Cəlil Məmmədquluzadənin ana dili və əlifba islahatı uğrunda mübarizəsi

post-img

Ədibin publisistikasında I Türkoloji Qurultayın hədəfləri geniş əksini tapıb

I Türkoloji Qurultaydan əvvəlki illərdə görkəmli ədibimiz Cəlil Məmmədquluzadə “ Tiflisski listok”, “Molla Nəsrəddin”, “Yeni yol”, “Kommunist”, “Vozrojdeniye”, “Zaqafqaziye” kimi qəzet-jurnallarda, Azərbaycan və rus dillərində çıxan digər dövri nəşrlərdə ana dilinin tədrisi, yeni əlifba, sivil təhsil, mədəni inqilab və s. məsələlərlə bağlı silsilə publisistik məqalələr dərc etdirmişdir.

Yazıçı-publisist həmin mövzular arasında yeni əlifbaya keçidin zəruriliyinə daha geniş yer vermişdir. Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan bir qədər sonra Xalq Komissarları Soveti əlifba məsələsini müzakirə edib, yeni əlifbaya keçmək haqqında dövlət səviyyəsində qətnamə qəbul etdi. 1922-ci il yanvar ayının 6-da Nəriman Nərimanovun təşəbbüsü ilə Azərbaycan ziyalılarının toplantısında aparılan geniş müzakirədə latın əlifbasının tərəfdarları üstünlük qazandı və 9 nəfərdən ibarət yeni komissiya yaradıldı.

Komissiyanın mətbu orqanı olan “Yeni yol” qəzetinə redaktorluq Cəlil Məmmədquluzadəyə həvalə edildi. Qəzet fəaliyyətə başladığı gündən, demək olar ki, bütün saylarında əlifba məsələsinə geniş yer verirdi.

Hələ XIX əsrin ortalarından başlayaraq Azərbaycan elminin mütəfəkkirləri Məhəmməd Ağa Şahtaxtlı, Səfərli bəy Vəlibəyov, Mahmud bəy Mahmudbəyov, Nəriman Nərimanov, Üzeyir bəy Hacıbəyli, Fərhad Ağazadə və başqa ziyalılarımız yeni əlifba uğrunda mücadilə aparmışlar. 1926-cı ildə keçirilən I Türkoloji Qurultayda milli ziyalılarımız əlifba islahatı aparılmasına, latın qrafikalı əlifbaya keçilməsinə nail olmuşlar.

Görkəmli ədibimizin publisistik məqalələrində körpə balalarımıza doğma dilimizin tədrisi ilə bağlı geniş söhbət açılmışdır. Məsələn, Mirzə Cəlilin “Tiflisski listok” qəzetinin 5 avqust 1905-ci il 159-cu sayında dərc edilmiş “Yeni ibtidai məktəbdə Azərbaycan dili” adlı məqalədə Qafqaz təhsil dairəsindəki yerli əhali üçün birsinifli məktəblərin tədris planını hazırlayan xüsusi komissiyanın iclas protokolundan danışılır. Yazıda komissiya üzvlərindən olan Bağırovun, Qəniyevin, Sanıyevin mülahizələrinə münasibət bildirilib. Müəllif iclasının nəticələrinə də diqqət yetirilərək, onların hansı işlər gördükləri barədə də söz açıb.

Yazıda bildirilib: “Komisssiya heç bir iş görməmiş, heç bir tədris planı tərtib etməmişdir. O ancaq Qafqaz təhsil dairəsi himayədarlar şurasının 1880-ci il dekabrın 12-də tərtib etdiyi ibtidai məktəbdə tədris planını sözbəsöz köçürmüşdür. Həmin tədris planı Qafqaz canişini imperator zati ailələri Mixail Nikolayeviç tərəfindən təqdir edilərək, Qafqaz təhsil idarəsinin 1881-ci il 4 fevral tarixli, 598 nömrəli göstərişi ilə yerli əhali arasındakı məktəblərin müdirlərinə əldə rəhbər tutmağa göndərilmişdir”.

Mirzə Cəlil bu məsələ ilə maraqlananlara və söylədiklərinin reallığına şübhə ilə yanaşan oxuculara Qafqaz təhsil dairəsi sərəncamlarının məcmuələrinə baxmağı tövsiyə edib. Yazıçı yeni ibtidai məktəblərdə müəllimlərin azlığından, yerli dillərin tədrisdən çıxarılmasından, hər yerindən duranın inspektor vəzifəsini icra etməsindən, məktəb komissiyasında həyatın və xalqın tələbləri ilə yaxından tanış olan adamların iştirak etməməsindən, tədris planının mükəmməl tərtib edilməməsindən bəhs edib.

O, əminliklə yazırdı ki, əgər məktəb komissiyasında həqiqətən həyatın və xalqın tələbləri ilə tanış olan adamlar iştirak etsəydilər, o zaman onlar səssiz-səmirsiz protokolu imzalamaq əvəzinə, yerlərindən qalxan komissiya üzvlərinə üz tutub deyərdilər: “Ağalar 12 dekabr 1880-ci ilin ibtidai məktəb tədris planında Azərbaycan dilinə heç də sizin nəzərdə tutduğunuzdan az yer verilməmişdir, lakin buna baxmayaraq, o vaxtdan keçmiş 25 illik müddət ərzində, bütün hökumət məktəblərində olduğu kimi, ibtidai məktəblərdə də Azərbaycan dilinin keçilməsi nəinki vacib sayılmamış, bəlkə, artıq görülmüşdür... Ağalar! Heç bir tədris planı etməyin... nə qədər ki, müxtəlif xırda adamlar, bu məsələdə isə sözükeçən zorbalar Azərbaycan dilini təqib edirlər, nə qədər ki, darülmüəllim direktorları özlərinə tabe olan Azərbaycan dili müəllimlərindən bu “çaq-çuq”un tədrisinə çox da səy göstərməməyi tələb edirlər, nə qədər ki, levitsikilər müvafiq yollarla yerli dilləri məktəbdən kənara vurub çıxarırlar, nə qədər ki, hər yerindən duran inspektor öz dərsinə şövqü olmayan Azərbaycan dili müəllimlərini ağızdolusu tərifləyir, sizin planlarınız işə kömək etməyəcəkdir”.

Qarşıdakı məsul işi görmək üçün komissiyanın bəzi üzvlərinin xahişinin təmamilə haqlı olduğunu və bu xahişlərin qəbullanmasının səbəblərindən danışan müəllif yerli dillər, bu xüsusda Azərbaycan dilinin tədrisi ilə bağlı qarşıya çıxan çətinlikləri də ayrı-ayrılıqda göstərir və buraya Azərbaycan dilinin tədrisinin pedaqoji hazırlığı olmayan səriştəsiz adamlara tapşırılması, yeni tədris planının müasir tələblərə cavab verməməsi və s. kimi məsələləri aid edir. Görkəmli publisist Darülmüəllimini, Seminariyanı bitirən azərbaycanlıların savadsız olmalarından acı-acı gileylənərək, məqaləsini ritorik suallarla sona çatdırır.

Mirzə Cəlilin 5 oktyabr 1905-ci il “Vozrojdeniye” qəzetinin 3-cü sayında dərc etdirdiyi “Bəs Asipova xanımın müsəlman qızları üçün məktəbi necə oldu?” başlıqlı məqaləsində bir ilə yaxın zaman ərzində Asipovanın müsəlman qızları məktəbi açmaq üçün icazə ərizəsi verməsindən, bu xahişə indiyədək baxılmamasından, rəy üçün Zaqafqaziya müftisi və Şeyxülislamına göndərilməsindən, onların isə bu ərizəyə rədd cavabı vermələrindən bəhs edilərək, göstərilib: “Nə ibtidai məktəb haqqında qüvvədə olan qanunnamələrdə, nə də ruhani idarələrin mövcud qaydalarında müsəlman məktəbi üçün heç bir normal proqram olmadığından, bu çətin vəziyyətdən çıxmaq yolu Asipova xanımın üzünə həmişəlik bağlanmışdır”.

Məqalədə Zaqafqaziya müftisi və Şeyxülislamın diqqətinə çatdırılır ki, bəs İrəvandakı müsəlman məktəbinin və Bakı şəhərindəki Tağıyev qız gimnaziyasının açılışına nə yolla icazə vermisiniz? Bu sualı Mirzə Cəlil özü ətraflı şəkildə cavablandıraraq, digər bir məsələyə də toxunur: Məgər Asipova xanıma da bu məktəblərdə birinci şəriətə dair proqram qəbul etməyi tapşırıb, onun ərizəsinə çoxdan müsbət cavab vermək olmazdımı? Məqalənin sonu da kəskin suallarla yekunlaşır: “Nə üçün Zaqafqaziya Şeyxülislamı və müftisi Asipova xanımın niyyətinə bu cür soyuq yanaşdılar? Nəhayət, axı kim və nə vaxt bədbəxt müsəlman qızlarının acınacaqlı vəziyyətini yada salıb düşünəcəkdir?”.

Göründüyü kimi, Türkoloji Qurultay keçirilməmişdən əvvəlki illərdə ana dilinin tədrisi və əlifba məsələsi ilə bağlı ən çox məqalə yazanlardan biri Cəlil Məmmədquluzadə olmuşdur. Onun “Yeni yol” qəzetinin 28 oktyabr 1922-ci il tarixli 6-cı sayında dərc etdirdiyi bir məqaləsi “Komitə işləri barəsində” adlanır. Olduqca yığcam, xəbər xarakterli bu yazını Mirzə Cəlil “İmzasız” təxəllüsü ilə qələmə almışdır. Xəbər İrəvandan alınmış rəsmi məlumat əsasında hazırlanmış və Ermənistanda yaşayan türklərin yeni əlifbanı bəyəndikləri və qəbul etmələri bildirilir. O da bəyan edilirdi ki, həmin şəhərdə bu əlifbanı yaymaq və öyrətmək məqsədilə xüsusi komitə yaradılmış və ciddi işə başlanmışdır.

Cəlil Məmmədquluzadə belə bir xəbərin Naxçıvandan da gəldiyini və bu komitənin yeni əlifbanı Ordubad və Şərur mahallarında yaşayan türklərin arasında da yaymağı öhdəsinə götürdüyünü qeyd edir. Müəllif vurğulayır ki, bu şəhərlərə göndərilən 300 əlifba kitabçası kifayət etmir, ondan yenə istəyirlər. Bakıda yeni əlifba ilə çıxan qəzet və jurnalın oralara da göndərilməsini xahiş edirlər. Yeni əlifba kitabçasından 12 min nüsxə çap olunmuşdur. Bu az müddətin içində bu qədər kitab satıldığına görə, ikinci dəfə, habelə ikinci hissəsinin də çap olunması komitə iclasında qərara alınıb.

Ərəb əlifbasındakı nöqtələrin çoxluğu Mirzə Cəlili də dərindən düşündürmüş və o, “İmzasız” təxəllüsü ilə 27 yanvar 1923- cü il “Yeni yol” qəzetinin 4-cü sayında çap etdirdiyi “Nöqtələr” adlı kiçikhəcmli məqaləsini bu məsələyə həsr etmişdir. Müəllif bu əlifba ilə yazan müsəlmanların çətinliklərinə də, yəni ərəb hərflərinin yazılış qrafikasının qəlizliyinə də münasibət bildirərək, qeyd edirdi: “Elə söz var ki, ərəb hərfləri ilə o sözü yazanda gərək 44 nöqtə qoyaq: yarısını üstdən, yarısını altdan. Bir vaxtlar İran yazıçıları bu nöqtəbazlıqdan təngə gəlib istədilər acıqla dəxi heç bir nöqtə qoymayalar, yəni lap nöqtəsiz yazalar və çoxları bu məşqə düşdülər, məşhur Mirzə Mehdi xanın “Təxəllüsü” bu cür nöqtəsiz yazılıb. Bunun da nəticəsi o oldu ki, əgər bir şəhərdə savadlı beş nəfərimiz var idisə, indi iki nəfər oldu, o səbəbə ki, daha “tərəssül” xəttin oxuya bilən olmadı”.

Ərəb hərflərində nöqtə əngəlinə son qoymaq məqsədilə bəzi türklərin də içindən bu cür hoqqabazların çıxdığını, yəni onların nöqtə əvəzinə sözlərin sonuna bu cür quyruq yapışdıraraq, yeni əlifba kəşf etmək istəyənləri tənqid atəşinə tutaraq Mirzə Cəlil “Yeni əlifba, yeni əlifba!” - şüarı ilə fikrini yekunlaşdırmışdır.

Qüdrətli və peşəkar jurnalist kimi Cəlil Məmmədquluzadənin maarif, mədəniyyət, təhsil sahəsində qələmə aldığı bütün məqalələri dərin milli ictimai məzmuna malik olmaqla, böyük ədibin öz xalqına fədakar ziyalılıq xidmətidir. Bu baxımdan onun “Molla Nəsrəddin” imzası ilə “Yeni yol” qəzetinin 3 mart 1923-cü il 8-ci sayında dərc etdirdiyi “Maarif” adlı məqaləsi olduqca maraqlıdır. Qəzetçi məqalədə şura hökumətinin məşhur maarif komissarlarından biri olan doktor Sultan Məcid Əfəndiyevin maarif barəsində qəzetlərdə dərc etdirdiyi bir məqaləsinə nəzər salmışdır. O, məqalənin səmimi qəlbdən yazıldığını, onda mənalı gülüşün və acı ağlamağın olduğunu bildirmişdir.

Ədib yazının ağlamalı tərəflərinə toxunmadan gülməli və məzəli yerlərini təhlil süzgəcindən keçiririk göstərib: S.Əfəndiyevin məqaləsində çox qəribə səslənən fikirlərdən biri budur ki, hələ inqilabdan qabaq mövcud olan məktəblərin sayı qədər indi bizim məktəbimiz yoxdur. S.Əfəndiyevin məqaləsində çox məzəli səslənən bir cümləni Mirzə Cəlil belə verir: “Müəllimlərimiz tamamən qaçdılar Quba meydanına, çünki 8 aylarla məvacib almırdılar”.

Mirzə Cəlil öz həmkarı S.Əfəndiyevin məqaləsindən götürdüyü 3-cü cümləyə daha çox təəccübləndiyini yazıb: “Məktəb kitablarımızı Türkiyənin Kürdüstan və Ərəbistan dilində yazdıqları səbəbindən onların içindən millətimiz bir mətləb çıxara bilmədilər”. S.Əfəndiyevin məqaləsinin bəzi ibarələrinə də Mirzə Cəlil toxunaraq Molla Nəsirəddin əminin dilindən öz fikrini belə sona çatdırır: “Özümüzü boş-boşuna mədh və təhsin ilə yox - özümüzü quru tərif və ya yalançı alqışlar ilə yox, məhz acı həqiqəti meydana qoymaq ilə biz maarif evini abad edə bilərik. Qeyri bir yolu yoxdur”.

XX əsrin 2-ci onilliyində Azərbaycan dövri mətbuatında əlifba məsələsi ilə bağlı yazılara geniş meydan verilirdi ki, onlardan biri də Cəlil Məmmədquluzadənin “Molla Nəsrəddin” imzası ilə “Kommunist” qəzetinin 30 dekabr 1923-cü il 296-cı sayında çap etdirdiyi “Behişt əlifbası” sərlövhəli məqaləsidir. Burada yeni latın əlifbası ilə ərəbçilər arasında gedən gərgin mübarizədən bəhs edilir və hadisələrin cərəyan etdiyi məkan kimi İran Azərbaycanı göstərilir. İran Azərbaycanının dindar mollaları belə düşünürlər ki, cənnət əhlinin dili ərəb, cəhənnəm əhlinin dili isə yeni latın əlifbasıdır və buna görə də kim cənnətə düşmək istəyirsə, ərəb əlifbasını, cəhənnəmə getmək istəyənlər isə latın əlifbasını öyrənsin.

Bu fikirlər İranın Rəşt şəhərində çıxan “Nidayi-Gilan” qəzetində Ağaye Əli Hürrəm tərəfindən səsləndirilmişdir və orada göstərilir ki, Azərbaycanda latın əlifbasını icad edən bolşeviklərdir və onların məqsədi Azərbaycan türklərini digər türk ölkələrindən və müsəlmanlardan ayırmaqdır.

Məqalədə əksini tapan bütün nöqsanlara və korafəhimliliyə münasibət bildirən Mirzə Cəlil İranda fars şovinistlərinin, Tehran hökumət məmurunun yaramaz əməllərindən, doğma dilimizə düşmən münasibətindən bəhs edərək yazırdı: “Bu ustalar ibarətdilər Tehran hökumətinin İran Azərbaycanında əyləşən varlı və qeyri məmurlarından: bunlar hamısı farslardır və fars dilindən özgə bir dil tanımırlar. İstər Mərənddə olsun, istər Culfada, istər Astara, ya Zunuzda, heç bir kəsin hünəri deyil həmin məmurların yanında bir kəlmə türk sözü danışsın və yazsın. Hələ İran Azərbaycanı səhldir: Naxçıvan, Gəncə, Bakını da tehrançılar fars ölkəsi və burada yaşayan xoşbəxt müsəlmanları elə fars adlandırırlar. Əgər bolşeviklərin batində fikirləri bizi bir-birimizdən ayırmaqdır, bunu yeri-göyü yox yerdən yaradan bir Allah bilir, bəs sən Tehran hökumətinin qıpqırmızı politikasına niyə bir söz demirsən ki, hazır qıpqırmızı bizim Araz otayının Zunuz və mərəndli qardaşlarımızı fars eləmək istəyirlər. Hə, əgər sən düz adamsan, bəs bu işə niyə dinmirsən?” .

Milli dramaturgiyanın təməlini qoymuş Mirzə Fətəli Axundovun ölümünün 50 illiyi münasibətilə də Cəlil Məmmədquluzadə bir neçə məqalə yazmışdır. Onlardan biri də ədibin “Şərq qadını” jurnalında dərc etdirdiyi “Mirzə Fətəli Axundov və qadın məsələsi” sərlövhəli məqaləsidir. Məqalədə Mirzə Fətəlinin komediyalarının mövzu mündəricəsindən bəhs edilməklə bərabər, onun Şərq qadınlarının tez və sürətlə savadlanması üçün tərtib etdiyi bir əlifbadan da qısa şəkildə danışılmışdır.

Yazıda qeyd olunmuşdur: “Necə ki, məlumdur, Mirzə Fətəli köhnə ərəb əlifbasını müsəlmanların tənəzzülünə mərbut tuturdu və yeni, mükəmməl bir əlifbanın təşkili yolunda Qafqazda, hətta İstanbulda və Tehranda ciddi bir iqlamat başlamışdı. Təkcə bu keyfiyyət, Mirzənin bircə bu təşəbbüsü kafi ola bilərdi ki, fanatik müsəlmanlar xaçpərəstlərin latın hürufatını Quranın “müqəddəs” hürufatına tərcih verən bir kəsi laməzhəb və mürtəd adlandıraydılar”.

Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra da əksər əyalətlərdə məktəblərin açılmaması Mirzə Cəlilin tənqid hədəfinə çevrilirdi. Onun bu baxımdan tərsinəsöyləmə manerası ilə qələmə alıb “Molla Nəsrəddin” jurnalının 24 dekabr 1922-ci il 7-ci sayında çap etdirdiyi “Gözəl yerlər” adlı məqalə xüsusi önəm kəsb edir. Ədibin yazdığına görə, Bakı mahalının Xızı əylətinin Zibər kəndində 60, Upada 40, Gərmiyəndə 60, Çarqışlaqda 50, Qululuda 60, Sərgəhdə 40, Biləsəndə 35, Dəllərdə 35, Pəmbədə 35, Xildə 70 ev olmasına baxmayaraq, bu 15 kəndin heç birində bir dənə də məktəb fəaliyyət göstərmir.

Bu kəndlərin 4 nəfərdən ibarət mollası bu yerlərin başbilənləri və savadlıları hesab olunurlar. Bir tərəfdən bu mollalar, digər tərəfdən Lahıc seyidləri bu kəndlərin camaatının yaxasından yapışaraq “ver-ver” deyərək onların gönünü soyurlar. Mirzə Cəlil satirik planda bunları yerli camaatın savadsızlığı, məktəbsizliyi ilə əlaqələndirərək göstərir: “Molla deyir: – Verməsən səni behiştə qoymayacağam gedəsən. Seyid deyir: – Verməsən bir dua edəcəyəm cəddim sənə qənim olsun. Kəndli də verir, çünki çarəsizdir. Bu da ki, məktəbsizlikdəndi”.

Yazıçı məqalədə Xızı camaatının bir tərəfdən Molla Qiyam, Molla Qivam, Molla Hüseyn və Molla Əbdüləli tərəfindən, digər tərəfdən isə Lahıc seyidləri tərəfindən aldadılaraq, cəhalətdə saxlanmalarına kəskin etirazını bildirərək, Bakı mahalının maarif idarəsinin nə fikirdə və nə ilə məşğul olduqları barədə sualla yazısını sona çatdırır.

Cəlil Məmmədquluzadə “Molla Nəsrəddin” jurnalının 20 yanvar 1923-cü il 10-cu sayında “Molla Nəsrəddin” imzası ilə dərc etdirdiyi “İki xəbər” adlı məqaləsində kəndlilərdən ötrü türk dilində çıxmaqda olan “Əkinçi” qəzetinin fəaliyyətinin dayandırılmasından, Türk Teatrına ayrılan məvacibin azaldılmasından danışaraq, Mozalan və Dəli ilə dioloqlarını satirik səpkidə qurmuşdur. O bu işlə bağlı əlaqədar təşkilatları kəskin ifşa obyektinə çevirərək, yazının yekununda göstərmişdir: “Demək haman bihudə xərclərin biri “Əkinçi” ruznaməsi idi ki, bilmərrə yox elədilər. Qaldı Hökumət Türk Teatrı. Bu da heç əslində olmasa, heç kəsin halına təfavüt etməz. Təvəqqi olunur bizdən inciməyəsiniz. Çünki doğrudur, çox yerlərə və çox idarələrə milyard-milyard pullar xərclənib və yenə xərclənəcək; amma “Əkinçi” ruznaməsinə pul çatmadı. Bunlar hamısı gözəgörünməz Allahın məsləhətidir. Biz aciz bəndələr bundan baş aça bilmərik”.

Ümumiyyətlə, görkəmli ədibin “Köhnə müəllim” imzası ilə “Yeni yol” qəzetinin 27 yanvar - 3 fevral 1923-cü il 4 və 5-ci saylarında dərc etdirdiyi “Uşaqlarımız” məqaləsində məktəb və təhsil, “Cırcırama” imzası ilə “Molla Nəsrəddin” jurnalının 12 may 1923-cü il 23-cü sayında çap etdirdiyi “Mətbəələr” adlı məqaləsində qəzetlərin və kitabların çapı , “Molla Nəsrəddin” jurnalının həmin tarixdəki və həmin sayındakı “Müəllim” sərlövhəli məqaləsində Bakı Maarif Şöbəsinin yarıtmaz işləri tənqid edilmişdir.

“Molla Nəsrəddin” jurnalının 8 sentyabr 1923-cü il 31-ci sayındakı “Savad məktəbləri” adlı məqaləsində fəhlə və kəndlilərin savad məktəblərinə maraqlarının az olmasının səbəbləri, 19 sentyabr 1923-cü il 34-cü sayındakı “Maarif işləri” məqaləsində təhsil sahəsində çalışanların yeni üsulla işləməmələri, 13 aprel 1924-cü il 6-cı sayındkı “Təzə əlifba” sərlövhəli məqaləsində yeni latın əlifbasının üstünə hücum çəkilməsi, 20 dekabr 1924-cü il 28-ci sayındakı “Kitab məsələsi” məqaləsində mətbəə xərclərinin bahalaşmasından bəhs etməsi yazıçının Türkoloji Qurultayın qaldırdığı məsələləri irəlicədən görüb ictimailəşdirməsini göstərir.

Ədib 1917-ci ildən 1926-cı ilə qədər olan dövrdə I Türkoloji Qurultayda qoyulan məsələləri əvvəlcədən ciddi və satirik planda müzakirəyə çıxarmış və bununla da Qurultayda qoyulan məsələlərə öncədən öz dəstəyini göstərmişdir. Cəlil Məmmədquluzadə Azərbaycanda mədəni inqilabı ürəkdən alqışlayan mütəffəkkirlərimizdən biri olmuşdur. O, I Türkoloji Qurultayda da qeyri-rəsmi şəkildə iştirak etmiş və oxunan məruzələri və çıxışları maraqla dinləmişdir. Yazıçı məclisin qətnamələrindən razı qalmışdır.

Mahirə HÜSEYNOVA
filologiya elmləri doktoru, professor





Sosial həyat