Fəlsəfi-sinergetik təhlil
“Əsl lider konsensus axtaran deyil, onu yaradandır”
Martin Lüter Kinq
VII məqalə
VI məqalədə İlham Əliyev nümunəsində yeni liderlik sinerjisini dövlət tərbiyəsi kontekstində üç aspektin - substantiv (kadrlar), idarəetmə (siyasi, sosial, informasiya və s. institutlar) və funksional (cəmiyyətin müəyyən təbəqələrinin (stratların) toplum naminə fəaliyyət əmsalı), vəhdəti kimi təhlil etməyimizin konkret siyasi-strateji məqsədi vardı. Məsələ ondan ibarətdir ki, son 300 ildə cəmiyyətimiz Azərbaycan dövlətçiliyinin taleyi baxımından çox keşməkeşli bir mərhələni yaşamışdır. Azərbaycan XIX əsrdə siyasi-coğrafi ilə yanaşı, mənəvi-mədəni və ideoloji olaraq da parçalandı.
Ölkə ərazi olaraq iki yerə bölündü, onun qalıqları isə bir neçə xanlığa... Nəticədə Azərbaycan cəmiyyətinin coğrafi, siyasi, mədəni, mənəvi-əxlaqi və ideoloji aspektlərdə parçalanması daha da dərinləşdi. Prosesin digər cəhətləri üzərində dayanmadan dövlətçilik kontekstində bu gedişatın insanlarda müstəqil dövlət, özünəməxsus identikliyi olan cəmiyyət haqqında təhrif olunmuş psixoloji yaşantılar və siyasi təsəvvürlər formalaşdırmağa başladı. O cümlədən, kənardan cəmiyyətə müstəqil ola bilməmək kimi kölə “siyasi tərbiyəsi” aşılandı.
Bu kimi proseslər, ümumiyyətlə, istənilən toplumun taleyində çox mürəkkəb və ağır reallıqlar yaradır. O cümlədən, insanların dövlət tərbiyəsi pozulur. Azərbaycan XX əsrin əvvəllərində bu siyasi və psixoloji apatiyadan qurtulmaq cəhdini göstərdi. Lakin müxtəlif səbəblərdən Azərbaycan Demokratik Respublikası süqut etdirildi. Bununla cəmiyyətdə müstəqil dövlət qurmağa layiq ola bilmək inamı yenidən söndü. Ulu öndər Heydər Əliyevin sovet dövründə həyata keçirdiyi sistemli və davamlı siyasət nəticəsində Mərkəzin razılığı olmadan belə, azərbaycanlılar azərbaycanlı olmaq haqqında mənəvi-əxlaqi, mədəni və ideoloji təsəvvürləri qoruya bildilər. Heydər Əlıyev idarəetmədə də konkret addımlarla kadrların Azərbaycana xidmət etməli olduğu məsuliyyətini və duyğusunu aşılaya bildi. Bu mənada Ulu öndər kadrları məharətlə, sözün əsl mənasında azərbaycanlılaşdırdı.
Müstəqilliyin ilk illərində naşı rəhbərlik yenidən cəmiyyəti sosial, siyasi, mənəvi və ideoloji apatiyaya sürüklədi. Heydər Əliyev xalqın təkidli dəvəti ilə hakimiyyətə yenidən gələnədək cəmiyyətdə siyasi absenteizm (siyasi proseslərə, seçkilərə laqeydlik) xeyli yüksəldi. Onun əlamətlərinin mərkəzində bütövlükdə insanların dövlətçiliyə laqeydliyi dayanırdı. Mənəvi, siyasi və ideoloji kontekstdə bu, dövlət tərbiyəsinin hiss olunacaq dərəcədə zəifləməsi demək idi ki, vətəndaş dövlət marağını şəxsi marağından aşağı görürdü.
Tarixi təcrübə göstərir ki, dünyada dövlətçilik şüurunun zəif olduğu və bu mənada vətəndaşın dövlət tərbiyəsinin aşağı olduğu şəraitdə dayanıqlı müstəqil dövlət qurmaq mümkün deyildir. Ulu öndər bu mənfi tendensiyanı nəinki dayandırdı və hətta qısa müddətdə absenteizmin bütövlükdə kökünü kəsdi. Bunun əsas gəstəricisi, 1993-cü il Prezident seçkisində cəmiyyətin böyük fəallığı və Heydər Əliyevə inam nümayiş etdirməsi idi. Həmin dövrü araşdıran politoloqlar və sosioloqlar mövcud məqamı xüsusi vurğulayırlar.
Beləliklə, XXI əsrin astanasında aydın idi ki, cəmiyyətdə dövlətçilik şüurunu bütün aspektlərdə və incəliklərində yeni səviyyəyə yüksəltmək prosesi kəsintisiz davam etməlidir. Bunun ən səmərəli yolu isə dövlət başçısı və liderinin şəxsi nümunəsində yüksək keyfiyyətlər nümayiş etdirməklə, bütövlükdə topluma nümunə olmasıdır. İlham Əliyev məharətlə özündə dövlətçilik şüurunu və onun mühüm komponenti kimi dövlət tərbiyəsini ehtiva edən yeni liderlik nümunəsini yaratdı. Həmin nümunənin əsas faktorlarından biri isə yeni liderliyin yuxarıda vurğuladığımız mənada siyasi sinerjisidir!
Beləliklə, İlham Əliyev Prezident və lider kimi müstəqil dövlətçilik baxımından tarixi olan bir missiyanı yerinə yetirmək məsuliyyətini üzərinə götürdü. Konkret olaraq, Prezident yeni liderliyin (və onun siyasi sinerjisinin) nəzəri-konseptual modelini (obrazını) yaratmalı, həm də praktiki olaraq onu reallaşdırmalı idi. Bu vəziyyət keçən əsrin 90-cı illərinin əvvəllərində Ulu öndərin xilaskarlıq, quruculuq və birləşdiricilik aspektlərini nəzəri və praktiki olaraq paralel aparmaq missiyası ilə müəyyən xüsusiyyətlərdə oxşarlıq təşkil edir).
İlham Əliyev Avrasiya məkanında dövlət başçısı olmaqla yeni liderliyi sintez edə bilən nümunə yaratmalı idi. Yeni liderliyin siyasi sinerjisi bizim üçün məhz həmin kontekstdə fəlsəfi və politoloji dəyər kəsb edir. Həmin istiqamətdə də yeni liderliyin siyasi sinerjisini bütöv ifadə edən (bu mənada onu təmsil edən, əyaniləşdirən) konkret proqramlar üzərində dayanaq. Onlar birlikdə bu liderliyin siyasi sinerjisini substantiv, idarəetmə və funksional aspektlərin vəhdəti kimi xarakterizə edirlər. VI məqalədə vurğuladığımız kimi bu, İlham Əliyevin praktiki fəaliyyətdə strateji zəka qabiliyyəti ilə yüksək şəxsi keyfiyyətlərinin vəhdətinə əsaslanır.
Konkret proqramlar və onların nəticələrinin cəmiyyətdə yaratdığı müxtəlif xarakterli dəyərlər (siyasi, mədəni, ideoloji, aksioloji, mənəvi-əxlaqi, geosiyasi və s.) nümunəsində yeni liderliyin siyasi sinerjisinin yuxarıda vurğulanan aspektlərdə ayrı-ayrı təzahürlərini aydınlaşdıra bilərik.
Məsələnin fəlsəfi və politoloji tərəfi çoxaspektli olduğundan biz yalnız bir sıra məqamlar üzərində dayanaq. Bu baxımdan Prezident İlham Əliyevin son 20 ildə cəmiyyətlə ünsiyyətində siyasi-diplomatik məharətlə yeni dəyərləri topluma aşılaya bilməsi aktualdır. Çünki bu faktorda həm dövlət quruculuğunun konkret aspekti mövcuddur, həm dövlət tərbiyəsinin siyasi-ideoloji komponenti vardır, həm də belə incə məqamların praktiki reallaşan proqramlarda ifadə özəlliyi olduqca maraqlıdır.
Onların sırasında İlham Əliyevin vətəndaşların siyasi laqeydliyini (absenteizm) tamamilə aradan qaldıraraq, dövləti və toplumsal məsələlərdə vətəndaş aktivliyini XXI əsrin çağırışlarına adekvat təmin etməsi xüsusi yer tutur. Azərbaycan Prezidenti cəmiyyətlə ünsiyyətində vətəndaşlara verdiyi önəmi insan kapitalını mərkəzi faktor kimi seçərək davamlı inkişaf modelini reallaşdırmağın zərurətini konkret proqramları vasitəsi ilə anlatmışdır.
Biz həmin məsələyə enerji strategiyasına aid layihələr, idarəetmədə vitse-prezidentlik institutunun uğurla reallaşmasını təmin edən proqram, “dəmir yumruq” və “biz birlikdə güclüyük” kəlamlarının ifadə etdiyi həmrəylik və monolitlik proqramı, Azərbaycan siyasi mühitində demokratik sıçrayış effekti verən siyasi dialoq proqramı, ordu quruculuğunun strateji humanitarlığını və milli təhlükəsizliklə sıx əlaqəsini təmin edən proqram nümunəsində nəzər salacağıq. Bu zaman prosesin daxili məntiqinin və gedişat dinamikasının konkret istiqamətlər üzrə həyata keçirilən siyasi kurs olaraq fəlsəfi izah edilməsi başlıca məqsəd olacaqdır.
Cəmiyyət naminə enerji strategiyası
İlham Əliyev ölkənin neft strategiyasının cəmiyyət üçün faydalarını əks etdirən islahatları reallaşdırmışır. Bura sosial-mədəni, iqtisadi, nəqliyyat, energetik xarakterli layihələr daxildir. O cümlədən, regionların inkişafı proqramının ayrıca yeri vardır.
İlham Əliyev vurğulanan aspektlərdə çox mürəkkəb və çətin şərtlər daxilində Azərbaycanda enerji strategiyasını davamlı olaraq inkişaf etdirmişdir və onu tamamilə cəmiyyətin faydalanması istiqamətinə yönəltmişdir.
Xüsusilə, ətraf bölgələrdə geosiyasi, siyasi, təhlükəsizlik və iqtisadi-maliyyə böhranları kəskinləşəndə İlham Əliyev yeni liderlik keyfiyyətlərini həm ünsiyyətdə (siyasi-diplomatik fəaliyyətdə), həm də həyata keçirdiyi islahatlar proqramlarında nümayiş etdirmişdir. Filosoflar və politoloqların ünsiyyət qabiliyyətini hazırda uğurlu liderliyi xarakterizə edən faktorlar sırasında ilk yerə qoyurlar və onlar tam haqlıdırlar.
Çünki qlobal miqyasda beynəlxalq hüquq normalarına əməl olunmursa (güc faktoru önə çıxırsa) və xüsusilə beynəlxalq təhlükəsizliyin arxitekturası pozulursa, liderin şəxsi, iradi, psixoloji, kommunikativ, siyasi, mənəvi-əxlaqi keyfiyyətləri birinci sıraya yüksəlməlidir.
Bütün bunların fonunda İlham Əliyevin öz şəxsi ünsiyyət, siyasi-diplomatik imkanları sayəsində istənilən böhranlı situasiyada neft strategiyasını reallaşdıra bilməsinin nəzəri və praktiki əhəmiyyətini göstərir. Liderliyin sinerjisində bu məqam xüsusi yer tutur və motivəedici faktorlardan biri kimi qəbul edilir. Doğurdan da İlham Əliyevin neft strategiyasını Gürcüstan və Ukrayna üçün çox çətin mərhələlərdə hansı inam, dəqiqlik, fəallıq və təşəbbüskarlıqla inkilşaf etdirdiyi tarixi faktdır. Xüsusilə, Gürcüstan üçün bu prosesin ayrıca strateji əhəmiyyəti vardı. Azərbaycan Prezidenti Ulu öndərin siyasi varisi kimi, tərəddüd etmədən qonşu dövlətin ən ağır günlərində belə neft strategiyasının reallaşdırılmasından kənarda qalmamasını təmin etdi. Nəzərə almaq lazımdır ki, kifayət qədər siyasi strateji zəka və iradə olmasa, kənardan güclü təzyiqlərə sinə gərib, öz mövqeyində qalmaq mümkün olmazdı. Bu məqam da liderlik sinerjisinin vacib komponentidir.
Azərbaycan Prezidentinin neft strategiyasını inamlı siyasi varislik və XXI əsrin çağırışları fonunda həyata keçirməsinin daxili proyeksiyası çox möhtəşəm olmuşdur. Bir tərəfdən, cəmiyyətin sosial-mədəni, maddi, mənəvi, əxlaqi, ideoloji inkişafı və birliyi üçün neftdən əldə edilən gəlirlər sərf edilmişdir, digər tərəfdən onlar strateji ehtiyat kimi toplanmışdır. Bunların fonunda isə sürətli Ordu quruculuğu aparılmışdır.
Hərbi güc və humanitarlığın sintezində
Ordu quruculuğu bütövlükdə İlham Əliyevin liderlik sinerjisinin ən parlaq və əhəmiyyətli komponentidir. Çünki burada bir neçə məqam sintez halında milli dövlətçilik və humanitarlıq kontekstində əksini tapmışdır.
Birincisi, İlham Əliyev Ordu quruculuğunu, Azərbaycan ordusunun texniki-hərbi təchizatını və vurucu gücünü ərazi bütövlüyünü bərpa etmək və tam suverenliyə nail olmaq məqsədi ilə aparmışdır. Bu, militarizmin tüğyan etdiyi müasir dövrdə olduqca humanist və humanitar bir mövqedir!
İkincisi, İlham Əliyev Ordu quruculuğu prosesini sırf müstəqil dövlətçiliyin siyasi varislik kontekstində inkişafı naminə həyata keçirmişdir. Burada hər hansı dövlətə qarşı aqressiv münasibətdən söhbət gedə bilməz.
Üçüncüsü, Ordu quruculuğu cəmiyyətin bütün sferalarında yenidənqurma, islahatlar və sosial-mədəni, iqtisadi inkişaf ilə uzlaşdırılaraq aparılmışdır. Bu, ümumilikdə ölkənin inkişaf paradiqmasında qalmasını təmin etmişdir ki, başlıca məqsədi cəmiyyəti gücləndirmək olmuşdur! Bu, liderliyin sinerjisi çərçivəsində böyük ideyadır!
Dördüncüsü, şübhə yoxdur ki, yeni liderliyin Ordu quruculuğu aspektində bu cür təzahürü İlham Əliyevə iki istiqamətdə böyük uğur əldə etməsinə imkan vermişdir. Onlardan biri ərazi bütövlüyünün təmini, digəri isə suverenliyə tam nail olunmasıdır.
Ərazi bütövlüyünün təmini və tam suverenlik müasir fəlsəfi və politoloji ədəbiyyatda dövlətçiliyin iki aparıcı faktoru kimi qəbul edilir. Deməli, İlham Əliyev faktiki olaraq vahid siyasi-diplomatik və hərbi-təhlükəsizlik fəaliyyəti prosesi daxilində müstəqil və milli dövlətçilyin iki əsas şərtinin ödənliməsini təmin etmişdir. Avrasiyada bu uğuru hələ təkrar edən ikinci lider yoxdur.
Vurğulanan sonuncu məqam yeni liderliyin sinerjisini mərkəzi motivəedici və təminedici sistem faktoru kimi xarakterizə edir. Bizim anlamımızda həmin məqam aparıcı rol oynayır. Çünki yeni liderliklə dövlət başçısı statusu (bu anda Prezidentliklə) vəhdətdə qəbul edilir. XXI əsrin şərtləri liderlərə birbaşa dövlət başçısı-lider kontekstində baxmağı tələb edir. O halda dövlətçiliyin aparıcı əlamətləri olan ərazi bütövlüyü və suverenliyin təmin edilməsini, ümumiyyətlə, liderliyin sinerjisinin əsas effektlərindən biri kimi təsəvvür etmək doğru olardı.
Həmin kontekstdə İlham Əliyevin ifarəetmə sisteminə vitse-prezidentliyi böyük uğurla daxil etməsi xüsusi əhəmiyyət daşıyır.
Vitse-prezidentlik: uğurlu Azərbaycan nümunəsi
(ardı var)
Füzuli QURBANOV
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru