Bakıda II “İslam Maliyyə Forumu-2025” forumu keçirilib. İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyinin təşəbbüsü və Azərbaycan Dövlət İqtisad Universitetinin dəstəyi ilə təşkil edilən toplantının birgə tərəfdaşları Azərbaycan Respublikası Mərkəzi Bankı, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi, Türkiyə Katılım Bankalar Birliyi, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, Azərbaycan Mikromaliyyə Assosiasiyası, UNEC İslam İqtisadiyyatı və Maliyyəsi Tədqiqat Mərkəzi, MÜSİAD Azərbaycan olub.
“Hazel’’ şirkətinin sponsorluq etdiyi forum Dövlət himninin səsləndirilməsi və müqəddəs Qurani-Kərimin tilavəti ilə başlanıb. Toplantıda Azərbaycan Dövlət İqtisad Universitetinin tələbələrlə iş üzrə prorektoru iqtisad elmləri namizədi, dosent Səadət Qəndilova, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı, Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev, Milli Məclisin deputatı Ceyhun Məmmədov, Mərkəzi Bankın Maliyyə sektorunun dayanıqlı inkişafı departamentinin direktoru Rüstəm Tahirov, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva, Türkiyə Respublikası Prezidenti Aparatı Yatırım və Maliyyə Ofisi dairəsi müdiri Tarık Akın, Azərbaycan Mikromaliyyə Assosiasiyasının icraçı direktoru Jalə Hacıyeva və İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri, iqtisad üzrə fəlsəfə doktoru Ruslan Atakişiyev çıxış ediblər.
Məruzəçilər forumu İslam maliyyəsi sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi, “yaşıl” sərmayənin təşviqi və Azərbaycanda İslam maliyyə mexanizmlərinin inkişafına dair yeni təşəbbüslərin müzakirəsi baxımından mühüm platforma rolunu oynadığını vurğulayıblar.
Birinci sessiya “Azərbaycanda İslam maliyyəsinin müasir çağırışları” mövzusuna həsr olunub. Ruslan Atakişiyevin moderatorluq etdiyi sessisyada spikerlər iqtisad elmləri doktoru, professor Zahid Məmmədov “İslam sərmayəsinin inkişafının əsas istiqamətləri: Qlobal çağırışlar və Azərbaycan üçün yeni imkanlar”, Tarık Akın “Türkiyə və Azərbaycan arasında İslam maliyyəsi sahəsində birgə əməkdaşlığın genişləndirilməsi” və Gürkan Yılmaz “İslam bankçılığında Türkiyə təcrübəsi” mövzularında çıxış ediblər.
Forumun “İslam ölkələrinin iqtisadi resursları” adlı sessiyasına isə Aqil Əsədov moderatorluq edib. İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri Ruslan Atakişiyev çıxış edərək “Qarabağ və Şərqi Zəngəzurun dirçəldilməsinə “yaşıl sərmayə”nin cəlbi” layihəsinin icrası çərçivəsində Dubay, Manama və İstanbulda keçirilmiş görüşlər haqqında məlumat verib.
Təqdimat zamanı Qarabağ və Şərqi Zəngəzurun ekoloji dayanıqlı iqtisadi inkişafı, “yaşıl enerji” və innovativ sərmayə layihələrinin bölgənin gələcək inkişaf strategiyasında mühüm yer tutduğu vurğulanıb.
Jalə HACIYEVA,
Azərbaycan Mikromaliyyə Assosiasiyasının direktoru
Ölkəmizdə İslam maliyyəsinin prinsiplərinə əsaslanan etik və ədalətli maliyyə sisteminə maraq getdikcə artır. Hazırda Azərbaycan özünün iqtisadiyyatında şaxələndirməyə, sosial bərabərliyə və dayanıqlılığa yönəlmiş bir yol seçib. Düşünürəm ki, bu dəyərlər İslam maliyyəsinin əsas prinsipləri sayılan riskin ədalətli bölüşdürülməsi, real aktivlərə əsaslanan əməliyyatlar və faizsiz, məsuliyyətli maliyyə alətləri ilə üst-üstə düşür.
İslam maliyyəsinin prinsipləri müştəri etimadını artırmaqla yanaşı, maliyyə institutlarını da onun uğrunda maraqlı tərəfə çevirir. Hələ 2010-cu ildə Azərbaycan Mikromaliyyə Assosiasiyası üzv təşkilatları arasında apardığı müşahidələr əsasında İslam maliyyəsinə marağın güclü olduğuna tam əmin olub. Belə ki, Həcc ziyarətindən qayıdan bir çox müştəri ənənəvi kreditlərin dini inanclarla uyğun gəlmədiyini əsas gətirərək bu xidmətlərdən imtina edib. Sürətli bazar qiymətləndirilməsi nəticəsində məlum olub ki, Azərbaycanın mikromaliyyə bazarının, təxminən, 17–25 faizi İslam mikromaliyyə məhsulları mövcud olduğu halda onlara üstünlük verərdi.
Assosiasiyamızın fəaliyyətinin əsas məqsədi imkanları məhdud olan insanların iqtisadi müstəqilliyini təmin etmək və layiqli gəlir imkanları yaratmaqdır. İslam maliyyəsinin prinsipləri bu missiyanın təbii davamıdır. Çünki burada həm etik davranış, həm də sosial məsuliyyət vacibdir. İslam maliyyəsi yalnız dini deyil, sosial-iqtisadi baxımdan da inkişaf modelidir. Eyni zamanda, bu, təkcə maliyyə modeli deyil, həm də ədalətə, paylaşmaya və məsuliyyətə əsaslanan bir həyat fəlsəfəsidir.
Əminəm ki, Bakıda keçirilən II “İslam Maliyyə Forumu-2025” forumunun nəticələri Azərbaycanda və regionda etik, inklüziv və dayanıqlı maliyyə sisteminin formalaşmasına yeni təkan verəcək.


