Bakıda beynəlxalq elmi konfrans keçirilib - YENİLƏNİB

post-img

Bakıda Azərbaycan Universiteti, Türkiyənin Sakarya Universiteti, ABŞ-nin Vaşinqton Universiteti və Sosial Tədqiqatlar Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən “Sosial İş və Sosial Tədqiqat” (Social Work & Social Research) beynəlxalq elmi konfransı öz işinə başlayıb. 

Azərbaycan Universitetinin ev sahibliyi ilə təşkil olunan ikigünlük konfransda böhran dövründə sosial iş təcrübəsi, sosial iş təhsilinin inkişafı, bu sahədə beynəlxalq standartların yaradılması, həssas qrupların sosial müdafiəsi və bu kimi digər məsələlər diqqət mərkəzində saxlanılır.

Açılış mərasimində Azərbaycan Universitetinin rektoru Səadət Əliyeva, ABŞ-ın Vaşinqton Universitetinin professoru Michael Sherraden, Sosial Tədqiqatlar Mərkəzinin direktoru, millət vəkili Zahid Oruc, Qazaxıstanın Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Nazgul Sagindykova, eləcə də çıxış edən millət vəkilləri, dövlət rəsmiləri və qonaqlar konfransı sosial siyasət və sosial iş sahəsindəki aktual məsələlərin müzakirəsində mühüm addım və platforma kimi qiymətləndiriblər. 

Konfransın işi plenar iclaslarla davam edib. Bu gün üç plenar məruzə dinlənilib. ABŞ-ın Sent Luis və Vaşinqton universitetlərinin professoru Jin Huang “Maliyyə bacarıqları və aktivlərin inkişafı: sosial işçilər üçün təhsil və təcrübə”, Çinin Mərkəzi Maliyyə və İqtisadiyyat Universitetinin professoru Shu Fang “Çində maliyyə bacarıqları və sosial iş” və ABŞ-ın Vaşinqton Universitetinin Braun Sosial iş və ictimai səhiyyə fakültəsinin müəllimi, Sosial İnkişaf Mərkəzinin həmdirektoru Lissa Johnson “ABŞ-da maliyyə bacarıqları və sosial iş” mövzularında məruzə ediblər. 

Konfransın plenar iclası və panel müzakirələri sabah da davam edəcək. İştirakçılar və qonaqlar növbəti plenar iclasda ABŞ-ın Vaşinqton Universitetinin Braun Sosial iş və ictimai səhiyyə fakültəsinin professoru, Sosial İnkişaf Mərkəzinin təsisçisi və direktoru, Michael Sherradenin “Sosial siyasət və sosial iş tədrisində maliyyə bacarıqları və aktivlərin inkişafı”, fakültənin müəllimi və mərkəzin aparıcı  tədqiqatçısı Aytəkin Hüseynlinin “Neft-qazla zəngin ölkələrdə uşaq inkişaf hesabları: Azərbaycan və Qazaxıstan nümunəsi”, Qazaxıstanın Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Nazgul Sagindykovanın “Qazaxıstanda uşaq inkişaf hesabları: Milli Uşaq Fondu”, İsrailin Maks Stern Yezreel Valley Kollecinin professoru Aviad Tur-Sinainin “İsraildə  uşaq inkişaf hesabları - unikallıq, uğurlar və problemlər” və ABŞ-ın Vaşinqton Universitetinin Sosial İnkişaf Mərkəzinin beynəlxalq proqramlar direktoru Li Zounun “Hər kəs üçün uşaq hesabları: qlobal baxış və potensial” mövzularında məruzələrini dinləyə biləcəklər. 

Konfransın bu gün və sabah keçiriləcək 10 bölmə iclasında isə sosial iş təhsili sahəsində səriştələrin, yeni bacarıqların və qlobal standartların yaradılması, davamlı inkişaf və sosial iş təhsili, sosial iş təhsilində rəqəmsallaşma və İKT, ictimai səhiyyə böhranı, müharibədən zərərçəkənlər və hərbçilərlə sosial iş, həssas qruplar və sosial müdafiə kimi mövzuların müzakirəsi planlaşdırılır. 

Konfransa dünyanın 32 ölkəsindən 156 məruzə qəbul edilib. Hibrid formada təşkil olunan konfransın işçi dili ingilis dilidir. 10-dan çox ölkədən konfransın mövzusu üzrə dünyanın ən tanınmış 40-a qədər alimi “in person” iştirakını təsdiq edib. Zoom platforması vasitəsilə isə 40-a yaxın ölkədən iştirakçı konfransın işinə qoşulacaq. Plenar məruzəçilər isə mövzular üzrə dünyanın ən tanınmış alimləridir.

Konfrans materialları Web of Science və Scopus bazalarında indekslənmək üçün təqdim ediləcək. 22-23 noyabr 2024-cü il tarixlərində ikinci “Social Work & Social Research” konfransının keçirilməsi nəzərdə tutulur.

Rizvan FİKRƏTOĞLU
XQ



Elm