Azərbaycan Prezidenti: Ərazi bütövlüyümüzü qorumaq üçün daha güclü olmalıyıq

post-img

Biz görürük ki, dünyada qaydalar tamamilə pozulub, davranış qaydalarına, beynəlxalq hüquqa əməl edilmir. Biz, demək olar ki, bunu hər gün görürük, hər gün. Böyük dövlətlər, hansılar ki, beynəlxalq hüququn təminatçısı rolunu öz üzərinə götürüblər, birinci onlar bu hüququ pozurlar və sonra da onu əsaslandırırlar. Ölkələr deyəndə mən bütün böyük ölkələri nəzərdə tuturam. Necə deyərlər, hərəsi öz xətti ilə ya konvensiyaları pozur, ya beynəlxalq hüquq normalarını pozur, ya da oturuşmuş beynəlxalq davranış qaydalarını pozur və bunu heç gizlətmir də. Ona görə də biz, ilk növbədə, özümüzü qorumaq üçün, öz müstəqilliyimizi qorumaq üçün, seçimimizi qorumaq üçün, həyat tərzimizi qorumaq üçün, ərazi bütövlüyümüzü qorumaq üçün daha güclü olmalıyıq. İkinci Qarabağ müharibəsi başa çatandan sonra biz dayanmadan bu istiqamətdə çox ciddi addımlar atmışıq və mən bunu artıq bildirmişəm, bir də demək istəyirəm: bu gün Azərbaycan Silahlı Qüvvələri daha böyük hərbi potensiala malikdir.

“İlham Əliyev. İnkişaf – məqsədimizdir” çoxcildliyinin çapdan yeni çıxmış 129-cu kitabında yer alan bu fikirləri dövlətimizin başçısı 2023-cü ilin 6 ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə çıxışı zamanı söyləyib. 

Çoxcildliyin yeni kitabında toplanmış materiallar 2023-cü ilin may-iyul aylarını əhatə edir. Bu kitaba Prezident İlham 
Əliyevin Türkiyəyə işgüzar səfərinə, Prezident Rəcəb Tayyib Ərdoğanın səlahiyyətlərinin icrasına başlaması mərasimində iştirakına, həmçinin Azərbaycana dövlət səfərinə gəlmiş Prezident Rəcəb Tayyib Ərdoğanla görüşünə, liderlərin mətbuata bəyanatlarla çıxışlarına, Bakıda Hərbi Hava Qüvvələrinin yeni Mərkəzi Komanda Məntəqəsinin açılış mərasimində iştirakına dair materiallar daxil edilib.

Prezident İlham Əliyevin Pakistan Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şəriflə, Albaniya Respublikasının Prezidenti Bayram Beqay ilə görüşləri haqqında informasiya və mətbuata bəyanatlarının mətnləri də yeni kitabda verilib. 

Bu nəşrdə Azərbaycan Prezidentinin “Avropa siyasi birliyi” 2-ci Zirvə toplantısında iştirak etmək üçün Moldovaya işgüzar səfəri, Kişineuda keçirdiyi görüşlər, Belçika Krallığına işgüzar səfəri haqqında materiallar da yer alıb. 

Çoxcildliyin 129-cu kitabında dövlətimizin başçısının Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində 28-ci Beynəlxalq Xəzər Neft və Qaz – “Caspian Oil&Gas” və 11-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji – “Caspian Power” sərgilərinin açılış mərasimində iştirakı haqqında materiallarla da tanış olmaq mümkündür. 

Yeni nəşrdə Prezident İlham Əliyevin Rusiya Federasiyası Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanov ilə birgə Zəngilan rayonuna səfərinə, Cəbrayılda “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında “Avto Lizinq Azərbaycan” MMC-nin açılış mərasimində iştirakına dair informasiyalar da verilib. 

Dövlətimizin başçısının Bakıda keçirilən “Qoşulmama Hərəkatı: meydana çıxan çağırışlarla mübarizədə birgə və qətiyyətli” mövzusunda nazirlər görüşündə çıxışının mətni də oxuculara 129-cu kitabda təqdim edilib. 

Prezident İlham Əliyev, həmçinin Cəlilabad, Füzuli rayonlarına səfər edib, Xocalı rayonunun işğaldan azad edilmiş Çanaqçı və Sığınaq kəndlərini ziyarət edib, Şuşa şəhərinə gedib, 90 çarpayılıq Şuşa şəhər xəstəxanasının, 1 nömrəli tam orta məktəbin binalarında tikinti işlərinin gedişi ilə tanış olub, habelə “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunun açılış mərasimində iştirak edib və jurnalistlərin suallarını cavablandırıb. Yeni kitaba bununla bağlı materiallar daxil edilib. 

“Azərnəşr” tərəfindən buraxılan 129-cu kitabın hazırlanmasında Azərbaycan Dövlət İnformasiya Agentliyinin 
(AZƏRTAC) materiallarından istifadə olunub.

AZƏRTAC

 

Son xəbərlər