaşamış digər ermənilər də müsahibələrində oxşar fikirlər səsləndiriblər. Etiraf ediblər ki, Azərbaycan onların gedişini arzulamırdı. Eyni zamanda, bildiriblər ki, Bakı ən yüksək səviyyədə Qarabağın erməni sakinlərinə Azərbaycan vətəndaşlığını qəbul etməyi və orada qalmağı təklif edib. Həmin açıqlamaları dinlədikdə bu qənaət hasil olur: Azərbaycandan heç kim ermənilərə zülm etməyib, onları “etnik təmizləmə”yə məruz qoymayıb, məcburi köçkünə çevirməyib, indiki miskin həyatı yaşamağa məcbur etməyib. Əgər bunu edən olubsa, o da keçmiş separatçı xunta rejiminin “qlavar”ları və Ermənistandakı “Qarabağ klanı” olub. Atalar “yüz dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdır” – deyiblər. Ancaq xaricdəki anti-Azərbaycan dairələri “YouTube” videohostinqindəki etiraf videolarını görmək istəmirlər. Sözsüz ki, bu da onların qərəzli olmasından irəli gəlir. Qoy, onlar özlərini görməzliyə vursunlar. Biz də öz işimizi görərək, bəzi erməni sakinlərin müsahibələrindən çıxarışlar edib diqqətə çatdırırıq.
Qayane Ambarsumyan: “Biz Azərbaycan sərhəd buraxılış məntəqəsindən normal keçdik. Onlar bizə şirniyyat, çörək və su təklif edirdilər. Bizə çox humanist yanaşırdılar. Sentyabrın 25-də Xankəndi ətrafında yanacaqdoldurma məntəqəsində baş verən yanğın zamanı çox sayda həlak olanlar və yaralananlar oldu. Azərbaycanlı həkimlər onlara köməyə gəldilər. Xəsarət alanların bir çoxunu Şuşaya apardılar, qalanlarını Xankəndidə müalicə etdilər. Yanacaqdoldurma məntəqəsindəki yanğını məhz azərbaycanlı yanğınsöndürənlər söndürdülər. Siz soruşursunuz ki, bütün baş verənlərdə kim təqsirkardır. Əlbəttə, bizim hakimiyyət. Bu gün biz onların təqsiri ucbatından əziyyət çəkirik. Qarabağ erməniləri qaraçı taboruna çevrilib”.
Arevik Yervandyan bildirib ki, Qarabağda qalan və Azərbaycana reinteqrasiya etmək istəyən ermənilər var. Ancaq onların sayı azdır: “Bunlar əsasən yaşlı insanlardır. Onlar bildirirlər ki, getməyə yerləri yoxdur”.
Lilit Manukyan isə deyib: “Azərbaycan hərbçiləri bizdən soruşurdular ki, Qarabağı niyə tərk edirsiniz? Onlar bildirirdilər ki, hər şey yaxşı olacaq. Sonra yenə soruşurdular ki, kimsə sizi getməyə məcbur edir? Onlar tərəfdən hər hansı istehza hiss etmirdik. Bizə yaxşı münasibət bəsləyirdilər. Onların suallarına nə cavab verəcəyimizi bilmirdik”.
Şamiram Arakelyan Qarabağa qayıtmaq istəyini bu sözlərlə ifadə edib: “Orada qalmağı çox istərdim. Əgər qayıtmağın və orada yaşayışı davam etdirməyin mümkün olduğunu desələr, əlbəttə, qayıdarıq. Həkəri körpüsündə Azərbaycan sərhədçiləri bildirirdilər ki, sizi buradan getməyə kimsə məcbur edir? Biz bildirirdik ki, yox. Deyirdilər ki, bəs nə üçün gedirsiniz? Bizim erməni xalqı ilə heç bir problemimiz yoxdur. Əvvəllər biz azərbaycanlılarla bir yerdə yaşayırdıq və heç bir problemimiz yox idi. Bilmirəm yenidən birgə yaşamaq alınacaqmı? Baxaq, görək nə olacaq”.
Diqqətə çatdırdığımız bu açıqlamalardan da göründüyü kimi, ermənilər Qarabağı öz xoşları ilə tərk ediblər. Onlar yenidən qayıdış arzusunda olduqlarını da gizlətmirlər. Artıq Qarabağ erməniləri ilə yerli ermənilər arasında münasibətlərin yumşaq desək, hamar olmadığı barədə məlumatlar yayılmaqdadır. Xüsusilə Qarabağdan könüllü köçən ermənilərin uşaqları Ermənistanda məktəblərdə kütləvi şəkildə bullinqə (UNİCEF bullinqi uşaqların incidilməsinə səbəb olan ixtiyari və təkrar olaraq törədilmiş aqressiv davranış kimi tövsif edib – S.H.) məruz qalırlar. Hüquq müdafiəçisi, Ermənistanın sabiq ombudsmanı Larisa Alaverdyan “Sputnik Ermənistan”a müsahibəsində deyib ki, qarabağlı uşaqlara qarşı zorakılığın səbəblərindən biri də dövlətin siyasi mövqeyi və ölkə vətəndaşlarının ailələrində formalaşmış stereotiplərdir.
L.Alaverdyan qeyd edib ki, bullinq dünyanın heç bir yerində qəbul edilmir. Lakin elm və təhsil naziri Janna Andreasyanın məsələyə münasibəti təəccüb doğurur: “Nazir məktəblərdə zorakılıq təzahürlərini istisna etmədiyini deyəndə, o, buna dözmək lazım olduğunu göstərdimi? Halbuki, Andreasyan Qarabağdan olan uşaqlara qarşı zorakılıqları dərhal pisləməli idi”.
Sabiq ombudsmanın sözlərinə görə, bullinqin bir təzahür kimi kökündən kəsilməsi üçün Qarabağdan olan həmyaşıdlarına qınaqla yanaşan uşaqlarla söhbətlər aparılmalı, izahat işləri görülməlidir.
Qeyd edək ki, Ermənistan hökumətinin noyabrın 23-də keçirilən iclasında ölkə məktəblərində Qarabağdan gəlmiş uşaqlara qarşı bullinqin təzahürlərinin olduğu qeyd edilib. Problemi daha əvvəl keçirilmiş tədbirdə dəvət edilmiş uşaqlardan biri qabardıb. Azyaşlını 1989-cu il noyabrın 20-də BMT-nin Uşaq Hüquqları Konvensiyasının qəbul edilməsinin ildönümü münasibətilə keçirilən tədbirə dəvət ediblər. Onun bullinqlə bağlı sualına cavab olaraq elm və təhsil naziri Janna Andreasyan məktəblərdə zorakılığın baş verməsini və belə halların aşkarlanmasının çox çətin olduğunu istisna etməyib.
Göründüyü kimi, ötən əsrin 80-ci illərinin sonlarında öz dövlətlərinə qarşı çıxan, separatizm, xəyanət yolu tutan Qarabağ erməniləri hazırda, necə deyərlər, öz əkdiklərini biçməkdədirlər. Onları qızışdıran, xəyanətə sövq edən “Qarabağ klanı” üzvlərinə heç nə olmadı. Nə oldusa, sadə ermənilərə oldu. Bu miskinlikdən nə vaxt yaxa qurtaracaqları isə onların özlərindən asılıdır. Azərbaycan dövlətinin mövqeyi və siyasi iradəsi ortadadır. Onun nədən ibarət olduğunu isə Qarabağ erməniləri çox yaxşı bilirlər.
Rizvan HÜSEYNOV,
siyasi şərhçi
– Azərbaycan antiterror tədbirləri zamanı mülki şəxslərə çox böyük həssaslıqla yanaşırdı. Təşviş yaradan və Qarabağ ermənilərini köçməyə məcbur edən elə Ermənistan tərəfi özü və onun arxasında dayanan qərbli tərəfdaşları – Fransa və ABŞ idi. Burada bir neçə məqsəd güdülürdü. Sözsüz ki, bunlardan biri Qərbin sonradan Azərbaycanı suçlamaq üçün bəhanə əldə etmək istəyi idi. İkincisi, Qarabağ ermənilərinin məcburən köçürülməsi Rusiya sülhməramlı missiyasının çökməsi anlamına gəlirdi. Əgər Qarabağda ermənilər yoxdursa, rus sülhməramlı missiyasının mənası itir. Faktiki olaraq Rusiya sıxışdırılaraq regiondan çıxarılır. Bu da Qərbin işinə yarayır. Bunun ardınca Fransa və ABŞ tərəfdən gedən rus sülhməramlılarının ardınca Qərb kontingenti – BMT-nin “mavi dəbilqəlilər”i Qarabağa girsin. Yəni, burada siyasi məqsədlər var. Sözsüz ki, Azərbaycan buna imkan verməyəcək.
Qarabağ erməniləri isə bu siyasi oyunlarda qurbana çevrildilər. Onlar Ermənistanda heç kimə lazım deyillər. 1990-cı illərdə Azərbaycandan köç edən ermənilərin əksəriyyəti Ermənistanda qalmadı. Üçüncü ölkələrə köçüb getdilər. Həmin aqibət də Qarabağ erməniləri üçün hazırlanıb. Deyilənə görə, artıq onların 20 faizi Ermənistanı tərk edib. Onların sayı hər gün artır. Nəticə etibarilə Qarabağ ermənilərinin əksəriyyəti Rusiyanın cənubuna, Qara dəniz bölgəsinə köçüb gedəcək. Bu gün Qarabağ ermənilərinin başlarına gələnlər bəzi Qərb ölkələrinin çirkin oyunlarının nəticəsidir.
Səxavət HƏMİD
XQ