Azərbaycan Mərkəzi Asiya ilə Avropa arasında iqtisadi körpüdür

post-img

Bakı daha bir nüfuzlu beynəlxalq məclisə – SPECA-nın zirvə görüşünə evsahibliyi edir

BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı (SPECA) 1998-ci ildə yaradılıb. Proqrama üzv dövlətlər Azərbaycan, Qazaxıstan, Tacikistan, Qırğızıstan, Türkmənistan, Özbəkistan və Əfqanıstandır. Proqramın məqsədi üzv dövlətlər arasında əməkdaşlığın inkişafı və dünya iqtisadiyyatına inteqrasiyanın dəstəklənməsidir. 

Azərbaycan SPECA-ya 2002-ci ildə qoşulub və fəal üzvlərdəndir. Belə ki, Proqramın İdarəetmə Şurasının və İqtisadi Forumunun 1-ci iclası Bakıda keçirilib. 2016-cı ildə isə Azərbaycan quruma sədrlik edib. Həmin ilin noyabr ayında Gəncə şəhərində İdarə Heyətinin 11-ci iclası və İqtisadi Forum keçirilib. Müvafiq dövlət orqanları, o cümlədən İqtisadiyyat Nazirliyi SPECA-nın İşçi qruplarında fəal iştirak edir. 2023-cü ildə də SPECA-ya sədrliyi Azərbaycan Respublikası həyata keçirir.

Bakıda Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün BMT-nin Xüsusi Proqramı (SPECA) çərçivəsində keçirilən indiki iqtisadi forumda  regionda ortaq iqtisadi məqsədləri reallaşdırmaq, bərabərsizlikləri azaltmaq və bu coğrafiyada rifahı artırmaq məsələlərinin müzakirəsi zamanı  Şərqlə Qərb arasında körpü rolu oynayan ölkəmizin çoxillik transsərhəd ticarət- mədəni mübadilə ənənələri ilə seçildiyi qeyd edilib. Bununla belə, SPECA çərçivəsində ticarət əlaqələri dərinləşdikcə infrastrukturun inkişafına da ciddi ehtiyac duyulduğu,  bu sahədə təşəbbüslərin artırılmasının qarşılıqlı faydalı əməkdaşlıqda önəmli rol oynadığı  vurğulanıb. 

Bütün bunlar statistik göstəricilərdə də öz ifadəsini tapıb. Bununla bağlı əvvəlcə onu deyək ki, hazırda SPECA ölkələrinin dünya iqtisadiyyatında payı 3 dəfədən çox artıb. Son 25 ildə isə proqram  iştirakçısı olan ölkələrin ÜDM-i 10 dəfə, qarşılıqlı ticarəti isə 50 faiz yüksəlib.

Ötən il Özbəkistanın SPECA ölkələri ilə ticarət dövriyyəsi 8 milyard dollar təşkil edib. Cari ilin on ayında isə bu göstərici 15 milyard dolları ötüb. Qazaxıstan da bu istiqamətdə fəal iş aparıb. Dost ölkə son dövrdə “vahid pəncərə” prinsipinin tətbiqinin reallaşdırılması ilə bağlı müəyyən layihələrin həllini diqqətdə saxlayıb, baza tarif dərəcələrindən istifadəyə xüsusi əhəmiyyət verib və Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta dəhliz) üzrə ölkələrin həmin tarif dərəcələrindən səmərəli yararlanmasına çalışıb.    

Qeyd edək ki, ölkəmizlə Qazaxıstan arasında mürəkkəb əməliyyat modeli mövcuddur. Belə ki, Qazaxıstan–Belarus–Rusiya yükdaşımaları 2011-ci ildən indiyədək  çox kiçik həcmdən milyonlarla konteynerədək yüksəlib və bu, çox müsbət nəticədir. Burada əməliyyat fəaliyyəti dəmir yolları arasında həyata keçirilir. Azərbaycan ilə Qazaxıstan arasında yükdaşımalarında isə Xəzər dənizi və limanlar xüsusi əhəmiyyəti ilə diqqət çəkir.  Bu baxımdan Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Şərq-Qərb dəhlizlərinin inkişafında əsas rol oynayır və Azərbaycanın coğrafi mövqeyinin unikallığını təsdiqləyir. 

Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ilə bir müddət bundan əvvəl “Qazaxıstan Dəmir Yolu” Milli Şirkəti arasında da əməkdaşlıq barəsində memorandum imzalanıb. Bu sənədə əsasən, Asiya–Avropa transkontinental marşrutlar üzrə multimodal daşımaların daha da artırılması, nəqliyyat və logistika sahəsində innovativ həllərin tətbiq edilməsi ilə sürətli yükdaşımalarının artırılmasında qarşılıqlı işgüzar əməkdaşlığın inkişafı məsələləri barəsində bir sıra razılıqlar əldə olunub.

Bakı Limanı uğurlu ikitərəfli münasibətlər qurmaqla yanaşı, bir sıra beynəlxalq təşkilatların da fəal üzvüdür. Bakıda böyük müvəffəqiyyətlə təşkil olunan “IAPH– 2018” Dünya Limanlar Konfransında beynəlxalq arenada limanın tərəfdaşlıq və dayanıqlılığa sadiqliyinin qlobal iqtisadiyyatın gələcək inkişafına töhfə verəcəyi bir daha vurğulanıb. 

Hazırda Ələtdə liman kompleksinin tikintisinin birinci fazasına daxil edilən bərə terminalı, ümumi, “Ro-Ro”, xidmət körpüləri, dəmiryolu xətləri, inzibati bina, gömrük məntəqəsi, açıq saxlama sahəsi, anbarlar, konteyner meydançası, körpülərə dəmir və avtomobil yolu yanaşmaları, ağır yüklərin yerləşmə sahəsi və yük maşınlarının dayanacağı yaradılır.

Xatırladaq ki, Bakı Limanı Ələtdə iki əsas nəqliyyat dəhlizinin– Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin kəsişməsində yerləşir. Limanın inkişafı 2 mərhələ üzrədir. 2019-cu ildə birinci mərhələnin inkişafı başa çatdırılıb və sonra burada ümumi yükaşırma imkanı artırılaraq 15 milyon ton ümumi yükə və 100 min konteynerə çatdırılıb.

Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) araşdırmasına əsasən, 2022-ci ildə Qazaxıstanın Aktau və Bakı limanları arasında konteyner daşımalarının ümumi həcmi təxminən 33 min TEU təşkil edib. Qazaxıstanın cənubundan (Orta Dəhliz vasitəsilə) 18 min TEU, şimalından isə 15 min TEU keçib. Proqnozlara görə, 2025-ci ildə konteyner daşımaları 80 min TEU, 2030-cu ildə 110 min TEU, 2035-ci ildə isə 125 min TEU səviyyəsində gözlənilir.

Xatırladaq ki, Azərbaycan SPECA çərçivəsində həyata keçirilən layihələrin gerçəkləşməsində hər zaman fərqlənib. Məsələn, 2022-ci ildə respublikamızın SPECA ölkələri ilə ticarət dövriyyəsi 3,6 dəfə artaraq 1,3 milyard dollara çatıb. Cari ilin keçən 10 ayında isə həmin göstərici ötən ilin eyni dövrünə nisbətən təxminən 16 faiz artaraq 1,2 milyard dollar təşkil edib.  

Azərbaycan proqram çərçivəsində ixracın həcminə görə də müsbət nəticələrə nail olub. Belə ki, keçən ilin eyni dövrünə nisbətən bu ilin ötən 10 ayında respublikamızın proqram iştirakçısı olan ölkələrə ixracı təxminən 82 faiz yüksəlib. Bu sahədə daha yüksək nəticələr əldə etmək üçün imkanlar da genişlənib.  

Gömrük prosedurlarının sadələşdirilməsi, ticarət maneələrinin azaldılması və tranzit daşımaların optimallaşdırılması kimi tədbirlərin reallaşdırılması yuxarıda qeyd edilən  məsələlərin gerçəkləşməsinə mühüm töhfələr verib. İqtisadiyyat naziri Mikayıl Cabbarov forumdakı çıxışında bu barədə ətraflı məlumat verərək SPECA çərçivəsində ölkəmizin Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistanla ikitərəfli faydalı iqtisadi-ticarət tərəfdaşlığı və bu sahədə mövcud potensial barədə fikirlərini bildirib. O, Azərbaycanın artan nəqliyyat-tranzit potensialını ölkəmizin Mərkəzi Asiya ilə əlaqələrinin gücləndirilməsinə mühüm töhfəsi kimi dəyərləndirib. Mikayıl Cabbarov, eyni zamanda, Azərbaycanın Milli Prioritetlərinin, əlverişli biznes və investisiya mühitinin, ərazilərimizin azad edilməsinin yaratdığı yeni reallıqların bu kontekstdə önəmini diqqətə çatdırıb.

Azərbaycanın timsalından aydın görünür ki, SPECA ölkələrinin qlobal ticarətdə rolu ildən-ilə  artıb, iqtisadiyyatları nəzərəçarpacaq dərəcədə inkişaf edib. Proqram iştirakçısı olan dövlətlərin davamlı iqtisadi inkişafı üçün bir sıra məsələlərə diqqət artırılıb. Eyni zamanda, müasir dövrün tələbləri ilə bağlı müəyyən layihələrin gerçəkləşdirilməsi qarşıya mühüm vəzifələr kimi qoyulub. Buraya rəqəmsal transformasiya, təchizat zəncirindəki problemlərin aradan qaldırılması, “yaşıl iqtisadiyyat”a keçidin sürətləndirilməsi və digər istiqamətlər daxil edilib. 

Hazırda perspektivdə reallaşdırılacaq tədbirlərin icrasını sürətləndirmək məqsədilə SPECA Fondunun yaradılması üzərində iş aparılır. Həmin fonda daxil olacaq vəsaitin Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsinə yönəldiləcəyi nəzərdə tutulur. 

V.BAYRAMOV 
XQ

 

Siyasət