SPECA – Azərbaycan: ortaq uğur formulu

post-img

Prezident İlham Əliyevin yeni mesajları

Azərbaycan Prezidenti İlham Əliyevin dünən Bakıda, Heydər Əliyev Mərkəzində keçirilmiş BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının – SPECA-nın iştirakçı ölkələrinin dövlət və hökumət başçılarının Zirvə görüşündəki çıxışı bir neçə cəhətdən mühüm əhəmiyyət daşımaqdadır. 

Birinci məqam dövlətimizin başçısının SPECA-ya üzv dövlətlərin Zirvə görüşünün ilk dəfə keçirildiyini vurğulamasıdır. Məlum olduğu kimi, ölkəmiz digər sahələrdə ilklərə imza atdığı kimi, burada da nümunə göstərdi. Nümunəvi­lik özünü BMT-nin mühüm əhəmiyyət daşıyan proqramına yanaşmada göstərir. O proqrama ki, fəaliyyətinin 25 ili tamam olur. Cənab İlham Əliyev isə fikirləri ilə ötən 25 ilin Azərbaycan üçün tərəqqi və inkişafa aparan mərhələ oldu­ğunu xatırladır. Bu xatırlatmada vurğu sabitlik və firavanlıq amilinə qoyulur, mövcud amil baş­lıca uğur komponenti kimi önə çəkilir: “SPECA yarananda üzv ölkələr dövlət müstəqilliyinin ilk addımlarını atırdılar. Qarşımızda bir çox prob­lemlər, çağırışlar durmuşdu. Son 25 ildə əsas çağırışlar arxada qalıb, biz dövlət suverenliyimi­zi möhkəmləndirmiş, beynəlxalq aləmin dəyərli üzvlərinə çevrilmiş və iqtisadi cəhətdən sürətlə inkişaf etmişik.

Ölkələrimizi birləşdirən daha bir amil var, o da siyasi sabitlikdir. Sabitlik olma­dan heç bir iqtisadi inkişafdan söhbət gedə bilməz. Bu gün dünyanın müxtəlif bölgələrində müharibələr, münaqişələr, qanlı toqquşmalar geniş vüsət alıb. Bi­zim ölkələrimizdə isə sülh, sabitlik, əmin-amanlıq hökm sürür, inkişaf, quruculuq prosesləri uğurla gedir. Bu, dövlətlərimi­zin və xalqlarımızın böyük nailiyyəti və uğurudur”. 

İkinci məqam Azərbaycanın bey­nəlxalq miqyasdakı nailiyyətlərinin təməlindəki amillərlə bağlıdır. Dövlə­timiz istər ulu öndər Heydər Əliyevin, istərsə də Prezident İlham Əliyevin rəh­bərliyi dövründə uzaqgörən, proqmatik, ardıcıl və rasional siyasət kursu həyata keçirib. Ölkəmiz bu siyasət nəticəsində dünya birliyinin tamhüquqlu üzvü kimi özünü təsdiqləyib. Əlbəttə, gedilən yol heç də asan olmayıb. Respublikamız müxtəlif təzyiqlərlə üzləşib, çətinliklərə və məhrumiyyətlərə sinə gərib. Ən əsa­sı isə Azərbaycan hər zaman müstəqil xarici siyasət kursuna sadiqlik göstərib. Bu dəst-xətt beynəlxalq miqyasda ölkə­mizə inam və etibar qazandırıb. Ona görə Prezident İlham Əliyev çıxışında məhz müstəqillik amili üzərində xüsusi dayanıb. Dövlətimizin başçısının möv­zunu müstəqil siyasət yürütməyi bacar­mayan ölkə kimi Ermənistanın üzərinə gətirməsində də qanunauyğunluq və məntiq var. Çünki biz məhz Ermənista­nın timsalında faktiki müstəqilliyə malik olmayan dövlətin götürdüyü “dəst-xət­tin” firavanlığa, əmin-amanlığa, insan rifahına, ümumən bəşəri prinsip və dəyərlərə qarşı yönəldiyinin şahidi ol­muş, erməni işğalına məruz qalaraq illərlə çiyinlərimizdə bu durumun ağır­lığını daşımışıq. 

Prezident İlham Əliyevin diqqətə çatdıracağımız bu fikirləri isə əslində, belə xoşagəlməz halın bir daha tək­rarlanmaması üçün dərin müqavimət­dir: “Dünyada uğursuz, asılı, iki və ya daha çox stulda oturmaq istəyən, bir neçə ağaya xidmət edən, özünü daha böyük dövlətlərin qarşıdurma arena­sına çevirən ölkələrin sayı az deyil. Onlardan biri Azərbaycanın qonşusu Ermənistandır. Belə ölkələrə, sözün əsl mənasında, müstəqil ölkə demək ol­maz. Belə ölkələrin siyasəti xalqlarının iradəsinə əsaslanmır, onların taleyi xa­rici sponsorların əlindədir. SPECA-ya üzv dövlətlər isə əsl müstəqil ölkələrdir, çünki müstəqil xarici və daxili siyasət aparırlar”.

Üçüncü məqam əvvəlkilərin dava­mıdır. Yəni, Prezident İlham Əliyev keç­mişin dərslərini yada salaraq, bugünkü Azərbaycanın inkişaf trayektoriyasın­dakı nəhəngliyi vurğulayır. Dövlətimizin başçısı çətinlik və məhrumiyyətlərlə dolu qeyri-sabitlik illərinin işğal aqibə­tindən tutmuş ərazi bütövlüyümüzün və suverenliyimizin bərpasınadək olan mərhələnin qısa, ancaq dolğun təsvirini cızır. Bu təsvirdə Ermənistanın həyata keçirdiyi etnik təmizləmə siyasəti nə­ticəsində bir milyondan artıq azərbay­canlının öz dədə-baba yurdlarından qovulması da var, otuz ilə yaxın apa­rılan Qarabağ danışıqlarının faydasız­lığının və nəticəsizliyinin vurğulanması da, Ermənistanın işğalçılıq niyyətinin davamında israrlı olması da. “2019-cu ildə Ermənistanın baş nazirinin o vaxt işğal altında olan Xankəndi şəhərin­də “Qarabağ Ermənistandır və nöqtə” açıqlaması danışıqlar prosesini tama­milə məhv etdi”, – deyən dövlətimizin başçısının ölkəmizin 44 günlük mühari­bədəki Qələbəsindən söz açmasındakı başlıca məqsəd işğala son qoyulduğu­nu vurğulamaqdır. O işğal ki, BMT Təh­lükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi dörd qətnaməsində əksini tapmış və həmin qətnamələrin icrası 27 il kağız üzərində qalmışdı. Deməli, Azərbayca­nın Zəfəri həm də beynəlxalq ədalətin təminatına töhfədir. Prezident İlham Əliyevin üzərində dayandığı ən başlıca məqam da elə budur. 

Dördüncü məqam. Lakin 44 gün­lük müharibədən sonra da Ermənistan iddiasından daşınmadı. Bu, onun mü­haribə məğlubu kimi üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən boyun qaçırmasında özünü göstərdi. Halbu­ki, Azərbaycanın gözləntiləri başqa idi və xoş niyyətini İrəvana sülh əlini uza­daraq ifadə etmişdi. Müstəqil xarici si­yasət yürütməyən, dövlətimizin başçı­sının da vurğuladığı kimi, “özünü daha böyük dövlətlərin qarşıdurma arenası­na çevirən” Ermənistan buna qarşılıq adekvat addım atmadı: “Təəssüf ki, Ermənistan bundan sonra da öz öhdə­liklərini yerinə yetirmədi. Azərbaycanın suveren ərazilərində Ermənistan silahlı qüvvələrinin 15 minə yaxın hərbi kon­tingenti qalmaqda idi. Onlar tərəfindən törədilmiş hərbi təxribatlar nəticəsində hərbçilərimiz həlak olmuşlar. Buna ca­vab olaraq və “boz zona”ya son qoyul­ması məqsədilə bu il sentyabrın 19-20-də biz Qarabağda antiterror tədbirləri keçirdik”.

Beşinci məqam. Bəli, bu il sent­yabrın 19-da başlanılmış və cəmi 23 saat 43 dəqiqə davam etmiş lokal xa­rakterli uğurlu antiterror tədbirləri res­publikamıza bütün ərazilərində suveren hüquqlarını bərpa imkanı qazandırdı. Prezident İlham Əliyevin bu barədə söz açarkən, Xocalının üzərində dayanma­sında isə xüsusi rəmzi məna var. Çün­ki Xocalı xalqımızın qan yaddaşıdır, ümumən, azərbaycanlıların tarixin bü­tün dövrlərində məruz qaldıqları soyqı­rımı siyasətinin müasir təzahür forma­sıdır. Bu, elə bir təzahür formasıdır ki, illərlə özünü ölkəmizin ərazisindəki separatçılıq kimi qorxunc və təhdid-edici mahiyyətlə göstərmişdi. Ona görə tarixi Qələbə münasibətilə Azərbaycanı təbrik edən bütün ölkələr təşəkkürə la­yiqdir. Çünki onlar təkcə Azərbaycanın uğuruna deyil, həm də haqq və ədalətin təntənəsinə seviniblər.

Altıncı məqam. Ölkəmizin uğuruna sevinənlər bu gün də yanımızdadırlar və onlar Qarabağın, ümumən işğaldan azad edilmiş ərazilərimizin yenidən qu­rulması prosesinə töhfələrini vermək­dədirlər. “Biz sıfırdan yeni şəhərlər və kəndlər inşa edirik. İlkin mərhələdə 100 yaşayış məntəqəsinin, o cümlədən 9 şəhər və 8 qəsəbənin bərpa edilməsi nəzərdə tutulur. Keçmiş məcburi köç­künlər “Böyük Qayıdış” Proqramı çər­çivəsində öz dədə-baba yurdlarına qa­yıdırlar. 2026-cı ilin sonuna qədər 140 min keçmiş məcburi köçkün öz doğma evlərinə qayıdacaq”, – deyərək, Zirvə görüşünün iştirakçılarını məlumatlan­dıran Prezident İlham Əliyevin bu ilin avqustunda Füzuli şəhərində Özbəkis­tanın hədiyyəsi olan 960 şagird yerlik Mirzə Uluqbəy adına məktəbin açılı­şını, Qazaxıstanın hədiyyəsi olan Fü­zulidəki Kurmanqazı adına yaradıcılıq mərkəzinin inşasının davam etdiyini vurğulamasında və bu ölkələrin dövlət başçılarına təşəkkürünü bildirməsində də böyük rəmzi məna var. 

Sonda bir məqama yenidən qayıda­raq bildiririk ki, BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsu­si Proqramının – SPECA-nın iştirakçı ölkələrinin dövlət və hökumət başçıla­rının Zirvə görüşü ilk təşəbbüs idi. O da məlumdur ki, hazırda SPECA-ya Azərbaycan sədrlik edir. Ölkəmizin bütün beynəlxalq strukturlara rəhbərli­yi isə özünü əməli tədbirlərdə, gerçək təşəbbüslərdə göstərməkdədir. Buna misal olaraq respublikamızın Qoşulma­ma Hərəkatına uğurlu sədrliyini diqqətə çatdırmaq yerinə düşər. Heç şübhəsiz, SPECA müstəvisindəki öncüllük də əlamətdar olacaq. Çünki “Zirvə görüşü daha geniş iqtisadi əməkdaşlıq forma­tına yol açacaq”, – deyən Azərbaycan Prezidenti əminlik yaradır. Əminlik ona görə var ki, Azərbaycan və Mərkə­zi Asiya strateji əhəmiyyəti artmaqda olan vahid tarixi-mədəni və geosiya­si məkanda yerləşir, digər yandan isə bu məkanın əhəmiyyəti BMT-nin vacib təsisatı müstəvisində, yəni SPECA çər­çivəsində vurğulanır. Deməli, qarşıda duran başlıca vəzifələrdən biri başla­nılmış yolun qətiyyətli şəkildə davam etdirilməsidir. Azərbaycan sədr ölkə olaraq bu istiqamətdə də özünün əməli töhfəsini verməkdədir. Söhbət respub­likamızın BMT-nin himayəsi altında təsis edilmiş SPECA Etimad Fonduna 3,5 milyon ABŞ dolları məbləğində və­sait ayırmasından gedir. Heç şübhə­siz, belə əməli nümunələr gələcəkdə də davamını tapacaq və ölkəmiz bu müstəvini də özünün uğur formulunun paylaşım platformasına çevirəcəkdir. Prezident İlham Əliyevin çıxışı bununla bağlı dərin əminlik hissi yaradır. 

 

Əvəz CAHANGİROĞLU
XQ

Siyasət