Paşinyana qarşı “Ambartsumyan planı”

post-img

Keçmiş dövlət rəsmisinin “dilə gəlməsi” nəyə hesablanıb?

Mikael Ambartsumyan. Bu şəxs Ermənistanın Milli Təhlükəsizlik Xidməti direktorunun vəzifələrini icra edib. Özü də 44 günlük müharibə dönəmində. İndi isə ölkənin “News.am” media qurumuna müsahibəsində keçmişdə yaşananlara, belə demək mümkünsə, işıq salıb. Əslində, dedikləri ilə Ermənistanın gələcəyinə zülmət vədi verib.

Ötən sayımızda M.Ambartsumyanın 44 günlük müharibə dövründə baş nazir Nikol Paşinyanın fəaliyyəti, eləcə də savaşın vaxtında dayandırılmasının vacibliyinə dair fikirlərini diqqətə çatdırdıq. Ümumən, belə nəticəyə gəldik ki, bu şəxs, necə deyərlər, oxu atıb yayı gizlətməklə məşğuldur və keçmiş dövlət rəsmisinin seçdiyi üslubu maraqlı edən budur.

Bəli, – M.Ambartsumyan ölkəsinin hakim komandasını müxalif kəsimin nümayəndələri kimi tənqid edib, ənənəvi “xain” və “satqın” klişelərini gündəmə gətirmir. Hiss olunur ki, onu hazırlayıb ortaya atanlar erməni ictimai rəyinin “incəliyini” nəzərə alıblar. Yəni düşünüblər ki, qeyd etdiyimiz klişelər keçərli deyil. Buna görə M.Ambartsumyan bəzi fikirləri ilə obyektiv şəxs təsiri bağışlayır. Məsələn, o, bir çoxlarının Paşinyanın müharibə müddətində həmişə içkili olduğuna dair iddialarını inkar edir və baş nazirin hər gün iş başında olduğunu, hətta kabinetində gecələdiyini, təcili iclaslar keçirdiyini bildirir. Müharibənin zamanında dayandırılması kimi vacib məsələyə gəldikdə, Ambartsumyanın dediklərindən hasil olan qənaət budur: əgər Paşinyan Rusiya ilə razılaşsaydı, Ermənistan müharibədə məğlubiyyətlə, itkilərlə üzləşməzdi.

Rusiyanın bəzi dairələrinin istər 44 günlük müharibədən, istərsə də Azərbaycan Silahlı Qüvvələrinin 2023-cü ilin sentyabrında həyata keçirdiyi lokal xarakterli uğurlu antiterror tədbirlərindən sonra ortaya atdıqları tezisə görə, həm savaşdakı məğlubiyyət, həm də Qarabağın tamamilə itirilməsi erməni milli identikliyinə ağır zərbədir. Jurnalistika adına ləkə gətirən Vladimir Solovyov adlı birinin erməni varlığı üçün Qarabağın əldən çıxmasını rüsvayçılıq kimi təqdim edib qıcıqlandırıcı mövqe tutduğunu da bilirik.

M.Ambartsumyan təxminən eyni mövqeni bölüşür, sadəcə, onun təqdimatı çılpaq deyil, ehtiyatlıdır. O bildirir ki, əgər Paşinyan 2026-cı ilədək hakimiyyətdə qalmağı bacarsa, Ermənistan Azərbaycanın quberniyasına çevriləcək. Diqqət yetirək, sabiq dövlət rəsmisi belə deyərkən Nikolun və komandasının 2026-cı il parlament seçkilərində qələbəsinin potensial nəticələri üzərinə fokuslanmır. Onun subliminal mesajı seçkiyədək hakimiyyətin devrilməsinin vacibliyi xüsusundadır. Yeri gəlmişkən, Ermənistanda hakimiyyətə etimadsızlıq kampaniyası təşkil etmək istəyənlərin də məqsədi budur ki, Paşinyan və komandası seçkidə iştirak şansı qazanmasın. Onların direktivləri haradan aldıqları məlumdur.

Onu da bildirək ki, Ermənistandakı radikal kəsimə direktivlər ötürənlərin təlqin etdikləri baxış azərbaycanlıların və ermənilərin dinc şəkildə birlikdə yaşamalarının qeyri-mümkünlüyü ideyasına söykənir. Bu ideyanı yayanlar bildirirlər ki, iki xalq arasında nizamlayıcı ancaq Rusiya olmalı, Moskva onları qarşıdurmadan uzaq tutmalıdır. Əlbəttə, bu “xoş niyyət” elə-belədən deyil. Məlumdur ki, Kreml uzun müddət Qarabağ münaqişəsinə Cənubi Qafqazda mövcudiyyət aləti kimi yanaşıb. Hazırda münaqişə yoxdur, üstəlik, Bakı və İrəvan yekun sülh yolunda addımlayır. Bu prosesin qarşısı isə Paşinyanın hakimiyyətdən uzaqlaşdırılması ilə alına bilər.

Beləliklə, nəinki M.Ambartsumyan, eləcə də xaricdən direktiv alanlar gözəl anlayırlar ki, Paşinyanı seçki yolu ilə siyasi səhnədən silmək mümkünsüzdür. Erməni xalqı Nikol və komandasından nə qədər narazı olsa da, əks düşərgə sahiblərinə bir o qədər nifrət bəsləyir. Nifrət həm də Qarabağ avantürasına görədir. O avantüraya görə ki, minlərlə dinc erməni gəncinin həyatına son qoydu, bir o qədər dinc erməni sakin hələ də müharibədə itkin düşmüş övladının yolunu gözləyir.

Bir sözlə, sıravi ermənilər Azərbaycanla və azərbaycanlılarla ziddiyyət və qarşıdurmanın sona çatmasını, münasibətlərin nizama düşməsini arzulayırlar. Bu arzunun reallaşmasına maneçilik törədənlərin cəbhəsində yer alan M.Ambartsumyan pafosu işə salaraq bildirib ki, Paşinyanın hakimiyyətdə qalması ilə Ermənistan Azərbaycanın quberniyasına çevriləcək. Amma o, belə təqdimatların ənənəvi stereotiplərindən nisbətən uzaqdır və çox yaxşı bilir ki, indiki dövrdə azərbaycanlıların gəlib erməniləri qətlə yetirəcəkləri, qırğınlar törədəcəkləri kimi deyimlər təsirini itirib. Bu səbəbdən sabiq təhlükəsizlik şefi gələcək sülh mühiti üçün proqnoz verir. Əlbəttə ki, buna proqnoz demək mümkündürsə: “Bu o demək deyil ki, onlar (azərbaycanlılar – red.) gələcək və evlərimizdə qırğın törədəcəklər. Bu, yumşaq güc vasitəsilə təzyiqin artacağı anlamına gəlir. Elə həmin “dostcasına” proses başlayacaq və bir müddət davam edəcək. Azərbaycanlılar Ermənistana köçüb yaşayacaqlar. Onlara dövlət səviyyəsində təminatlar veriləcək. Əhalinin tarazlığı dəyişməyə başlayacaq və azərbaycanlılar Azərbaycan və Türkiyə tərəfindən maliyyələşdiriləcəklər. De-yure, kağız üzərində biz müəyyən müddət müstəqilliyi qoruya bilərik, amma de-fakto onu itirəcəyik. Biz Azərbaycanın quberniyasına çevriləcəyik”.

Ayının min oyunu bir armudun başındadır. Bu el misalımızı Ambartsumyanın danışmaq məqsədi baxımından dəyərləndirsək, sabiq dövlət rəsmisinin müsahibəsində təkcə ehtiyatlı deyil, açıq fikir də səsləndirdiyini söyləmək mümkündür. Bu fikir onun nə üçün ortaya atıldığını aydın şəkildə göstərir. Ambartsumyan azərbaycanlılarla ermənilər arasında dostluğun tərəfdarı olduğunu, lakin “güclünün zəiflə səmimi dostluq edə biləcəyinə” inanmadığını bildirib.

Qeyd edək ki, Paşinyan bu günlərdə Ermənistanın heç vaxt Azərbaycandan və Türkiyədən hərbi planda güclü ola bilməyəcəyini diqqətə çatdırmışdı. Yəni, baş nazirin rasional mövqe tutduğu məlumdur. Görəsən, Ambartsumyan və onun kimilər güclü olmaq, daha doğrusu, zəif olmamaq dedikdə nəyi nəzərdə tuturlar? Axı erməni varlığı tarixin bütün dövrlərində türklərdən zəif olub. Ancaq buna görə əzilməyib. Yalnız güclüyə qarşı baş qaldıranda, təxribat törədəndə payını alıb ki, bunda da təbii qanunauyğunluq var.

Digər tərəfdən, müstəqillik illərində Ermənistan güclü idimi? Bəlkə Azərbaycan torpaqlarını işğalı ölkənin qüdrətindən irəli gəlmişdi? Əlbəttə ki, belə deyildi. Həmin vaxt ön planda Moskvanın İrəvana dəstəyi dayanmışdı. Ambartsumyanlar isə faktiki olaraq həmin dəstəyin təbliğatını aparırlar. Onların nəzərə almadıqları güclü Rusiyanın zəif Ermənistanı heç vaxt özünə dost bilməməsi, yalnız vasitə qismində görməsidir. Güman edirik, indi erməni xalqı bunu daha yaxşı anlayır.

Ə.CAHANGİROĞLU
XQ



Siyasət