Yanardağ – Odlar yurdunun qaynar nəbzi

post-img

Ölkəmizdə mövcud tarixi, dini, mədəni abidələrin bərpası dövlət siyasətində mühüm yerlərdən birini tutur. Bu siyasət mədəni abidələrə dövlətimiz tərəfindən nə qədər həssaslıqla yanaşıldığını və Azərbaycanın qədim diyar olduğunu bir daha sübut edir.

Abşeron rayonunun Məmmədli kəndində yerləşən Yanardağ abidəsinin ərazisi Prezident İlham Əliyevin 2007-ci ildə imzaladığı Sərəncamla Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu elan edilib. Qoruğun fəaliyyəti Dövlət Turizm Agentliyi tərəfindən tənzimlənir.

“Yanardağ” təbiət abidəsi yerin dərinliklərindəki mövcud neftli-qazlı çöküntü laylarında vulkanik-tektonik proseslərdən yaranan çatlar vasitəsilə səthə çıxan təbii qaz axınlarının alışıb yanması nəticəsində əmələ gəlib. Ərazidə aparılan geoloji tədqiqatlar, həmçinin orta əsrlərə aid tarixi mənbələr sübut edir ki, Bakı və ətraflarında həm quru, həm də dəniz üzərində daimi yanan alovlar hələ qədim dövrlərdən bəri müşahidə olunur.

Paytaxtdan 27 km uzaqlıqda yerləşən qoruq bir təbiət möcüzəsidir. Heyranedici Təbiət Qoruğu əsrlər boyu Azərbaycanın geoloji zənginliyinin və mədəni irsinin simvolu kimi ziyarətçilərin marağına səbəb olmuşdur.

Qoruq 64,55 hektar ərazini əhatə edir. Aparılan yenidənqurma işləri nəticəsində qoruğun ərazisində 3 tematik zonadan ibarət muzey, açıq hava konsertləri üçün nəzərdə tutulan 500 nəfərlik amfiteatr, sənətkar emalatxanaları və mağazalar, yerli sənətkarlar tərəfindən keramika, şüşə, taxta və parça kimi təbii materiallardan hazırlanan suvenirlərin satışı məntəqəsi, parkinq turistlərin ixtiyarına verilib.

Bu qeyri-adi qoruq min illərdir ki, davamlı olaraq yanır və qayalı səthinin üstündə daim rəqs edən alovlar yayır. Rəvayətə görə, alov bir çobanın ehtiyatsızlıqla siqaret çəkməsi nəticəsində baş verib. Bununla belə, alimlər bu hadisəni yer qabığından sızan və oksigenlə təmasda alovlanan təbii qazın bolluğu ilə əlaqələndirirlər. Yanardağ ziyarətçiləri öz qeyri-dünya tamaşası ilə valeh edir. Qaranlıq çökdükcə alovlu tamaşa demək olar ki, mistik bir aura alır və heyranediciliyi ilə diqqəti cəlb edir. Əsrlər boyu yerli sakinlər Yanardağa əbədi məşəl rəmzi, Azərbaycan torpağının tükənməz ruhunun sübutu kimi ehtiramla yanaşırlar.

Qoruğun tərkibində Yanardağ – əbədiyaşar alov təbii abidəsi ilə yanaşı, digər maddi-mədəni irs nümunələri və təbiət abidələri də var. Bu abidələrə “Qurd yuvası” adlanan ilkin ibtidai icma dövrünə aid mağaralar, çoxəsrlik tarixə malik və qədim sanduqələrlə zəngin iki qəbiristanlıq, müalicəvi kükürdlü su bulaqları, hələ də aktiv fəaliyyətdə olan Qırməki palçıq vulkanı, Əlidaşı piri, Kardaşı iri təbii qaya daşları, Qırməki vadisi, qədim kurqan aiddir. Məlumat üçün qeyd edək ki, sanduqələr–əsasən orta əsrlər Türk-Oğuz və alban qəbiristanlıqlarında rast gəlinən, daşdan yonulmuş qutu formalı qəbirüstü abidələrdir.

Bəs ölkəmizə gələn turistlərin turizm məkanlarına diqqətini necə cəlb etmək olar? Turizm üzrə ekspert Rəhman Quliyev mövzu ilə bağlı XQ-yə açıqlamasında bildirdi ki, bu gün Azərbaycanda turizmi inkişaf etdirmək üçün bütün elementlər, bütün infrastruktur mövcuddur. Amma ən əsası tarixi yerlərimiz daha vacibdir. Bu, Azərbaycanın tarixini tanıtmaq üçün, turistlər üçün çox maraqlı ola bilər. Dünya təcrübəsinə əsaslansaq, görərik ki, hər bir ölkə turist cəlb eləmək üçün müəyyən vasitələrdən istifadə edir. Təbii ki, bunlar həm dəniz çimərliyi turizmi, sağlamlıq turizmi (tibbi turizm) və eyni zamanda, dağ-meşə, dağ-xizək kurort kompleksi ola bilər.

Yanardağ turistlər üçün, xüsusən də Asiya turistləri üçün çox maraqlı bir destinasiyadır. Qeyd edim ki, destinasiya ziyarətçinin ən azı bir gecə keçirdiyi və müəyyən edilmiş idarəetmə, fiziki, inzibati sərhədləri və yaxşı tanınan imiclə tamamlanan turistik yerlər, dəstək xidmətləri və turizm resursları kimi məhsulları nümayiş etdirdiyi unikal yerdir. Odur ki, Yanardağın ərazisinin daha da genişləndirilməsi, ətrafında böyük hotellərin salınması, əyləncə mərkəzlərinin yaradılması istiqamətində geniş bir proqram hazırlamaq olar. Elə bir işlək sistem yaradılmalıdır ki, Azərbaycana gələn bütün turistləri Yanardağa yönləndirmək mümkün olsun.

Türkiyənin təcrübəsinə nəzər salsaq görərik ki, ölkəyə gələn turistlərin bir günlük proqramına 10-dan yuxarı destinasiya şamil edilir ki, bu da qısa-qısa da olsa, çoxlu sayda tarixi yerləri göstərməyə imkan verir. Hesab edirəm ki, həmçinin muzeylərin də qiymətlərinin aşağı olması çox zəruridir. Əslində, muzeylər sadəcə pul qazanmaq vasitəsi deyil. Çünki muzeylər, Yanardağ kimi yerlər və vulkanik ərazilər həm tariximizi əks etdirən vasitələr, həm də tarixi yerlər turistlər üçün Azərbaycanın keçmişi barədə məlumat almaq imkanıdır. Bizim üçün çox vacib olan bəzi destinasiyalar var ki, turistləri ora, lazım gələrsə, pulsuz aparmaq və girişin pulsuz olmasını təmin etmək olar.

Bir sözlə, qoruqların turizm məkanına çevrilməsi onların həm qorunmasını təmin edir, həm də ölkə iqtisadiyyatına böyük gəlir gətirir. “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu da tarixi irs kimi ölkəmiz üçün əvəzsiz əhəmiyyətə malikdir.

M.MİRZƏ
XQ





Sosial həyat