Yeni məktəb Macarıstanın hədiyyəsi olacaq
Dünən Cəbrayıl rayonunun Soltanlı kəndinin rəsmi təməlqoyma mərasimi keçirilib.
Tədbirdə Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev və Soltanlı kəndinin sakinləri iştirak ediblər.
Soltanlının Baş planı layihəsi Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi əsasında Macarıstanın tikinti və layihələndirmə sahəsində fəaliyyət göstərən "KESZ" şirkətlər qrupu və Bakı Dövlət Layihə İnstitutu tərəfindən hazırlanıb.
Ümumi sahəsi 398,82 hektar olan və 6 100 nəfərdən ibarət 1 525 ailənin yaşayacağı proqnozlaşdırılan bu məskunlaşma ərazisində həyətyanı sahəsi olan fərdi evlərə üstünlük verilib. Burada ümumilikdə 496 fərdi yaşayış evinin tikintisi təklif olunur. Bununla yanaşı, kənddə 1 044 mənzildən ibarət 4 və 5 mərtəbəli çoxmənzilli yaşayış binaları da yerləşdirilib.
Həmçinin kənd ərazisində inzibati bina, klub-icma mərkəzi, məktəb binası, bağça, xəstəxana, idman-sağlamlıq mərkəzi, hotel, ticarət və ictimai-iaşə obyektləri, toxuculuq sexi, sənətkarlıq emalatxanaları, iri və xırda buynuzlu heyvanların saxlandığı fermaların inşası da planlaşdırılıb.
Soltanlı kəndində tikiləcək məktəb Macarıstan hökumətinin Azərbaycana hədiyyəsidir.
Bunu Macarıstanın tikinti və layihələndirmə sahəsində fəaliyyət göstərən "KESZ" şirkətlər qrupunun rəhbəri Otto İzso bildirib.
Onun sözlərinə görə, bu məsələ iki ölkə arasında dostluq münasibətlərinin möhkəmlənməsinə xidmət edəcək: "Kəndin tikinti işlərini görmək bizim üçün əlamətdar hadisədir. Çox şadıq ki, bu iş bizə həvalə olunub. Ümid edirik ki, tezliklə bu kəndin sakinləri yüksək standartlara cavab verən evlərində xoşbəxt yaşayacaqlar".
XQ