İrəvan üçün “siçan tələsi”

post-img

Hayastan baş naziri yenə təminatı bölgədən kənarda axtarır

Paşinyan yenə nala-mıxa vu­rur. Bakının təklifi şəffaf və konkretdir: birbaşa dialoqun məkanı ya Tbilisi, ya da iki ölkə­nin sərhədi ola bilər. Rəsmi İrə­van isə sözdə razılıq bildirməsinə baxmayaraq, əməldə ən müxtəlif bəhanələrlə yenə ikitərəfli görüş­dən və deməli, sülh müqaviləsinin imzalanmasından yayınmaq yolu­nu tutub. Paşinyan iqtidarının bu ikibaşlı və nataraz siyasəti erməni cəmiyyətinin özündə də birmənalı qəbul edilmir. Mövcud vəziyyətdə Bakı ilə sülh dialoquna getməyin vacibliyindən danışan, bu şansdan istifadə etməməyin acı nəticələrini proqnozlaşdıran erməni politoloq­ların, ekspertlərin, blogerlərin səsi daha ucadan eşidilməkdədir. 

Sərhəddə danışaq, amma sülhdən yox?

Nəzərə alsaq ki, Bakı sülh danışıq­larının Brüssel və Vaşinqton formatların­dan imtina edib, İrəvan isə, öz növbəsin­də, təkcə Moskva platformasından deyil, artıq məlum olduğu kimi, Azərbaycanla vasitəçilərsiz birbaşa dialoqdan da ya­yınır, onda vəziyyətin dalana dirəndiyini söyləyə bilərik. Bu dalanı yaradan əsas səbəb Ermənistan tərəfinin sülh sazişinin mətninə inadkarcasına Qarabağ ermə­nilərinin məsələsini daxil etməyə cəhd göstərməsidir. Azərbaycanın Qarabağı könüllü tərk etmiş etnik ermənilərlə bağlı məsələnin sülh danışıqlarının predme­tinə çevrilməsinə qarşı olduğunu bilən rəsmi İrəvanın bu cəhdi dalanı daha da keçilməz edir. Ermənistan hakimiyyəti bu zaman Qərbi Azərbaycandan qovulmuş etnik azərbaycanlıların geri qayıtmaq hüququnu müzakirə etməkdən hər vasitə ilə qaçır. 

Maraqlıdır ki, Ermənistan hakimiyyəti sərhədin demarkasiyası ilə bağlı iki ölkə­nin Baş nazirlərinin müavinlərinin şərti sərhədin adı çəkilməyən yerində görü­şünə razılığını bildirir, amma xarici işlər nazirlərinin neytral məkanda təmasları­nı məqbul saymır. Axı siyasətdən uzaq adama da gün kimi aydındır ki, demar­kasiya, delimitasiya məsələləri sülh sazi­şinin mətnində yer alacağından bu pro­ses paralel aparılmalıdır. Əgər sərhədin müəyyənləşdirilməsi sülh sazişinin əsas şərtlərindən biridirsə, bu halda iki məsələ ayrı-ayrılıqda müzakirə oluna bilməz. 

Bakının sülh danışıqlarını kənarda deyil, bölgədə, həm də vasitəçilərsiz aparmaq təklifinə İrəvanın isti yanaş­mamasına erməni politoloqlar mövqe bildiriblər. Onların çoxu bunun “zamin” məsələsi ilə bağlı olduğunu iddia edirlər. Yəni Ermənistan imzalanacaq sülh sazi­şinə üçüncü tərəfin “zamin durmamasın­dan” və yaxud “zaminin kimliyindən” çox narahatdır. Sosial şəbəkədə “siyasi stra­teq” kimi təqdim edilən Vigen Akopyan yazır ki, Ermənistan məhz bu səbəbdən “Qərb platformasını” təklif edir, Azərbay­can isə Ermənistana “istədiyi vaxt təzyiq göstərmək üçün” bu platformanı danı­şıqlar üçün məqbul saymır və Brüsselə getmir. Fəqət Ermənistanın “zamini” niyə bu ölkədə güc strukturu, hərbi bazası ol­mayan Qərbdə axtardığı sualına “siyasi strateq” cavab verə bilməyib. 

Onu da xatırladaq ki, münaqişə­nin “tet-a-tet” müzakirəsi təşəbbüsü­nü 2001-ci ildə Azərbaycan Prezidenti Heydər Əliyev irəli sürmüş və belə bir görüş Naxçıvanla Ermənistanın sərhə­dində, Sədərəkdə baş tutmuşdu. Tərəflər arasında birinci və sonuncu olan birbaşa dialoqun o zaman davam etməməsinin səbəbi hər kəsə bəllidir. Moskva onun “nəzarət zonasından” kənara çıxan pro­sesin qarşısını dərhal almışdı.

“İrəvan təngnəfəs olacaq”

Hadisələrə ayıq başla yanaşan er­məni ekspertlərin bəziləri İrəvanın sonda Bakının təklifi ilə razılaşmaq məcburiyyə­tində qalacağını istisna etmirlər. Politoloq Tiqran Qriqoryan hesab edir ki, Ermənis­tanın Azərbaycanın sülh təklifini qəbul etməsi ehtimal olunur. Çünki Azərbay­canın daim sülh təklifini səsləndirməyə­cəyini hələ bir müddət əvvəl Prezident İlham Əliyev də xüsusi vurğulamışdı. “Artıq həmin məqam yetişib və Ermənis­tan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən yayınmaq üçün bir gücdən digərinə qaçdıqca şərtlər də dəyişir və sərtləşir. İrəvan bu arada nə qədər “oy­nayacaqsa”, daha çox təngnəfəs olacaq və daha ağır şərtlərlə üz-üzə qalacaq”. 

Politoloqun yetərincə məntiqli qə­naətinə onu əlavə edək ki, Ermənistan rəsmilərinin son açıqlamaları bu həqiqəti anlamağa meyilli olduqlarını göstərir.

“Vasitəçilər, xüsusilə ABŞ Azərbay­cana Qərbin danışıqlar platforması­na getməsi üçün kifayət qədər təzyiq göstərməsə, İrəvan Bakının istədiyi kimi, üzbəüz danışıqlara getməli olacaq. Er­mənistan hakimiyyətinin siyasəti nəyin bahasına olursa–olsun, hansısa sənədin imzalanmasına nail olmaq və eskalasiya­dan qaçmaqdır. Bakı İrəvanı öz prinsiplə­rinə razı sala bilər. Bu, anklavlar məsələ­sində, eləcə də Azərbaycanın davranışı hərbi və iqtisadi üstünlüyə malik qalib tərəfin məntiqinə tam uyğun gəlir”. Bu isə erməni politoloq Ayk Demoyanın şərhidir. Siyasi ekspertin fikrincə, hazırki məqam­da Ermənistanın mövqeyi daha “əsəbi” görünür: “Hakimiyyət fasiləsiz olaraq sülh gündəmindən bəhs edir, ərazilərlə bağlı hansısa rəqəmləri, sülh müqaviləsinin imzalanması ilə bağlı faizləri səsləndirir. Sadəcə, Ermənistanın Azərbaycana qar­şı heç bir təbliğat tədbiri yoxdur”.

İqtidardakı “Mülki müqavilə” partiya­sından parlamentin deputatı Gaqik Mel­konyan isə hesab edir ki, Rusiya özünü yenidən diktə edən tərəf kimi, Ermənista­nı isə “qul statusunda” görür. Onun söz­lərinə görə, İrəvan isteblişmenti nə qədər gec deyil, Rusiyaya alternativ axtarıb tap­malıdır.

Paşinyan sürpriz hazırlayırmı?

Kənarda dəstəkçi axtarışlarına son qoymağa tələsməyən Ermənistan ha­kimiyyətinə Azərbaycan və Türkiyə dəfələrlə xəbərdarlıq ediblər ki, onun təhlükəsizlinin təminatı region ölkələrin­dən, xüsusilə Bakı və Ankaradan keçir. Yəni, bu, o deməkdir ki, Cənubi Qafqa­za min kilometrlərlə uzaqdakı beynəlxalq aktorları gətirmək və onların maraqlarını təmin etmək cəhdlərindən əl çəkməli, qonşularla normal müzakirələr aparmalı, problemlərinin konstruktiv həlli yollarını tapmalıdır. 

Ermənistanın Qərbə meyillənmə­si prosesinin erməni xalqı üçün heç də ağrısız ötüşməyəcəyini söyləyən qazaxıstanlı politoloq Atbek Aytma­tov güman edir ki, İrəvanı qarşıda fə­lakətli perspektiv gözləyir: “ABŞ və Fransa kimi ölkələr açıq şəkildə nümayiş etdirirlər ki, Ermənistanı Rusiya ilə qar­şıdurmada Qərbin forpostuna çevirmək planından əl çəkməyiblər. Əslində, Va­şinqtonun Azərbaycanın ünvanına aq­ressiv diplomatik ritorikası və Fransanın Cənubi Qafqazda təxribatçı hərəkətləri yalnız bir məqsədə xidmət edir: Ermənis­tan rəhbərliyində onlarla əməkdaşlıqdan arxayınlıq və eyforiya hissi yaratmağa, onu sakitləşdirməyə, “başının altına yas­tıq qoymağa”. Guya, əmin olsun ki, onlar Azərbaycanı cəzalandıracaqlar. Bunu erməni cəmiyyətinin revanşist kəsimi də arzulayır və Paşinyandan tələb edir. Erməni siyasi bomondunun şizofrenikli­yini nəzərə alsaq, bu, heç də təəccüblü görünməz. İntəhası, mənə elə gəlir ki, bu şirnikləndirmə oyununun Ermənistan üçün hansı ağır fəsadlarla nəticələnəcə­yini həmin revanşistlər kimi, Paşinyanın özü də anlamaqda çətinlik çəkir”.

Hazırda Qərbin, guya, Ermənistanın tərəfində durduğu görüntüsü yaransa da, məlum aktorlar İrəvanı Cənubi Qafqazda “ikinci Ukrayna” poliqonuna çevrilməyə razı salmaq üçün hər şeyi etdiklərini vur­ğulayan qazaxıstanlı politoloqun fikrin­cə, buna, həm də, anti-Rusiya əhvalına köklənmiş erməni cəmiyyətinin zəmin yaratdığını deyir: “Vaşinqton və Parisin Ermənistanla bağlı böyük planları var və onlar bu missiyanı hərtərfəli düşünüblər. Bu mənada Paşinyanın Rusiyaya sürpriz hazırladığı aydın sezilir. Rəsmi İrəva­nın KTMT-dan ayrılması, Rusiya hərbi kontingentinin ərazisindən çıxarılması məsələlərini eyni vaxtda, həm də kifayət dərəcədə kəskin şəkildə qaldıra bilər. Bunu anlamaqdan ötrü dərin analizə eh­tiyac yoxdur. ABŞ-ın Ermənistana yardım barədə təkliflər zərfinə nəzər yetirmək kifayətdir. İrəvandakı sağlam düşüncəli siyasətçilər ABŞ-ın Ermənistanı yaxın vaxtlarda hansı bataqlığa sürükləməyə hazırlaşdığından, sadəcə, dəhşətə gəl­məlidirlər. Revanşizm infeksiyasına yo­luxmuş ermənilər isə bu ssenarinin op­timist sonluğuna ümid bəsləməkdədirlər. ABŞ-ın vədlərinin necə aldadıcı olduğunu başa düşmək üçün onun Yaxın Şərqdə və Şərqi Avropada “təhlükəsizlik yastığı” verdiyi ölkələrin aqibətinə baxmaq yetər. İndi həmin dövlətlərin böyük əksəriyyəti həmin “humanitar blef”in altını çəkir. 

“Ağası” çox olan sonda sahibsiz qalır

Otuz il bundan əvvəl Azərbaycanın həm iqtisadi, həm də hərbi imkanları tam fərqli idi. Amma hazırda dünyanın tanıdığı qalib Azərbaycan var və o, iradə­sini diktə edən tərəfdir. Əgər Ermənistan bundan sonra da sülh sazişini “44 günlük müharibənin nəticələrinə uyğun” – ka­pitulyasiyaya imza atan tərəf kimi qəbul etməyib, Avropada, okeanın o tayında “zamin” axtarışlarına son qoymasa, saziş də olmayacaq. Azərbaycan, təbii olaraq, bu fürsətdən öz maraqları üçün istifadə edəcək.

“Dünyada uğursuz, asılı, iki və ya daha çox stulda oturmaq istəyən, bir neçə ağaya xidmət edən, özünü daha böyük dövlətlərin qarşıdurma arenasına çevirən ölkələrin sayı az deyil. Onlardan biri Azərbaycanın qonşusu Ermənistan­dır”. Bu fikri Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin Mərkəzi Asiya Ölkələ­rinin İqtisadiyyatları üçün Xüsusi Proq­ramının (SPECA) Zirvə görüşündə çıxışında bildirib. Dövlətimizin başçısı xüsusi olaraq vurğulayıb ki, Ermənis­tan kimi ölkələrə, sözün əsl mənasında, müstəqil ölkə demək olmaz: “Belə ölkələ­rin siyasəti xalqlarının iradəsinə əsas­lanmır, onların taleyi xarici sponsorların əlindədir”.

Cənab Prezident dünənki çıxışında Qərbin şirin vədlərinə şirniklənib sülhdən qaçan Ermənistanın dəqiq təyinatını ve­rib. Bəli, həmin ABŞ-ın İrəvana mümkün valyuta defisitini bağlayacağı ilə bağlı verdiyi vədi sadəcə gülüş doğurur. Va­şinqtonun bu, eləcə də Hayastanı “zəruri hərbi texnika ilə” təmin edəcəyi barədə təkliflər zərfi “blef”dən başqa bir şey de­yil. Bunu anlaması üçün İrəvanın Ukray­nanı gözünün önünə gətirməsi kifayətdir. Məgər Ermənistan hakimiyyəti Vaşinqto­nun, Parisin onu “siçan tələsinə” salmağa çalışmalarının fərqində deyil? Yoxsa, İrə­van Qərbin “xəyali dəstəyi” naminə “qur­banlıq keçi” kimi bıçaq altına tərəf könüllü gedir? 

İmran BƏDİRXANLI
XQ



Siyasət