Avropada neofaşistlərin addım səsləri eşidilir

post-img

“Qoca qitə”də ultrasağçılar, millətçilər və islamofoblar hakimiyyət olimpinə yüksəlirlər

Dünyanın digər qitələrindəki xalqlara necə yaşamağı öyrətməyə çalışan, ölkələrin daxili işlərinə qarışmağı adətə çevirən Qərb dövlətlərində etnik və dini məsələlərdə əsl diskriminasiya hökm sürür. İslamofobiya, miqrantlara qarşı nifrət, irqi ayrı-seçkilik (rasizm) bu gün Qərb dövlətlərindəki hökumətlərin siyasətinin aparıcı xəttidir. Onların həmin siyasəti isə cəmiyyətlərin əhval-ruhiyyəsini əks etdirir. Sözdə insan hüquqlarından danışan həmin hökumətlərin, Avropa Parlamentinin üzvləri Aralıq dənizində boğulan miqrantlar haqqında susurlar.

Son vaxtlar Qərbdə müşahidə olunan mənfi tendensiyalardan biri də millətçilik ruhunda olan siyasi partiyaların hakimiyyətə gəlişidir. Noyabrn 22-də Nider­land Nümayəndələr Palatasına (ikipalatalı parlamentin aşağı palatası–S.H.) keçirilən növbə­dənkənar seçkidə ultrasağçı, ifrat millətçi, islamofob Gert Vildersin rəhbərlik etdiyi Azadlıq Partiyası­nın qalib gəlməsi buna nümunə­dir. Səsvermə bülletenlərinin hamısının sayılmasından sonra ultrasağçıların 150 yerlik parla­mentdə 37 deputat mandatı qa­zandığı məlum olub. Millətçilərin ən güclü rəqibi olan solçuların və yaşılların koalisiyası 25 mandat qazanıb. On üç ildir hakimiyyət­də olan Azadlıq və Demokratiya Uğrunda Xalq Partiyası (VVD) yalnız üçüncü yeri qazana bilib (24 yer).

Bir sıra ekspertlər seçkinin nəticəsini “siyasi zəlzələ” adlandırırlar. Onlar qeyd edirlər ki, 2021-ci ildə keçirilən seçkidə 17 mandat qazanmış Azadlıq Partiyası­nın növbədənkənar seçkidə mandatların sayını iki dəfədən çox artırması Avropa­da millətçiliyin, islamofobiyanın, miqrant­lara münasibətdə dözümsüzlüyün artma­sından və ölkənin Avropa İttifaqından (Aİ) çıxmaq istəyindən xəbər verir. Çünki Aİ-nin gələcəyinə şübhə ilə yanaşmaq (av­roskeptisizm) Azadlıq Partiyasının ideo­logiyasıdır. Partiyanın sədri Gert Vilders vaxtaşırı Avropa İttifaqını tənqid edir, Ni­derlandın sərhədlərinə nəzarət etməyə, ittifaqa ödənişləri əhəmiyyətli dərəcədə azaltmağa və yeni üzvlərin daxil olma­sına qadağa qoymağa çağırır. Vilders “Nekzit”in, yəni Niderlandın Aİ-dən çıx­masının (“Brekzit”in analoqu–S.H.) ideo­loqudur. Qərb mediası yazır ki, Vildersin hakimiyyətə gəlməsi ilə Avropa Parla­mentində sağçı siyasətçilərin koalisiyası güclənəcək və Aİ-nin gündəliyi ciddi şə­kildə dəyişə bilər. Bu baxımdan ifrat sağ­çıların qələbəsinin sağa dönüş olduğu və Brüsseli də təşvişə saldığı bildirilir.

Ancaq G.Vildersin Aİ-dən çıxmaq istəyi daha çox Brüsselin problemi hesab oluna bilər. Onun siyasi baxışlarında bi­zim diqqətimizi daha çox cəlb edən an­ti-İslamçı, həmçinin daha sərt miqrasiya siyasətinin tərəfdarı olmasıdır. Miqrasiya əleyhinə çıxışlarına görə Vildersi tez-tez ABŞ-ın keçmiş prezidenti Donald Tramp­la müqayisə edirlər. Onun həmfikirləri arasında Fransa Milli Birlik Partiyasının lideri Marin Le Pen də var. Mədəni mil­lətçilik, sağ populizm, milli liberalizm, avroskeptisizm, islamofobiya G.Vildersin başçılıq etdiyi partiyanın rəsmi ideologi­yasıdır.

Buna baxmayaraq, Vilders özünü azad iradə ideologiyasının (libertaria­nizm) nümayəndəsi kimi təqdim etməyi xoşlayır. Ancaq çoxları onu ifrat sağçı fa­şistlərlə assosiasiya edir. Solçu rəqibləri və müsəlmanlar onu sağçı ekstremist ad­landırırlar. Vilders özü belə müqayisələrə qəti etiraz edir: “Mənim müttəfiqlərim Le Pen və ya Hayder deyil. Biz heç vaxt faşistlərlə müttəfiq olmayacağıq”. Qeyd edək ki, Vilders bu zaman fransız Marin Le Peni və avstriyalı sağçı radikal si­yasətçi Yorq Hayderi nəzərdə tutur.

Vilders Yaxın Şərqdəki münaqişədə İsrailin tərəfdarıdır və iki il həmin ölkədə yaşayıb. O, hesab edir ki, İsrail “İslam təhlükəsi”nə qarşı Qərbin ilk müdafiə xət­tidir. Vilders Fələstin probleminin həllində İsrailin hər hansı güzəştə getməsini rədd edir və yeganə “düzgün” həll yolunu İor­daniyanın adının Fələstinə dəyişdirilmə­sində və bütün fələstinlilərin ora yerləş­dirilməsində görür. Siyasətçi 2012-ci ilin yanvarında Niderland hökumətini İkinci dünya müharibəsi zamanı nasist işğalçı­ları tərəfindən yəhudilərin kütləvi depor­tasiyasına passiv reaksiyasına görə üzr istəməyə çağırmışdı.

Partiya sədri sərt anti-İslam ritorikası sayəsində geniş populyarlıq qazanıb. O, İslamı sərt tənqid etməsi və müsəlman­ların Niderlanda miqrasiyasını qadağan etmək təklifi ilə də tanınır. O deyir: “Bu təklif ona görə deyil ki, müsəlmanlar pis insanlardır. Sadəcə, xristian və yəhudi dəyərlərinə əsaslanan mədəni irsimiz və cəmiyyətimiz İslam cəmiyyətindən daha yaxşıdır. Biz miqrasiyanı dayandır­masaq, Avropanı itirəcəyimizə inanırıq”. Vilders məscidlərə və “Quran”a qadağa qoymaq, eləcə də hökumət binalarında hicab taxmağı qadağan etmək istəyir.

O, digər açıqlamalarında daha irəli gedərək İslam dini və Allahın rəsulu (s.) ilə bağlı xoşagəlməz ifadələr işlədib. Özü faşist düşüncəsində olmasına baxmaya­raq, İslamı nasizmə bənzədib, müqəddəs “Quran”ın surələrini Adolf Hitlerin “Mənim mübarizəm” əsərindən parçalarla müqa­yisə edib. İndi belə bir siyasi baxışlara malik şəxsin quracağı hökumətin hansı siyasəti yürüdəcəyini təsəvvür etrmək çətin deyil. 

Onu da bildirək ki, 44 günlük Vətən müharibəsinin başa çatmasından sonra ölkəmiz Avropanın bəzi ölkələrində ol­duğu kimi, erməni diasporu və lobbisinin təsiri altında Niderland parlamentində də islamofob, ultrasağçı və millətçi qüvvələ­rin hədəfinə çevrilmişdir. Müharibənin başa çatmasından sonrakı ilk günlər­də parlamentdə Azərbaycan və Türkiyə əleyhinə bir sıra qətnamə qəbul olunma­sı barədə təşəbbüslər irəli sürülmüşdür. Qardaş Türkiyə və Azərbaycana qarşı sanksiyaların tətbiq olunması, keçmiş qondarma rejimin tanınması, uydurma “suriyalı terrorçular” məsələsinin araş­dırılması və sair cəfəng çağırışlar edən həmin layihələrin müəllifləri Martin van Helvert (Xristian Demokratik Çağırış Par­tiyası), Joel Voordevind (Xristian İttifaqı Partiyası) və Sven Koopmans (Vildersin rəhbərlik etdiyi Azadlıq Partiyasının de­putatı) idi. Onların səyləri ilə 2020-ci il no­yabrın 17-də Niderland parlamenti tərə­findən Azərbaycan və Türkiyə əleyhinə bir neçə qətnamə qəbul olunmuşdur.

2020-ci il noyabrın 18-də Prezident İlham Əliyev Niderlandın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri xanım Paulin Eizemanın etimad­naməsini qəbul edərkən Niderland parla­mentinin təxribatçı qətnamələrinə kəskin münasibətini onun diqqətinə çatdırmış­dır. Dövlətimizin başçısı parlamentdəki müzakirələr zamanı Niderland XİN rəh­bəri Stef Blokun balanslaşdırılmış ya­naşma ilə çıxış etməsini təqdir etsə də, ümumilikdə, belə ədalətsiz qərarların ölkələrimiz arasında yaxın əlaqələrin qu­rulmasına kömək etməyəcəyini xüsusilə vurğulamışdır.

Göründüyü kimi, G.Vildersin və onun Azadlıq Partiyasının parlament seçkilə­rində qalib gəlməsi ölkəmiz üçün də yaxşı heç nə vəd etmir. Hələlik, yeganə müsbət cəhət odur ki, Vildersin rəhbər­lik etdiyi partiya seçkidə qalib gəlsə də, mütləq çoxluq qazana bilməyib. O, koa­lisiya qurmaq üçün sonrakı yerləri tutan partiyalarla danışıqlar aparmalıdır. An­caq G.Vildersin hökumət koalisiyası qur­mağa nail olacağı sual altındadır. Çünki digər üç partiyanın lideri Azadlıq Partiya­sı ilə koalisiyada iştirak etməyəcəklərini bildiriblər. Onların öz mövqeyini dəyi­şib-dəyişməyəcəyini isə qarşıdakı günlər göstərəcək.

Aydın QULİYEV, 
siyasi şərhçi

– Qərb ölkələrinin daxili siyasətin­də radikalizm, ultrasağçılıq, millətçi­lik, islamofobiya, etnik dözümsüzlük və digər təzahürlər getdikcə özünü daha qabarıq şəkildə göstərməkdə­dir. Bu cür neqativ halların çoxalması həmin ölkələrdə cəmiyyətlərin dəyər­lərini getdikcə itirməsinin nəticəsidir. Zənnimcə, bu da təsadüfi deyil. Qərb ölkələrinin dünyanın müxtəlif yerlərin­də apardıqları müstəmləkəçilik, haq­sızlıq, ədalətsizlik, beynəlxalq hüquq normalarından uzaq, ikili standartlar siyasəti son nəticədə həmin bölgələr­də bu dövlətlərin siyasətinin ifşası­na gətirib çıxarır. Avropa ölkələrinin apardıqları ikili standartlar siyasəti müsəlman ölkələrində milli azadlıq, etiraz hərəkatlarının baş qaldırmasına səbəb olur. Nəticədə yaranmış katak­lizmlərdən qaçmaq üçün insanların bir qismi Avropa ölkələrinə axın edir.

Halbuki, miqrantların “qoca qitə”yə axınının əsas səbəbi elə Avropa ölkələrinin apardıqları siyasətlə bağ­lıdır. Ancaq Avropa ölkələri özlərində heç bir təqsir görmürlər və miqrantlara qarşı qərəzli siyasət aparmağa başla­yırlar. Bütün bunlar “qoca qitə” ölkələ­rində tolerantlıq adlanan dəyərin kö­künü baltalamağa başlayır. Nəticədə Avropa ölkələrində cəmiyyətlər parça­lanır. Cəmiyyətlər təkcə siyasi nöqte­yi-nəzərdən bir-birinə qarşı dayanmır, eyni zamanda, milli əlamətlərə, dini fərqlərə görə qitədə əsl vətəndaş qar­şıdurması yaşanır. Aydındır ki, bu da siyasi qüvvələrin platformasına təsir göstərir.

Təsadüfi deyil ki, xüsusilə son 10-15 il ərzində Avropa ölkələrində islamofob, ultrasağ, radikal xristianlıq və digər cərəyanlara söykənən siyasi partiyaların nəinki təsiri və gücü artır, eyni zamanda, onlar sürətlə siyasi ha­kimiyyət olimpinə yüksəlirlər. Məsələn, Fransa illərdir ki, radikal sağçı-millətçi qüvvələr tərəfindən idarə olunur. Son vaxtlar İrlaniyada ultrasağ, millətçi qüvvələrin hakimiyyətə gəlməsi buna sübutdur. Əlbəttə, bu isə təkcə həmin ölkələr üçün deyil, bütün dünya üçün çox təhlükəlidir. Nəzərə almaq lazım­dır ki, İkinci dünya müharibəsi də Al­maniyada, o cümlədən digər Avropa ölkələrində radikal, qisasçı, millətçi, radikal dairələrin hakimiyyətə gəlməsi nəticəsində başlamışdı.

Səxavət HƏMİD
XQ



Siyasət