Qərb təsisatlarının qrant maxinasiyaları

post-img

Müşfiq ƏLƏSGƏRLİ,
XQ-nin media üzrə eksperti


“Abzas Media” ətrafında baş verənlər ciddi suallar doğurur


Hüquq lüğətlərində qeyd  edilir ki, qrant humanitar, sosial və ekoloji inkişaf proqramlarını maliyyələşdirmək üçün əvəzsiz verilən maddi vəsaitdir. Bu maliyyə dəstəyi elmi  tədqiqatlar, təhsil, səhiyyə, mədəniyyət, hüquqi yardım, informasiya işi, idman kimi sahələrdə modern texnologiyaların tətbiq olunmasını təşviq etmək üçün nəzərdə tutulub. Bir sözlə, cəmiyyətin rifahına xidmət edən proqramları  stimullaşdırmaq məqsədi daşıyır. 

Qrant haqqında anlayışlarda birmənalı şəkildə qeyd edilir ki, o, hakimiyyət uğrunda mübarizə məqsədləri, hər hansı siyasi təşkilatın və ya şəxsin seçki kampaniyasının maliyyələşdirilməsi üçün istifadə edilə bilməz. Ümumiyyətlə, siyasi partiyalara xarici ölkələrdən maliyyə yardımının göstərilməsi qanunla məhdudlaşdırılır.  Problem ondadır ki, ABŞ və onun yedəyində olan Qərb dövlətlərində təsis edilmiş  “donor təşkilatlar” məhz bu  bəndi intensiv şəkildə pozurlar. Ayrı-ayrı ölkələrdə siyasi proseslərə təsir göstərmək, onu öz maraqları istiqamətinə yönəltmək üçün “çirkli qrant”lardan istifadə edirlər.

Qərb təsisatları maraqlarına cavab verən siyasi təşkilatları, onların üzərindən siyasi prosesləri  maliyyələşdirmək üçün çaşdırıcı  mexanizmlər qurublar. Sifarişlə işləyən siyasi mərkəzlərin ətrafında   “peyk QHT-lər”, “peyk KİV-lər” cəmləşdiriblər. Çünki, siyasi partiyalardan fərqli olaraq, qanun vətəndaş cəmiyyəti qurumlarına, o cümlədən KİV-lərə qrant vəsaiti ayrılmasını qadağan etmir. ABŞ və digər Qərb institutları da bu məqamdan yararlanırlar. USAİD,  NED, “Soros Fondu”  və digər donor təşkilatlar tərəfindən “peyk QHT və KİV-lərə”  humanitar, sosial, ekoloji, demokratik  inkişaf proqramları adı altında “qrant” vəsaiti ayrılır. Bu yolla, qrant  vəsaitinin  hədəf ölkələrə çatdırılması leqallaşdırılır. Sonda isə vəsait “layihə almış  QHT və KİV-lər”in vasitəçiliyilə  siyasi mərkəzlərə ötürülür.  

Gürcüstanda, Ukraynada törədilən  “məxməri inqilablar”,  5 il öncə Ermənistanda gerçəkləşdirilən siyasi çevriliş, Türkiyədə ciddi iz buraxmış  “Gəzi parkı” olayları və onlarla  digər səsli-küylü insidentlər məhz belə mexanizmlər vasitəsilə hazırlanaraq həyata keçiriliblər.

Qeyd edək ki, qanunsuz qrant vəsaitləri sifarişlə işləyən siyasi mərkəzlər üçün təkcə maliyyə mənbəyi deyil. Peyk QHT və KİV-ləri maliyyələşdirməklə, partiyalar üçün həm də sosial baza formalaşdırılır. Təlimatlandırılan, maliyyələşdirilən “QHT və KİV” təmsilçiləri bir sifarişlə küçələrə tökülüb xaos yarada bilirlər. 

1990-cı illərdən, müstəqilliyin ilk illərindən  etibarən Azərbaycanda da belə mexanizmlər tətbiq edilib. Qərb instituları qanunları pozaraq, müxalifət partiyalarını, siyasi çaxnaşmalar törədən mərkəzləri  maliyyələşdiriblər. Hüquqi məsuliyyətdən yayınmaq üçün ötürdükləri vəsaitləri  “qarant” adı ilə pərdələyiblər. Yəqin ki, əksər oxucular 1990-cı illərdə müxalifət  partiyalarının – AXCP, Musavat, Sosial Demokrat- ətrafında qurulmuş peyk QHT və KİV-ləri xatırlayırlar. 

Azərbaycan dövləti 2000-ci illərdən etibarən  bu mexanizmi  ifşa edib, onun aradan qaldırılması üçün tədbirlər görüb. Milli donor institutlarını  yaratmaqla, QHT və KİV-ləri xaricin maliyyə  asılılığından qurtarıb. 2014-cü ildə isə qanunvericiliyi yeniləyib, xaricdən qrant almaq prosedurlarını  sərtləşdirib. Digər zəruri tədbirlər də görülüb.

Amma indi bəlli olur ki, Azərbaycan dövləti  ehtiyat tədbirləri gördüyü kimi, “qrant şəbəkəsi” də çevik tərpənib. Qeyri-leqal vəsaitin ölkəyə gətirilib təsir dairəsində olan siyasi mərkəzlərə çatdırılması üçün son 6 il ərzində tamamilə yeni metodlardan faydalanıblar. 2014-cü ildən etibarən qeydiyyatsız qrantların Azərbaycana Gürcüstan üzərindən ötürülməsi həyata keçirilib. Təyinatı şübhə doğuran, milli maraqlara zidd olan “qrantlar”ın Azərbaycanda qeydə alınması çətinləşdiyi üçün, Azərbaycanda  xarici sifarişləri  icra edən QHT və KİV-lərə xüsusi imtiyazlar tanıyıblar. Onlar öz “qrantlarını” Gürcüstanda qeydiyyata aldırırlar. “Qrant üçün”, daha doğrusu, siyasi çaxnaşmalar üçün  nəzərdə tutulmuş vəsaiti Gürcüstanda qəbul edirlər. Sonra həmin vəsaiti nəğdlaşdıraraq Azərbaycana gətirirlər, siyasi sifarişlər üçün xərcləyirlər. Bu fakt öz təsdiqini tapıbdır. Belə işləri icra edənlər üzərində cinayət işləri açılaraq, hüquqi ölçü götürülübdür. 

Problem ondadır ki, Qərb institutları  təkcə “Gürcüstan yolu” versiyasından istifadə etməyiblər. KİV-də yayılmış son məlumatlardan bəlli olur ki, qeydiyyatsız qrantlar digər   fərqli üsullarla da realizə edilir. Bunun üçün çox hiyləgər variantlar hazırlanıbdır. Məsələn, qeydiyyatsız vəsaiti dövlətlərarası təşkilatlar vasitəsilə ölkəyə keçiriblər. Gətirilmiş vəsaiti hüquqi  məsuliyyətdən yayındırmaq üçün “işbaz  QHT-lərlə” sövdələşmələrə gediblər. Xaricdən aldıqları qrantları diqqətdən yayındıraraq daxili qrant kimi icra ediblər. Bunun üçün partnyor QHT və KİV-lərə şərait yaradıblar. Vəsaitin bank yolu ilə deyil, nəğd şəkildə öütürülməsi  onları hüquqi nəzarətdən yayındıra bilib.

Narahatlıq doğuran hal odur ki, ABŞ-ın təxribatçı “donor” institutları bu prosesləri Azərbaycanda marginal qruplarla əməkdaşlıq şəraitində icra ediblər. Məsələn, öz məqsədlərinə çatmaq üçün  “radikal feministləri” təşkilatlandıraraq aktivləşdiriblər. Belə qruplar Azərbaycan zehniyyəti üçün zərərlidirlər. Milli maraqların ziddinə hərəkət edirlər. Yəni Qərb institutları bir tərəfdən qanunları pozaraq siyasi proseslərə maliyyə ayırırılarsa, digər tərəfdən cəmiyyətimizə zərər verəcək şəbəkələr formalaşdırırlar. 

Azərbaycan hüquq-mühafizə orqanları qeyd edilən istiqamətə 
şübhəli hallar aşkarlayıblar. Yayılan məlumatlardan belə nəticə çıxır ki, “Abzas Media” redaksiyasında aparılan istintaq tədbirləri də bu amillə bağlıdır. Onun redaksiyasından götürülərək sənədləşdirilmiş 40 min Avro dəyərində vəsaitin mənbəyi bilinmir. “Qanunsuz qrant transferi” ilə əlaqəsi olduğundan şübhələnilir. 

Biz, istintaqın hansı nəticələrlə bitəcəyini, faktların təsdiqini tapıb-tapmayacağını  söyləyə bilmərik. Amma istintaqın davam etdirilməsi, 4 aylıq həbs qətiimkan tədbirinin seçilməsi əldə ciddi şübhələrin olmasından xəbər verir. 

Bu məqamda düşündürücü suallar ortaya çıxır: ABŞ və onun yan təşkilatları Azərbaycandan nə istəyirlər? İndilik bilinən budur ki, ABŞ və onun Qərbdəki yançılarının niyyəti Azərbaycan xalqının iradəsinə təsir göstərmək,  xalqımızın qələbəsinə kölgə salmaqdır. Onlar xalqla dövlət arasında inamsızlıq yaratmaq, cəmiyyəti parçalamaq və ölkəni qarşıdurma zonasına çevirmək niyyətindədirlər. Azərbaycan Ordusunun əzib dağıtdığı Ermənistan ordusunu yenidən dirçəldirlər. Qalib Azərbaycanın deyil, məğlub və işğalçı Ermənistanın şərtlərinə uyğun sülh müqaviləsi bağlatdırmaq istəyirlər. 

Azərbaycan cəmiyyəti ayıq-sayıq olmalı, məkrli oyunların mahiyyətini bilməlidir.

Siyasət