Sərhəddə birbaşa təmas və sülhün risk amili

post-img

İrəvanın manipulyasiyaları30 noyabr görüşünə əngəl törədə bilərmi?

Noyabrın 30-da Azərbaycan və Ermənistanın sərhəd demarkasiyası komissiya­larının üzvləri dövlət sərhədində görüşəcəklər. Hər halda, bununla bağlı müəy­yən razılaşma var. Sözügedən qurumlara isə Azərbaycanın və Ermənistanın baş nazirlərinin müavinləri Şahin Mustafayev və Mher Qriqoryan rəhbərlik edirlər və onlar əvvəllər danışıqlar aparıblar. Deməli, bu sahədə müəyyən təcrübələri var. 

Adlandırma şərti görünə bilər. Qeyd edək ki, Ermənistan tərəfdən Ermənistan Respublikası ilə Azər­baycan Respublikası arasında Dövlət Sərhədinin Demarkasiyası və Sərhəd Təhlükəsizliyi üzrə Komissiyanın, Azərbaycan tərəfdən isə Azərbaycan Respublikası və Ermənistan Respub­likası arasında Dövlət Sərhədinin De­markasiyası üzrə Dövlət Komissiyası­nın formalaşdırılmasının özü vacibdir. Əslində, prinsipcə hər iki qurum böyük tarixi missiya naminə yaradılıb. Əlbət­tə, missiya o zaman reallaşacaq ki, onların fəaliyyətləri səmərəli olsun. Bu isə ilk növbədə noyabrın 30-dakı gö­rüşün baş tutmasından asılıdır. Bəs, görüşün keçiriləcəyinə skeptik yanaş­ma nədən irəli gəlir? Yazımızın so­nunda bu sualın cavabını mövzu üzrə apardığımız paralellər və gətirdiyimiz arqumentlər nəticəsində gələcəyimiz qənaətə əsasən verəcəyik.

Hələlik onu bildirək ki, Azərbay­can – Ermənistan arasında danışıqlar aylardır dalana dirənib. Noyabrın 30-dakı görüşün baş tutması, bütövlük­də, bu prosesin yenidən işə düşməsi kimi qiymətləndirilə bilər. Qeyd edək ki, Azərbaycanın Xarici İşlər Nazirliyi bir neçə gün əvvəl yaydığı açıqlama­da Ermənistana birbaşa, o cümlədən dövlət sərhədində danışıqlar aparmağı təklif etmişdi. Buna cavab olaraq rəs­mi İrəvan yalnız sərhəd demarkasiyası komissiyalarının iclasının keçirilməsini məqbul saymışdı. 

Yəni, əslində, birmənalı şəkildə demək olmaz ki, noyabrın 30-dakı gö­rüş Bakının təklifinin qəbuludur. Elə Ermənistan rəsmiləri də, demək olar, bütün açıqlamalarında sərhəd demar­kasiya komissiyalarının fəaliyyətini ümumi nizamlama prosesindən kənar tutmağa çalışırlar. Ancaq bu yanaşma­da da şübhəli məqamlar var. Yazımız­da, həmçinin həmin məqamlara diqqət yetirəcək və Ermənistanın niyyətinə aydınlıq gətirməyə çalışacağıq.

Əlbəttə, sərhəd komissiya­larının qarşılıqlı fəaliyyəti­nin əhəmiyyətini kiçiltmək olmaz. Çünki, ümumən Azərbaycan – Ermənistan münasibətlərinin nizam­lanmasında sərhəd mübahisəsi, kifayət qədər, ciddi anlam daşımaqdadır. Möv­cud istiqamətdə irəliləyişə nail olunma­sı münasibətlərin tənzimlənməsi baxı­mından vacibdir. Yəni, birinci ikincinin səmərəliliyinə müsbət təsir göstərəcək amil rolunda çıxış edə bilər. 

Bu yerdə bir haşiyə çıxaq ki, Rusiya tərəfi hər zaman sərhədlərin demarka­siyası işində Azərbaycana və Ermənis­tana kömək göstərməyə hazır olduğu­nu vurğulayır. Ermənistanda isə hesab edirlər ki, Moskvanın bu niyyəti sər­həddə rus qoşunlarını yerləşdirməyə hesablanıb. Yəni, Moskva vasitəçilik edirsə, öz xeyrini güdür, – kimi fikirlər irəli sürülür. Bəs, Qərb elə deyilmi? Elədir və hazırda Ermənistan sərhəd danışıqlarında da Qərb faktorunu qa­bardır. Nəyə görə?

Əlbəttə, Bakı-İrəvan birbaşa təma­sı hələ o demək deyil ki, ikinci möv­cud müstəvidə manipulyasiyalara yol vermək niyyətindən uzaqdır. Məsələn, erməni hakim siyasi dairələri 2022-ci il sentyabrın 12-13-də Azərbaycanın, guya Ermənistana qarşı hərbi təca­vüzə yol verdiyini qabardır, ölkəmizin 150-200 kvadratkilometr ərazini işğal etdiyini vurğulayırlar. Bu baxımdan daha “irəli” gedənlər də var. Onlar Laçın-Xankəndi yolunun başlanğıcın­da Həkəri çayı üzərində sərhəd nə­zarət-buraxılış məntəqəsini qurma­ğımızı da qeyri-qanuni addım kimi qələmə verirlər. Deməli, manipulyasi­yaların ilkin əlamətləri var. Ermənis­tanda, eyni zamanda, Rusiyanın Azər­baycanın köməyi ilə ortaya öz iddiasını qoyacağını vurğulayanların aktivləş­diklərini də söyləmək mümkündür. 

Bəli, noyabrın 30-dakı gö­rüş İrəvan üçün Rusiyanın demarkasiya prosesindən sıxışdırılması mahiyyəti daşımaqdadır. Yəni, Nikol Paşinyan administrasiyası Azərbaycanın birbaşa təmas təklifini məhz mövcud xüsusda dəyərləndir­mək niyyəti güdür. Moskvanın uzaq­laşdırılması ilə paralel şəkildə onun yerini Qərb təşəbbüsləri ilə doldurmaq istəkləri önə çəkilir. Haqqında az əvvəl söz açdığımız Qərb faktorunun qa­bardılması da elə budur. Çox güman ki, qarşıdakı müddətdə qeyd etdiyi­miz məqam özünü daha açıq formada göstərəcək. İrəvanın həmin vaxtadək fərqli spekulyasiyalara baş vuracağını proqnozlaşdırmaq mümkündür. Həm də ona görə mümkündür ki, erməni hakim siyasi dairələrində Azərbay­canla sülh prosesinə ABŞ və Avropa İttifaqının dəstəyi kazusu aktuallığını qorumaqdadır və bu kazusun birbaşa sərhəd müstəvisinə gətiriləcəyini ehti­mal etmək mümkündür. Hələ noyabrın 30-na günlər var…

Onu da nəzərə alaq ki, Azərbay­can – Ermənistan şərti sərhədinin Ermənistan tərəfində Aİ-nin mülki mü­şahidə missiyası keşik çəkməkdədir. Qərb özünün ənənəvi sırımaq metodu ilə onları da sərhəd danışıqlarına cəlb edərək, prosesə dəstək göstərdikləri görüntüsünü formalaşdıra bilər. Yəni, beləliklə Kremlə qıcıq verilməsi müm­kündür. Buna görə müstəqil siyasi xətt yeridən Azərbaycan üçün vacib vəzifə təklif etdiyi birbaşa təmas məntiqindən kənar təsirləri uzaqlaşdırmaq olacaq. Nəzərə alaq ki, Ermənistanda Bakı və İrəvan arasında sərhəd məsələlə­rində ikitərəfli formatda razılaşmaların olacağı təqdirdə, Qərbin vasitəçiliyilə sülh müqaviləsinin imzalanmasının sadəcə texniki məsələyə çevriləcəyini düşünənlər var. 

Prinsip etibarilə, noyabrın 30-da keçiriləcək görüşdə başlıca müzakirə predmeti sərhədlərin müəyyənləşdirilməsi üçün lazım olan xəritələrin müzakirəsi ola bilər. Burada maraqlı məqam isə on­dadır ki, İrəvanda mövcud xüsusda Brüssel formatı çərçivəsində əldə edil­miş razılaşmalara köklənirlər. Məlum olduğu kimi, bu formatda Azərbaycan və Ermənistan bir-birinin ərazi bütöv­lüyünü tanıyıblar. Tanınmada 1991-ci ilin Alma-Ata Bəyannaməsi əsas götü­rülüb. Məsələyə mövcud kontekstdən yanaşsaq, demarkasiyanın əsasını da SSRİ-nin son xəritələri təşkil etməlidir. 

Burada problemli məqam Ermənis­tanın SSRİ Baş Qərargahının 1975-ci xəritəsinə üstünlük verməsidir. Nəyə görə məhz bu xəritə? Ona görə ki, İrə­van Brüssel formatı kontekstində hə­min ilə aid xəritəni gündəmə gətirmək yolu tutur? Təsəvvür edin, Paşinyanın və komandasının istinad etdiyi 1975-ci il xəritəsi SSRİ-nindir, dövlətin varisi Rusiyadır, ancaq ölkə tənzimləmədən uzaq tutulur, əvəzində erməni siyasi dairələri bildirirlər ki, sərhəd müstə­visində yarana biləcək mübahisələri tənzimləmək üçün avropalı ekspertlərə ehtiyac var. Çox güman, məsələdəki məntiqsizliyin fərqinə vardınız. 

Əlbəttə, söhbət heç də ondan get­mir ki, sərhəd məsələsində mütləq Rusiya da iştirak etməlidir. Sadəcə, nə üçün avropalı ekspertlər olmalıdır, anlaşılmaz olan budur. Üstəlik, 1975-ci il xəritəsi varsa, ATƏT-in 2017-ci il təlimatına söykənərək oradakı demar­kasiya prinsiplərindən yararlanmaq nəyə lazımdır? Axı Azərbaycanla Er­mənistan arasındakı durumda spesifik­lik var. Yəni vahid ölçü meyarı yoxdur və məsələyə bu baxımdan yanaşsaq, 1975-ci il xəritəsinin gündəmə gətiril­məsinin özü də yerinə düşmür. 

Əsas olan səmimi anlaşma mühitinin formalaşmasıdır və bu mühitdə əsl həqiqətləri görmək elə də çətin deyil. Ermənistan həqiqətləri görüb, reallığı qəbul edirmi, bunu demək çox çətindir. Ölkənin xa­rici işlər nazirinin müavini Mnatsakan Safaryanın açıqlaması da fikrimizin təsdiqidir. O deyib ki, Bakı ilə danışıq­larda vasitəçilərin iştirakını tələb edən məsələlər var. Doğrudur, Safaryan bu fikirlərini Azərbaycan və Ermənistan liderlərinin vasitəçilərsiz görüşü ilə bağlı açıqlayıb. Ancaq həm bu açıq­lamanı, həm də əvvəl bildirdiklərimizi bir araya gətirsək, yenə birbaşa təmas məsələsində skeptiklik yaranır. Çünki erməni XİN rəhbərinin müavini bildirir: “Biz dəfələrlə demişik ki, müzakirələr zamanı vasitəçilərin iştirakı məcbu­ri olan məsələlər var. Elə məsələlər var ki, orada vasitəçilərin iştirakı çox mühüm rol oynayır. Bunlar, məsələn, Qarabağın məcburi köçkün əhalisinin hüquqları ilə bağlı məsələlərdir. Bu məsələdə Ermənistan tərəfi beynəlxalq mexanizmlərin zəruriliyini vurğulayır. Zəmanətlərin çox vacib olduğu başqa məsələlər də var”.

Ermənistanın Qarabağ müstəvi­sindəki manipulyasiyalarından, bu sayaq halların – bölgə ermənilərinin ayrıca təbəqə kimi göstərilməsinin, on­lar üçün hüquq və təhlükəsizliklə bağ­lı beynəlxalq təminatlar gündəliyinin, ümumən Qarabağ avantürasının da­vamına xidmət etməsindən xəbərdarıq. Mövzumuz bu olmadığından, üzərində geniş dayanmırıq. Heç şübhəsiz, İrə­van Safaryanın dediyi kimi, zəmanət­lərin çox vacib olduğu digər məsələlərə sərhəd məsələsini də daxil edəcək. Bu isə nəticə etibarilə birbaşa təmas mən­tiqindən uzaq durumdur. Onu da nəzərə alaq ki, Azərbaycan XİN-in birbaşa da­nışıqlar məntiqi yalnız sərhəd məsələlə­rinin tənzimləməsinə hesablanmırdı, hazırda dalana dirənmiş danışıqlar pro­sesini bütövlükdə əhatə edirdi. 

Bəli, yuxarıda vurğuladıqlarımız ye­kunda onu deməyə əsas verir ki, ümu­mi danışıqlar baxımından ölkəmizin irəli sürdüyü birbaşa təmas təklifinin yalnız sərhədlərin müəyyənləşdirilməsi hissəsinə reaksiya verən Ermənistan mahiyyətcə özünü dünyaya konstruk­tiv göstərmək yolunu tutur. Yəni Azər­baycan XİN açıqlamasında məsələni kifayət qədər konkret qoydu. İrəvan və havadarları yaxşı başa düşdülər ki, bu konkretliyə reaksiya verməsələr, məsələ qeyri-konstruktuvlik kimi qiy­mətləndiriləcək. Ona görə sərhəd mü­zakirəsini kontekstdən çıxardılar, müs­bət yanaşdılar. Bu yolla dünya birliyinə mütərəqqi mesaj yolladılar. İndi XİN rəhbərinin müavini Safaryanın şəx­sində ifadə etdilər ki, ümumən danı­şıqlarda vasitəçilik olmalıdır, guya, bu vacibdir filan. Yuxarıda vurğuladığımız məqamlara əsasən isə deyə bilərik ki, Ermənistan qarşıdakı müddətdə sər­həd danışıqlarına da Qərbi daxil etmək fikrini gündəmə gətirəcək. Noyabrın 30-da nəzərdə tutulan görüşün baş tut­mama riskini doğuran da elə budur.

 

Ə.CAHANGİROĞLU
XQ

Siyasət