İrəvan seçim etməlidir: silahlanma, yoxsa sülh?

post-img

Paşinyan hökuməti uzaq ölkələrdən imdad diləməkdən əl çəkib Azərbaycanla ikitərəfli danışıqlara başlamalıdır

Ermənistanın Hindistan və Fransadan silah-sursat almasının regional sülh və sabitliyə təhdid yaratdığı fikri təkcə Azərbaycanın rəsmi şəxsləri tərəfindən dilə gətirilmir. Son vaxtlar Rusiyanın rəsmi şəxsləri və ekspertləri də İrəvanın bu addımından narahatlıq ifadə edirlər.

Məsələn, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova noyabrın 22-də keçirdiyi mətbuat konfransında bildirib ki, Fransanın “Bastion” zirehli nəqliyyat vasitələrinin Ermənistana tədarükünün faydalı olması barədə arqumentlər səsləndirməsi sadəlövhlükdür. Onun sözlərinə görə, Ukraynada real döyüş şəraitində həmin nəqliyyat vasitələrinin effektivliyinin xeyli aşağı olduğu sübut edilib: “Həmin texnika, sadəcə meydana nümayişə çıxarılsa, bəlkə bir mənası olar. Lakin onun effektivliyinə baxmaq istəyirsinizsə, o zaman Rusiyaya gəlin. Bizim hərbçilərimiz sizə məlumat verərlər. Fransa Ermənistana başqa istiqamətlərdə reallaşdıra bilmədiyi tam yararsız texnika satıb”.

Rusiyalı hərbi ekspert Ruslan Puxov isə Ermənistanın Hindistandan və Fransadan aldığı silahlar barədə deyib ki, İrəvanın bu addımı daha çox siyasi gedişdir. O, “Nyus.am” saytına bildirib ki, Ermənistanın bu addımı Fransa və Hindistana təşəkkürün ifadəsidir. İrəvan bununla beynəlxalq platformalarda Paris və Nyu-Dehlinin dəstəyinə ümid edir.

Hərbi ekspert qeyd edib ki, Ermənistan Hindistandan silah alan ilk dövlətdir və həmin silahların reallıqda – hərb meydanında nə dərəcədə səmərəli olacağı məlum deyil. Bu isə Ermənistan üçün ciddi risklər yaradır. Yeni silahları Ermənistan–Rusiya vahid müdafiə sisteminə inteqrasiya etmək də çətin olacaq. O, İrəvanın Nyu-Dehlidən silah almasının daha çox siyasi qərara bənzədiyini bildirib və Hindistandan silah alınmasının riskləri barədə xəbərdarlıq edib: “Hindistan, sözsüz ki, hərbi texnologiya sahəsində son zamanlar kəskin sıçrayış edən ölkədir, lakin başa düşmək lazımdır ki, ixracatın ilk müştərisi olmaq risklidir”.

Ruslan Puxov hesab edir ki, bu qərar Ermənistan üçün əhəmiyyətli risklər daşıyır: “Güman edirəm ki, hindistanlı tərəfdaşlar Ermənistanın belə bir riskinə görə ona endirim ediblər”.

Hərbi ekspert deyib: “Bir məqamı yadda saxlamaq lazımdır ki, sülh və müharibə dövründə silah-sursat almaq arasında fərqlər var. Sülh dövründə silah almaq planlı alış-veriş həyata keçirmək deməkdir. Müharibə zamanı silah almaq isə başqa işdir. Həmin silahı istənilən an istifadə etmək lazımdır. Sülh dövründə Hindistan silahlarını almaq yaxşı addımdır, çünki silahlarla yanaşı beynəlxalq təşkilatlarda sizə dəstək, lehinizə səs verə biləcək Nyu-Dehlinin mövqeyini alırsınız və sair. Ona görə də Ermənistanın Hindistan silahı alması daha çox siyasi qərardır. Ancaq hansısa anda “xam” silahdan istifadə etmək lazımdırsa və əgər Rusiya onu təmin etmək iqtidarında deyilsə, işlənmiş Amerika analoqunu almaq daha yaxşıdır”.

Ruslan Puxov qeyd edib ki, Ermənistan antidronlarla yanaşı, tamamilə digər çaplı haubitsalar və yaylım atəşi sistemləri də alır: “Bütün atəş sistemlərinin uyğunluğunu təmin etmək olduqca çətin məsələdir. Bundan əlavə, sənədlər ingilis dilindədir, bu da tətbiqi çətinləşdirir. Bununla yanaşı, atəş sistemlərindən fərqli olaraq, eyni fransız radarları Hindistan antidronları ilə asanlıqla uyğunlaşır. Ancaq məndə belə bir təəssürat yaranır ki, Ermənistan müharibə üçün silah almır, Fransa və Hindistana siyasi təşəkkür edir. Texniki məsələlərə baxılıb? Yoxsa artıq döyüşə ehtiyac qalmadığı, amma silah-sursat alınması hesabına Ermənistanın Hindistan və Fransa ilə dost olacağı ehtimalından çıxış ediblər?”

Qeyd edək ki, oktyabrın 23-də Parisdə Ermənistan və Fransa müdafiə nazirləri – Suren Papikyan və Sebastyan Lekornyu “Thales” şirkətinin istehsalı olan üç ədəd “GM 200” radarının alqı-satqısına dair müqavilə və gələcəkdə Fransanın “Mistral” qısamənzilli hava hücumundan müdafiə sistemlərinin tədarükünə dair anlaşma memorandumu imzalayıblar.

Fransa da artıq Ermənistana “ACMAT Bastion” zirehli nəqliyyat vasitələrini tədarük edib. Noyabrın 11-dən 12-nə keçən gecə Gürcüstanın Poti limanında Ermənistan ordusuna çatdırılması üçün nəzərdə tutulan həmin çoxməqsədli zirehli maşınlar və müxtəlif hərbi avadanlıqlar yüklənərək göndərilib.

Bundan əvvəl isə media subyektləri Ermənistanın Hindistanla ZADS (Zen Anti-Drone System) adlanan anti-dron sisteminin alınması məqsədilə 41,5 milyon dollarlıq müqavilə imzaladığını yazmışdı. Hindistan tərəfdən sazişə “Zen Technologies” şirkətinin Heydərabaddan olan nümayəndələri imza atıblar. Şirkət həm sistemin özünü təmin edəcək, həm də operatorlara ondan istifadə etməyi öyrədəcək. Media yazır ki, “Zen Anti-Drone System” etibarlılığını sübut etmiş və artıq Hindistan Hərbi Hava Qüvvələri tərəfindən istifadə edilən sistemdir. Bundan əlavə, Ermənistan Hindistandan “MArG 155” adlanan təkərli özüyeriyən haubitsalar və “Pinaka” reaktiv yaylım atəşi sistemləri də alıb.

Noyabrın 15-də yayılan xəbərdə Hindistanın Ermənistana iki cür qumbara tədarük edəcəyi bildirilib. Qeyd edilib ki, “Munitions India Limited” şirkəti tərəfindən Ermənistana 30 və 40 mm kalibrli 150 min ədəd qumbara çatdırılacaq. Mənbə yazır ki, “MIL” şirkəti isə iki ay əvvəl Ermənistana 5 milyon ədəd 7,62 millimetrlik patron tədarük edib.

Azərbaycanın hərbi gücü qarşısında Ermənistanın aldığı silahların bölgədə yaranmış yeni reallıqları dəyişə biləcəyinin mümkünsüz olduğu yerli və xarici hərbi ekspertlər tərəfindən dəfələrlə qeyd olunmuşdur. Ancaq indi rusiyalı ekspertin dedikləri məsələyə başqa rakursdan yanaşmağa imkan verir. Məlum olur ki, İrəvan bununla Hindistan və Fransanın siyasi dəstəyini qazanmağa çalışır. Ancaq görünür, Nikol Paşinyan hökuməti Azərbaycanın siyasi-diplomatik cəhətdən də mövqelərinin güclü olduğunu nəzərə almır. Ölkəmiz beynəlxalq birliyin fəal üzvü olmaqla dünya ölkələri və beynəlxalq təşkilatlarla ikitərəfli və çoxtərəfli əməkdaşlığı daha da genişləndirməkdə qərarlıdır.

Küncə sıxışdırılmış, hətta son zamanlar strateji müttəfiqi Rusiya ilə münasibətlərdə ciddi problemlər yaşayan Ermənistan isə Fransa və Hindistandan mədəd ummaqdadır. Amma Ermənistan rəhbərliyi bölgədən kənarda yerləşən ölkələri buradakı proseslərə cəlb etməyə çalışmaqdansa, sülh danışıqlarındakı durğunluğun regionda sabitliyə və firavanlığa töhfə vermədiyini anlamalı, sülh müqaviləsinin mümkün qədər tez tamamlanması üçün ölkəmizlə ikitərəfli əsasda birbaşa danışıqlara başlamalıdır. Rəsmi İrəvan dərk etməlidir ki, iki ölkə gələcək münasibətləri barədə qərarı hansısa uzaq ölkələrin iştirakı ilə yox, birlikdə verməlidirlər. Ermənistan silahlanma marafonundan əl çəkməli, sülh masası ətrafında əyləşərək Azərbaycanla konstruktiv danışıqlar aparılmalıdır.

Şair RAMALDANOV, 
ehtiyatda olan polkovnik

– Ermənistanın Hindistandan antidronlar alması faktı var. Amma Azərbaycanda həmin silahlar hələ Vətən müharibəsindən öncə də var idi. Burada təəccüblü bir şey yoxdur. Hindistanın Ermənistana satdığı silahlar ölkəmizə ciddi təsir edə biləcək gücə malik deyil. Ordumuzda həmin 
antidronlara qarşı radioelektron mübarizə vasitələri mövcuddur. Radioelektron mübarizə vasitələri həmin antidronların işini poza bilirlər.

Fransanın Ermənistanı silahlandırması barədə də son zamanlar çoxlu məlumat yayılır. Mən deyərdim ki, bu da daha çox siyasi xarakter daşıyır. Azərbaycanda belə bir ifadə var: “Yağmasa da guruldamaq”. Fransanın Ermənistanı silahlandırması bu ifadəyə uyğundur. Birincisi, bu qədər söhbət getməsinə baxmayaraq, Fransa Ermənistana indiyədək cəmi iki radiolokasiya stansiyası və “Bastion” zirehli nəqliyyat vasitəsi göndərib. İkincisi, Fransa başda olmaqla kollektiv Qərbin Ermənistana silah satışı ətrafında səs-küy yaratmasında məqsədləri var. Əsas məqsəd bölgədə Rusiyanın maraqlarını məhdudlaşdırmaq və 
Moskvanı buradan çıxarmaq üçün ab-hava, şərait yaratmaqdır. Digər məqsəd isə İrandır. ABŞ da daxil olmaqla, Qərbin İran sərhədləri yaxınlığında yerləşməsi üçün Ermənistana vermədiyi vəd qalmayıb. Digər tərəfdən, Qərb Türkiyənin burada mövcudluğuna sevinmir. Ermənistanın silahlandırılması Türkiyənin regionda maraqlarını məhdudlaşdırmaq və təsirini azaltmaq üçün atılan addımdır.

Bundan əlavə, regionda çox böyük gələcəyi olan tranzit-logistika layihələri ətrafında iş gedir. Avropa, xüsusilə Fransa qıraqda qalmaq istəmir və öz maraqlarını təmin etməyə çalışır. Ancaq düşünmürəm ki, onların planları hansısa şəkildə həyata keçirilə bilsin. Belə düşünmək üçün əsaslar var. Birincisi, Fransa, ABŞ uzaqdadır. İkincisi, Rusiya və İran Avropanın, ABŞ-ın burada mövcudluğuna qarşıdırlar.

 

Səxavət HƏMİD 
XQ

 



Siyasət