Səfirlər Milli Məclisdə

post-img

Dünən Milli Məclisin sədri Sahibə Qafarova Rusiya Federasiyasının ölkəmizdəki səfiri Mixail Yevdokimov ilə görüşüb.

S.Qafarova iki ölkə arasında əlaqələrin möhkəmləndirilməsində parlamentlərin önəmli rol oynadığını vurğulayıb. O, müxtəlif vaxtlarda Rusiya Federasiyası Federal Şurasının Sədri Valentina Matviyenko və Dövlət Dumasının Sədri Vyaçeslav Volodin ilə qarşılıqlı səfərlər və müxtəlif  beynəlxalq tədbirlər çərçivəsində keçirdiyi görüşlərin əhəmiyyətindən danışıb.

Səfir Mixail Yevdokimov Rusiya ilə Azərbaycan arasında  bütün sahələrdə əlaqələrin dinamik inkişaf etdiyini, xalqlarımız arasında dostluq münasibətlərinin olduğunu söyləyib. Parlamentlərarası əməkdaşlığın bu əlaqələrin genişləndirilməsində mühüm rol oynadığını qeyd edən səfir diplomatik fəaliyyəti dövründə ölkələrimiz arasında əlaqələrin daha da inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib.

***

Həmin gün Milli Məclisin sədri Səudiyyə Ərəbistanı Krallığının ölkəmizdəki səfiri İssambin Saleh əl-Cuteyli ilə də görüşüb.

Xalqlarımızın tarixi, dini və mədəni köklərlə bir-birinə bağlı olduğunu deyən S.Qafarova ölkələrimiz arasında yaranan diplomatik münasibətlərin əlaqələrimizi keyfiyyətcə yeni səviyyəyə yüksəltdiyini bildirib. O, Prezident İlham Əliyevin Səudiyyə Ərəbistanı Krallığına səfərləri çərçivəsində keçirilən görüşlərin və ölkələrimiz arasında imzalanmış sənədlərin münasibətlərimizin gələcək inkişaf istiqamətlərini müəyyənləşdirdiyini diqqətə çatdırıb. 

Səfir İssambin Saleh əl-Cuteyli iki ölkə arasında əlaqələrin yüksək səviyyədə olmasını qeyd edib, müxtəlif sahələrdə, o cümlədən qanunverici orqanlar arasında əməkdaşlığın xalqlarımızın maraqlarına uyğun olduğunu vurğulayıb. 

Əliqismət BƏDƏLOV
XQ

 

Son xəbərlər