Sülh sazişində şərik olmur

post-img

Nə Azərbaycanın vasitəçiyə ehtiyacı var, nə də Ermənistanın

“Qafqaz evi”nin daxili məsələləri elə qafqazlıların özləri tərəfindən həll olunmalıdır.  Artıq bölgədə silahların susması ilə soyuq başla bu münaqişənin son nöqtəsinin qoyulacağı məqam yetişib. Vaxt itkisi Ermənistan üçün daha böyük itkilərə səbəb ola bilər. Ara-sıra səsləri eşidilən revanş çağırışçıları unutmamalıdırlar ki, bu, Hayastanın düşdüyü uçurumdan qurtulmağın yeganə yolu, bəlkə də son şansıdır. 

İrəvan qüvvələr balansını tarazlaşdırmaq cəhdlərini kənara qoymalı, sülh, yoxsa hərb arasında seçim etməlidir. Erməni xalqı başa düşməlidir ki, bölgədə sülh və sabitlik bərqərar olmasa, daha da geri gedəcək, inkişaf və tərəqqi yoluna çıxa bilməyəcək. 

Bu gün Azərbaycan sülh istəməklə kifayətlənmir, həm də sülhü təbliğ edir. Bakı təkcə iki ölkə arasında deyil, bütövlükdə, Cənubi Qafqazda sülhün və sabitliyin bərqərar olmasını istədiyini ən yüksək səviyyələrdə dəfələrlə bəyan edib. Kənardan  edilən davamlı və çeşidli təzyiqlərin altında sülh yolunda əngəllər yaratmaq üçün axırıncı “barıtını” da xərcləyən Ermənistan hakimiyyəti, nəhayət, yönə gələnə oxşayır. Bakıdan İrəvana ünvanlanan xoşməramlı çağırışların əks-sədası eşidilməkdədir. Brüssel, Vaşinqton kimi əcnəbi “sekundantlardan” bir fayda görməyən, Moskvanın vasitəçiliyindən imtina edən Paşinyan iqtidarı sülhə gəlməyin Bakı ilə birbaşa dialoqdan daha səmərəli yolunun qalmadığını etiraf etməkdədir. 

Vasitəçilərsiz dialoqa start

Azərbaycan Xarici İşlər Nazirliyindən dünən verilən açıqlamaya əsasən, sərhədlərin delimitasiyası üzrə hökumətlərarası komissiyanın növbəti görüşü noyabrın 30-da Azərbaycan və Ermənistan arasındakı sərhəd bölgəsində keçiriləcək. Bunu İrəvan–Bakı birbaşa dialoqunun bərpası, vasitəçilərsiz sülhə nail olmanın ismarıcı kimi də qəbul etmək olar. Deyəsən, ikitərəfli dialoqun “buzu” əriməyə başlayıb. Göründüyü kimi, şərqli və qərbli dəstəkçilərinin təhriki ilə baş vurduğu diplomatik vurnuxmalardan yorulmuş Ermənistan hakimiyyəti sülhə vasitəçilərsiz də gəlməyin mümkünlüyünə inanıb. Görüşün harada keçiriləcəyi deyilməsə də, əsas müzakirə mövzusunun anklavlar məsələsi olacağı şəksizdir. Düzdür, baş nazir Paşinyan bir müddət əvvəl anklavlar məsələsinin sülh danışıqları zərfinə salınmasının tərəfdarı olmadığını bildirmişdi. Amma o da məlumdur ki, Azərbaycan tərəfi Qazaxın 7, Naxçıvanın 1 kəndinin qaytarılması tələbini danışıqların bütün platformalarında irəli sürüb.

Avropada və ABŞ-da alternativ sülh platformaları təşkil edənlərin özləri də son vaxtlar Ermənistan–Azərbaycan münasibətlərinin nizamlanmasının “tet-a-tet” formatının alternativsiz olduğunu açıq şəkildə dilə gətirirlər. Elə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Millerin bir neçə gün əvvəl brifinqdə dedikləri bunun əyani təzahürü sayılmalıdır. “Vaşinqton Ermənistanla Azərbaycan arasında birbaşa müzakirələrə başlanılmasının tərəfdarıdır” – deyən Ağ Evin diplomatı iki ölkə arasında uzunmüddətli razılaşmanın əldə edilməsi üçün üzbəüz danışıqların aparılmasının vacibliyini önə çəkib.

“Bölgədə sülh və sabitliyin uzunmüddətli nizamlanmasına nail olmaq üçün Ermənistan və Azərbaycan arasında birbaşa sülh danışıqlarına təcili ehtiyac var”. Bu sözləri Bakıya və İrəvana səfər edən Böyük Britaniyanın Avropa naziri Leo Dokerti deyib. BMT Təhlükəsizlik Şurasının beş daimi üzvündən biri kimi Böyük Britaniyanın Azərbaycana çoxdankı və etibarlı tərəfdaşı kimi dəstək verməsi təqdirəlayiq haldır.   

Əsas meyar ədalətli olmaqdır 

44 günlük Vətən müharibəsində, eləcə də 24 saatlıq antiterror tədbirində Azərbaycan sadəcə özünün ərazi bütövlüyünü, suverenliyini təmin etmədi, həm də ədaləti bərpa elədi. Prezident İlham Əliyev Qarabağa səfərində bu barədə belə deyib: “Biz Ermənistanın ərazi bütövlüyünü tanıyırıq və bunda səmimiyik. Niyyətimiz başqa olsaydı, sentyabrın 
20-də əməliyyat dayanmazdı. Bunu hamının bilməsini istəyirəm. Ermənistan rəhbərliyi və onların arxasında duranlar bunu bilməlidirlər. Mən bu mesajı Azərbaycana qarşı qəbuledilməz planlar quran tərəflərə verirəm, səbrimizlə oynamayın. Biz səbirliyik, amma qətiyyətliyik. Haqlı olduğumuzu sübut edə bilərik və bunu edirik. Bunu güclü olduğumuza görə yox, ədalətin bizim tərəfimizdə olduğuna görə edirik”.

Bəli, Azərbaycan ədalətli və şəriksiz sülhün tərəfdarıdır. Onun əldə olunmasından ötrü qarşı tərəflə şəffaf dialoqa hazır olduğunu bildirib. Qalır sülh müqaviləsinin mətnində ortaya çıxan suallara bir yerdə cavab tapmaq.

Sülh müqaviləsinin mətninin artıq razılaşdırıldığını, tərəflər arasında onlayn formatda işin davam etdiyildiyini söyləyən Milli Məclisin deputatı Rasim Musabəyov artıq təklif və düzəlişlərin mübadiləsinin aparıldığını vurğuladı: “Bu proses artıq altıncı dəfədir baş verir. Yəni, Ermənistan və Azərbaycan xarici işlər nazirlikləri bu fəaliyyəti həyata keçirirlər. Elə məsələlər var ki, ortaq məxrəcə gəlməkdən ötrü üzbəüz əyləşib müzakirə edilməlidir. Bundan ötrü Brüsselə, yaxud Vaşinqtona getməyə ehtiyac yoxdur. Moskvanı ikitərəfli görüş yeri kimi ermənilər qəbul etmirlər. Həmin danışıqları şərti sərhəddə görüşən işçi qrupu apara bilər. Təxminən otuz il bundan əvvəl belə bir təcrübə Qazax və İcevanda sınaqdan keçib. O zaman Prezident Aparatının müşaviri qismində görüşlərin təşkilində iştirak edirdim. Bu, indi də mümkündür. Əsas maneə odur ki, İrəvan belə görüşlərə “daydayısız” gəlməkdən çəkinir. Fransa, Avropa İttifaqı, ya da ABŞ-ın yanında olmasını arzulayan ermənilər özlərinin yersiz iddialarının arxasında dura bilməyəcəyini başa düşürlər. Geri çəkilmək də istəmirlər. Amma reallıq onları buna sövq edəcək”.

Tərəflərin iki-üç gün ərzində sülh mətninin razılaşdırılmış variantını əldə edə biləcəyinə inandığını deyən deputat bunun sadəcə çərçivə sazişindən ibarət olacağına diqqəti çəkdi: “Həmin sazişin imzalanması, əslində, Ermənistan və Azərbaycan arasında otuz il davam edən hərbi münaqişəyə son qoyacaq. O cümlədən, ikitərəfli münasibətlərdə yeni mərhələnin başlanmasının hüququ bazasını yaratmış olacaq. Hələlik sərhədin müəyyənləşdirilməsi məsələsinin müzakirəsi üçün iki ölkənin baş nazirlərinin müavinləri səviyyəsində görüş və danışıqlar planlaşdırılır. Ardınca xarici işlər nazirlərinin nümayəndələrinin də prosesə qoşulması variantı razılaşdırılarsa prosesin müsbət sonluğa çatacağına ümidləri artırır. İkitərəfli danışıqlar formatının mütəmadi olmasını arzulayır və təqdir edirəm”.            

Sərhəddə, ya da Tbilisidə...

Sülh danışıqlarının son raundunun gerçəkləşəcəyi məkan kimi Tbilisinin də adı hallanmaqdadır. Bu ideyaya dəstək verən platforma olaraq “3+2” formulu da  arsenalda saxlanılır.   

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu hesab edir ki, hazırda Vaşinqtonun və Londonun birbaşa danışıqlarla bağlı mövqeyi rəsmi Bakının mövqeyi ilə üst-üstə düşür: “Azərbaycan Prezidenti İlham Əliyev də Ermənistanla birbaşa danışıqlar ideyasını dəstəkləyir. Danışıqları uzaq Vaşinqtonda, Brüsseldə və ya Moskvada davam etdirməyə ehtiyac qalmayıb. Çünki bu danışıqlarda nəticə yoxdur. İki variant var. Birinci variant – Azərbaycanla 
Ermənistan rəsmiləri arasında danışıqlar iki ölkənin sərhədində aparılır. Azərbaycanın sabiq Prezidenti Heydər Əliyev 2000-ci illərin əvvəllərində erməni həmkarı Robert Köçəryanla Naxçıvanla sərhəddə görüşüb müzakirə aparmışdılar. Bu təcrübəyə dönməyə ehtiyac var. İkinci variant – Azərbaycan və Ermənistan rəsmiləri danışıqları Cənubi Qafqazın üçüncü dövləti Gürcüstanda aparırlar. Bu da tərəflər üçün faydalıdır”. 

E.Şahinoğlunun fikrincə, Azərbaycan və Ermənistan hər tərəfdən 5 və ya 10 mütəxəssisdən formalaşan birgə qrup yaratmalı və bu qrup Tbilisidə daimi əsasda müzakirələrə başlamalıdır: “Azərbaycan və Ermənistan sərhəddə, və ya Tbilisidə danışıqlara başlayarlarsa və bu, davamlı hal alarsa nəticə əldə etmək mümkündür. Azərbaycan hökuməti təkifləri İrəvana göndərir, Ermənistan hökuməti aylar sonra təkliflərini Bakıya göndərir. Bu da nəticə vermir. Birbaşa danışıqları genişləndirməyə ehtiyac var. Daimi komissiya sülh sazişi, sərhədlərin müəyyənləşdirilməsi və dəhliz mövzusunda müzakirələr aparmalı, yekun sənədi iki ölkənin liderinə təqdim etməlidir. Sülh sazişinın qısa zamanda imzalanması Azərbaycan və Ermənistan üçün əhəmiyyətlidir. Bu, baş verməsə böyük dövlətlərin Cənubi Qafqaz uğrunda rəqabəti sərtləşəcək. Ermənistanın Qərbə yaxınlaşmaq siyasəti Azərbaycana qarşı müxtəlif istiqamətlərdən təzyiqi artırıb. ABŞ və Avropa İttifaqında anti-Azərbaycan açıqlamaların sayı artıb. Halbuki, Azərbaycanla əməkdaşlığı davam etdirməkdə maraqlı olan Vaşinqton və Brüssel Bakı münasibətləri gərginləşdirməməlidir. Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalanarsa bu təzyiqlər də azalacaq”.

Heç vaxt olmadığı qədər real 

“Azərbaycan və Ermənistan otuz il ərzində vasitəçilik prosesində iştirak ediblər. Onlar indi elə bir səviyyəyə çatıblar ki, ölkə liderlərinin dediyi kimi, ərazi bütövlüyünü qarşılıqlı tanımaqla 5 əsas prinsip üzrə razılığa gəliblər və sülh sazişini imzalamağa hazırdırlar”. 

Bu sözlərin müəllifi, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri, ATƏT-in Minsk qrupunun sabiq həmsədri, beynəlxalq ekspert Mettyu Brayza hesab edir ki, daha İrəvanın və Bakının vasitəçiyə ehtiyacı yoxdur: “İkitərəfli dialoq prosesinə mane olan yeganə səbəb Qarabağdakı separatçı rejim və qeyri-qanuni silahlı birləşmələr idi. Bu problem aradan qaldırıldı və iki liderin sülh sazişi üzrə razılığa gəlməsi üçün real şərait yaranıb. Hazırda bu razılaşma heç vaxt olmadığı qədər real görünür. Prosesin qarşısını Nikol Paşinyanın əleyhdarı olan erməni radikal millətçilərinin, habelə ABŞ-dakı diasporları nümayəndələrinin siyasi sabotaja əl atmaları ala bilər”.

Paşinyan başa düşür ki, nəqliyyat kommunikasiyaları bərpa olunacağı təqdirdə bu xətt Azərbaycanı Naxçıvan və Türkiyə ilə birləşdirməklə yanaşı, eyni zamanda, Ermənistan iqtisadiyyatının regional iqtisadiyyata reinteqrasiyası üçün şərait yaradacaq.

Bundan ötrü isə bölgədə möhkəm və uzunmüddətli sülh olmalıdır. Bakı öz qapılarını sülhün üzünə çoxdan açıb. İndi İrəvanın oxşar addımı atacağı vaxtı gözləyir. Vaxt isə hamıdan çox Ermənistan üçün qızıldır.

İmran BƏDİRXANLI
XQ 

 







Siyasət