“Qərbin diktəsi” İrəvanı sülh prosesindən yayındırır

post-img

İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan Cənubi Qafqazda sülh və əməkdaşlığı təşviq etdiyi halda, Ermənistan regionu müxtəlif güclərin geosiyasi qarşıdurma meydanına çevirmək yolunu tutur. Ermənistanın destruktiv mövqedən çıxış etməsi, həlledici qərarlar qəbul etmək məqamında lazımi siyasi iradə göstərə bilməməsi, əslində, bizim üçün heç də yenilik deyil.

İrəvanın danışıqlar prosesini son üç ildə imitasiya xatirinə davam et­dirməsi Azərbaycan Ordusunun bu il sentyabrın 19-20-də lokal antiterror tədbirlərinə başlamasına, Qarabağdakı xunta rejiminin özünü buraxmağa məc­bur edilməsinə və Ermənistanın tam hərbi-siyasi məğlubiyyətinə gətirib çıxa­rıb. Lokal antiterror tədbirlərindən son­ra regionda formalaşan yeni geosiyasi reallıq hazırda beynəlxalq ictimaiyyət tərəfindən qəbul olunur. Qarabağdakı xunta rejiminin süqutu fonunda işğalçı­lıq planları tam iflasa uğrayan Hayas­tan erməniəsilli şəxslərin Qarabağdan könüllü köçü ətrafında qaldırdığı saxta kampaniya da faktiki olaraq nəticəsiz qalıb.

Proseslərin Azərbaycanın xeyrinə işlədiyini yaxşı başa düşən Ermənistan sülh danışıqlarını “tormozlamaq” yolu­nu seçib. Bunun əsas səbəblərindən biri də Hayastanın Rusiya və Qərb ara­sında tədricən geosiyasi rəqabət mey­danına çevrilməsidir. Xüsusilə Fransa və ABŞ Cənubi Qafqazda sülhün tez bir zamanda bərqərar olmasını Rusiyanın maraqlarına cavab verən proses kimi dəyərləndirir, buna mane olmaq üçün İrəvana təsirlərini gücləndirməyə çalı­şırlar.

ABŞ və Fransa 30 ilə yaxın müddət­də ATƏT-in Minsk qrupuna həmsədrlik edən ölkələr kimi, Ermənistanın işğal­çılıq siyasətinə son qoyulması, bey­nəlxalq hüquq normalarının, haqqın-ə­dalətin bərpası istiqamətində real addım atmayıblar, əksinə, “status-kvo”­nun olmasına cəhd ediblər. 

Onu da xüsusi olaraq vurğulamaq lazımdır ki, bu dövlətlər İkinci Qarabağ müharibəsindən, eləcə də lokal antiter­ror tədbirlərindən sonra regionda for­malaşan yeni geosiyasi reallıqları həzm edə bilmirlər. Azərbaycanın 30 ildən çox davam edən münaqişəyə və işğal faktına birdəfəlik son qoyması, region­da sülh gündəliyini diktə etməsi Ermə­nistanın himayədarlarını ciddi narahat edir. Azərbaycan və Ermənistanın ara­sında “vasitəçi” roluna iddialı olan ABŞ və Fransanın beynəlxalq hüququn nor­malarından və indiyədək əldə olunmuş razılaşmalardan çıxış etməmələri, tərəf tutmaları tamamilə yolverilməzdir.

ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O'Braynın noyabrın 15-də Nü­mayəndələr Palatasının Xarici İşlər Ko­mitəsinin Avropa üzrə altkomitəsində keçirilən dinləmələr zamanı ölkəmiz əleyhinə səsləndirdiyi qərəzli fikirlər, eləcə də Fransanın iftira kampaniyasını son aylarda daha da genişləndirməsi, Ermənistana silah satması Vaşinqton və Parisin Cənubi Qafqazdakı pro­seslərə obyektiv mövqedən yanaşma­dıqlarını göstərir. ABŞ rəsmisi Ceyms O'Braynın qondarma “Dağlıq Qarabağ” ifadəsindən istifadə etməsi isə təkcə er­məni separatizminə dəstək deyil, eyni zamanda, Azərbaycanın ərazi bütövlü­yünə, suverenliyinə açıq-aşkar hörmət­sizlikdir.

ABŞ Konqresinin yuxarı palatasının noyabrın 16-da Azərbaycana yardımla bağlı səlahiyyətlərdən imtinanı nəzərdə tutan qanun layihəsini təsdiqləməsi də təəssüf doğurur. Bu layihə ilə ABŞ Pre­zidentinin Azərbaycana münasibətdə 907-ci düzəlişi dayandırmaq səlahiyyə­tinə son qoyulub. Qeyd edilənlər göstə­rir ki, ABŞ-ın Cənubi Qafqazda sülhdə maraqlı olması ilə bağlı bəyanatları qeyri-səmimidir.

Görünür, həm ABŞ, həm də Fransa regionda siyasi-hərbi gərginliyi yenidən alovlandırmaq istəyi ilə Ermənistana təsir imkanlarını genişləndirməyə, onu Rusiyaya qarşı yeni demarşlara təhrik etməyə çalışırlar. Ermənistanın ye­kun sülh sazişi imzalaması, regional əməkdaşlıq təşəbbüslərinə qoşulması, Türkiyə və Azərbaycanla münasibətlə­rini normallaşdırılması həmin ölkələrin regiondakı məkrli maraqlarına cavab vermir. Çünki Vaşinqton və Paris Er­mənistanın hazırkı miskin durumundan sui-istifadə etməklə, bu ölkə vasitəsilə Cənubi Qafqazda nüfuz imkanlar əldə etməyə çalışırlar. Rəsmi İrəvanın son bir ildə Rusiyanın vasitəçiliyi ilə aparılan danışıqlardan imtina etməsinin əsasın­da da məhz bu amil dayanır.

Bu gün ABŞ Administrasiyasının Cənubi Qafqazdakı proseslərə müna­sibəti Fransadan o qədər də fərqlən­mir. ABŞ və Fransa rəsmilərinin qərəz püskürən ritorikası fonunda bu ölkələrin vasitəçiliyinin obyektiv və səmərəli ola­cağı da ciddi şübhələr doğurur. Rəsmi Bakının Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin noyabrın 20-də Vaşinqtonda keçirilməsi planlaşdırılan görüşdən imtina etməsi bu baxımdan kifayət qədər əsaslı addım olub. Azər­baycan bu qətiyyətli diplomatik gedişi ilə ABŞ-a, Fransaya ölkəmizlə təhdid dilində danışmaq cəhdlərinin qəbuledil­məz olduğunu göstərib, Cənubi Qafqaz regionunu geosiyasi rəqabət və qarşı­durma meydanına çevirmək planlarına qarşı etirazını ifadə edib.

Bakı ilə yekun sülh müqaviləsini imzalamaqdan müxtəlif bəhanələrlə ya­yınması, ölkəmizə qarşı absurd iddiala­rından əl çəkməməsi bu gün İrəvanın əleyhinə işləyir, onu ABŞ və Fransanın əlində alətə çevirir.

Qarabağdakı xunta rejiminin ləğvi, eləcə də İran ərazisindən keçməklə, Naxçıvanla Azərbaycanın əsas hissə­sini birləşdirəcək yeni dəmir və nəqliy­yat yollarının çəkilməsi barədə rəsmi Tehranla əldə olunmuş razılaşmalar fonunda Ermənistanın kənar təsir al­tına düşərək, yekun sülh sazişindən yayınması tamamilə absurd addımdır. Əksinə, indiki halda Azərbaycanla sül­hün əldə edilməsi, regionda sabitliyin təmini, Türkiyə ilə əlaqələrin bərpası, kommunikasiya əlaqələrinin yaradılma­sı Ermənistanı üzləşdiyi təcrid və dalan ölkə vəziyyətindən xilas edə bilər. Odur ki, İrəvan gec olmadan ABŞ və Fransa­nın diktəsi ilə davranmağın onun üçün hansı acı və fəlakətli nəticələrə səbəb olacağını düzgün qiymətləndirməlidir.

İsaxan VƏLİYEV,
Prezident yanında Dövlət İdarəçilik Akademiyasının
hüquq kafedrasının müdiri, professor

Siyasət