1993-cü il iyulun 7-də Xankəndidən 62 kilometr şimalda yerləşən keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin tərkibində beş inzibati rayondan biri olan və 1705 kvadratkilometrlik əraziyə malik Ağdərə rayonu Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildi.
İşğala qədər Ağdərənin 14 kəndində (Sırxavənd, Bəşirlər, Qaraşlar, Qaralar, Baş Güneypəyə, Orta Güney, Xatınbəyli, Manikli, Tellibinə, Narınclar, Çərəktar, İmarət-Qərvənd, Umudlu, Yeni Qaralar) və Gəncxana sovxoz qəsəbəsində 14 mindən çox azərbaycanlı yaşayıb.
İşğal altında olan dövrdə rayonun kəndləri Ağdam, Kəlbəcər, Tərtər rayonlarının inzibati tərkibində olub. Ağdərənin rayon tipli iki qəsəbəsi, 57 kəndi, 67 klubu, 51 kitabxanası, 30 orta məktəbi, 7 xəstəxanası, 1 texniki peşə məktəbi düşmən əsarətində saxlanılıb.
Əsasən dağlıq, şərq hissəsi isə düzənliklərdən ibarət olan rayon faydalı qazıntılarla – polimetal yatağı, əhəngdaşı və gipslə zəngindir. Ağdərə mühüm kənd təsərrüfatı rayonlarından idi, iqtisadiyyatında üzümçülük, taxılçılıq, tütünçülük və heyvandarlıq əsas yer tuturdu. Tərtər çayı dərəsi boyunca Azərbaycanın yuxarı və aşağı Qarabağını birləşdirən avtomobil yolları var idi.
Ağdərənin tarixi memarlıq abidələri və qədim körpüləri, müqəddəs ziyarətgahı Ulduztəpə piri də düşmən tapdağında qalmışdı. Memarlıq abidələrindən Vəngli kəndindəki məşhur Gəncəsər alban məbədi, Kolatağ kəndində müqəddəs İako məbədi (635-ci il), Talış kəndi yaxınlığında Urek məbədi (XII əsr), Tərtər çayının yuxarı axarında məbəd (XIII əsr), Hatəm Məlik qalası və bir çox qədim məbədlər və tarixən salınmış körpülər, eləcə də bütün abidələr Ermənistan silahlı qüvvələri tərəfindən dağıdılıb və mənimsənilib.
Ermənistan Ağdərəni işğalda saxladığı dövrdə rayonun sərvətləri talan edərək beynəlxalq hüquqa zidd əməllər həyata keçirdi. Tərtər çayı üzərində salınmış Sərsəng su anbarı ilə əlaqədar yaranmış vəziyyətə görə ciddi narahatlıq Avropa Şurası Parlament Assambleyasının 2085 saylı qətnaməsində öz əksini tapdı. Həmin qətnamədə qəsdən süni ekoloji böhranın yaradılması “ekoloji təcavüz” kimi qiymətləndirildi, Sərsəng bəndinin baxımsızlığının xeyli sayda insan itkisi və yeni humanitar böhranla müşayiət olunan fəlakətlə nəticələnə biləcəyi vurğulandı. Bu qətnamədə Ermənistan silahlı qüvvələrinin Sərsəng bölgəsindən dərhal geri çəkilməsi, Ermənistan hakimiyyətinin su ehtiyatlarından münaqişə tərəflərinin yalnız birinin xeyrinə siyasi təsir, yaxud təzyiq vasitəsi kimi istifadə etməsini dayandırması tələb edildi.
Bu il sentyabrın 20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində Ağdərə şəhəri separatçılardan təmizləndi. Prezident İlham Əliyev oktyabrın 15-də Ağdərə şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı. Dövlətimizin başçısı noyabrın 8-də Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi paraddakı çıxışında bununla bağlı dedi: “Oktyabrın 15-də Ağdərədə, Əsgəranda, Xocavənddə, Xocalıda və Xankəndidə mən Azərbaycan Bayrağını qaldırdım. Bundan böyük xoşbəxtlik ola bilməz–həm mənim üçün, həm sizin üçün, həm Azərbaycan xalqı üçün, həm də bütün dünya azərbaycanlıları üçün”. Beləliklə, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın suverenliyi tam şəkildə bərpa edildi.
Ağdərə rayonunun yenidən yaradılması ilə bağlı qanun layihəsi Milli Məclisin Regional məsələlər komitəsində müzakirəyə çıxarılıb. Qanun layihəsinə əsasən, inzibati ərazi vahidi kimi 1992-ci ildə ləğv olunan, ərazisi Kəlbəcər, Tərtər və Ağdam rayonları arasında bölüşdürülən Ağdərə rayonunun ərazisinin əvvəlki qaydada təşkil olunması, Suqovuşan qəsəbəsinin də yenidən Ağdərə rayonunun tərkibinə verilməsi və rayonun mərkəzi isə Ağdərə şəhəri olması qərara alınıb.
Layihədə Kəlbəcər rayonunun ərazisindən 735,84, Tərtər rayonundan 851,25, Ağdam rayonundan isə 73,74 kvadratkilometr sahənin Ağdərə rayonunun inzibati ərazisinə verilməsi təklif olunub.
XQ