Mərkəzi Asiya ölkələrinin Qərbə ən qısa yolu Azərbaycandan keçir

post-img

Son bir ildə bu regionla iqtisadi əlaqələrimiz 3 dəfə artıb

BMT tərəfindən 1998-ci ildə yaradılan və indiyədək uğurla fəa­liyyət göstərən Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramın (SPECA) əsas məqsədi üzv dövlətlər – Azər­baycan, Qazaxıstan, Tacikistan, Qırğızıstan, Türkmənistan, Öz­bəkistan və Əfqanıstan arasında əməkdaşlığın inkişafı və dün­ya iqtisadiyyatına inteqrasiyanın dəstəklənməsidir.

Platforma daim qarşılıqlı təcrübə mü­badiləsinin təşkilini, mümkün əməkdaşlıq modellərinin araşdırılması və təşviqini diqqətdə saxlayır, proqrama üzv ölkələ­ri əhatə edən region daxilində qarşılıqlı iqtisadi bağlantıların yaradılması üçün nəqliyyat-logistika, eyni zamanda, sər­mayə yatırımları imkanlarının tədqiqini reallaşdıraraq müvafiq layihələr hazırla­yır, regional inteqrasiya təşəbbüslərini gerçəkləşdirir. 

Xatırladaq ki, SPECA 1998-2030-cu illəri əhatə edir. Proqram iqtisadi inteqra­tiv layihələrin həyata keçirilməsi və pro­sesin dəstəklənməsi baxımından mühüm önəm daşıyır. Qeyd edək ki, Azərbaycan bu proqrama 2002-ci ildə qoşulub və ha­zırda birliyin fəal üzvlərindəndir. 

O da vurğulanmalıdır ki, SPECA əsasən, türk geopolitik regionu əhatə etdiyindən Türk Dövlətləri Təşkilatı çər­çivəsində diqqət mərkəzində saxlanılan inteqrasiya layihələrinə xüsusi əhəmiyyət və dəstək verir. Türk dövlət başçılarının davamlı qarşılıqlı səfərləri nəticəsində ölkələrimiz arasında iqtisadi əməkdaş­lığın ikitərəfli və çoxtərəfli formatda inki­şafının getdikcə sürətlənməsi də bunun bariz ifadəsidir. 

Ekspertlər bildirirlər ki, qardaş Tür­kiyənin respublikamızla birgə vahid türk geopolitik regionunu təşkil edən Mərkəzi Asiya ölkələri Avrasiyanın coğrafi mərkə­zində vahid türk siyasi platformasının ərsəyə gətirilməsində mühüm rol oyna­yan aktorlardır. Mərkəzi Asiya ölkələri ilə birlikdə türk coğrafiyası iqtisadiyyatı və geosiyasi potensialı ilə dünya siyasə­tində strateji əhəmiyyətə malik vahid ta­rixi-mədəni və region kimi fərqlənir. Möh­kəm özül üzərində qurulan platforma türk dünyası çərçivəsində siyasi-iqtisadi, hər­bi-texniki, mədəni-humanitar inteqrasiya proseslərini sürətləndirir. 

Ümumiyyətlə, Mərkəzi Asiya ölkələri və Azərbaycan iqtisadiyyatı, demoqra­fiyası və geosiyasi potensialı ilə dünya siyasətində strateji əhəmiyyətə malik vahid tarixi-mədəni və coğrafi regiondur. Son dövrlər dövlət başçılarının qarşılıqlı səfərləri ölkələr arasında iqtisadi əmək­daşlığın ikitərəfli formatda inkişafını təş­viq edir. Eyni zamanda, bu regionun bey­nəlxalq arenada artmaqda olan nüfuzu ölkələrimizin sıx əməkdaşlığını şərtlən­dirir. Bu baxımdan SPECA çərçivəsində fəaliyyət çoxtərəfli əməkdaşlığın inkişafı üçün münbit zəmin yaradır.

Yeri gəlmişkən, ekspertlər bildirir­lər ki, SPECA-nın üzv ölkələr arasında əməkdaşlığın inkişafına və dünya iqtisa­diyyatına inteqrasiyanın dəstəklənməsi prosesinə dəstəyi yalnız texniki-metodik xarakter daşıyır, inteqrasiya üçün nəzər­də tutulan layihələrin maliyyələşdirilmə­si və reallaşdırılması isə həmin ölkələr tərəfindən həyata keçirilir. Lakin buna baxmayaraq inteqrasiya proseslərinin iqtisadi əsaslarının araşdırılması, iqtisadi dəyərləndirilməsi və perspektivlərin aş­karlanması baxımından SPECA lazımi zamanda yaradılan, eyni zamanda, ötən dövr ərzində uğurla fəaliyyət göstərən bir platformadır. Prezident İlham Əliyevin Azərbaycanda keçirilən SPECA həftəsi çərçivəsində “SPECA Ölkələrinin Sərgisi: Dayanıqlı inkişaf üçün regional əmək­daşlıq” adlı sərginin açılışında iştirakı da respublikamızın bu proqrama verdiyi önəmin əməli göstəricisidrir. 

Proqramın əhatə etdiyi ölkələrin si­yahısına və coğrafi mövqeyinə nəzər salsaq görərik ki, Azərbaycan son illərdə proqramın əhatə etdiyi ölkələrlə əmək­daşlığa xüsusi əhəmiyyət verir. Prezi­dent İlham Əliyev çıxışlarının birində bu barədə deyib: “Azərbaycanı və Mərkəzi Asiya ölkələrini xalqlarımızın çoxəsrlik qardaşlıq münasibətləri bağlayır. Ortaq mədəni köklər dövlətlərarası əlaqələrin möhkəm bünövrəsini təşkil edir. Otuz il­dən artıqdır ki, biz müstəqil dövlətlər kimi həm ikitərəfli, həm çoxtərəfli formatda fəal şəkildə qarşılıqlı fəaliyyət aparırıq, bir-birimizin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü dəstəkləyirik, iqti­sadi əlaqələri fəal şəkildə inkişaf etdiri­rik. Mərkəzi Asiya və Azərbaycan artan iqtisadiyyatı, demoqrafiyası və geosiyasi potensialı ilə dünya siyasətində strateji əhəmiyyətə malik olan vahid tarixi-mədə­ni coğrafi regiondur”.

Azərbaycanın SPECA-nın üzv ölkələ­ri ilə əməkdaşlığının davamlı inkişafını təsdiqləyən bir faktı da diqqətə çatdırmaq istərdik. Bu, dövlətimizin başçısının son iki ildə Mərkəzi Asiya dövlətlərinə 10-dan çox səfəri ilə bağlıdır. Şübhəsiz ki, belə səfərlər qarşılıqlı xarakter daşıyıb. Başqa sözlə, həmin dövrdə proqrama üzv digər dövlətlərin başçıları tərəfindən də Azər­baycana dəfələrlə səfərlər həyata keçi­rilib. 

Ölkəmizin birlik dövlətləri ilə əmək­daşlığının daha bir göstəricisi qarşılıqlı ticarət və sərmayə qoyuluşu ilə əlaqə­dardır. Azərbaycanın hər iki istiqamətdə göstəriciləri ildən-ilə yüksəlir. Məsələn, 2022-ci il ərzində respublikamızın Mərkə­zi Asiya ölkələri ilə ticarət dövriyyəsi 3 dəfədən çox, bu ilin 7 ayı ərzində isə daha 50 faiz artıb.

Respublikamızın SPECA-nın üzv ölkələri ilə əməkdaşlığında investisiya qoyuluşu da diqqət çəkir. Belə ki, Azər­baycanla Mərkəzi Asiya dövlətləri birgə sərmayə fondları yaradıblar, növbəti 3 il üzrə 1 milyard dollardan artıq qarşılıqlı sərmayələrin həcmi razılaşdırılıb. İndiyə­dək sənaye əməkdaşlığı, maşınqayır­ma, avtomobil sənayesi, gəmiqayırma, kənd təsərrüfatı, xüsusən də pambıq­çılıq, ipəkçilik, bağçılıq və heyvandarlıq sahələrində çoxsaylı layihələr həyata keçirilib. Bir sıra digər sahələrdə isə yeni sərmayə layihələrinin icrasına başlanılıb. 

Azərbaycanın SPECA Proqramına üzv ayrı-ayrı ölkələrlə əməkdaşlığında da müsbət dinamika müşahidə edilir. Belə ki, 2023-cü ilin yanvar-iyul aylarında respub­likamızın Qazaxıstanla ticarət dövriyyəsi illik müqayisədə 32 faiz, Türkmənistanla 3,6 dəfə, Qırğızıstanla isə 4,8 dəfə artıb. Əfqanıstana gəldikdə isə Azərbaycan əvvəlki illərdə bu ölkənin təhlükəsizliyinə böyük töhfələr verib. Belə ki, Azərbaycan Əfqanıstandakı sülhməramlı missiyasına 2002-ci ildə başlayıb və 2021-ci il avqus­tun sonunda onu başa çatdırıb. Azərbay­can hərbçiləri Əfqanıstanı sonuncu tərk edən koalisiya qüvvələrinin hərbçiləri arasında olublar.

Yeri gəlmişkən, Azərbaycan SPECA Proqramına üzv ölkələr arasında sürət­li iqtisadi inkişafı ilə daha çox fərqlənir. Prezident İlham Əliyev Bakıda keçirilən SPECA-nın Zirvə görüşündəki çıxışında səsləndirdiyi göstəricilər də bu fikri təs­diqləyir. Belə ki, dövlətimizin başçısının vurğuladığı kimi, son 20 il ərzində Azər­baycanın ümumi daxili məhsulu 4 dəfə artıb. Büdcə gəlirləri 30 dəfədən, xari­ci ticarət dövriyyəsi isə 10 dəfədən çox yüksəlib.

Azərbaycanın birbaşa xarici borcu hazırda ümumi daxili məhsulun təxminən 10 faizini təşkil edir. Valyuta ehtiyatları birbaşa xarici dövlət borcumuzu 10 dəfə üstələyir, yoxsulluq səviyyəsi təxminən 50 faizdən 5,5 faizə düşüb.

Göstərilən dövrdə ölkəmizdə əlverişli investisiya mühiti yaradılıb, iqtisadiyyata 310 milyard dollardan çox sərmayə qoyu­lub ki, bunun da 200 milyard dolları qey­ri-enerji sektorunun payına düşür.

Son illərdə Azərbaycan özünün nəq­liyyat infrastrukturuna milyardlarla dollar həcmində sərmayə qoyub, Avrasiyanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzərində yerləşən nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib.

Bütün bunlar isə Azərbaycanın bey­nəlxalq aləmdə getdikcə artan nüfuzun­dan, təşəbbüslərlərinin uğurla gerçəkləş­məsindən və enerji təhlükəsizliyinə töhfə verməklə yanaşı, həm də qlobal miqyas­da ədalətin carçısına, bəzi böyük dövlət­lərin ədalətsiz davranışlarına və müstəm­ləkəçi siyasətlərinə qarşı çıxan xalqların azadlıq mübarizəsinə dəstək verən qüv­vəyə çevrilməsindən xəbər verir.

V.BAYRAMOV
XQ

İqtisadiyyat