Serbiyanın Zrenyanin şəhərində güləş üzrə U23 Avropa çempionatı davam edir.
Yarışın 2-ci günündə sərbəst güləş üzrə 5 çəkidə medalçılar müəyyənləşib.
Vasif Bağırov (57 kq) finalda rusiyalı Ayanday Ondarla qarşılaşıb. Görüşə yaxşı başlayan güləşçimiz 3:0 hesablı üstünlük əldə etsə də, sona doğru təşəbbüsü əldən verib – 3:7. Nəticədə gümüş medalla kifayətlənib.
Musa Ağayevin (65 kq) ermənistanlı Arman Musikyanla görüşü dramatik alınıb. Sonuncu dəqiqəyədək 0:4 hesabıyla geridə olan həmyerlimiz əsl əzmkarlıq nümayiş etdirərək yekunda 6:4 hesablı qələbəyə sevinib. Bununla da bürünc medalı boynundan asıb.
Ramik Heybətov (70 kq) təsəlliverici görüşdə gürcüstanlı Qoqa Otinaşvilidən güclü olub – 6:2. Bürünc medal uğrunda qarşılaşmada ukraynalı Mikita Sariyevə şans tanımayan (10:0) Heybətov fəxri kürsünün 3-cü pilləsinə yüksəlib.
Səbuhi Əmiraslanov (79 kq) finalda rusiyalı İsmayıl Xaniyevlə bacarmayıb – 0:11. Xaniyev çempionatı 2-ci pillədə başa vurub.
Zəfər Əliyev (97 kq) üçüncü yer uğrunda türkiyəli Emirhan Kılıçla gücünü sınayıb. Görüşə yaxşı başlamayan milli üzvü 0:9 hesabıyla geri düşsə də, mübarizəni sonadək davam etdirib. Əsl xarakter nümayiş etdirən Əliyev 19:9 hesablı qələbəylə bürünc medala sahib çıxıb.
Dünən 92 kiloqramda çıxış edən Azərbaycan təmsilçisi Ali Tsokayev finalda türkiyəli Fatih Altunbaşla qarşılaşıb. Gərgin keçən görüş idmançımızın qələbəsi ilə yekunlaşıb.
Beləliklə, millimiz qitə birinciliyinə 1 qızıl, 2 gümüş və 3 bürünc medalla start verib.
Qabil YUSİFOĞLU
XQ

