Azad edilmiş bölgələrdə yüngül sənaye də inkişaf etdiriləcək

post-img

30 ilə yaxın bir dövrdə Azərbaycan ərazisinin 20 faizi işğal altında qalıb. Məhz bu səbəbdən torpaqların iqtisadi potensialından istifadə etmək uzun müddət mümkün olmayıb. Artıq işğalçıdan geri alınan sahələrin mövcud potensialını, xammal və təbii sərvətlərini, habelə digər ehtiyatlarını nəzərə alsaq bölgədə istehsalı bir neçə dəfə artırmaq üçün real şərait yaranıb. Bu barədə UNEC-in professoru Qabil Manafov dedi:

– İşğaladək bu ərazilərdə fəaliyyət göstərən sənaye sahələri respublika iqtisadiyyatında mühüm rola malik idi. Burada əsasən yeyinti, yüngül, tikinti materialları kimi sənaye sahələri güclü inkişaf etmişdi. Həmin ərazilərdə İstisu və Turşsu mineral suyunun qablaşdırıl­ması müəssisələri, Qarabağın və Ağda­mın mərmər, mişar daşı, şərab zavodları, toxuculuq və ayaqqabı fabrikləri, Qara­bağ İpək Kombinatı və s. müəssisələr fəaliyyət göstərirdi. Kənd təsərrüfatına gəldikdə, bu ərazilərdə taxılçılıq, yem is­tehsalı, tütünçülük, üzümçülük, pambıq­çılıq, kartofçuluq, bağçılıq və bostançılıq, ətlk-südlük heyvandarlıq, xüsusən də qo­yunçuluq üstünlük təşkil edirdi. 

İşğaldan azad olduqdan sonra ərazi­nin sənaye potensialının iqtisadi dövriy­yəyə cəlb edilməsi dağ-mədən, metallur­giya, tikinti materialları, müxtəlif istiqmətli emal sənayesi sahələrinin inkişafı ilə ya­naşı, yüngül sənayenin dirçəlməsinə də imkan yaradacaq. Çünki bölgə yüngül sənayenin inkişafı üçün xammalla zən­gindir. İlkin hesablamalara görə, qarşıdakı illərdə Qarabağ və Şərqi Zəngəzur iqti­sadi rayonlarında əsas sahələrdə ümumi istehsal həcmi 2 milyard manatdan çox arta bilər.

Yuxarıda qeyd vurğulandığı kimi, böl­gədə yüngül sənayenin inkişaf etdirilməsi üçün güclü potensial var. İqtisadiyyat üzrə fəlsəfə doktoru Ceyhun Vəliyev də həmin ərazilərdə yaşayışın bərpa edilməsi üçün yüngül sənayenin əhə­miyyətini diqqətə çatdırdı:

– Sənaye istehsalı yüksək səviyyədə olan ölkələrin iqtisadi inkişafı və tərəqqi­si digər sahələrlə bərabər yüngül səna­yenin inkişaf səviyyəsindən də birbaşa asılıdır. Bu gün həmin sənaye sahəsinin inkişafı istehsalın genişləndirilməsi, əldə olunan mənfəətin yüksəldilməsi kimi son dərəcə əhəmiyyətli iqtisadi göstəricilərlə yanaşı, həmçinin regional inkişafın da təmin edilməsində, ətraf mühitin qorun­masında, gəlirlərin səmərəli şəkildə bö­lüşdürülməsinin təmin olunmasında va­cib rol oynayır. İşğaldan azad olunmuş ərazilərin əksəriyyətinin kənd təsərrüfatı rayonları olduğunu, həmçinin yüngül sə­naye xammalının əsasını kənd təsərrü­fatı məhsullarının təşkil etdiyini nəzərə alsaq, bu sahənin inkişafı üçün böyük perspektivlər var. Məsələn, barama­çılığın inkişafı müvafiq yüngül sənaye müəssisələrinin açılmasına əlverişli şə­rait yaradacaq. Bu sahədə tarixi təcrü­bə də var. XX əsrin əvvəllərində Şuşa və Cəbrayıl qəzalarında 17 ipəkəyirən fabrik (12-si Şuşada, 5-i isə Cəbrayıl­da) fəaliyyət göstərib. Bunlarla yanaşı, Şuşada 6 ipəkəyirən, 2 ipəkeşən və 3 baramaboğan fabrikdən ibarət səhmdar cəmiyyət də fəaliyyət göstərib.

Sovet dövründə də Qarabağın ipək­çilik müəssisələri əsasən Şuşa və Cəb­rayılda olub. Bütövlükdə isə işğaldan əvvəl bu bölgələrdə Azərbaycanın kənd təsərrüfatı məhsullarının təqribən 35–40 faizi, o cümlədən baramanın 17 faizdən çoxu istehsal edilirdi. Yəni kifayət qədər xammal vardı. Bir vaxtlar Qarabağ İpək Kombinatı da fəaliyyət göstərirdi. Kom­binat baramaaçma, eşmə və toxuma sahələrini birləşdirmiş, xam ipək, eşmə ipək, cod ipək parça buraxırdı. Bu da re­gionda baramaçılığın inkişafından xəbər verir. Yenidən bu sahə inkişaf etdirilməli və yüngül sənayenin aparıcı sahəsinə çevirilməlidir. Qarabağın xalis ipəyindən hazırlanmış xalçası, kilimi, cecimi, kə­lağayısı bütün dünyaya təqdim edilən brendə çevrilməlidir.

Qarabağda xalçaçılıq sənətinin zən­gin ənənələri var. Xalçaçılığı inkişaf et­dirməklə həm daxili bazarın tələblərini ödəmək, həm də beynəlxalq bazarda ənənəvi Qarabağ xalçalarının satışını təşkil etmək mümkündür. Bu, dünyada Azərbaycan mədəniyyətinin təbliği baxı­mından da perspektivlidir. Xammal baxı­mından da region zəngindir. Azərbay­canda yunun 19 faizi Qarabağ və Şərqi Zəngəzurda istehsal edilirdi. 

Yüngül sənayenin bir sahəsi olan toxuculuğun inkişafı üçün də geniş im­kanlar var. İnkişaf edən ölkələrin böyük əksəriyyətində sənayeləşmənin hərəkət­verici qüvvəsi qismində toxuculuq və tikiş istehsalı çıxış edir. Əməktutumlu olduğu səbəbindən tikiş sferasında çox sayda yeni iş yerləri əmələ gətirir. 

Pambıqçılıq və heyvandarlığı inki­şaf etdirməklə parça istehsalını təşkil eləmək olar. Bununla da yüngül sənaye məhsullarının xarici bazardan asılılığını minimuma endirə bilərik. Hazırda yüngül sənaye məhsulları ölkəmizə əsasən Çin və Türkiyədən idxal olunur. Amma daxili bazarda idxalı yerli istehsalla əvəz et­məyə imkanlar var.

Ceyhun Vəliyev daha sonra dedi ki, müasir texnologiyalara əsaslanan yün­gül sənaye avadanlıqları çox bahalı ol­duğuna görə bu sektora iri həcmdə in­vestisiyaların cəlb edilməlidir. Ona görə də işğaldan azad edilmiş ərazilərimizdə yüngül sənayenin yaradılması və inki­şaf etdirilməsi üçün güclü dövlət dəstə­yinə, daxili və xarici investisiya qoyu­luşlarına ehtiyac var. Yüngül sənaye müəssisələrində istehsal edilən məh­sullar üçün daxili bazarın qorunması istiqamətində lazımi tədbirlərin həyata keçirilməsi də bu sahənin cəlbediciliyi­ni həm daxili, həm də xarici investorlar üçün artırar. Daha sonra bu ərazilərdə sərbəst rəqabət mühiti yaranmalıdır. Digər tərəfdən xarici investorları cəlb etməyin yolu vergi və gömrük sahəsin­də onlara müəyyən güzəştlərin təklif edilməsidir. Belə ki, hər hansı bir xari­ci şirkət investisiya yatırdığı ərazilərdə bərpa və istehsal məqsədləri üçün öz ölkəsindən müəyyən avadanlıqlar gə­tirəcək. Bu səbəbdən də, onlara müəy­yən güzəştlər verilməli və ya tam şəkil­də gömrükdən azad olunmalıdırlar. 

Yerli sahibkarlar da unudulmamalı və onlar da güzəştlərdən yararlanmalıdır. Artıq bu sahədə böyük işlər görülüb. İş­ğaldan azad olunmuş ərazilərdə sahib­karlıq fəaliyyəti ilə məşğul olan şirkətlərə vergi və gömrük güzəştləri tətbiq olunur. Bunlar yüngül sənayenin yaxın illərdə regionun aparıcı sahələrindən biri olaca­ğından xəbər verir.

Beləliklə, işğaldan azad edilmiş tor­paqlarımızın potensialının iqtisadi dövriy­yəyə cəlb edilməsi ölkə ÜDM-nin dəyə­rinin artmasına, qeyri-neft sektorunun inkişafı ilə bağlı proqnozları yaxşılaş­dırmaq istiqamətində dəqiqləşdirməyə, ölkənin ərazi əmək bölgüsündə bölgənin yerini və payını yüksəltməyə, bölgədə istehsal olunan malların və xidmətlərin rəqabət qabiliyyətini təmin etməyə böyük imkanlar yaradacaqdır.

Pünhan ƏFƏNDİYEV
XQ





İqtisadiyyat